Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4565/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Nəsimi rayon Bələdiyyəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının hesablanaraq tələb olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Nəsimi rayon Bələdiyyəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının hesablanaraq tələb olunması” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun işdən azad edilməsi barədə Nəsimi rayon Bələdiyyəsi sədrinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Nəsimi rayon Bələdiyyəsində “hüquqşünas” vəzifəsinə bərpa edilməsi və işə bərpa edildiyi günədək əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən azad edilməsi barədə Nəsimi bələdiyyəsi sədrinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, Nəsimi bələdiyyəsinin onunla bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin əmək müqaviləsinin müddətinin 1 ay olmasına dair 2.3-cü bəndinin etibarsız hesab edilməsi, Nəsimi bələdiyyəsində “hüquqşünas” vəzifəsinə bərpa edilməsi və işə bərpa edildiyi günədək əmək haqqının və digər ödənişlərin hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixindən bələdiyyədə hüquqşünas işləyir. Bələdiyyə sədri ilə aralarındakı razılaşmaya əsasən bələdiyyənin hüquqi işlərini (məhkəmələr, müqavilə və digər hüquqi sənədlərin hazırlanması, məktublara cavab verilməsi, mübahisəli məsələlərə dair rəy verilməsi və sair) icra edirdi. Hər şey öz qaydasında davam edirdi. Bələdiyyə işçilərindən bir nəfər uzun müddət icazəsiz işə gəlmədiyi və rəhbərliyin göstərişlərini yerinə yetirmədiyi üçün sədr onun işdən azad edilməsini rəsmiləşdirməyinə göstəriş verdi. İddiaçı işdən azad edilməsi üçün hüquqi əsasların olduğunu, lakin xəstəlik vərəqəsi gətirdiyi halda həmin işçinin işə bərpa edilməli olduğunu bildirdi. Sədr sonda onun işdən azad edilməsi barədə əmr imzaladı. Bundan sonra həmin işçi xəstəlik vərəqəsi təqdim etməklə X4 Xidmətinin qərarı ilə işə bərpa olundu. Sədr onun işə bərpa edilməsinin günahının iddiaçıda olduğunu bildirdi. Bir müddət sonra bələdiyyə ərazisində yaşıllıq sahəsinin kəsilərək yerində avtomobil dayanacağı yaradılması ilə əlaqədar bələdiyyənin mövqeyinin mətbuatda işıqlandırdığını bilən sədr bundan narahat oldu və dərhal həmin xəbərin çıxarılmasını tapşırdı. İddiaçı da həmin xəbərin çıxarılmasını media agentliyindən xahiş etdi və məsələ həll olundu. Beləcə, ona qarşı qərəzli olan sədr iddiaçının işdən azad edilməsi üçün ərizə yazmağını tələb etdi. Öz işçisi vasitəsilə işdən azad edilməsini iddiaçıya bildirdi. Dəfələrlə ona təyziq olundu. Hətta arada ərizə də yazmışdı. Lakin, formasına əməl edilməməsinə görə yenidən ərizə yazmağını istədilər. Bununla da onun öz vəzifəsini yerinə yetirməyinə maneə oldular və qoymadılar ki, normal şəkildə işləsin. xx.xx.2022-ci il tarixdə xəbər aldı ki, işdən azad olunmuşdur. Dərhal elektron hökumət portalına daxil olub baxdı ki, onu müddətin qurtarması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən işdən azad ediblər. Hesab edir ki, bu qanunsuzdur. Elə ona görə də həmin gün bələdiyyəyə məktub yazdı, lakin sədr qanunla məktuba cavab verilməsi vəzifəsi üzərinə qoyulmasına baxmayaraq işdən azad edilmə əmrini, əmək müqavilələri, əlavələri, elektron bildirişləri ona göndərmədi. Elə həmin gün, yəni işdən azad edilməyini öyrəndiyi gün xx.xx.2022-ci il tarixdə bələdiyyəyə mediasiya təklifi göndərdi. Göründüyü kimi mediasiya təklifi bələdiyyəyə xx.xx.2022-ci il tarixdə çatıb. Bundan başqa, iddiaçı yenidən xx.xx.2022-ci il tarixdə bələdiyyəyə müraciət edərək yenidən işdən azad edilmə əmrini, əmək müqavilələri, əlavələri, elektron bildirişləri istədi. Yenə də bələdiyyə ona cavab vermədi. Bundan sonra xx.xx.2022-ci mediasiya iclasında iştirak etdi. Lakin, bələdiyyə gəlmədi. Sonda isə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Nəsimi rayon Bələdiyyəsinin nümayəndəsi X5 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.2020-ci il tarixindən Nəsimi rayonunun Nəsimi Bələdiyyəsində hüquqşünas vəzifəsində işlədiyini, bələdiyyə Sədri ilə arasında olan razılaşmaya əsasən bələdiyyənin hüquqi işlərini (məhkəmələr, müqavilə, və digər sənədlərin hazırlanması, məktublara cavab verilməsi, mübahisəli məsələlərə dair rəy verilməsi və sair) icra etdiyini qeyd etmişdir. İddia ərizəsində bələdiyyə işçilərindən bir nəfərin uzun müddət icazəsiz işə gəlmədiyini, rəhbərliyin göstərişlərini yerinə yetirmədiyi üçün Sədr tərəfindən onun işdən azad edilməsinin rəsmiləşdirilməsi barədə iddiaçıya göstəriş verildiyini, o isə işdən azad edilməsi üçün hüquqi əsasların olduğunu, lakin xəstəlik vərəqəsi gətirdiyi halda həmin işçinin işə bərpa edilməli olduğunu bildirmiş, Sədrin sonda onun işdən azad edilməsi barədə əmr imzaladığını, bundan sonra həmin işçi xəstəlik vərəqəsi təqdim etməklə X4 Xidmətinin qərarı ilə işə bərpa olunduğunu və Sədr tərəfindən onun işə bərpa olunmasının günahını iddiaçıda görməsini bildirmişdir. Daha sonra, bələdiyyə ərazisində yaşıllıq sahəsinin (qurumuş ağacın) kəsilərək yerində dayanacağının yaradılması ilə əlaqədar bələdiyyənin mövqeyini mətbuatda işıqlandırdığını, bunu bilən Sədr bundan narahat olaraq, dərhal həmin xəbərin çıxarılmasını tapşırdığını, o da həmin xəbərin media agentliyindən xahiş etdiyini və məsələni həll etdiyini qeyd etmişdir. Beləcə də, iddiaçı ona qarşı qərəzli olan bələdiyyə Sədrinin onun işdən azad edilməsi üçün ərizə yazmağını tələb etdiyini və öz işçisi vasitəsilə iddiaçının işdən azad edilməsi barədə məlumat verildiyini qeyd etmişdir. Daha sonra, iddiaçı iddia ərizəsinin digər abzasında xx.xx.2022-ci il tarixdə işdən azad olunduğu barədə xəbər aldığını qeyd etmişdir. İddiaçı iddia ərizəsində əvvəlcə bələdiyyə Sədrinin onun işdən azad edilməyi üçün ərizə yazmağını tələb etdiyini və öz işçisi vasitəsilə iddiaçının işdən azad edilməsi barədə ona məlumat verildiyini qeyd etmiş, lakin həmin iddia ərizəsinin növbəti absasında xx.xx.2022-ci il tarixdə işdən azad olunduğu barədə xəbər qeyd etmişdir. Lakin, iddiaçının iddia ərizəsində birbirinə zidd açıqlama verməsi onun işin mahiyyətindən xəbəri ola-ola yalan danışmasını göstərir. Onun iddiası qanunvericiliklə mübahisə doğurmayan məsələ üzrə məhkəməyə müraciət etməsi kimi qiymətləndirilməli və təmin edilməməlidir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək əlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən xəbərdar olunmadığını qeyd etmişdir. Bildirilir ki, Nəsimi rayonunun Nəsimi Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 05.0'7.2022-ci il tarixli, 01-864 nömrəli məktubda bələdiyyə ilə arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanıldığını, xx.xx.2022-ci il tarixdə sözügedən müqavilənin müddətinin bitdiyini və müqavilə müddətinin uzadılmasının nəzərdə tutulmadığı qeyd edilmiş, “Operativ express” poçt vasitəsilə ünvanına göndərilmişdir. Lakin, poçt əməkdaşı iddiaçı ilə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, iddiaçı yaşadığı ünvana deyil, iş yeri olan “Femida Vəkil Bürosuna” çatdırılmasını xahiş etmişdir. Həmin məktub xx.xx.2022-ci il tarixdə, saat 14:40-da “Femida Vəkil Bürosu”na çatdırılmış və Abbasova soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Əlavə olaraq qeyd edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Nəsimi rayonunun Nəsimi Bələdiyyəsinə ərizə ilə müraciət edərək tutduğu hüquqşünas vəzifəsindən azad edilməsini xahiş etmişdir. Lakin, əmək müqaviləsinin bitməsinə saylı günlər qaldığı üçün xahişi nəzərə alınmamış, onunla bələdiyyə arasında bağlanılmış müqaviləyə müddətinin bitməsi ilə əlaqədar tam qanuni əsaslarla xitam verilmişdir. İddiaçının sözlərinə görə, işəgötürən tərəfindən ona təyziqlər olunmuş, işdən çıxması üçün yazmağa vadar edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil olan şəxsə təzyiq göstərərək onu işdən çıxmağa və ya digər məsələlərə vadar etmək olarmı? Təbii ki olmaz. Cavabdeh kimi Nəsimi rayonunun Nəsimi Bələdiyyəsi İddiaçı iddiasını əsassız hesab edir. Yuxarıda göstərilən xüsusatlara əsasən iddiaçının iddiasının əsassız olması, iddia müddətinin ötürülməsi nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnaməni qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda sonradan cavabdeh Nəsimi rayon Bələdiyyəsinin sədri Əziz Zeynalov tərəfindən məhkəməyə “iddia müddətinin ötürülməsi”nə dair Ərizə göndərilərək bildirilmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür. O, əmək müqaviləsinin bitməsi tarixini bələdiyyə tərəfindən ona göndərilmiş xx.xx.2022-ci il tarixli məktubla yanaşı, müqaviləni işə qəbul olunan vaxt imzalayarkən xəbərdar olmuşdur. Hər bir işçi işə qəbul olunarkən əmək müqaviləsini oxumaqla yanaşı, onun bəndləri ilə tanış olur və imzası ilə təsdiq edir. İddiaçı Nəsimi Bələdiyyəsinə işə qubul olunarkən işəgötürənlə əmək müqaviləsi bağlamış və onun həqiqiliyini imzası ilə təsdiq etmişdir. Buna baxmayaraq iddiaçı, əmək müqaviləsinin müddətinin bitməsindən xəbərdar olmadığını iddia edərək işə bərpa olunmasını məhkəmədən xahiş edir. Lakin, iş materiallarına bələdiyyə tərəfindən əlavə olunmuş xx.xx.2022-ci il tarixdə, saat 14:40-da Abbasova soyadlı şəxs tərəfindən qəbul edilmiş bildirişdən də görünür ki, iddiaçının iş yeri olan “Femida Vəkil Bürosu”na təqdim edilmiş bildiriş zərfi rəsmi olaraq qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı iddia müddətini ötürmüşdür. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar müqaviləyə xitam verilməsi və həmin Məcəllənin 73-cü maddəsinə əsasən tərəflərdən birinin müqavilənin müddətinin artırılmamasını göstərən xəbərdarlıq məktubunu xx.xx.2022-ci il tarixdə, saat 14:40-da Abbasova soyadlı şəxs tərəfindən qəbul edilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə Mediasiya Şurasına müraciət etmişdir. Halbuki o, Mediasiya Şurasına əmək müqaviləsinə xitam verilməsi barədə bələdiyyənin rəsmi məktubu ona xx.xx.2022-ci ildən etibarən müraciət etməli, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən (mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə jnla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur) müddət dayandırmalı idi. İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam veriləcəyi və həmin tarixdə Vəkil Bürosu tərəfindən rəsmi qəbul edilmiş xəbərdarlıq məktubunu nəzərə almamış, xx.xx.2022-ci il tarixdə “Mediasiya Şurası”na müraciət etmişdir. Mediasiya Şurası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış vasitəsilə iddiaçı xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu Nəsimi Məhkəməsinə iddia ərizəsi təqdim etmişdir. Halhazırda İddiaçı iddia ərizəsi həm hüquq normalarının bələdiyyə tərəfindən pozulmadığına, həm də iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə görə mümkünsüz hesab edilməlidir. Odur ki, yuxarıda göstərilən xüsusatları, o cümlədən iddia müddətinin ötürülməsini nəzərə alaraq iddianın təmin edilməməsi bardə qətnamə çıxarılması xahiş edilmişdir. Buna cavab olaraq İddiaçı iddia müddətinin tətbiqinə dair ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, Bələdiyyə sədri ondan heç vaxt narazılıq etməmişdir. Bir il yeddi ay ərzində bir dəfə də töhmət verilməmişdir ona. Son aylarda isə baş vermiş iki hadisə ilə əlaqədar olaraq sədr ilə münasibəti pozuldu. Bundan sonra sədr onun işləməyini istəmədi və işə gəlməyini qətiyyən qəbul etmədi. Onunla aralarında olan vatsap yazışmalarından və eyni zamanda bələdiyyənin Kadrlar şöbəsinin müdiri Quliyeva Günel ilə aralarında olan vatsap yazışmalarından görünür ki, bələdiyyə sədri onu işdən çıxarmaq istəyir. Həmin yazışmalarda müqavilənin bitməsi ilə bağlı işdən azad ediləcəyini ona bildirmirlər. Əksinə tez bir zamanda işdən azad olunmaq üçün ərizə yazmağını tələb edirlər. Onu o qədər bezdirdilər ki, o, ərizə yazıb vatsapla Günel xanıma göndərdi. Həmin yazışmalarda o, işdən işdən çıxmayacağını, bunu sədrə də dediyini, sədrə səs atdığını Günel xanıma bildirir və bu barədə sədrə məlumat verməsini Günel xanımdan xahiş edir. Bundan sonra xx.xx.2022- ci il tarixdə Günel xanım deyir ki, sədr deyir, ona heç nə deməsin, işdən çıxsın. Sonra Günel xanım deyir ki, səni azad etmir, vəzifə dəyişikliyi edirlər. xx.xx.2022-ci il tarixdə Günel xanım onu vergi xidmətinə keçirmək istədiklərini bildirir. Sonrakı yazışmalardan görünür ki, başqa işə keçmək barədə sənədlərə imza atmağını istəyirlər. Buna baxmayaraq yenə də bələdiyyənin işlərini görür. xx.xx.2022-ci il tarixdə məktub yazıb vatsapla göndərir, yəni hüquqi sənədləri tərtib edir. Həmin tarixdə olan yazışmalardan görünür ki, sədr onu işdən çıxarmaq üçün Günel xanıma tapşırıq verir, bunu bacarmadığı üçün hətta ona acıqlanır. Sədr xx.xx.2022- ci il tarixdə ərizə yazıb çıxmağını tələb edir. Həmin gün və əvvəl ona o qədər təyziq olunur ki, məcbur olub vatsapla ərizə yazıb göndərir. Həmin ərizəni bələdiyyənin nümayəndəsi çap edib sizə təqdim edib. Sonra onu məcbur edib çap formasında ərizə yazdırırlar. Bununla da kifayətlənməyib 3-cü dəfə ərizə yazdırırlar. Amma o, tam işdən azad olunmaq üçün ərizə yazmır. Birinci hüquqşünas vəzifəsindən azad olunma, sonra isə vergi xidmətinə mütəxəssis vəzifəsinə keçməyi barədə ərizə yazıb vatsapla Günel xanıma göndərir. Sonrakı günlər də gəlib ərizə yazıb çıxmağı barədə təyziqə məruz qalır. Lakin, açıq şəkildə görür ki, onu sındırmaq istəyirlər. Hüquqşünas vəzifəsindən çıxarıb vergi xidməti mütəxəssisi təyin etmək istəyirlər. İnsana qarşı bu qədər haqsızlıq olarmı? Bundan sonra ona heç kim yazmır və işdən azad ediləcəyini deyirlər. Onun da əlindən heç nə gəlmirdi. Bələdiyyəyə qarşı nə edə bilərdi? Onu hüquqşünas kimi işləməyə qoymurdurlar. Hüquqşünas işlədiyi halda peşəsinə uyğun olmayan, iqtisadi və maliyyə biliyi tələb edən vergi xidməti mütəxəssisi təyin etmək istəyirdilər. O, vergi xidməti mütəxəssisi vəzifəsində işləyənlərə qətiyyən pis baxmır, onlar qardaşı və bacılarıdı, hətta hər şeydə ondan üstün ola bilərlər. Amma peşəsinə uyğun olmayan vəzifə vermək istəyirdilər ki, bezib işdən azad olunma barədə ərizə yazsın. Mənəvi baxımdan sınıb özünü alçaldılmış bilsin. Beləcə o, sədrin qanunsuz göstərişlərinə tabe olmayıb ərizə yazmadı və işdən çıxmadı. Cavabdeh təqdim etdiyi vatsap yazışmalarını təsdiq edir. Çünki, iddia müddətinin tətbiq olunması barədə ərizəyə qoşmada 13-cü bənddə votsapla cavabdehə göndərilmiş yazdığı ərizəni göstərib və həmin ərizəni elektron sistemə əlavə edib. Bununla cavabdeh öz kadrlar şöbəsinin müdiri ilə vatsapda olan yazışmaları qəbul edir. Bir müddət gözlədi. Ona qarşı növbəti hansı oyun quracaqlarını gözləyirdi. Nəhayət ona xəbər çatdı ki, onu işdən azad ediblər. Həmin vaxt elektron əmək müqaviləsi sisteminə daxil olub xx.xx.2022-ci il tarixdə işdən azad edildiyini bildi və elə həmin gün-xx.xx.2022- ci il tarixdə bələdiyəyə müraciət edib işdən azad edilmə əmrini, əmək müqavilələrini, əlavələri, elektron bildirişləri ona göndərmələrini xahiş etdi. Cavab verilmədiyi üçün xx.xx.2022-ci il tarixdə yenidən sədrə müraciət etmişdir. Sədr nəhayət xx.xx.2022-ci il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, 5 qeydiyyatda olan Abşeron rayonu, Xırdalan şəhəri, X3 - 1, bina 6, mənzil 112 saylı yaşadığım ünvana əmr və müqavilənin surətini təqdim etdi. Lakin, sədr yalnız işdən azad edilmə barədə əmri və xx.xx.2022-ci il tarixli bir aylıq müddətə bağlanılmış əmək müqaviləsini göndərmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edərək xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1 illik və 30 günlük əmək müqavilələrinin bağlanması barədə Nəsimi Bələdiyyəsi tərəfindən elektron informasiya sisteminə daxil edilmiş bildirişlərin əldə edilməsi üçün sorğu verdi. Sorğuya cavab verilmədiyi üçün məhkəməyə müraciət edərək həmin sənədlərin əldə edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət edilməsini xahiş etdi. Beləliklə, o, məhkəmə gedişatı zamanı müəyyən etdi ki, cavabdeh əmək müqavilələrini saxtalaşdırıb və onunla bir illik və altı aylıq müddətli əmək müqavilələri bağlamasına baxmayaraq həmin müddətləri təhrif edərək məhkəməyə təqdim etdiyi əmək müqaviləsində bir aylıq müddət nəzərdə tutub. Ona görə də müddətin ötürülməsindən söhbət belə gedə bilməz və xahiş etmişdir ki, müddətlə bağlı ərizə rədd edilsin. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onunla 02 noyabr 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə 9 dəfə dəyişiklik olub və onun bunlardan xəbəri olmayıb. Qarşı tərəf əmək hüquq münasibətlərini birtərəfli qaydada yerinə yetirir. 3 dəfə dəyişiklikdən xəbəri olub, digərlərindən xəbəri olmamışdır. Cavabdeh tərəf bu dəyişiklikləri məhkəməyə təqdim etməkdən yayınır. O, bu məlumatları Əmək Müfəttişliyindən əldə etmişdir. Dəyişikliklərlə bağlı məhkəmədə xəbəri olmuşdur. Onun tələblərini pozublar. Belə ki, işə daxil olduğu zaman o yaşadığı ünvanı qeyd etmişdir. Ona göndərdikləri məktubu yaşadığı ünvana yox, vəkil bürosuna göndərmişlər. Oraya da çatıb-çatmaması ilə bağlı heç bir sübut yoxdur. O, Bələdiyyəyə müraciət edərək, sənədlərin ona təqdim edilməsini xahiş etmişdir. 26 sentyabr 2022-ci il tarixdə ona əmrin surəti göndərilib. Whatsapp yazışmalarını da məhkəməyə təqdim etmişdir. Onun Bələdiyyə sədri ilə münasibəti pis olduqdan sonra onun işdən çıxmağını istəyirdi. Bütün bunlar göstərir ki, ona qarşı zorakılıq olmuşdur. Ona işdən azad olunmağı barədə məlumat verilməmişdir. Qeyd edilənləri və iddia ərizəsində qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının özü müqaviləyə imza çəkib. İddiaçının dediyi kimi müqaviləyə 9 dəfə dəyişiklik edilməmişdir. Dəyişiklik 2 dəfə olub. İlk dəfə mütəxəssis olaraq işə qəbul edilmiş, aylıq əmək haqqı 250 manat olmuş, sonradan hüquqşünas vəzifəsinə keçirilmiş və aylıq əmək haqqı 450 manat müəyyən edilmişdir. Bu hər iki dəyişikliklə bağlı iddiaçının xəbəri olub. Bu isə əmək müqaviləsinə əlavə dəyişiklik demək deyildir. İddiaçının anket məlumatlarında qeyd etdiyi ünvana xx.xx.2022-ci il tarixdə ona məktub göndərilib ki, əgər xəstəliklə əlaqədar və ya digər üzrlü səbəblərdən işə gələ bilmirsə, bu barədə məlumat versin, əks təqdirdə onun əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi barədə tərəf məlumatlandırılmışdır. Bundan sonra məktub poçt vasitəsilə onun işlədiyi iş yerinə, yəni vəkil bürosuna göndərilmişdir. Zərfin çatdırılması ilə bağlı məlumat da vardır. İddiaçı 12 avqust 2022-ci il tarixdə isə mediasiyaya müraciət etmişdir. İddiaçı tərəfindən qanunvericiliyin tələbləri pozularaq 1 aylıq müddət ötürülüb. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, iddia mümkünsüzdür və təmin edilməməlidir. Sonda məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Əmək müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi ilə İddiaçı arasında 02 noyabr 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin əmək müqaviləsi müddətli olaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 1 ay müddətinə bağlanmışdır. Mülki işin materiallarında olan 12 yanvar 2021-ci il tarixli Əmək müqaviləsinə Əlavənin surətindən görünür ki, Nəsimi Bələdiyyəsi və İddiaçı xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər, işçi Bələdiyyənin Koordinasiya idarəsinin Müraciət və qəbulların idarəedilməsi şöbəsinin mütəxəssisi vəzifəsinə keçirilmiş, ona 450 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Əlavəyə hər iki tərəf imza çəkmişdir. Mülki işin materiallarında olan 08 dekabr 2021-ci il tarixli Əmək müqaviləsinə Əlavənin surətindən görünür ki, Nəsimi Bələdiyyəsi və İddiaçı xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi barədə razılığa gəlmişlər, işçi Bələdiyyənin Hüquq şöbəsi hüquqşünas vəzifəsinə keçirilmiş, ona 450 manat məbləğində əmək haqqı ödənilməsi müəyyən edilmişdir. Əlavəyə hər iki tərəf imza çəkmişdir. Mülki işin materiallarında olan 17 iyun 2022-ci, xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, İddiaçı qeyd edilən tarixlərdə işə gəlməmiş, nizam-intizam qaydalarına riayət etməmiş, işə gəlməməyi barədə üzrlü sayılacaq hər hansı bir məlumat verilməmişdir. Əlavə olaraq, iş materiallarına iddiaçı tərəfindən əlavə edilən whatsapp yazışmalarından iddiaçının bir neçə dəfə iş yerinə çağrılması, onun işdə olmamasına görə işlərin görülmədiyi, qarşı tərəfin onun özü tərəfindən könüllü şəkildə ərizə yazılaraq işdən çıxmasını istəməsi və həmin ərizənin 17 iyun 2022ci il tarixdə yazılaraq göndərildiyi görünür. İddiaçı iddia ərizəsində ondan ərizə yazılmasını və lakin, müddətin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verildiyini bildirsə də, cavabdeh tərəf öz etiraz ərizəsində qeyd etmişdir ki, müqavilə müddətinin bitməsinə sayılı günlər qaldığı üçün tərəflər arasında bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə qanuni əsasla xitam verilmişdir. Mülki işin materiallarında olan Nəsimi Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanan 05 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən) tələblərinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılmışdır. Qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddəti bitir və müddətin uzadılması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin bitməsi, sözügedən müqavilənin artırılmaması barədə xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, 000681 №-li bildiriş zərfiinin surətindən görünür ki, Nəsimi rayon Bələdiyyəsi tərəfindən yuxarıda qeyd edilən əmək müqaviləsinə xitam verilməsi barədə göndərilən xəbərdarlıq məktubu 05 iyul 2022-ci il tarixdə, saat 14:40-da alıcı Abbasova adlı şəxs tərəfindən imza çəkilərək qəbul edilmişdir. Bu da, xəbərdarlıq məktubunun rəsmi qaydada işçiyə çatdırılması deməkdir. Mülki işin materiallarında olan 07 iyul 2022-ci il tarixli, 77№-li Əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin surətindən görünür ki, işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini (əmək müqaviləsinin müddətinin qurtarması) rəhbər tutaraq, Nəsimi Bələdiyyəsinin hüquq şöbəsinin hüquqşünası İddiaçı əmək müqaviləsinin müddətinin bitməsilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdən tutduğu vəzifəsindən azad etmiş, istifadə etmədiyi 20 (iyirmi) gün əsas əmək məzuniyyət günlərinə görə pul əvəzi ödənilmişdir. Mülki işin materiallarında olan Nəsimi Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanan 20 sentyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh ilə onun arasında bağlanmış əmək müqaviləsi qanunvericiliyinə uyğun olaraq iki nüsxədə tərtib edilmiş və bir nüsxəsi işəgötürəndə saxlanılmaqla digər nüsxəsi ona göndərilmişdir. Müraciəti nəzərə alınaraq, əmək müqaviləsinin və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətləri təkrar olaraq ona göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Nəsimi rayon Bələdiyyəsi arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci maddəsinə əsasən, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır; 45-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 47-ci maddəsinə əsasən, əmək müqaviləsi işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən müddətə bağlanıla bilər; 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a)tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə 77 nömrəli əmrlə xitam verilmişdir. Məhkəmə iddia tələbinin “Nəsimi rayon Bələdiyyəsinin sədrinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, sonradan həmin əmək müqaviləsinə əlavələr edilərək başqa vəzifələrə keçirilmişdir. İşəgötürən Nəsimi rayon Bələdiyyəsi tərəfindən əmrin ləğv edilməsi barədə işçi İddiaçı qabaqcadan xəbərdar edilmişdir (05 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubu). İş materiallarına işçi tərəfindən xəbərdarlıq məktubunun alınması ilə bağlı sübut da əlavə edilmişdir (xx.xx.2022-ci il tarixli, 000681 №-li bildiriş zərfi). Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur, işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş materiallarından göründüyü kimi işçi bir neçə dəfə heç bir məlumat vermədən işə gəlməmiş, bu barədə akt tərtib edilmişdir. İşçiyə göndərilən 05 iyul 2022-ci il tarixli xəbərdarlıq məktubunda üzrlü səbəbinin olmasını təqdim etməsini, əks təqdirdə müqaviləyə xitam veriləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələblərindən və iş materiallarından da göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi zamanı işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Məhkəmə iddia tələbinin “...Nəsimi bələdiyyəsinin onunla bağladığı xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin əmək müqaviləsinin müddətinin 1 ay olmasına dair 2.3-cü bəndinin etibarsız hesab edilməsi...” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Göründüyü kimi, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında müddətli olaraq bağlanılmışdır. Hazırda məhkəmə iddiaçının həmin müqavilə bəndinin etibarsız hesab edilməsi əsassız hesab edir. Həmçinin, qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə iddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Beləliklə, iddia tələbinin birinci hissəsinin təmin edilməməsi, avtomatik olaraq iddianın digər hissələrinin də təmin olunmamasını labüd edir. Çünki iddianın birinci hissəsinin əsassızlığına görə rədd edilməsi və iddianın digər hissələrinin əsas tələbdən doğan törəmə tələblər olması həmin hissələrin də əsassız olmasına dəlalət edir. Bundan əlavə araşdırmalar zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən işdən azad olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. Həmin Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Lakin, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, iddiaçı əmrin surətini xx.xx.2022-ci il tarixdə əldə etmiş, xx.xx.2022-ci il tarixdə mediasiyaya müraciət etmiş, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Nəsimi rayon Bələdiyyəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının hesablanaraq tələb olunması” tələbinə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Nəsimi rayon Bələdiyyəsinə qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və boşdayanmaya görə əmək haqqının hesablanaraq tələb olunması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4565/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4565/2022
16.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver