Məhkəmə qərarları › İş №e-2(006)-4401/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4401/2022

12.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4401/2022 12.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nin Bakı Baş Səhiyyə Mərkəzinə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nin Bakı Baş Səhiyyə Mərkəzinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nin Bakı Baş Səhiyyə Mərkəzinin onun işdən azad olunması barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 46-k nömrəli əmrinin ləğv edilməsi, onun işlədiyi Bakı şəhər 5 nömrəli Uşaq Poliklinikasının Baş Həkimi vəzifəsinə bərpa olunması, işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər ay 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi, mənəvi ziyana görə 5.000 manatın cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» PHŞ-nin Bakı Baş Səhiyyə Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 Bakı Baş Səhiyyə Mərkəzinin onun işdən azad olunması barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 46-k nömrəli əmrinin ləğv edilməsi; onun işlədiyi Bakı şəhər 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi vəzifəsinə bərpa olunması; işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mənəvi ziyana görə 5.000 manatın cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 Bakı Baş Səhiyyə Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 Bakı Baş Səhiyyə Mərkəzinin onun işdən azad olunması barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli 76-k nömrəli əmrinin ləğv edilməsi; onun işlədiyi Bakı şəhər 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi vəzifəsinə bərpa olunması; işsiz qaldığı müddət ərzində almadığı əmək haqqı pulunun, ödənilməmiş məzuniyyət haqqının və əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləğinin ödənilməsi və mənəvi ziyana görə 5.000 manatın cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X7 Bakı Baş Səhiyyə Mərkəzindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, Bakı şəhər 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi vəzifəsində çalışır. Yeni dəyişikliklərdən, yəni TƏBİB adlanan qurum yarandıqdan sonra 40 ilin həkimləri ilə qanunsuz olaraq müddətli müqavilələr bağlanmağa başlanmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh 46-k nömrəli əmri ilə 5 nömrəli uşaq Poliklinikasının Baş Həkimi kimi onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 14 fevral 2022-ci il tarixdən xitam verilməsi və onun son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi, əmək kitabçası və həmin əmrin surətinin Azərbaycan Respublikası Əmək Məcəlbsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, «Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi» X9, «Bakı Baş Səhiyyə Mərkəzi» X7 direktoru cənab Elçin Əmirovun imzaladığı bu əmr üçün əsas əmək müqaviləsinin müddətinin bitməsi hesab edilmişdir. Əmri aşağıdakı səbəblərə görə qanunsuz, əsassız və ədalətsiz hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Mübahisələndirdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə istinad edilsə də, cavabdeh qanunun tələblərinə əməl etməmiş, əmrin surəti ona 24 may 2022-ci ildə təqdim edilmiş, son haqqhesabı isə bu günə qədər tam ödənilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. O, 01 mart 1995-ci ildən 5 saylı uşaq Poliklinikasında Baş Həkim işləyir. İşlədiyi müddətdə həmişə yüksək peşəkarlıq göstərmiş, işini vaxtında, yüksək peşəkarlıqla və vicdanla yerinə yetirmişdir. İşlədiyi müddət ərzində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətindən, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatından üç, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən üç Təşəkkürnamə almışdır. Axırıncı Təşəkkürnamə ona 10 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən davamlı tibbi təhsili Poliklinikada yaxşı təşkil etdiyinə görə verilmişdir. O, Yeni Azərbaycan Partiyası X3 müavini, Yasamal rayonunda Yeni Azərbaycan Partiyasının Poliklinika üzrə sədridir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 14 iyun 2007-ci il tarixli 36-k nömrəli əmri ilə 17 iyun səhiyyə işçilərinin peşə bayramı ilə əlaqədar olaraq əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin 13 iyun 2016-cı il tarixli, 2111 nömrəli Sərəncamı ilə ona «Əməkdar Həkim» fəxri adı verilmişdir. Azərbaycan Respublikası Prezidenti X10 Əliyevin 14 may 1999-cu il tarixli, 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Fəxri adları haqqında» Əsasnamənin 4-cü bəndinə görə «Əməkdar həkim» fəxri adı səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriyakurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilir. Həmin Əsasnamənin 11-ci bəndinin tələbinə görə «Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Azərbaycan Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər». Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Eləcə də, həmin Məcəllənin 10- 1.3-cü maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Deməli, qanuna görə onun «Əməkdar Həkim» kimi vəzifəsində çalışma müddəti hətta 70 yaşına çatdıqdan sonra da uzadıla bilərdi və uzadılmalıdır. 11 fevral 2022-ci il tarixdə saat 12:00-da Bakı Baş Səhiyyə Mərkəzinin kadrlar şöbəsinin müdiri İradə xanım ona zəng edib Mərkəzə çağırmış və onu direktorun çağırdığını söyləmişdir. Mərkəzin direktoru cənab Elçin Əmirov ondan bacısının həyat yoldaşı Oktay müəllimin adı və soyadını soruşdu. Nə üçün soruşduğunu bilmir. Ona «Gedin, əmək müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağı barədə Sizə məlumat veriləcəkdir» demişdir. Direktorun iş otağından çıxdıqdan 20 dəqiqə sonra İradə xanım ona zəng edib «Siz işdən çıxarılırsınız» demişdir. Ondan sonra 5 saylı uşaq Poliklinikasında Baş Həkim vəzifəsi onun müavini, əmək fəaliyyətində heç bir uğuru olmayan, ondan yaşca böyük, 19 oktyabr 1952-ci il təvəllüdlü X1 həvalə edilmişdir. Ona məlumdur ki, N.Ə.Tahirovanın əmək müqaviləsinin müddəti 14 fevral 2022-ci ildən 15 may 2022-ci ilədək (3 ay), daha sonra isə 5 ay müddətinə - 19 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Bu müddətin (5 ay) onunla bağlanmış əmək müqaviləsinin uzadılmasında nə üçün tətbiq edilməməsi sual doğurmaya bilməz. Qeyri-təvazökarlıq olsa da qeyd edir ki, cavabdehin bu qəbildən olan hərəkətləri ilə Azərbaycan Respublikasının Səhiyyəsi zərər görür və nəticə etibarı ilə belə hərəktlər mənfi mənada vətəndaşların səhhətində özünü göstərir. Ona münasibətdə ayrıseçkiliyə, ədalətsizliyə və qərəzliliyə yol verildiyi açıqaşkardır. O, dəfələrlə əmək kitabçasını və işdən azad olması barədə əmri istəsə də, əmrin ona verilməsi təmin edilməmişdir. Sonda, xx.xx.2022-ci il tarixdə birtəhər işdən azad olunması barədə əmr ona təqdim edilmişdir. Bütün bu haqsızlıqdan şikayət etmək məqsədi ilə öncə çalışdığı müəssisənin dövlət müəssisəsi olduğunu əsas götürüb Bakı inzibati məhkəməsinə müraciət etsə də, sonradan ona bildirilmişdir ki, o, dövlət qulluqçusu olmadığı üçün onun iddiası ümumi məhkəmələrdə baxılmalıdır. Ümumi məhkəmələrdə baxılan əmək mübahisələri qanunvericiliyin tələbinə əsasən ilk öncə medyasiyadan keçməli olduğuna görə, məhkəmə ərizənin aidiyyəti üzrə göndərilməsini təmin edə bilməmişdir. Bundan sonra o, ilk öncə medyasiyaya müraciət etmiş, mediasiya iclası xx.xx.2022-ci il tarixə təyin edilsə də, cavabdeh həmin iclasa gəlməkdən boyun qaçırmış və iclasda iştirak etməmişdir. Bununla əlaqədar olaraq mediator xx.xx.2022-ci il tarixli MBŞ/2-01412 saylı arayış tərtib etmişdir. Bundan başqa, o, məhkəməyə müraciət etməklə yanaşı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinə də müraciət etmişdir. Qeyd olunan orqan məsələni araşdırmış və xx.xx.2022-ci il tarixdə araşdırmanın nəticəsi barədə ona məktub ünvanlamışdır. Həmin məktuba baxdıqda görünür ki, əmək müfəttişliyi də, cavabdehin qəbul etdiyi xx.xx.2022-ci il tarixli müqaviləni əsassız hesab etmiş, cavabdehlə onun arasında olan müqavilənin müddətsiz olduğunu vurğulamışdır. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsi işçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqqhesab sənədləri barədədir. Maddənin 3-cü hissəsinə əsasən işdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir. Ona isə may ayının 24-də dəfələrlə müraciət etdikdən sonra işdən çıxması barədə əmr təqdim edilmişdir. Həmin Məcəllənin 172-ci maddəsinin 6-cı bəndinə görə, işçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsi əmək haqqının verilməsi müddətlərini müəyyən edir. Həmin maddənin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Həmin Məcəllənin 195-ci maddəsinin «d» bəndinə əsasən, işçinin əmək haqqı və digər ödənişləri işə götürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işə götürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Bundan başqa, işəgötürən tərəfindən əmək haqqının vaxtında ödənilməməsi şəxsi və ailə həyatında ciddi maddi və mənəvi problemlərin yaranmasına səbəb olub, gərgin narahatlıq və stress yaşamışdır, mənəvi sarsıntı və iztirab keçirmişdir, bu isə ona mənəvi ziyan vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının 2018-ci ildə 65 yaşı olmuşdur. İddiaçı 5 ildən çox işlədiyi üçün onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Buna görə də xitam vermədən müddət uzadılmışdır. Əmək müqaviləsi 4 il uzadılmışdır. Sonuncu ildə xitam verilmişdir. Təcrübə belə formalaşmışdır ki, işçidən ərizə alınır və əmək müqaviləsinin uzadılması ilə bağlı sistemə bildiriş yerləşdirilir. 65 yaşı keçən şəxslərlə yeni, müddətli əmək müqaviləsi bağlanmır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 fevral 2022-ci il tarixli 76-k saylı əmrdən görünür ki, 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyul 2022-ci il tarixli **********9 saylı məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə əməl edilmədən iddiaçı ilə bağlanmış beş ildən artıq müddətə davam edən müddətsiz hesab edilən əmək müqaviləsinə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq iddiaçıya son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) işəgötürən tərəfindən sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatının 24 avqust 2022-ci il tarixli MŞB/2-01412 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, əmək hüquqlarının pozulması tələbinə dair mübahisə üzrə 24 avqust 2022-ci il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin nümayəndəsi iştirak etməmişdir. Halbuki, PHŞ mediasiya sessiyasının vaxtı və yeri barədə öncədən məlumatlandırılmışdır. İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat məbləğində mediasiya xidmətinin göstərilməsi ilə bağlı xərc ödənilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Fəxri Adının vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli 2111 nömrəli Sərəncamı ilə “Əməkdar Həkim” Fəxri adı verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

2. Əmək müqaviləsi kollektiv qaydada da bağlanıla bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçilər, işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir.

3. Kollektiv əmək müqaviləsi bağlanılan hallarda işəgötürən kollektivin hər bir üzvü qarşısında bu Məcəllə və əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməlidir. Kollektiv əmək müqaviləsinə yalnız bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş qaydada xitam verilir.

4. Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

5. Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər. Həmin şərtin (şərtlərin) əmək müqaviləsində göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi həmin şərtin (şərtlərin) daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı hesab olunur.

6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu

1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 135-ci maddəsini 2-ci hissəsinə və 144-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Həmin Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsinə görə əmək haqqının tərkibinə aylıq tarif(vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, işəgötürən tərəfindən mübahisələndirilən əmr verilərkən Əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 14 iyul 2022-ci il tarixli **********9 saylı məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin tələblərinə əməl edilmədən iddiaçı ilə bağlanmış beş ildən artıq müddətə davam edən müddətsiz hesab edilən əmək müqaviləsinə Bakı Baş Səhiyyə Mərkəzi PHŞ tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Eyni zamanda, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq iddiaçıya son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) işəgötürən tərəfindən sonuncu iş günü ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən, Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin vəzifəli şəxsi barədə Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək həmin Məcəllənin 192.6-cı maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək Məcəlləsinin 84-cü maddəssinin tələblərinə əsasən müəyyən edilməmişdir. Belə ki, əmrdə iddiaçı ilə bağlanılmış hansı (müqavilənin tarixi və nömrəsi qeyd edilməmişdir) əmək müqaviləsinə xitam verilməsi qeyd edilməmişdir. Eyni zamanda iddiaçı ilə bağlanılmış müqaviləyə bir neçə dəfə dəyişiklik edildiyi bildirilsə də, iddiaçı ilə bağlanmış əmək müqaviləsi və həmin əmək müqaviləsinə dəyişikliklər rəsmiləşdirilməyərək məhkəməyə təqdim edilməmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 86-cı maddəsinin birinci hissəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. Göründüyü kimi, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq tələbləri pozulmuşdur. Eyni zamanda, işəgötürən tərəfindən ikinci bir pozuntuya da yol verilərək, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə riayət edilməmiş, iddiaçıya son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi) sonuncu iş günü ödənilməmişdir. İddiaçıya ödənilməli məbləğin miqdarı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında iddiaçının əmək haqqı ilə bağlı dəqiq məlumatlar olmadığından, bu məbləğ icra icraatı çərçivəsində hesablanaraq iddiaçıya ödənilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı – Bakı şəhər 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 14 fevral 2022-ci il tarixli 76k saylı əmri ləğv edilməli; İddiaçı işə bərpa edilməli; ona xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, həmçinin xx.xx.2022-ci il tarixə ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi); eləcə də əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləği cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı ona mənəvi zərər vurulmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı – Bakı şəhər 5 nömrəli Uşaq Poliklinikasının baş həkimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilməsi haqqında Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-nin 14 fevral 2022-ci il tarixli 76-k saylı əmri ləğv edilsin. İddiaçı işə bərpa edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı, həmçinin xx.xx.2022-ci il tarixə ödənilməmiş son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi); eləcə də əmək haqqı ödənilməyən gündən başlayaraq, hazırkı qətnamə qəbul edilən günədək olan dövr üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyinə görə hər gün üçün 1 faiz olmaqla ödənc məbləği cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar