Məhkəmə qərarları › İş №e-2(006)-4339/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4339/2022

11.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4339/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Azərbaycan Respublikasının Ankara Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixində 635675 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin uşaq vaxtlarından dostluq münasibətləri var. Belə ki, onların valideynləri uzun müddətdir ki, yaxınlıq edirlər. İddiaçı Türkiyə Respublikasının universitetlərindən birində imtahan verib rezidenturaya qəbul olunmuş, bu barədə xəbər tutan cavabdeh onu telefonla təbrik etmiş və görüşməyi təklif etmişdir. Görüşdükləri zaman söhbət əsnasında cavabdeh iddiaçıya bildirmişdir ki, o da Türkiyədə təhsilini davam etdirmək, orada rezidenturaya qəbul olunmaq istəyir. Söhbət zamanı hər ikisi Türkiyədə təhsil almaq və yaşamaq üçün güzəştli şərtlər və müəyyən imtiyazlar əldə etmək üçün (oturum izni, oxuduğun universitetdən əlavə yaşadığın yerə yaxın başqa universitetə qəbul olunmaq üçün sınaqlarda iştirak hüququ və s.) rəsmi nikahda olmağın vacibliyindən bəhs etmişlər. Bu zaman iddiaçı cavabdehə Türkiyə Respublikasında yuxarıda göstərilən imkanları əldə etmək naminə formal olaraq rəsmi nikaha girməyi təklif etmiş, cavabdeh əvvəl tərəddüd etmiş, lakin iddiaçı cavabdehi dilə tutaraq bildirmişdir ki, hər ikisinin mənafeyi naminə formal olaraq bağlayacaqları nikahı istədikləri zaman poza biləcəklər və ancaq kağız üzərində olacaq nikah onlar üçün gələcəkdə hər hansı narahatlıq və maneə yaratmayacaqdır. Əksinə, arzularına çatmaq üçün onlara əlavə imkan yaradacaqdır. Bundan sonra cavabdeh iddiaçıdan fikirləşmək və qərar vermək üçün bir neçə gün vaxt istəmiş və hər ikisi niyyətləri barədə valideynlərinə məlumat verməyəcəkləri ilə bağlı bir-birlərinə vəd verərək razılığa gəlmişlər. Bir neçə gün sonra cavabdeh iddiaçıya zəng edərək, onun təklifi ilə razılaşdığını bildirmişdir. Beləliklə, onlar ailələrindən xəbərsiz şəkildə nikah bağlamaq qərarına gələrək, 21 iyun 2022-ci il tarixdə nikaha daxil olmuşlar. Bununla bağlı onlara xx.xx.2022-ci il tarixli 635675 nömrəli şəhadətnamə verilmişdir. Nikah bağladıqdan sonra onlar Türkiyə Respublikasına getmiş, cavabdeh orada rezidenturaya imtahan versə də, qəbul oluna bilməmişdir. Bundan sonra cavabdehin rezidenturaya daxil ola bilmədiyini öyrənən valideynləri artıq onun Türkiyədə qalması üçün heç bir səbəb olmadığını bildirərək, Bakıya geri qayıtmasını tələb etmişlər. İddiaçı ilə cavabdeh Bakıya qayıtdıqdan sonra valideynlərinə onlardan xəbərsiz nikah bağladıqlarını bildirmiş, hər ikisinin valideynləri bu özbaşınalığa görə onları möhkəm danlamış və formal olaraq qeydə aldırdıqları nikahın etibarsızlığı barədə dərhal məhkəməyə müraciət etməyi onlardan tələb etmişlər. Cavabdeh iddiaçının təklifi və xahişi ilə belə bir addım atdığını və buna görə də, məhkəmədə iddia qaldırmaq məsələsini iddiaçının həll etməli olduğunu bildirərək, məhkəməyə müraciət etməyi ondan xahiş etmişdir. Əsl niyyəti ailə qurmaq deyil, başqa ölkədə təhsil almaq və yaşamaq üçün daha əlverişli şərait əldə etmək olduğundan, planları baş tutmadığına görə formal nikahlarının qalmasının artıq lüzumsuz olduğunu anlayaraq, iddiaçı nikahın etibarsızlığı barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında Azərbaycan Respublikasının Ankara Səfirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikah saxta olduğundan etibarsız hesab edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmiş, ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, heç bir etirazının olmadığını bildirmiş və hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iddia ərizəsini, iddia tələbinin qəbul edilməsi ilə bağlı cavabdehin ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan AZ-İ seriyalı 635675 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 001/22 nömrə ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan MŞB/5-02720 saylı xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2022-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə qeyd aparılmışdır, iddiaçının dəlilləri “Türkiyədə təhsil almaq və yaşamaq üçün güzəştli şərtlər və müəyyən imtiyazlar əldə etmək (oturum izni, oxuduğun universitetdən əlavə yaşadığın yerə yaxın başqa universitetə qəbul olunmaq üçün sınaqlarda iştirak hüququ və s.); əsl niyyəti ailə qurmaq deyil, başqa ölkədə təhsil almaq və yaşamaq üçün daha əlverişli şərait əldə etmək; planları baş tutmadığına görə formal nikahlarının qalmasının artıq lüzumsuz olması” barədədir, cavabdeh isə öz növbəsində iddia tələbini qəbul (etiraf) edir. Bununla belə, qanunvericiliklə nəzərdə tutulmuş nikahın etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Belə ki, məhkəmə iddiaçının “əsl niyyətin ailə qurmaq deyil, başqa ölkədə təhsil almaq və yaşamaq üçün daha əlverişli şərait, güzəştli şərtlər və müəyyən imtiyazlar əldə etmək (oturum izni, oxuduğun universitetdən əlavə yaşadığın yerə yaxın başqa universitetə qəbul olunmaq üçün sınaqlarda iştirak hüququ və s.); planları baş tutmadığına görə formal nikahlarının qalmasının artıq lüzumsuz olması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla bu, sübutetmə yükü ilə bağlıdır, lakin iddiaçı, bu halların, yəni ailə qurmaq niyyətinin olmaması, ər-arvad kimi yaşamamaları və birgə təsərrüfat idarə etməmələri, xüsusən də xaricə getmək məqsədli olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. İkincisi, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz. Məhkəmə, cavabdehin iddia tələbinin qəbul edilməsi barədə ərizəsinin etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd edir ki, əvvəla, ailənin cəmiyyətin özəyi kimi, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən nəzərə alınmasını mümkünsüz edir, ikincisi, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar əlavə etməmişlər ki, bu da cavabdehin ərizəsinin etiraf kimi təsdiq edilməsini istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Burada qeyd edilməlidir ki, hazırki iş üzrə cavabdeh iddianı etiraf etsə də, bu cür etiraf Ailə Məcəlləsinin normalarına zidd olduğundan məhkəmə tərəfindən təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İİ-İİİ hissələrinə əsasən, nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Sözügedən Məcəllənin 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1. və 26.1.7-ci maddəsinə əsasən isə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Hazırda tərəflərin hər ikisi saxta nikah bağladıqlarını, yəni ailə qurmaq niyyəti olmadan nikah bağladıqlarını bildirirlər. Nikahın saxta olması təsdiq olunmasa belə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ərin və ya arvadın nikahın etibarsızlığını tələb etmək hüququ yaranır. Hazırki iş üzrə tərəflərin bəyan etdiklərinin həqiqi olduğu qəbul edilsə belə, hər ikisi saxta nikah bağladıqlarını əvvəldən bildikləri üçün onların belə bir tələblə məhkəməyə müraciət etmək hüquqları yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin və ailə münasibətlərinin iştirakçıları aralarında bu cür münasibətlər qurularkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki prosessual hüquqda iddianın rədd edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli və iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar