Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4483/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və X7 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin ona vermiş olduğu xidməti cəza (töhmət), 19 mart 2024-cü il tarixli 3-13-17/Ə (ş/h) 385/2024 nömrəli əmrlərinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının xalis (bütün tutulmalar çıxıldıqdan sonra, yekun məbləği rəqəmlə göstərməklə) məbləğinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını, eləcə də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və X7 Xidmətinin Bakı şəhər İdarəsinin üçüncü şəxs qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin X5 Şöbəsində MMX üzrə mühafizəçi vəzifəsində işləmişdir. O, həmin vəzifə üzrə əmək fəaliyyətinə 2011-ci ildən etibarən başlamışdır. Yekun olaraq bildirir ki, işlədiyi müddət ərzində barəsində heç bir intizam tənbehi tətbiq olunmamış, o, daim işində məsuliyyətli olmuş və verilən tapşırıqları vaxtında icra etmiş, hər zaman xidmət etdiyi orqanın şərəfli adını yüksək tutmağa səy göstərmişdir. Nümunəvi ailə başçısı olmaqla, hazırda iki azyaşlı övlad sahibidir. 2023-cü ilin sonlarında X1 neqativ hallar barədə Baş Mühafizə İdarəsinin rəhbərliyinə bir məlumat xarakterli məktub göndərmişdir. Daha öncə qəbulunda olduğu zaman, baş idarə rəhbərliyi özü söyləmişdir ki, iş yerində hər hansı bir neqativ hallar olarsa, şəxsən onu hər hansı üsulla olur-olsun məlumatlandırsın. O, öz növbəsində həmin sözə əsasən birbaşa baş idarə rəhbərliyinə ərizə ilə mövcud vəziyyət haqqında məlumat vermişdir. Müraciəti əsasında baş idarə rəhbərinin göstərişi ilə təşkilati inspeksiya şöbəsi məsələni yerində araşdırmaq üçün Kürdəmir və Ağsu rayonlarına bir nümayəndə ezam etmişdir. Şöbə tərəfindən müraciəti ilə bağlı «araşdırma» aparılıb rəhbərliyə məruzə edilmişdir. Məruzədə müraciətinin əsassız olduğunu baş idarə rəhbərliyinə öz isdədikləri «qayda» ilə əsaslandıraraq onun üçün intizam tənbehi (töhmət) verilməsi istənilmişdir. Bu istək əsasında baş idarə rəhbərinin əmri ilə ona birbaşa töhmət verilmişdir. O da öz növbəsində neqativ hallarla bağlı bildirdiyi müraciətə cavab olaraq verilmiş töhmətlə razılaşmayaraq, statusca mülki işçi (fəhlə) hesab olunduğu üçün, qanuni prosedur qaydası olaraq X7 Xidmətinə «e-Sosial» tətbiqi vasitəsi ilə rəsmi qaydada etiraz ünvanlamışdır. Bu səbəbdən o, 08 mart 2024-cü il tarixdə Baş Mühafizə İdarəsinə çağrılaraq yuxarıda qeyd olunan məsələlərlə bağlı baş idarə rəhbərliyinin qəbuluna salınmışdır. Qəbul zamanı ona bildirilmişdir ki, «X6 çalışdığın üçün güc strukturunun sənə verdiyi əmrlə bağlı dövlətin hər hansı bir mülki qurumuna şikayət edə bilməzsən. Statusca mülki işçi olmağın da buna əsas vermir. Get, iş yoldaşların necə gecə növbəsində, istirahət günlərində işləyir, sən də onlar kimi o qaydada xidmətinə çıx.» Bu da onun əmək müqaviləsinə ziddir. Halbuki, onun əmək müqaviləsində iş vaxtı həftəlik 40 saatdan artıq olmamaqla, yalnız gündüz növbəsi işləməli olduğu göstərilmişdir. Qəbulun yekunu olaraq, ona «hamı necə, sən də elə işləməlisən» göstərişi verilmişdir. Növbəti iş həftəsində, 11 mart 2024-cü il tarixdə Ağsu rayonunda yerləşən xidmətin bölünməsi yerinə gələrək, həmişəki kimi səhər saat 08:30 radələrində orada olmuşdur. Ona bildirilmişdir ki, axşam saat 17:00-da gecə növbəsinə gəlməlidir. O da öz növbəsində belə bir iş rejiminin onun əmək müqaviləsində göstərilən şərtlərə uyğun olmadığını bildirmişdir. Beləcə həftə içi 5 gün müqaviləsinin şərtlərinə uyğun olaraq, qanunamüvafiq şəkildə iş bölgü yerinə getdiyinə baxmayaraq, onu xidmətə yazmaqdan imtina edib geri qaytarmışlar. Odur ki, sübut olaraq xidməti bölgü yerinə getdiyini əks etdirən 2 video material çəkmişdir. Həmin müddət ərzində iş bölgüsü («razvod») edilən zaman, komandir heyəti öz səlahiyyətlərindən «istifadə» edərək kollektivə bildirirdilər ki, «Abasov xidmətə çıxmaqdan imtina edir» və bu səbəbdən onun əleyhinə akt tərtib etmək üçün boş bir «A4» vərəqinə qanunsuz olaraq imzalar çəkdirilirdi. Mart ayının 18-i, həftənin bazar ertəsi günü yenidən iş bölgüsü yerinə getmişdir. Ötən həftədə olduğu kimi, həmin gündə eyni proses təkrarlanmışdır. Növbəti gün, 19 mart 2024-cü il tarixdə komandir heyəti kollektivi onunla birgə toplayaraq səhər təlimatı zamanı əməkdaşlara onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə müvafiq olaraq işdən qovulması haqqında olan 3-13- 17/Ə(ş/h)385/2024 nömrəli əmri səsli şəkildə elan etmişlər. Əmr elan olunan zaman ona belə aydın olmuşdur ki, onun əmək müqaviləsində nəzərdə tutulan vaxtlardan kənar vaxtda işə cəlb edilməsinə olan etirazı «xidmətə gəlməməyi kimi nəzərə alınmış», həmçinin baş idarədə qəbulda olduğu zaman «kəmərdən istifadə etməməsi», üzünü görmədiyi «həmkarlar birliyinin birgə qərarı» və bütün bunlar «baş idarənin nüfuzuna xələl gətirilmək» kimi qiymətləndirilərək müqaviləsinə xitam verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tam əsassız olduğundan təmin edilməməlidir. Belə ki, o, 9-xx.xx.2024-cü il tarixlərində iş yerinə gəlməməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozmuş, əvvəllər elan olunmuş intizam tənbehlərindən nəticə çıxarmayaraq, xidməti fəaliyyətində və davranışında dönüş yaratmamışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış qaydalarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsi konkret müəyyənləşdirmişdir. Həmin qaydalarda müəyyən olunmuş davranış qaydalarına riayət edilməsi mühafizəçinin ümumi vəzifəsi kimi nəzərdə tutulmuş, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib vaxtında getmək, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq mühafizəçi əməkdaşının qarşısında qoyulmuş əsas qayda və şərtlər kimi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən 15 mart 2020-ci il tarixli 3-13- 17/Ə84/2024 nömrəli əmrin verilməsi üçün əsas olan sənədlərdə İddiaçı xidmətinin mənfi xarakterizə olunduğu, işlədiyi müddət ərzində mükafat almadığı, dəfələrlə isə intizam tənbehinə cəlb edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı mülki mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, etik davranış qaydalarının tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Yuxarıda qeyd olunanlara görə qulluq dövründə İddiaçı hərəkətlərində mülki mühafizəçi adına və nüfuzuna xələl gətirən hərəkətlərə yol verilməsi halı müəyyən edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş 15 mart 2020-ci il tarixli 3-13-17/Ə84/2024 nömrəli əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi tələbi əsassızdır. «Məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbi də birinci tələbdən asılı olduğundan, əsaslı sayılmamalıdır. İddia ərizəsini əsassız hesab edir və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi X8 izahatında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Həmkarlar İttifaqı Komitəsi olduğundan, hazırki iş üzrə həmin Komitənin cəlb edilməsi daha məqsədəuyğun olardı. Çünki, hazırki iş üzrə işçinin hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin həlli məhz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Həmkarlar İttifaqı Komitəsinin səlahiyyətləri daxilindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı ilə bağlanmış əmək müqaviləsində əmək şəraitinin ümumi şərtləri qeyd edilsə də, iddiaçının idida ərizəsində qeyd etdiyi şərtlər daxilində xidmət göstərməsinə dair hər hansı sübut təqdim edilməmiş, o, xidməti vəzifələrinin icrasını həyata keçirməmiş, xidmətə çıxmamış, dəfələrlə dəvət olunmasına baxmayaraq, bu hal davam etmiş, bununla bağlı çoxsaylı aktlar tərtib olunmuşdur. - Xidməti xasiyyətnamədən görünür ki, X3 MMX üzrə mühafizəçisi Abasov X4 RMŞdə 15 iyul 2011-ci il tarixdən işləmiş, xx.xx.2018-ci il tarixdə yol verdiyi nöqsanlara və subordinasiya qaydalarını pozaraq bütün yuxarı orqanlara əsassız olaraq şöbənin digər əməkdaşlarını da qruplaşma şəklində şikayət etmələrinə təhrik etdiyinə görə BMİ-dən Ə1262ş/h-038-18 nömrəli əmrlə xidmətdən xaric edilmişdir. Məhkəmə qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixli Ə869ş/h-038-21 nömrəli əmri ilə xidmətə yenidən bərpa edilmişdir. Mühafizəçi İddiaçı xidmət etdiyi müddətdə özünü müsbət keyfiyyətlərə malik bir əməkdaş kimi göstərə bilməmişdir. O, cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizədə zəif iştirak etmişdir. Fiziki cəhətdən sağlam olsa da, fiziki hazırlıq üzrə normativləri yerinə yetirə bilmir. Müraciətlərində qeyri-səmimidir, etik davranış qaydalarını pozur, mübahisəyə meyillidir, geyim formasını pozur. Şöbədə işlədiyi müddət ərzində DİN və BMİ tərəfindən verilən əmr və göstərişlərin qüsursuz və vaxtında yerinə yetirilməsinə cəhd göstərməmiş, son vaxtlarda isə xidmətini təlimatın tələblərinə uyğun qurmamışdır. Belə ki, komandir heyəti tərəfindən İddiaçı 16 saatlıq xidmətə dəvət olunur, o isə xidməti vəzifələrinin icrasına etinasız yanaşaraq, xidmətə çıxmaqdan imtina edir. Dəfələrlə şöbə rəisi və komandir heyəti tərəfindən fərdi söhbətlər aparılmışdır. O isə bu fərdi söhbətdən heç bir nəticə çıxarmamışdır. Barəsində tərtib olunmuş aktlarla tanış olaraq imza etməkdən də boyun qaçırmışdır. Komandir heyəti tərəfindən xx.xx.2024-cü il tarixdə şöbəyə izahat verməyə dəvət olunsa da, heç bir səbəb göstərmədən izahat verməkdən imtina edir. Eyni zamanda BMİ tərəfindən xx.xx.2024-cü il tarixdə 3-13-17/Ə38/2024 nömrəli əmrlə intizam tənbehinə cəlb olunmuşdur. Şöbə rəisi tərəfindən əmrlə tanış edilmiş, sonuncu əmrlə tanış olmaq barədə imza etməkdən imtina etmişdir. - 15 mart 2024-cü il tarixdə təsdiq edilmiş, müvafiq raporta və məktuba baxılmasına dair rəydən görünür ki, ««Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalan»nın 2.1.3, 2.1.5, 2.1.7, 2.1.11, 3.1,9, 3.1.10 və 3.1.13-cü bəndlərinin tələblərini pozaraq cari ilin mart ayının 9, 10 və 11-i tarixlərində üzrsüz səbəbdən xidmətə çıxmadığına, xidməti geyim formasının daşınma qaydalarını pozduğuna, anket məlumatlarında dəyişikliklərin baş verməsi barədə xidmət etdiyi hissə rəisinə məlumat vermədiyinə, göstərilən qəbahəti ilə əlaqədar izahat verməsi tələb edilərkən Baş Mühafizə idarəsinin xidməti otağında təkrar intizamsızlığa və Mühafizə xidməti işçisinə yaraşmayan hərəkətlərə yol verməklə aqressivlik göstərərək izahatını yarımçıq saxlayıb sualları cavablandırmadığına və bununla bağlı tərtib olunmuş aktı imzalamaqdan imtina etdiyinə, mənfi xarakterizə olunduğuna, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə BMİ-nin xx.xx.2024-cü il tarixli 3-13-17Ə/3B/2024 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi də nəzərə alınaraq X5 Şöbəsinin mülki mühafizəçisi İddiaçı ciddi intizam tənbehinə cəlb olunmağa layiq olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikası DİN BMİ-nin 15 mart 2024-cü il tarixli 3-13-17/Ə84/2024 saylı əmrindən görünür ki, «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarının 2.1.3, 2.1.5, 2.1.7, 2.1.11, 3.1.9, 3.1.10 və 3.1.13-cü bəndlərinin tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozaraq cari ilin mart ayının 9, 10 və 11-i tarixlərində üzrsüz səbəbdən xidmətə çıxmadığına, xidməti geyim formasının daşınma qaydalarını pozduğuna, anket məlumatlarında dəyişikliklərin baş verməsi barədə xidmət etdiyi hissə rəisinə məlumat vermədiyinə, göstərilən qəbahəti ilə əlaqədar izahat verməsi tələb edilərkən Baş Mühafizə İdarəsinin xidməti otağında təkrar intizamsızlığa və Mühafizə xidməti işçisinə yaraşmayan hərəkətlərə yol verməklə aqressivlik göstərərək izahatını yarımçıq saxlayıb sualları cavablandırmadığına və bununla bağlı tərtib olunmuş aktı imzalamaqdan imtina etdiyinə, mənfi xarakterizə olunduğuna, bununla da DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə BMİ-nin xx.xx.2024-cü il tarixli 3-13-17Ə/38/2021 nömrəli əmri ilə qüvvədə olan «töhmət» intizam tənbehi də nəzərə alınaraq X5 Şöbəsinin mülki mühafizəçisi İddiaçıla bağlanmış əmək müqaviləsi DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv olunmuşdur. - Bakı 9 saylı Mediasiya təşkilatının 21 avqust 2024-cü il tarixli MŞB/9/2024-00972 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan mübahisə üzrə İddiaçı 21 avqust 2024-cü il tarixə saat 14:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Bu səbəbdən, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı işsiz olduğuna dair arayış təqdim etmişdir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi - 186-cı madddənin 1-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmək müqaviləsinin ləğvinə dair əmrin qanunsuz olmasına dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BMİ-nin 15 mart 2024-cü il tarixli 3-13-17/Ə84/2024 saylı əmrdən görünür ki, əmrin verilməsinə əsas xidməti yoxlamanın nəticəsinə dair TİŞ-nin rəyi olmuşdur. Həmin rəydə isə iddiaçının intizam tənbehinə cəlb olunmalı olması üçün əsaslar sadalanmışdır. Məhkəmə işəgötürənin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi ilə bağlı (Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsi) hesab edir ki, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının törətdiyi xətanın xarakterini nəzərə almaqla inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməsi kimi hüququndan haqlı olaraq istifadə etmişdir. Belə ki, işin araşdırılmış halları tam sübut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə, eləcə də «Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalan»nın 2.1.3, 2.1.5, 2.1.7, 2.1.11, 3.1,9, 3.1.10 və 3.1.13-cü bəndlərinin tələblərinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Məhkəmə işin faktiki hallarınına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. İddiaçının barəsində verilmiş əmrin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair tələbi ilə bağlı iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı»). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinə riayət edilməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və X7 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı (Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və X7 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmrlərin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4483/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4483/2024
23.10.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver