Məhkəmə qərarları › İş №e-2(006)-4364/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4364/2025

16.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4364/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “torpaq sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan zəbt etdiyi, mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 0,0119 ha torpaq sahəsinin boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh MTK-dan zəbt etdiyi mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 0.0119 ha torpaq sahəsinə görə 280800 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçının ünvan 1 ünvanında yerləşən 0,0119 ha torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın düvlət reyestrində **********44-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2008-ci ildə qeydiyyata alınıb. Cavabdeh MTK həmin ünvanda yerləşmiş yaşayış sahəsinin pulunu ödəsə də, mülkiyyətindəki 0,0119 ha torpaq sahəsinin əvəzini ödəmədən zəbt edərək həmin torpaq sahəsində çoxmənzilli yaşayış binası inşa edib. Torpaq sahəsinin hazırkı dövrdə bazar dəyəri 280800 manat təşkil edir. Dəfələrlə müraciət etsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsinin 280800 manat dəyərini ödəməkdən boyun qaçırır. Sonuncu dəfə cavabdehə 29 iyun 2025-ci il tarixdə yazılı müraciət etsə də, həmin müraciətinə heç bir cavab verilməyib. Cavabdehin etirazı: Bildirilir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan zəbt edilmiş, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0119 ha torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, qeyd olunanlara əsasən, iddia ərizəsi tamamilə əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzib olunmaz sübuta əsaslanmadığından rədd olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə Cavabdeh MTK üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirsə də, iddiaçı hazırda əsassız tələblər irəli sürmüşdür. Sözügedən müqavilənin 1.1.2-ci bəndində də qeyd edildiyi kimi həyətyanı sahəyə görə İddiaçı əlavə 20 kv.m. mənzil sahəsi verilməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş və MTK üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. İddiaçının isə hazırda belə bir absurd iddia ilə məhkəməyə müraciəti anlaşılan deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd olunan Məcəllənun 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Adıçəkilən Məcəllənin 77-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələblərini əsaslandırmaq üçün məhkəməyə hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim etmədiyindən belə qənaətə gəlmək olar ki, o öz iddiasının əsası kimi istinad etdiyi halları nə sübuta yetirə, nə də ki, öz tələblərini əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini ərizənin məzmununa uyğun müdafiə etdi və əlavə olaraq evə dair sənədi var, orda torpaq da qeyd olunub və torpaq sahəsi ilə bağlı MTK ilə razılaşdırmadıqlarını qeyd edərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, Şiraslan bəyin mülkiyyətində torpaq sahəsi var, satın almadan cavabdeh orada çoxmənzilli yaşayış sahəsi inşa edib. Onlar da müraciət ediblər ki, heç olmasa torpaq sahəsinin dəyərini ödəsinlər, heç bir cavab verilməyib. Onlar da tələblərini dəyişmək istəyirlər, çünki binanın sökülməsi uğurlu alınmayacaq, başqa adamlara satıblar. Evlə bağlı müqavilə bağlanıb. Amma torpaqla bağlı yox. İstəyirlər ki, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində mülkiyyətində olan 0.0119 ha torpaq sahəsindəyerləşən 1 ədəd 1 mərtəbəli, 5 otaqlı, 77.4 kv.m yaşayış, 21.7 kv.m köməkçi sahədən ibarət 142 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli kitabının 5575 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında xx.xx.2021-ci il tarixli, 66 saylı müqavilənin: -1.1.1-ci maddəsindəə əsasən, “Əmlak Mülkiyyətçisi” bu müqaviləyə əsasən mülkiyyətçinin mülkiyyətində olan Mərdanov qardaşları küçəsi, ev 142 ünvanda yerləşən, ümumi sahəsi 136.0 m2 olan mənzilini, yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür; -1.1.2-ci maddəsinə əsasən, “Tikinti şirkəti” Cavabdeh MTK ünvan 1 ünvanda yerləşən, 136 kv.m sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 170.0 kv.m mənzil verilməlidir. Həyətyanı sahıyı görə 20.0 kv.m, çıxarışa görə 10 kv.m bu sahəyə əlavə edilir. Ümumilikdə 200.0 kv.m sahə verilməlidir. “Əmlak Mülkiyyətçisi”-nin müıkiyyətində olan yaşayış sahəsinin əvəzinə inşa ediləcək binanın 2-ci girişində, 14-cü mərtəbə, 183 saylı, 90.4 kv.m ümumi sahəsi olan, 2 otaqlı, təmirsiz, 2-ci girişində, 13-cü mərtəbə, 180 saylı, 93.5 kv.m ümumi sahəsi olan, 2 otaqlı, təmirsiz, 4-cü girişində, 13-cü mərtəbə, 321 saylı, 68.55 kv.m ümumi sahəsi olan. 2 otaqlı, təmirsiz mənzili “Əmlak Mülkiyyətçisi”-nin mülkiyyətinə verməyi öhdəsinə götürür. Mənzillər təmirsiz və kirayə haqqı ödənilmədən veriləcəkdir. Hesablamada əskik verilən 3.0 kv.m sahə üçün 27000 manat birdəfəlik ödəniş MTK tərəfindən mülkiyyətçiyə ödəniləcəkdir; -1.2-ci maddəsindən görünür ki, “Tikinti şirkəti” yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli, yaşayış binasının tikintisi başa çatdırılanadək və “Əmlak Mülkiyyətçisi”-ni 1.1.2-ci bənddə nəzərdə tutulmuş mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayış xərcləri qarşılığında vəsait (kompensasiya) ilə təmin etmək məqsədilə “Əmlak Mülkiyyətçisi”nin bank kartına kompensasiya şəklində aylıq 0 AZN məbləğində vəsait ödəyir. Sökülmə üçün təqdim ediləcək mənzilin kommunal borcları olarsa, bu borclar kirayə haqqından tutulmaqla ödəniləcək. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində mülkiyyətində olan 0.0119 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 142 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş, cavabdeh MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli, 66 saylı müqaviləyə əsasən iddiaçı öhdəsinə götürmüşdür ki, yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTKya təhvil versin, əvəzində Cavabdeh MTK ünvan 1 ünvanda yerləşən, 136 kv.m sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 170.0 kv.m mənzil versin, həyətyanı sahəyə görə 20.0 kv.m, çıxarışa görə 10 kv.m bu sahəyə əlavə edilməklə, ümumilikdə 200.0 kv.m sahə versin, habelə əmlak mülkiyyətçisinin müıkiyyətində olan yaşayış sahəsinin əvəzinə inşa ediləcək binanın 2-ci girişində, 14-cü mərtəbə, 183 saylı, 90.4 kv.m ümumi sahəsi olan, 2 otaqlı, təmirsiz, 2-ci girişində, 13-cü mərtəbə, 180 saylı, 93.5 kv.m ümumi sahəsi olan, 2 otaqlı, təmirsiz, 4-cü girişində, 13-cü mərtəbə, 321 saylı, 68.55 kv.m ümumi sahəsi olan, 2 otaqlı, təmirsiz mənzili mülkiyyətçiyə versin. Razılaşdırılmışdır ki, mənzillər təmirsiz və kirayə haqqı ödənilmədən veriləcəkdir. Hesablamada əskik verilən 3.0 kv.m sahə üçün 27000 manat birdəfəlik ödəniş MTK tərəfindən mülkiyyətçiyə ödəniləcəkdir. İddiaçının məhkəmə iclasında verdiyi izahatı əsasında tərəflər arasında bağlanmış müqavilə üzrə yuxarıda sadalanan öhdəliklərin MTK tərəfindən yerinə yetirildiyi müəyyən edilmişdir. Hazırda İddiaçı MTK ilə müvafiq müqavilənin yaşayış sahəsi ilə bağlı bağlandığını, lakin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin isə xüsusi mülkiyyətində olduğuna istinad edib, hazırda üzərində yaşayış binası tikilən torpaq sahəsinin mülkiyyətinə düşən hissəsinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28). Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.). Baxılan iş üzrə iddiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, iddiaçı bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, iddiaçının sökülməsi üçün cavabdeh şirkətə təhvil verdiyi ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən məhkəmə əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qeyd edilməlidir ki, vahid daşınmaz əşya qaydası Roma hüququndan gələn “Quicquid plantatur solo, solo cedit” (Torpağa bağlı olan torpağa aiddir) prinsipinə əsaslanır. Məhkəmə nəzərə alır ki, mülki qanunvericiliyimizdə torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əşya (onların hər birini mülkiyyət hüququnun müstəqil obyekti) kimi tanıyan normalar olsa da, son illərdə qanunvericinin bu cür hüquq münasibətlərinin tənzimlənməsində ortaya qoyduğu iradə vahid daşınmaz əşya və vahid mülkiyyət obyekti yönündədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da 16 iyun 2023-cü il tarixli qərarında bildirmişdir ki, qanunverici son zamanlar istər Mülki Məcəllənin özündə, istərsə də digər aidiyyəti Məcəllələrdə vahid mülkiyyət yanaşmasına üstünlük vermişdir. Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, iddiaçıya məxsus evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə). Beləliklə, göstərilənlər onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini cavabdehə təhvil verməklə, həmin fərdi yaşayış evi ilə birlikdə vahid mülkiyyətin tərkib hissəsi olan torpaq sahəsini də MTK-nın sahibliyinə vermişdir. Daşınmaz əmlak sökülərək yerində çoxmənzilli yaşayış binası tikildiyindən, Mülki Məcəllənin 203.1-ci maddəsinin tələbi baxımından (Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir) vahid mülkiyyəti təşkil edən fərdi yaşayış evi və üzərində yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ itirilmişdir. Yuxarıda göstərilən hüquqi mövqelərə əsasən məhkəmə bu qənaətə gəlir ki, hazırkı məqamda iddiaçı tərəfindən torpaq sahəsinə görə ona kompensasiya ödənilməsi mümkün deyil. Ona görə də iddia rədd olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar