Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4403/2022 04.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 29 iyun 2022-ci il tarixli, X-141 saylı əmrinin ləğv edilməsi, Elektromexanika xidmətinə 4-cü dərəcə ilə elektrik çilingəri vəzifəsinə bərpa olunması, 29 iyun 2022-ci il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, həmçinin ona dəymiş 2.000 manat mənəvi zərərin ödənilməsi və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 10 noyabr 2015-ci il tarixdə onunla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xxxxxxx000107 saylı əmək müqaviləsinə əsasən, o, həmin metropolitendə Elektromexanika xidmətinə 3cü dərəcə ilə elektrik çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə Kadr Komissiyasında iştirak edərək və imtahandan 100 % nəticələr göstərərək xx.xx.2020-ci il tarixdə "xxxx" QSC Sədrinin əmri ilə 4-cü dərəcə elektrik çilingəri dərəcəsinə layiq görülmüşdür. Cavabdeh Metropolitenin sədrin ümumi işlər üzrə vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Tərlan Dadaşov tərəfindən imzalanmış X-141 saylı, 29 iyun 2022-ci il tarixli əmrə əsasən onunla bağlanmış (7928) əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına yol verdiyi əsası ilə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin çıxarılmasına əsas kimi guya o, iş yerində işcilərə kobud rəftar etmiş, sahə ustasının tapşırıqlarına vaxtında və düzgün əməl etmədiyi göstərilmişdir. Həmçinin guya o, əmək və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozaraq heç bir üzrlü səbəb olmadan işə gecikmə hallarına da dəfələrlə yol vermişdir. Bununla bağlı 01 iyun 2022-ci il tarixdə Elektromexanika xidmətinin rəisi yanında araşdırılma müşavirəsi keçirilmiş və iclasın nəticəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qərarı məqbul hesab edilmişdir. Daha sonra onunla bağlanmış əmək müqaviləsinin Azərbyacan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi ilə bağlı münasibət bildirməsi üçün X2 İttifaqına "xxxx" QSC sədrinin xx.xx.2022-ci il tarixli 40N-10/3-804 saylı məktubu ilə müraciət edilmiş və toplanmış bütün materiallar onlara təqdim olunmuşdur. X2 İttifaqının xx.xx.2022-ci il tarixdə keçirilmiş araşdırma müşavirəsinin 80 saylı protokolundan çıxarışın nəticəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə müsbət rəy vermişdir. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd olunan əmrdə onun sahə ustası tərəfindən hansı tapşırığı vaxtında və düzgün əməl etmədiyini, hansı əmək və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğunu, nə vaxt, neçə dəfə və neçə saat üzrlü səbəb olmadan işə gecikdiyini konkret olaraq hansı qeyri-qanuni əməl törətməyi göstərilməyib və əmək müqaviləsinin pozulması zərurəti əsaslandırılmayıb. Belə ki, ona, öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazması üçün dəfələrlə Metropoliten tərəfindən təzyiqlər göstərilmişdir. Lakin o, heç bir kobud pozuntuya yol vermədiyi üçün, 7 il əziyyətini, ömrünü həmin Metropolitenə verdiyi üçün işdən çıxmaq niyyəti olmadığını bildirmişdir. Qeyd edilən heç bir müşavirələrdən onun xəbəri olmayıb, heç bir iclasda iştirak etməmişdir və heç bir protokola, akta imza atmamışdır. Hesab edir ki, Metropolitenin işçi heyəti ona qarşı qərəzlidirlər və hər yola əl ataraq onu işdən çıxartmaq üçün qeyri-mötəbər sübutlara istinad etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bir daha qeyd edir ki, o, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmamışdır. Onun əmək fəaliyyəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Qeyd etmək istəyir ki, həmin əmr ona iş vaxtı 30 iyun 2022-ci il tarixdə təqdim edilmişdir. Əmri aldıqdan sonra həmin gün özünü çox pis hiss etmişdir, həm psixoloji sarsıntı keçirmişdir, həm fiziki. Bunu görən ustalar ona təcili yardım çağırmışlar və ondan sonra artıq evində müalicə almışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, neçə illərdir məcburi köçkündür və onun üçün iş yeri və əmək haqqını itirməsi haqsız yerdə böyük itkidir. Barəsində bu cür əmrin verilməsi mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. İşsiz qalması maddi vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyan 2.000 manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Onun tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar Mediasiya Şurasına müraciət edilmişdir. Onun etibarnamə üzrə nümayəndəsi və o, ilkin məcburi mediasiya sessiyasında iştirak etmişlər, lakin qarşı tərəf lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, ilkin sessiyada iştirak etməmiş və bu barədə arayış təqdim edilmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, "xxxx" QSC strateji obyektdir və bununla yanaşı "xxxx" QSC-nin stansiyaları və tunelləri dövlət əhəmiyyətli obyektlərin siyahısına daxildir. "xxxx" QSC-nin işçisi əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməlidir. "xxxx" QSC-nin əsas funksiyası və ana xətti sərnişinləri mənzil başına təhlükəsiz çatdırmaqdır. "xxxx" QSC-nin sədri Həmkarlar İttifaqına iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilməsi üçün müraciət etmişdir. Həmkarlar İttifaqı isə öz növbəsində elektromexanika xidmətinin Həmkarlar İttifaqına müraciət etmişdir. Onlar da öz növbəsində iddiaçı barəsində ətraflı araşdırma aparmışlar. İddiaçının etdikləri barəsində işçilərimizin narazılıqlarını bildirən izahatlar vardır. Bütün bunlar araşdırılmış və elektromexanika xidmətinin Həmkarlar İttifaqı bu barədə rəy vermişdir. Daha sonra "xxxx" QSC-nin Həmkarlar İttifaqı verilmiş rəy əsasında daha ətraflı rəy vermişdir. Onu da qeyd edir ki, iddiaçı işinə səhlənkar yanaşmış, 2021-ci il tarixində dəfələrlə işə gecikmiş və ona edilmiş xəbərdarlıqlardan heç bir nəticə çıxarmamışdır. İddiaçı Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozduğu üçün onlar öz hüquqlarından istifadə edərək, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam vermişlər. Bildirir ki, iddiaçı işlədiyi sahəni dispetçerə bildirmədən tərk etməməli olduğu halda, o, məlumat vermədən həmin sahəni dəfələrlə tərk etmişdir. İddiaçı işdə olarkən dəfələrlə ağrıdığını bildirərək, iş yerini tərk etmişdir. Həmçinin onu da qeyd edir ki, iddiaçı hər zaman izahat verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia ərizəsini qəbul etmir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, şahid X8 ifadəsində bildirdi ki, İddiaçı başqa sahədən onların sahəsinə keçirilmişdir. Onların sahəsinə keçirilməsinin səbəbi isə öncəki sahədə törətdiyi əməllər olmuşdur. Belə ki, rəhbərlik onu işdən çıxarmaq istəmiş, lakin humanist davranaraq bir şans daha vermək qərarına gəlmişdir. Onların sahəsinə iddiaçı gəldikdə onunla söhbətlər aparmış, bu sahədə yalnız öz işi ilə məşğul olması, öncəki sahədə hansı hadisələrin baş verdiyinin ona maraqlı və aidiyyəti olmadığı və s. halları ona izah edilmişdir. Onların işi belədir ki, işçiyə tapşırıqların icrası iki formada, şifahi və ya yazılı formada həvalə edilə bilər. Şifahi tapşırıqlar adətən sahəyə baxış keçirildikdən sonra verilə bilər. İddiaçı Ənvər Qasımov adlı işçi ilə gecə növbəsinə salmış və onunla bir növbədə işləməsini tapşırmışdır. İşdən ayrılıb evə gedərkən isə onlara rəngləmə işlərini aparmalarına dair tapşırıq vermişdir. X16 gecə növbəsindən çıxdıqdan sonra İddiaçı barəsində şikayət etmiş və onunla işləmək istəmədiyini bildirmişdir. Belə ki, Ənvər Qasımovun sözlərinə görə, onlar gecə növbəsində olduqları zaman o, tapşırığa əsasən rəngləmə işləri aparsa da, iddiaçı ona həvalə edilmiş tapşırıqları yerinə yetirməmişdir. O, isə işçisi Ənvərə bu məsələ ilə bağlı Həsənlə danışıqlar aparacağını bldirmişdir. Həsənlə bu məsələni müzakirə etdikdə isə sonuncu ona bu işləri yerinə yetirməli olmadığını bildirmiş və onları görməkdən imtina etmişdir. Sonradan, ondan rəngləmə işlərini tamamlamasını xahiş etdikdə, o, xəstə olduğunu bildirmişdir. Bu hadisələrdən sonra onun növbəsini dəyişmiş və onu başqa işçi Xanəndə Şirinovla bir növbəyə salmışdır. Onunla növbəyə salındıqdan sonra Həsən tapşırıqları icra etməmiş, yalandan da olsa tapşırıqların yerinə yetirildiyi qeyd edilsə də, o, yoxlama apardıqda heç bir işin normal şəkildə görülmədiyini və yaxud ümumiyyətlə yerinə yetirilmədiyini aşkar etmişdir. Bununla bağlı iddiaçının izahatını tələb etmiş, lakin qarşılığında «Sən kimsən ki, sənə izahat verim?» cavabını almışdır. İddiaçı izahat yazmamış, yazdıqda isə tam şəkildə yazmamışdır. O, isə iddiaçı barəsində təqdimat hazırlamışdır. Bununla yanaşı, iddiaçı dəfələrlə işə də gecikmişdir. Hər dəfəsində də yolunun uzaq olduğunu və s. bəhanələr gətirmişdir. Bütün bu sadaladıqları ilə yanaşı işçilər də dəfələrlə şikayət edərək, İddiaçı ilə çalışmaq istəmədiklərini bildirmişlər. Bu məsələlərlə əlaqədar o, iclaslar da təşkil etmiş, işçiləri sakitləşdirməyə çalışmışdır. Həsənlə dəfələrlə söhbətlər aparmış, ona hər dəfəsində şans verməyə çalışmış, başını salıb öz işi ilə məşğul olmasını bildirmiş, lakin sonuncu özünü doğrultmamışdır. Sonradan, işçilərindən yeni şikayətlər daxil olmuş və Həsənin tuneldə kiməsə yumruq atmasını, dalaşmasını bildirmişlər. İddiaçı öz iş yerini məlumat vermədən tərk etmişdir. Lakin belə bir məsuliyyətsizliyə yol verilə bilməz. O, bunu ağrıdığı üçün etdiyini söyləsə də, ona belə halın baş verdiyi təqdirdə lazım gələrsə təcili yardım çağıra biləcəklərini, lakin iş yerini tərk etməli olmadığını bildirmişdir. Özünün imkanı, habelə telefonunda konturu olmadığı halda dispetçerə, növbə yoldaşına, baş ustaya və yaxud ona məlumat verərək iddiaçıya köməklik göstərə biləcəklərini izah etmişdir. Yenə də iclas keçirmiş və bu iclası müdiriyyətə məlumat vermədən təşkil etmişdir. Müdiriyyətə bu barədə bildirsə idi iddiaçı ilə bağlı daha ciddi tədbirlər görülə bilərdi. O, isə bunu arzulamamış, onun cavan olduğunu nəzərə almışdır. Lakin yenə də, işçilərdən müxtəlif sayda şikayətlər daxil olmuşdur. Həsən bir işçidən digərinə söz daşımış, onlar arasında çaxnaşma yaratmışdır. Deyiləsi söz çoxdur. İddiaçı çilingər vəzifəsində işləmişdir. Çilingər öz vəzifə təlimatlarına uyğun hərəkət etmədikdə bunun çox ağır fəsadları yarana bilər. X4 ifadəsində bildirdi ki, o, elektrik çilingəri vəzifəsində çalışır. İddiaçı onunla eyni yerdə iki ay işləmişdir. Onlar təmir, rəngləmə və s. işləri yerinə yetirirlər. Onlara tapşırıq verilmişdir ki, şaxtada rəngləmə işləri aparsınlar. O, rəngləmə işlərini aparsa da, iddiaçı onun əksinə dayanmış və bu işləri görməmişdir. O, ümumiyyətlə rəngləmə işini yaxşı bacarmamışdır. Onlar öz sahələrində 10-11 nəfər tərkibdə çalışmış və həmişə də aralarında mehriban münasibətlər olmuşdur. Lakin iddiaçı gəldikdən sonra bir işçidən digərinə söz daşımış, yalanlar danışmışdır. İddiaçı, işlərini lazımınca yerinə yetirməmişdir. Yoxlama aparılarkən hər hansı bir nöqsanın aşkar edilməməsi, o cümlədən əmək haqqısının kəsilməməsi səbəbilə, o, iddiaçının əvəzinə də işləmək məcburiyyətində qalmışdır. Özünə bu barədə bildirdikdə isə iddiaçı bacardığının bu olduğunu bildirmişdir. X3 ifadəsində bildirdi ki, onun 44 illik stajı vardır. 14 ildir isə Metropolitendə çalışır. O, elektrik çilingəri vəzifəsində çalışır. İddiaçı onların sahəsinə gəldiyi andan xoşagəlməz hadisələr baş vermişdir. İddiaçı onların sahəsinə gəlməmişdən öncə başqa sahədə çalışmış və həmin sahədə bəzi hadisələrin baş verdiyini eşitmişlər. Onların sahəsinə gəldikdə isə iclas keçirilmiş və o, bir ağsaqqal kimi təklif etmişdir ki, onu yola versinlər. Onlar tunelə düşürlər, daim təhlükə ilə üz-üzədirlər. Belə işdə çalışdıqda isə gərək iş yoldaşınla yola gedəsən. Belə ki, iş yoldaşınla aranda anlaşılmazlıqlar olduqda onunla tunelə düşmək qorxuludur. İddiaçı barəsində tez-tez şikayətlər daxil olmuşdur. Onu yola verməyə çalışmış, müdiriyyətə bu barədə məlumat verməmişdir. İstəməmişdir ki, müdiriyyətin onlar arasında olan söz-söhbətlər barədə məlumatı olsun. Sonradan görmüşdür ki, iddiaçı bu hərəkətləri etməyə davam edir. Artıq onun bu hərəkətlərinə dözmək istəməmişdir. Bu hallardan sonra iddiaçı onun barəsində yalanlar danışmağa, şər atmağa başlamışdır. Nəinki onun digər işçilər barəsində də danışmışdır. Hətta onlarla oturub çay içərkən onların səslərini yazmış, kimlərəsə göndərmişdir. İşini də düzgün görməmişdir. Bununla bağlı izahat yazmalı olduğunu ona bildirdikdə isə izahat yazmaqdan imtina etmişdir. Tez-tez iş yerini tərk etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X2 İttifaqı İcraiyyə Komitəsinin 80 saylı 29 iyun 2022-ci il tarixli protokolundan çıxarışdan görünür ki, İcraiyyə Komitəsinin 26 nəfər üzvündən 22 nəfərinin iştirakı ilə "xxxx" QSC-nin sədrinin məktubuna (təqdimatına) baxılmışdır. Əlavə edilmiş sənədlərdə iddiaçının işdən azad edilməsi üçün əsas kimi qeyd edilən hallar müfəssəl şəkildə qeyd olunmuşdur. Protokoldan çıxarışa xx.xx.2022-ci il tarixli akt; iddiaçı barədə istehsalat xasiyyətnaməsi; "xxxx" QSC-nin 26 iyul 2021-ci il tarixli intizam məsuliyyətinin tətbiqi haqqında 630 saylı əmr; "xxxx" QSC-nin Elektromexanika xidməti rəisi yanında keçirilmiş 02 iyul 2021-ci il tarixli müşavirənin 9 saylı protokolu; QSC-nin X1 İttifaqına ünvanladığı 23 iyun 2022-ci il tarixli 40N-10/3-804 saylı məktub; "xxxx" QSC-nin 05 oktyabr 2021-ci il tarixli intizam məsuliyyətinin tətbiqi haqqında 911 saylı əmr; QSC-nin Elektromexanika Xidmətinin Həmkarlar İttifaqı Komitəsinin 40 saylı 28 iyun 2022-ci il tarixli protokolundan çıxarış; həmin Xidmətin 2 saylı distansiyasının rəisi L.Mustafayevə İV ventilyasiya sahəsinin ustası Ceyhun Əliyevin təqdimatı; Xidmətin 2 saylı Elektromexanika distansiyasında keçirilən iclasın 25 aprel 2022-ci il tarixli 1 saylı protokolu; digər akt, izahat və s. sənədlər əlavə edilmişdir. Qərara alınmışdır ki, "xxxx" QSC-nin Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasının İV ventilyasiya sahəsinin metropoliten avadanlıqlarına xidmət üzrə elektrik çilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinə etiraz edilməmiş və müsbət rəy verilmişdir. - Bakı 5 saylı Mediasiya Təşkilatının 10 avqust 2022-ci il tarixli MŞB-5-02613 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, arayış Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş mediator X10 - (mediasiya reyestrində qeydiyyat nömrəsi – M - 00071) tərəfindən İddiaçı «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilmişdir. Arayış "xxxx" QSC-nin, İddiaçı tərəfindən təsvir edildiyi kimi «qanunsuz əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi» barədə mübahisə üzrə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmişdir. "xxxx" QSC ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən məktub göndərilməklə poçt vasitəsi ilə məlumatlandırılmış, lakin telefonla əlaqə zamanı QSC-nin əməkdaşı mediasiya prosesində iştirak etməkdən imtina etdiyini bildirmişdir. İddiaçı nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. - "xxxx" QSC işçilərinin əmək intizamı haqqında Nizamnamədən görünür ki, qatarların hərəkətinin və manevretmə işlərinin təhlükəsizliyini təmin etmək, həmçinin sərnişinlərin həyatı və sağlamlığı üçün təhlükəli olan vəziyyətlərə yol verməmək məqsədilə metropolitenin müəssisə, idarə va təşkilatlarının işçilərindən işdə yüksək mütəşəkkillik və xidməti vəzifələrinin qüsursuz yerinə yetirilməsi tələb olunur. Metropolitendə intizamın pozulması insanların həyat və sağlamlığı üçün, qatarların hərəkətinin və manevretmə işinin Təhlükəsizliyi və daşınan yüklərin mühafizəsi üçün təhlükə yaradır, həmçinin müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olur. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 531 nömrəli Qərarından görünür ki, metro stansiyaları və tunelləri təhlükə potensiallı və dövlət əhəmiyyətli tikinti obyektlərinin siyahısına daxil edilmişdir. - "xxxx" QSC-nin 29 iyun 2022-ci il tarixli Y-141 saylı əmrindən görünür ki, müəssisədaxili nizam-intizam qaydalarının pozulmasına yol verdiyi üçün Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasının İV ventilyasiya sahəsinin elektrik çilingəri İddiaçı (7928) ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinin “e” bəndinə əsasən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 83-cü maddəsinin İ hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. - 84-cü maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsi əsasında "xxxx" QSC-nin Elektromexanika xidmətində elektrik çilingəri vəzifəsində çalışmışdır. İddiaçı tərəfindən dəfələrlə əmək və texnoloji intizamın pozulması halına yol verilmiş və bu səbəbdən onunla "xxxx" QSC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Belə ki, "xxxx" QSC-nin Elektromexanika xidməti 2 saylı elektromexanika distansiyasının ventilyasiya sahəsinin elektrik çilingərinin vəzifə təlimatının aşağıda qeyd edilən bəndlərinə əsasən: - 2.3-cü bəndinə görə, elektrik çilingəri növbədə olarkən sahədəki avadanlıqların fasiləsiz və qəzasız işin, texnoloji proses cədvəlinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, həmçinin obyektlərin düzgün havalandırılmasına görə cavabdehlik daşıyır. - 2.6-cı bəndinə görə, elektrik çilingəri iş vaxtı ustanın və ya növbə dispetçerinin xəbəri olmadan sahənin hüdudlarından kənara çıxa bilməz. - 2.7-ci bəndinə görə, elektrik çilingəri iş vaxtından bir qədər əvvəl gəlməli, sahədəki avadanlıqların vəziyyətini öyrənməli, ustanın tapşırıqları ilə tanış olmalı, işdə olması barədə selektor rabitəsi ilə növbə dispetçerinə məlumat verməli, «Dispetçerlə operativ əlaqə jurnalı»nda müvafiq qeyd aparmaqla növbənin təhvil-qəbulunu rəsmiləşdirilməlidir. Jurnalı həm növbəni təhvil verən, həm də qəbul edən elektrik çilingəri imzalamalıdır. Lakin iddiaçı vəzifə təlimatının yuxarıda sadalanan bəndlərinə riayət etməməklə, verilən tapşırıqları vaxtı-vaxtında yerinə yetirməmiş, sahədə istismar olunan avadanlıqlara texnoloji proses cədvəli üzrə qulluq göstərməmiş, həmin avadanlıqlara texniki baxış keçirməmiş, iş vaxtından bir qədər əvvəl işə gəlməli olduğu halda dəfələrlə işə gecikmiş, xx.xx.2021-ci il tarixində gündüz növbəsinə gəlməmiş və bu barədə heç kimə məlumat verməmiş və bu kimi hallara dəfələrlə yol verərək, iş prosesinin gedişatına mənfi təsir göstərməklə, əmək və icra intizamının normal ahəngininin pozulmasına səbəb olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla bağlanmış əmək müqaviləsinə məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilə bilməsi qanunvericilikdə təsbit edilmişdir. Əlavə olaraq məhkəmə onu da qeyd edir ki, İddiaçı tərəfindən nizam-intizamn qaydalarının pozulmasına dəfələrlə yol verilmiş və bu hallar iş materiallarında olan sənədlər toplusu ilə öz əskini tapmışdır. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin: - 26.07.2021-ci il tarixli, 630 saylı «intizam məsuliyyətinin tətbiqi haqqında» əmri ilə Elektromexanika xidmətinin 2 saylı Elektromexanika distansiyasının V ventilasiya sahəsinin elektrik çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2 «b» bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Sözügedən əmrdə İddiaçı ərizəsi nəzərə alınmaqla, onun vakant yer olan İV ventilasiya sahəsinə elektrik çilingəri peşəsinə keçirilməsi və analoji şikayətlər təkrarlansa ona qarşı daha ciddi tədbirlərin görüləcəyi müfəssəl şəkildə qeyd edilmişdir. - 05.10.2021-ci il tarixli, 911 saylı «intizam məsuliyyətinin tətbiqi haqqında» əmri ilə Elektromexanika xidmətinin 2 saylı distansiyasının İV ventilasiya sahəsinin elektrik çilingəri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən xəbərdarlıq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam verilməmişdən öncə iddiaçı barəsində bir neçə dəfə intizam tənbehləri tətbiq edilmiş və məhz həmin tənbehlərin tətbiq edilməsindən sonra iddiaçının hərəkətlərində hər hansı bir müsbət dəyişikliyin baş verməməsi, habelə bu növ hərəkətlərə təkrarən yol verməsi cavabdehə (işəgötürənə) kifayət qədər əsas yaratmışdır ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam versin. Həmçinin də məhkəmə qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə qanunvericilikdə nəzərdə tutulmuş intizam tənbehlərindən birini verə bilməsi onun hüququ kimi təsbit edilmiş və 186-cü maddənin İİ şissəsində nəzərdə tutulan intizam tənbehinin ardıcıllıqla verilməsi qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı madddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normatvi hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin tələbinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Digər tərəfdən iş materialları müəyyən edilmişdir ki, iddiaçı nəinki əmək funksiyalarının pozulmasına yol vermiş, habelə onunla birgə çalışan digər işçilərə də mənfi təsir göstərməklə, onların haqlı narazılıqlarına səbəb olmuşdur. Belə ki, iddiaçının davranışları ilə bağlı məsələyə baxılarkən çıxış edən şəxslər iddiaçının yol verdiyi bütün neqativ davranışları sadalamışlar. Bu cür hərəkətlər özünü digər işçilər barədə təhqiramiz ifadələrin işlədilməsi, güc tətbiq edəcəyi barədə hədələr; bir işçidən digər işçiyə doğru olmayan xəbər çatdırma; işçilərin arasında yanlış təbliğat və s. bu kimi davranışlarda büruzə vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə həmçinin a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək və f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək aiddir.. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, işin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «qanunsuz əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4403/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4403/2022
04.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver