Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4506/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 məxsus olan ünvan 2, 14 saylı meyvə-tərəvəz mağazasının ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin Ləğv prosesində olan AG Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən-sonuncuya məxsus ünvan 2, 14 saylı meyvə-tərəvəz mağazası "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsinə əsasən verilmiş kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. "xxxx" 16 aprel 2010-cu il tarixli kredit müqaviləsi üzrə iddia tələbində yalnız 55164,49 manat faiz borcunu tələb etsə də, ekspertiza rəyi ilə faiz borcunun olmaması müəyyən edilmişdir. Bu səbəbdən də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsi ilə ipoteka ilə yüklü edilmiş ünvan 2, 14 saylı meyvə-tərəvəz mağazasına tələb yönəlməmişdir, yəni iddia tələbi həmin hissədə təmin edilməmiş, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-502/2022, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə qüvvədə saxlanılmış, Bank tərəfindən kassasiya şikayəti verilmədiyindən qətnamə həmin hissədə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 16 aprel 2010-cu il tarixli 2290 saylı kredit müqaviləsi üzrə kredit borcu olmadığından "xxxx" ASC ilə X9 arasında bağlanmış 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən ünvan 2, 14 saylı meyvə-tərəvəz mağazası ipoteka yüklülüyündən azad olunmalıdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan Cavabdeh2 ASC hazırki is üzrə cavabdeh qismində cəlb olunması, X5 məxsus olan ünvan 2, 14 saylı meyvə-tərəvəz mağazasının ipoteka yüklülüyündən azad edilməsi öhdəliyinin Ləğv prosesində olan AG Bank ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Ləğv prosesində olan AG Bank ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2010 il tarixli 2290 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən "xxxx" MMC-yə illik 22% olmaqla 24 ay müddətinə 250000 manat kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ASC ilə X9 arasında bağlanmış xx.xx.2010-cu il tarixli İ-2290/a saylı İpoteka müqaviləsinə əsasən X9 mülkiyyətində olan ünvan 2ndə yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsini (14 saylı meyvə-tərəvəz mağazası) bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-29/2016 saylı qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2016-cı il tarixli 15814 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin xx.xx.2010 il tarixli 2290 saylı kredit müqaviləsi üzrə banka 20655,14 əsas kredit borcu var. Göründüyü kimi kredit müqaviləsi üzrə ödənməmiş öhdəlik mövcuddur və bu səbəbdən də ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi qanunsuzdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi X6 iddia tələbini etiraf etməyək onun təmin olunmamasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2ndə istifadədə olan 0.01054 ha torpaq sahəsində yerləşən 90.4 kv.m ümumi, 38.8 kv.m əsas, 51.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi (14 saylı meyvətərəvəz mağazası) tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X9, anası X7r. İş materiallarında olan Bakı şəhəri 19 saylı notariat ofisinin məktubnun surətindən müəyyən edilir ki, İddiaçı atası X4 yeganə vərəsəsi kimi tanınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(103)- 502/2022 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızına, X8, X5 və X10 qarşı “borcun tutulması, tutmanın girov və ipoteka predmetinə yönəldilməsi” barədə ilk, Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızının "xxxx" ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipoteka predmetinin azad edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən, cavabdeh Göyməmmədli (Məmmədova) Mehparə Fərzəli qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsi iddianın "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə tələbin rədd olunması hissəsində ləğv olunması, iddia həmin hissədə qismən təmin olunması, cavabdeh "xxxx" MMC-dən 05 mart 2012-ci il tarixli 100.LN.2005.050312.00002 saylı kredit müqaviləsi üzrə 428798,59 manat əsas borc, 106139,68 manat faiz borcunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli, 2(009)-29/2016 saylı qətnaməsi, həmçinin “29 may 2012-ci il tarixli, 100.LN.2105.290512.00001 saylı kredit müqaviləsi üzrə 344081,38 ABŞ dolları əsas borc, 46382,13 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları artırılmış faiz borcu olmaqla, ümumilikdə 391463,51 ABŞ dolları borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarının, həmçinin 30 manat dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv olunması, iddia həmin hissədə X2 münasibətdə təmin olunmaması, qətnamənin apellyasiya şikayətlərinə əsasən yoxlanılan qalan hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-502/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan LPO Cavabdeh2 ASC-nin xx.xx.2024-cü il tarixdə iddiaçıya ünvanladığı məktubunda göstərilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-502/2022 saylı qətnaməsi ilə bankın iddia ərizəsi qismən təmin edilmişdir. Məhkəmənin həmin qətnaməsində X5 məxsus ünvan 2ndə yerləşən 14 saylı mağazanın ipoteka yüklülüyündən azad edilməsinə dair bankın üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Bu səbəbdəndə müraciətində qeyd edilənlərin bank tərəfindən icra edilməsi qeyri-məqbul hesab edilmişdir. İş materiallarında olan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası LPO Cavabdeh2 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-cı il tarixli 2(103)-502/2022 saylı qətnaməsi ilə borcun Vaqif Qarayevə məxsus əmalaka yönəldilməsi hissəsində təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC ilə X9 arasında bağlanmış 21 aprel 2010-cu il tarixli İ-2290/a saylı ipoteka müqaviləsinə xx.xx.2012-ci tarixli 2 saylı əlavə müqavilə bağlansa da, həmin əlavə müavilələr (sonrakı ipoteka yüklülüyü) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. “İpoteka haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 10.2 və 10.4-cü maddələrinin tələblərinə əsasən ipoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Məlum olduğu kimi, ipoteka, kreditorun ipoteka qoyan şəxsin əmlakı barəsində məhdud əşya hüququdur. İpoteka ilə əmlakın mülkiyyətçisinin hüquqları məhdudlaşdırılmaqla yüklü hala gəlir. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın məcburi satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Odur ki, reyestrdə ipoteka yüklülüyünün qurulması üçün keçərli hüquqi əsas – etibarlı bir ipoteka müqaviləsi mövcud olmalıdır. Əgər şəxsi borclu ilə bağlanmış konkret kredit müqavilələri üzrə ipoteka müqaviləsi bağlanmamış sayılırsa, gələcəkdə bağlanması ehtimal olunan başqa kredit müqavilələri üzrə ipotekanın yaranması üçün yenə də ipoteka qoyanın razılığı tələb olunursa, belə razılıq verilmədən etibarlı bir ipotekadan söhbət gedə bilməz. İpoteka qurulmadığı halda isə şəxsin əmlakı üzərindəki yüklülük onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4368/2022 saylı Qərarı) Məhkəmə iclasında cavabdeh LPO Cavabdeh2 ASC-nin nümayəndəsi iddia tələbinin rədd edilməli olması əsası kimi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyi üzrə "xxxx" MMC-nin əsas borc üzrə 20.614.39 manat borcunun olmasını qeyd etsə də, hazırkı dövrə borcun mövcudluğuna dair sübutu məhkəməyə təqdim edə bilməmiş, hazırda borcun mövcud olmasını baxılmış işlər üzrə 2022-ci ildə təqdim edilmiş ekspert rəyini əsas gətirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2ndə istifadədə olan 90.4 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (14 saylı meyvə-tərəvəz mağazası) ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2ndə istifadədə olan 90.4 kv.m sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (14 saylı meyvə-tərəvəz mağazası) ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-4506/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4506/2024
05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver