Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4531/2025 02.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili X1 iddia ərizəsində, İddiaçı 30 ildən artıqdır ki, müəllimlik fəaliyyəti ilə məşğul olduğunu, Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair OU**********/e nömrəli xx.xx.2025-ci il tarixli əmr qəbul edildiyini, həmin əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməli olduğunu bildirirərək, İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili X1 xx.xx.2025-ci il tarixli iddia ərizəsində əlavə və dəqiqləşdirmə aparılmasına dair ərizəsindən görünür ki, iddiaçı üzürlü səbəbdən, yəni səhətində olan problemlərlə əlaqdar olaraq təkrar sertikasiyada iştriak edə bilmədiyini,İakin buna baxamayaraq, bu hal cavabdeh tərəfindən nəzərə alınmadığını, iddiaçı ilk dəfə sertfikasiyaya cəlb edildiyi zaman ona verilmiş sualların tədris bölməsinə uyğun olmadığını, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edildiyini və Bakı şəhər 243 nörməli tam orta məktəbin direktoru tərəfindən xitam verildiyini bildirərək, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsini, iddiaçının işə bərpa edilməsin və məcburi işə buraxmağa görə ödənilməyən bütün ödənişlərin ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək İddiaçı 30 ildən çoxdur ki, müəllimlik fəaliyyəti ilə məşğuldur və onunla bağlanmış əmək müqaviləsinə Bakı şəhəri Pirallahı rayonu 243 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorunun OU**********/e nömrəli 30 iyun 2025-ci il tarixli əmri ilə xitam verildiyini, 20 iyun 2025-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirildiyini, Belə ki, Bakı şəhəri Pirallahı rayonu 243 nömrəli tam orta ümumtəhsil məktəbin rus dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırılma imtahanına gəlməmiş və bununla da imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində ( ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasının 5.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edildiyini qeyd edərək Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar: Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.Həmcinin bildirdi ki, iddiaçı təkrar sertifikatlaşma zamanı səhəti ilə bağlı bülletendə olmuşdur . Digər tərəfdən iddiaçının əmək müqaviləsinə məktəb direktoru tərəfindən xitam verilmişdir.Lakin məktəb direktorunun belə bir səlahiyyəti yoxdur. Yəni, əmr səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli etiraz ərizəsinə uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materialları: İş materiallarında olan, 048068 nömrəli əmək kitabçasının 2 və 3 cü səhifələrinin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə 262 nömrəli əmrlə, Əzizbəyov rayonu 243 nömrəli orta məktəbin direktoru Namazov tərəfindən İddiaçı Əzizbəyov rayonu 243 nömrəli orta məktəbin rus dili müəlliməsi vəzifəsinə təyin edilmişdir. Bakı şəhəri 243 nömrəli tam ümumtəhsil məktəbinin direktoru Mehparə Mansurova tərəfindən imzalanmış əmək müqaviləsinin ləğv edilməsi barədə OU**********/e nömrəli 30 iyun 2025-ci il tarixli əmrin surətindən görünür ki, 20 iyun 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 3-29-69/3-2- 29F/2025 nömrəli əmri əsas götürülərək, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə 20 iyun 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri 243 nömrəli tam orta ümumtəhsil məktəbinin rus dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 30 iyun 2025-ci il tarixdən ləğv edilmişdir. Bakı 18 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00530 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmiş, lakin iddiaçı və Cavabdeh1in direktoru X2 xx.xx.2025-ci il tarixdə saat 14:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, amma prosesin davam etdirilməsi mümkün olmamışdır. İş materiallarına əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron bildiriş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı şəhər Təhsil İdarəsinin 243 N-li məktəbinin xx.xx.2025-ci il tarixli məktubu, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 sertifikatlaşdırmadan keçməyən təhsilverənlər barədə xx.xx.2025-ci il tarixli əmri, Təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı test imtahanın keçirilmə tarixlərinin cədvəli və iddiaçının xəstəlik vərəqəsi əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması
1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir.
3. İlk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. “Təhsil haqqında” 19 iyun 2009-cu il tarixli, Azərbaycan Respublikasının qanununu: 1.0.6-1. Sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru; 33.3. Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 33.3.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək; Maddə 36-2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) təhsilverənlərin sertifikatlaşdırılması 36-2.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. 36-2.2. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
30 aprel 2020-ci il tarixli ““Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarı: 5.1. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Məhkəmənin mövqeyi: İddiaçı işdən azad etmənin qanunsuz olmasını üç halla əsaslandırır:
1. İddiaçı təkrar sertifikatlaşma zamanı bülletendə olub;
2. Əmr səlahiyyəti olmayan şəxs tərəfindən, yəni məktəb direktoru tərəfindən verilib;
3. İddiaçı ilk dəfə sertifikatlaşmaya cəlb edildiyi zaman ona verilmiş suallar tədris bölməsinə uyğun olmamışdır. İddiaçının təkrar sertifikatlaşma zamanı bülletendə olması halına münasibətdə məhkəmə qeyd edir ki, bu hal, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunsuzluğu üçün əsas hesab edilə bilməz. Beləki, yuxarıda məzmunu qeyd olunan, istər “Təhsil haqqında” qanununda, istərsə də sertifikatlaşmanın keçirilmə qaydalarında qeyd olunur ki, “üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar”.Normanın məzmunundan aydın olur ki, qanunverici şəxsə ilkin sertifikatlaşmada üzrlü səbəbdən iştirak etmədikdə və ya keçmədikdə təkrar sertifikatlaşmada iştirak imkanı yaradır. İlkin sertifikatlaşmada iştirak etməməyin üzrlü səbəbdən olması təhsilverənə hüquq verir ki, o təkrar sertifikatlaşmada iştirak etsin. Birinci halda, qanunverici “üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən” ifadəsini işlətməklə üzrlü və üzrsüz səbəbləri fərqləndirərək, ilkin seritifikatlaşmada iştirakın mümkünsüzlüyünün üzrlü olduğu halda tərəfə təkrar sertifikatlaşma iştirak hüquq verir. Lakin təkrar sertifikatlaşmada isə fərqli tənzimləmə olduğu normanın məzmunundan aydın şəkildə görünür. Beləki, “təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar” normasının dispozisiya şərtlərindən aydın olur ki, qanunverici təkrar sertifikatlaşmada iştirak etməmə səbəbini üzrlü və üzrsüz olaraq fərqləndirmir, yəni sertifikatlaşmada iştirak etməmək şəxsin sertifikatlaşmadan keçməmiş hesab olunması üçün kifayət hesab olunur. Daha dəqiq desək, qanunvericiliklə müəyyən edilmişdir ki, sertifikatlaşdırmanın məqsədi təhsilverənlərin peşə hazırlığı səviyyəsini, bilik, bacarıq və pedaqoji fəaliyyətə yararlılıq dərəcəsini qiymətləndirmək, təhsildə keyfiyyətin yüksəldilməsini təmin etmək, eləcə də zəif nəticə göstərən və tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərən şəxslərin aşkar olunaraq sistemdən kənarlaşdırılmasıdır. Sertifikatlaşdırma təhsilverənin peşə fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müntəzəm və məcburi prosesdir. Qanunverici bu mexanizmi müəyyən etməklə, dövlətin təhsil siyasətində əsas istiqamət olan təhsilin keyfiyyətinin artırılmasını və təhsilalanların hüquqlarının qorunmasını təmin etməyə yönəlmişdir.Təhsilverənin təkrar sertifikatlaşdırmada iştirak etməməsi, istənilən səbəbdən olmasından asılı olmayaraq, hüquqi nəticə etibarilə sertifikatlaşdırmadan keçməməsi kimi qiymətləndirilir. Müvafiq qaydaların heç birində, təkrar sertifikatlaşmada qanunverici “üzrlü” və “üzrsüz” səbəb anlayışları üzrə fərq qoymamış, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxsi sertifikatlaşdırmadan keçməmiş hesab etmişdir. Bu isə öz növbəsində həmin şəxsin pedaqoji fəaliyyətini davam etdirməsinə hüquqi əsasın qalmadığını göstərir. Bununla yanaşı, qeyd edilməlidir ki, təhsilverənin üzrlü halı (məsələn, xəstəlik, bülletendə olması və s.) onun əmək hüquqlarına münasibətdə müəyyən sosial təminat yarada bilər, lakin bu hal sertifikatlaşdırma nəticəsinin hüquqi qüvvəsinə təsir etmir. Sertifikatlaşdırma təhsilin keyfiyyətinə birbaşa təsir göstərən dövlət nəzarət tədbiri olduğundan, burada əsas meyar tədris fəaliyyətinin nəticəsi və bilik səviyyəsidir.Əgər bilik səviyyəsi aşağı olan və sertifikatlaşdırmadan keçməmiş şəxs uzunmüddətli olaraq pedaqoji fəaliyyəti davam etdirərsə, bu hal bir tərəfdən təhsilalanların konstitusion hüquqlarını – keyfiyyətli təhsil almaq hüququnu pozur, digər tərəfdən dövlətin təhsil siyasətinin məqsədlərinə zidd olur.Burada artıq iki münasibət arasında müqayisə aparmaq zərurəti meydana gəlir.Nəzərə alsaq ki, bir müəllim tədris ilində ən azı 20-30 şagirdə təhsil verir, belə olan halda, çoxsaylı təhsilalaların marağı və hüquqları, bir şəxsin əmək münasibətləri ilə müqayisədə üstün tutulmalıdır, çünki təhsil sahəsində başlıca məqsəd təhsilalanların inkişafıdır. Beləliklə, qanunvericinin iradəsi aydındır: təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxs bilavasitə “sertifikatlaşdırmadan keçməmiş” hesab edilir. Təhsilalanların bilik səviyyəsinin və təhsilin ümumi keyfiyyətinin qorunması məqsədilə belə şəxslərin pedaqoji fəaliyyətini davam etdirməsi qanunvericiliklə yolverilməz sayılır. Bu mövqe dövlətin təhsil siyasətinin keyfiyyət yönümlü məqsədlərinə tam uyğundur. Digər tərəfdən, sertifikatlaşmadan keçmədiyinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslər öz bilik və peşə səviyyələrini artırmaqla, gələcəkdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edib yenidən pedaqoji fəaliyyətə başlaya bilərlər. Bu, onların konstitusion əmək hüququnu məhdudlaşdırmır, əksinə, qanunvericinin müəyyən etdiyi bərabər imkanlar çərçivəsində öz bilik səviyyəsini artırmaq və yenidən təhsil sisteminə qayıtmaq üçün qanuni imkan yaradır.Əks halda, yəni təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin bülletendə olması və s. səbəblərlə məhkəmə qaydasında yenidən işə bərpa edilməsi presedent halına çevrilsə, bu, qanunun məqsədinə və məntiqinə zidd olaraq həmin şəxslərə qanunla nəzərdə tutulmamış “üçüncü”, “dördüncü” və s. dəfə sertifikatlaşdırma imkanı yaradar. Bu isə sertifikatlaşdırma institutunun mahiyyətini pozar, onun tətbiqində qeyri-bərabərlik və düzgün olmayan təcrübə formalaşdırar. Əmrin qanunsuz olması ilə bağlı iddiaçının digər arqumenti isə əmrin səlahiyyəti olmayan şəxs tərəfindən verilməsidir.Yəni,iddiaçının iddiasına görə məktəb direktorlarının belə bir səlahiyyəti yoxdur və onlara belə bir səlahiyyət verilməsini təsdiq edən sənəd yoxdur.Digər tərəfdən, məktəblər hüquqi şəxs kimi qeydiyyatdan keçmədikləri üçün onlar müstəqil hüquqi şəxs deyillər. Qeyd olunan əsasa münasibətdə məhkəmə bildirir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən(səh 47) və əmək müqaviləsinin(səh 35) surətindən görünür ki, şəxslə əmək müqaviləsini işəgötürən kimi bağlayan məktəb direktoru olmuşdur.Əgər məktəb direktorunun əmək münasibətlərinə xitam vermək səlahiyyəti mövcud olmasaydı, onun əmək müqaviləsi bağlamaq səlahiyyəti də hüquqi qüvvəyə malik olmazdı. Belə olan halda iddiaçının özü ilə məktəb arasında bağlanmış əmək müqaviləsi də etibarsız sayılmalı idi və iddiaçı ümumiyyətlə, həmin müəssisədə əmək münasibətlərinin subyekti kimi tanına bilməzdi. Bu isə faktiki vəziyyətlə və mövcud hüquqi tənzimləmə ilə ziddiyyət təşkil edir. Digər tərəfdən, xx.xx.2025-ci il tarixli Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsi üzrə Dövlət Agentliyinin əmrinin(səh.27) məzmunundan görünür ki, Agentlik Təhsil İdarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə təkrar sertifikatlaşmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini tapşırmışdır.Məhkəmə hesab edir ki, qeyd olunan əmrə əsasən, Agentlik, müəllimlərin müvafiq əsasla işdən azad edilməsini bilavasitə ümumtəhsil müəssisələrinə və Təhsil İdarəsinə həvalə etməklə, səlahiyyətlərini artıq ötürmüş olur. İddiaçı, həmçinin, keçirilmiş sertifikatlaşdırma zamanı ona təqdim edilən sualların tədris etdiyi fənn üzrə uyğun olmadığını bildirərək, bu əsasla əmək münasibətlərinə xitam verilməsinin qanunsuz olduğunu iddia etmişdir. Lakin bu arqument də hüquqi baxımdan əsassızdır.Belə ki, sertifikatlaşdırma prosesi təhsil sistemində inzibati xarakterli tədbir olub, inzibati orqan tərəfindən həyata keçirilir. Sertifikatlaşdırmanın keçirilməsi, qaydaları, sualların forması və nəticələrin qiymətləndirilməsi inzibati orqan tərəfindən müəyyən olunur və bu fəaliyyətin qanuniliyinin yoxlanılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.Ümumi məhkəmə yalnız işəgötürən tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi əmri ilə bağlı əmək qanunvericiliyinə riayət olunub-olunmamasını qiymətləndirir. Yəni, ümumi məhkəmə sertifikatlaşdırmanın keçirilməsi qaydalarını və ya nəticələrinin düzgünlüyünü yoxlamır, yalnız sertifikatlaşma nəticəsində əmək münasibətlərinə xitam verilməsinin qanuna uyğun olub-olmamasına baxır. Qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən sertifikatlaşdırmanın nəticələri müəyyən edilən qaydada və müddətdə mübahisələndirilməmiş, nəticə qüvvədə qalmışdır. Deməli, həmin nəticə hüquqi cəhətdən etibarlıdır. Nəticəsi qüvvədə olan inzibati akt əsasında verilmiş əmək münasibətlərinə xitam əmri isə hüquqi cəhətdən əsaslı hesab edilir. Bu baxımdan, ümumi məhkəmənin sertifikatlaşdırmanın mahiyyətini və nəticələrinin düzgünlüyünü qiymətləndirməsi onun səlahiyyətlərinə aid deyil. Məhkəmə yalnız bu inzibati nəticənin mövcudluğuna və qüvvədə olmasına əsaslanaraq, işəgötürənin əmri ilə əmək münasibətlərinə xitam verilməsinin əmək qanunvericiliyinə uyğun olub-olmadığını müəyyən edə bilər.Beləliklə, sertifikatlaşdırma nəticələri qüvvədə qaldığı və qanuni qaydada mübahisələndirilmədiyi halda, məhkəmə həmin nəticəyə əsasən əmək münasibətlərinə xitam verilməsi barədə əmri qanunsuz hesab edə bilməz. Məhkəmə həmcinin qeyd edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi zamanı onun sağlamlıq vəziyyəti ilə əlaqədar müvəqqəti əmək qabiliyyətini itirməsi barədə müddəa – yəni əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hallar – hazırkı mübahisə predmeti olan vəziyyətə şamil edilə bilməz. Belə ki, həmin norma yalnız işçinin xəstəlik və ya xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirdiyi hallarda, onunla əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsini qadağan edir. Bu qadağanın məqsədi işçinin müvəqqəti səhhət vəziyyəti ilə əlaqədar əmək münasibətlərindən məhrum edilməsinin qarşısını almaqdır.Halbuki, hazırkı iş üzrə vəziyyət tamamilə fərqlidir. İddiaçı tədris fəaliyyəti ilə bağlı keçməli olduğu sertifikatlaşdırmadan bir dəfə iştirak etmiş, lakin keçə bilməmiş və bu nəticə qüvvədə qalmaqda davam etmişdir. Qanunvericiliyə əsasən, ona təkrar sertifikatlaşdırmada iştirak etmək imkanı verildiyi halda, iddiaçı həmin imkandan istifadə etməmişdir. Nəticədə o, müəyyən olunmuş qaydalara əsasən sertifikatlaşdırmadan keçməmiş şəxs hesab olunur və əmək fəaliyyətinə bərpa olunduqdan sonra təkrar sertifikatlaşmadan keçmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda işəgötürənin onunla əmək müqaviləsinə xitam verməsi əmək Məcəlləsinin 70-ci maddəsinin müvafiq bəndinə əsasən qanuni və əsaslı sayılır. Bu vəziyyət işçinin səhhətinə görə əmək qabiliyyətini müvəqqəti itirməsi halına aid olmadığından, əmək Məcəlləsinin 79cu maddəsində nəzərdə tutulan müdafiə tədbiri bu münasibətə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh1 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim:Gülşən Fərəcova