Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4464/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, Cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - X1 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «tələblərin əvəzləşdirilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «tələblərin əvəzləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 iyul 2013-cü il tarixli 012/13 nömrəli “Standart əmanət (depozit) hesabı haqqında” müqaviləsi əsasında cavabdehdən iddiaçının almalı olduğu 100000 manat məbləğində əmanətin 17 iyun 2015-ci il tarixli 04/15 nömrəli kredit müqaviləsi üzrə ödəməli olduğu borc məbləği ilə əvəzləşdirilməsi, artıq qalan məbləğin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - X2 tərəfindən məhkəməyə ərizə göndərilmiş, ərizədə iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi - X2 tərəfindən verilmiş ərizə ilə eyni məzmunda izahat verərək, iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəni və iş materiallarını tədqiq edərək, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 13 iyun 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə kakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və "xxxx" MMC banka ləğvedici təyin edilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-154/2016 saylı qərardadı ilə ləğvedici dəyişdirilmiş və Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, tələbin irəli sürüldüyü bank müflis elan edildiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun X fəslində iflas prosesinə məruz qalan banka qarşı iflas proseduru çərçivəsində irəli sürülən tələblərin dairəsi müəyyən edilmişdir. Həmin Qanunun “Tələblərin qeydə alınması” adlanan 76-cı maddəsindən görünür ki, bu Qanunun 77.1 və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və Qanunun 76.2.1- 76.2.3-cü maddələrində göstərilən məlumatları ləğvediciyə təqdim etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.8-ci maddəsinə əsasən işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «tələblərin əvəzləşdirilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ("Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-4464/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4464/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver