Məhkəmə qərarları › İş №e-2(006)-4399/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4399/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4399/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, Ərizəçi (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) “kooperativ tərəfindən verilmiş orderin Bakı Şəhəri İcra Hakimiyyətinin qərarı əsasında verilməsi faktının müəyyən olunması” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən X1 və X2 bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verilmiş 21 nömrəli orderin Bakı Şəhər İcra Hakimiyyətinin 04 sentyabr 1990-ci il tarixli 6/265 nömrəli qərarı əsasında verilməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, yolverilməzliyə görə ərizənin icraata qəbulundan imtina olunmalıdır. Qeyd edilməlidir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPMnin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. O da qeyd olunmalıdır ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Göründüyü kimi, Ərizəçi Bakı Şəhər İcra Hakimiyyətinin 04 sentyabr 1990-ci il tarixli 6/265 nömrəli qərarı əsasında verilməsi faktının müəyyən olunmasını xahiş etdiyi X1 və X2 bağlar sahəsindəki 203 nömrəli kooperativ tərəfindən verildiyi göstərilmiş orderin surəti, habelə müvafiq qərar ərizəyə əlavə edilmiş, ərizəçi orderi vermiş quruma müvafiq dəyişikliyin edilməsi ilə bağlı müraciət etməli olduğu halda bunu etməmiş, göstərilən uyğunsuzluğun hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilərək aradan qaldırılmasına nail olmaq istəyir ki, bu da Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı normalarının dispozisiya şərtlərinin ödənilməməsi qənaətinə gəlməyə əsas verir. Odur ki, ərizəçiyə izah olunur ki, göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana (orderi vermiş İcra Hakimiyyətinə) müraciət edə, müraciətinin təmin edilməsindən imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən (“Asan ödəniş portalı”, mədaxil qəbz nömrəsi **********50, tarix: 25.07.25, saat: 17:43:39) ödənilmiş 100,00 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Əarazi İdarəsinə qarşı “kooperativ tərəfindən verilmiş orderin Bakı Şəhəri İcra Hakimiyyətinin qərarı əsasında verilməsi faktının müəyyən olunması” barədə ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Ərizəçiyə, göstərilən tələblə aidiyyəti üzrə müvafiq orqana (orderi vermiş İcra Hakimiyyətinə) müraciət etmək, müraciətinin təmin edilməsindən imtina olunduğu və ya hərəkətsizlik göstərildiyi halda isə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malik olması izah edilsin. Ərizəçi tərəfindən (“Asan ödəniş portalı”, mədaxil qəbz nömrəsi **********50, tarix: 25.07.25, saat: 17:43:39) ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Ərizəçi geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar