Məhkəmə qərarları › İş №e-2(006)-4374/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4374/2025

25.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4374/2025 25.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qəbul edilmiş, cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 205/A saylı, xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi və işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta əmək haqqının və mediasiya xərci olaraq ödənilmiş 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı cavabdeh şirkətin Şamaxı filialının satış məsləhətçisi vəzifəsində çalışmışdır. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi müddətli, xx.xx.2025-ci il tarixinədək bağlanmışdır. İddiaçı çalışdığı dövr ərzində hər hansı pozuntuya yol verməmiş, əmək funksiyalarını layiqincə yerinə yetirmiş, heç bir intizam tənbeh tədbiri tətbiq olunmamışdır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli əmr qəbul edilərək əmək müqaviləsinə “müddətin bitməsi” əsası ilə xitam verilmişdir. Bu barədə iddiaçıya əvvəlcədən hər hansı xəbərdarlıq verilməmiş, ümumiyyətlə heç bir məlumat verilməmişdir. İddiaçı yalnız xx.xx.2025-ci il tarixində əmək kitabçası ona təhvil verilərkən əmək müqaviləsinə xitam verildiyini öyrənmişdir. Bundan sonra iddiaçı mediasiya prosesinə başlamış, cavabdehin mediasiya prosesində iştirakı zamanı barışıq əldə olunmamışdır. Xüsusilə qeyd olunmalıdır ki, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozularaq iddiaçıya bu günə qədər işdən çıxarma əmrinin surəti təqdim edilməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC nümayəndəsi X2 iddia ərizəsinə qəbul etməyərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, İddiaçı işlədiyi mağazanın müdiridir. Ona İddiaçı işdən çıxarılması ilə bağlı şifahi məlumat verilmişdir, amma o özü İddiaçı bu barədə məlumat verməmişdir. Bununla bağlı onlara yazılı xəbərdarlıq göndərilməmişdir, yalnız şifahi məlumat verilmişdir və xəbərdarlıqla bağlı hər hansı poçt qəbzinə imza atmamışdır. Məhkəməyə təqdim olunmuş poçt qəbzindəki imza da ona məxsus deyil. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı: - Cavabdeh MMC-nin Şamaxı filialının satış məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən Azərbacan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsnə əsasən Cavabdeh MMC-nin müəssisəyə Şamaxı filialının satış məsləhətçisi vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda İddiaçı xx.xx.2025-il tarixində əmək müqaviləsinin müddəti bitdiyi üçün işində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «B» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edildiyi göstərilişdir. Bakı 11 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01000 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçı əmək mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 15:30-da nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 43. (2-ci hissənin “b” bəndi) Əmək müqaviləsinin müddəti əmək müqaviləsində mütləq göstərilməlidir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 47 (bənd “f”). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68 (bənd “b”). Əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Maddə 73 (1). Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Maddə 300. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”

Məhkəmənin mövqeyi: İddiaçı «İrşad Electronics” MMC tərəfindən verilmiş “əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə” xx.xx.2025-ci il tarixli əmrin ləğv edilərək işə bərpa olunmasını və işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının verilməsini xahiş edir və iddiasını, AR Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə əsasən müddətli əmək müqaviləsinin bitməsinə azı 1 həftə qalmış iddiaçıya müvafiq xəbərdarlıq təqdim edilməli olmasına baxmayaraq, ümumiyyətlə xəbərdarlıq edilməməsi ilə əsaslandırır. Cavabdehin nümayəndəsi isə iddiaçının işlədiyi «İrşad Electronics” MMC-nin Şamaxı filialına göndərildiyi və filial müdiri tərəfindən qəbul edildiyi bildirilən xx.xx.2025-ci il tarixli bildirişi məhkəməyə təqdim etməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixdə bitdiyi üçün əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı işçiyə xəbərdarlıq edildiyinə istinad etməklə, iddianın rədd olunmasını xahiş edir. Qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin Maddə 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Məhkəmə qeyd edir ki, məhkəmənin hazırlıq iclasında cavabdeh tərəfdən qanunvericiliyin tələbinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməzdən əvvəl ona müvafiq xəbərdarlığın edilib-edilməməsi soruşulduqda nümayəndə işçinin yazılı qaydada xəbərdar edilmədiyini bildirsə də, növbət məhkəmə iclasında xx.xx.2025-ci il tarixli bildirişi məhkəməyə təqdim edib, iddiaçının işlədiyi filiala müvafiq xəbərdarlıq məktubunun göndərildiyini və həmin məktubun filial rəhbəri Şahid tərəfindən poçt qəbzinə imza etdirilməklə qəbul edildiyini göstərmişdir. İddiaçı isə həmin bildirişin sonradan tərtib edildiyini, ona bu barədə heç bir məlumat verilmədiyini bildirmişdir. Məhkəmə göstərilən halın aydınlaşdırılması üçün müvafiq poçt qəbzinə imza çəkməklə xəbərdarlıq məktubunu qəbul etdiyi bildirilən şəxs - «İrşad Electronics” MMC-nin Şamaxı filialının müdiri Şahid qismində dindirmiş, şahid məhkəmənin suallarına cavab olaraq, iddiaçıya bildirişin təqdim edilməsinə dair poçt qəbzindəki imzanın ona məxsus olmadığını, iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumat verilmədiyini bildirmişdir. Göründüyü kimi İddiaçı qanunvericiliyin tələbinə əsasən xəbərdarlıq edilməsi öz təsdiqini tapmamış, bununla da tərəflər arasında olan əmək müqaviləsi, orada göstərilən müddətə (1 il müddətinə) uzadılmış hesab olunmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edən 73-cü maddəsində nəzərdə tutulan tələblərə əməl edilməyərək işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi, qanunsuz və əsassız olmaqla işçinin hüququnun pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında cavabdeh «İrşad Electronics” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. İddia tələbinin “məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı “məcburi iş buraxmaya görə əmək haqqı tutulması” tələbini cavabdeh «İrşad Electronics” MMC tərəfindən onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi ilə əsaslandırmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsi təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün əsas olmuş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edildiyindən və iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi olduğundan cavabdeh «İrşad Electronics” MMC tərəfindən qəbul edilmiş əmr ləğv edilməklə, İddiaçının xx.xx.2025ci il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh «İrşad Electronics” MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli əmr ləğv edilməli, İddiaçı Cavabdeh MMC-nin Şamaxı filialında satış məsləhətcisi vəzifəsinə işə bərpa edilməli, ona xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu (iddia təmin edildiyindən) cavabdehdən tutulmaqla dövlət büdcəsinə ödənilməlidir 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 60 manatın cavabdeh «İrşad Electronics” MMCndən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh «İrşad Electronics” MMC tərəfindən verilən 205/A nömrəli xx.xx.2025-ci il tarixli əmr ləğv edilsin. İddiaçı Cavabdeh MMC–nin Şamaxı filialının satış məsləhətçisi vəzifəsinə işə bərpa edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 60 manat cavabdeh «İrşad Electronics” MMC-dən tutularaq İddiaçı ödənilsin. Cavabdeh «İrşad Electronics” MMC-dən 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar