Məhkəmə qərarları › İş №e-2(006)-459/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-459/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-459/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun əmək haqqına yönəldilməsinin dayandırılması və əmək haqqı hesabından silinmiş pul məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun əmək haqqına yönəldilməsinin dayandırılması və əmək haqqı hesabından silinmiş pul məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Kreditor» Cavabdeh ASC-nin Mərkəz filialının müdiri X6 şəxsində «Zamin» İddiaçı və «Borcalan» X5 arasında xx.xx.2021-ci il tarixli, Z-RGTK4221649A102 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır.Həmin müqavilənin 4.5-ci bəndində qeyd olunur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər. Kreditor Cavabdeh ASC tərəfindən müqavilənin 4.5-ci bəndinə istinad edilərək kredit müqaviləsi üzrə borc iddiaçının əmək haqqına yönəldilmiş və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci ilədək əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan ümumilikdə 4197,35 manat bankın xeyrinə silinmişdir. Hesab edir ki, kreditor Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsi qanunsuz olduğundan dayandırılmalı və hazıradək əmək haqqından tutulmuş 4197,35 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Göründüyü kimi, nə qədər ki, işçinin kart (bank) hesabına köçürülmüş pul «əmək haqqı» statusunu saxlayır, həmin norma banka da şamil olunur. İşəgötürən əmək haqqını işçinin kart hesabına köçürdükdə (verilmə yerinə görə 3-cü növ əmək haqqı) Əmək Məcəlləsinin 175-ci maddənin göstərişi banka də şamil olunur, çünki bu halda bank əmək haqqının verilməsi prosesinin iştirakçısına çevrilərək işəgötürən ilə işçi arasında vasitəçi rolunda çıxış edir. Odur ki, bank işçinin ərizə ilə işəgötürənə müraciət etmədiyi halda əmək haqqından tutma apara bilməz. Göründüyü kimi, Cavabdeh ASC Zaminlik müqaviləsinin 4.5-ci bəndində qeyd olunan «Kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər» razılaşmasına istinad edərək silinmənin müqavilə şərtlərinə uyğun aparıldığını bildirir. Lakin müqavilənin 4.5-ci bəndində göstərilənlərlə bağlı qeyd edilməlidir ki, bu müddəa işçinin kart (bank) hesabına köçürülmüş pul «əmək haqqı» statusunu saxladığından və burada bank əmək haqqının verilməsinin iştirakçısına çevrilərək işəgötürən ilə işçi arasında yalnız vasitəçi rolunda çıxış etdiyindən Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər ifadəsi işəgötürən tərəfindən işçiyə əmək haqqının verilməsi üçün adına bankda açılmış hesabdan silinməsini özündə ehtiva edə bilməz. Beləliklə, müqavilədə qeyd olunan «Zaminin sərəncamı olmadan, akseptsiz qaydada silinmə» - işəgötürən tərəfindən işçiyə əmək haqqının verilməsi üçün adına bankda açılmış hesabdan silinməni deyil, bankda mülki münasinətlər zəminində açılmış bank hesabından silinməni özündə ehtiva edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyinin normaları açıq şəkildə göstərir ki, işçi əmək haqqından tutulma barədə ərizə ilə yalnız işəgötürənə müraciət etməlidir, bunu etməyibsə, müqavilədə borcun zaminin sərəncamı olmadan, akseptsiz qaydada tutulmasına dair müddəanın olması da banka hüquq vermir ki, borclunun borcunu onun əmək haqqından tutsun. İddiaçı ilə bank arasında zaminlik müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq, iddia ərizəsinin qoşmasına əlavə edilmiş Cavabdeh ASC-nin Mərkəz filialının xx.xx.2021xx.xx.2022-ci il dörvlər üçün ödəniş kartı üzrə çıxarış vərəqəsindən görünür ki, əmək haqqından tutulmalar xx.xx.2021-ci il tarixdən həyata keçirilmişdir. Bununla yanaşı qanunvericiliklə, yəni icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər saydan digər gəlirlərinin 50 faizdən çox tutmaya yol verilmədiyi halda Cavabdeh ASC tərəfindən 645.15 manat təşkil edən əmək haqqından 0l.07.2021-ci il tarixdə 508,24 manat, xx.xx.2021-ci il tarixdə 645,15 manat, xx.xx.2022-ci il tarixdə 612,12 manat məbləğində silinmələr aparılmışdır. Hansı ki, iddiaçının ərizə ilə işəgötürənə müraciət etmədiyi halda əmək haqqından tutulmalar yalnız məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Hazırkı işdə iddiaçı tərəfindən işəgötürənə belə bir ərizə ilə müraciət edilmədiyindən kreditor Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsi dayandırılmalı və 16 iyun 2021-ci il tarixdən 01 noyabr 2022-ci il tarixədək əmək haqqından tutulmuş 4197,35 manat məbləğində pul vəsaiti həmin hesaba geri qaytarılmalıdır.Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsinin dayandırılması və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək haqqından zamin kredit borcu üzrə 4197,35 manat məbləğində silinmiş pul vəsaitinin həmin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın əsasının dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iş məhkəmənin icraatına qəbul edildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mumkün hədləri ilə bağlı qanunvencıliyin tətbiqi üzrə 14 dekabr 2022-ci tarixli, 03/2022 saylı qərardad» qəbul edilmşdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının yuxarıda qeyd olunan qərardadı ilə müəyyən edilmişdir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır. Həmin qərardadın 22-ci bəndində qeyd olunur ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı də bağlı nəticələr istisna olmaşda, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə, maddə 337.1, 337.3, 337.4). Həmin Qərardadın 27-ci bəndində qeyd edilir ki, «Göstərilənlərə əsasən məhkəmə tərkibi belə qənaətinə gəlir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsızdır. Qeyd olunanlardan göründüyü kimi, kreditora borclunun əmək haqqından qanunla müəyyən edilmiş hədlərdən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən əqd və yaxud əqdin buna dair şərti şəxsin konstitusion hüquqlarına, mülki və əmək qanunvericiliyinin əsas prinsiplərinə və şərtlərinə, eyni zamanda dövlətin bu sahədə həyata keçirdiyi siyasətin məqsədlərinə zidd olduğundan əhəmiyyətsiz olmaqla etibarsızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 176-cı maddəsinin 1-ci hissəsinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz». Əmək Məcəlləsinin qeyd olunan normasının imperativ göstərişlərinə riayət olunmasının zəruriliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2022-ci il tarixli, 03/2022 saylı qərardadının 14 və 16-cı bəndlərində də öz əksini tapmışdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixlı, Z- GTK4221649A102 nömrəli zaminlik müqaviləsinin 4.5-ci bəndində qeyd olunur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını Zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) biler. Göründüyü kimi zaminlik müqaviləsində akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti 20 faiz həcmində deyil, 20 faizdən artıq, yəni tam həcmdə müəyyən edilmişdir. Eyni zamanda iddia ərizəsinin qoşmasına əlavə edilmiş Cavabdeh ASC-nin xx.xx.2021-xx.xx.2022-ci il dövrlər üçün və hazırkı ərizənin qoşmasına əlavə edilmiş xx.xx.2021-xx.xx.2023-cü il dövrlər üçün ödəniş kartı üzrə çıxarış vərəqələrindən görünür ki, Cavabdeh ASC tərəfindən iddiaçının 645,15 manat təşkil edən əmək haqqından xx.xx.2021-ci il tarixdə 508,24 manat, xx.xx.2021-ci il tarixdə 645,15 manat, xx.xx.2022-ci il tarixdə 612.12 manat olmaqla digər aylarda da tutmalar 20 faizdən artıq olmuşdur. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2022-ci il tarixli, 03/2022 saylı qərarındakı hüquqi mövqedən görünür ki, Cavabdeh ASC tərəfindən qanunvericiliyin imperativ göstərişlərinə zidd olaraq Zaminlik müqaviləsində faizdən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən 4.5-ci bənd əhəmiyyətsiz olmaqla etibarsızdır. Bununla yanaşı qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli və xx.xx.2021-ci il tarixli, Z-GTK4221649A102 nömrəli kredit müqavilələri üzrə imzalanmış akseptsiz silinməyə dair razılıq ərizələrində də, əmək haqqının 20 faizindən artıq həcmdə pul vəsaiti tutmaq hüququ müəyyən edildiyindən,yəni ərizələr qanunvericiliyin imperativ göstərişlərinə zidd olduğundan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmadığından həmin razılıqlar da, yuxarıda qeyd olunan əsaslarla əhəmiyyətsiz olmaqla etibarsızdır. Qeyd olunanlarla yanaşı məhkəmənin nəzərinə onu da çatdırmaq istəyir ki, iddiaçı ilə bank arasında zaminlik müqaviləsinin xx.xx.2021-ci il tarixdə bağlanmasına baxmayaraq, məhkəməyə təqdim edilmiş ödəniş kartı üzrə çıxarış vərəqəsindən görünür ki, iddiaçının əmək haqqından tutulmalar xx.xx.2021-ci il tarixdən həyata keçirilmişdir. Cavabdeh ASC tərəfindən tutulmaların xx.xx.2021-ci il tarixdən aparılmasının xx.xx.2021ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsi ilə əlaqələndirilməsinə baxmayaraq, həmin müqavilə üzrə iddiaçı ilə bank arasında zaminlik müqaviləsi imzalanmamışdır. Zaminliyə dair müddəalar isə yalnız həmin müqavilənin 3-cü bəndində qeyd olunmuşdur. Hansı ki, zaminlik üzrə məsuliyyət zaminliyə dair bəndin kredit müqaviləsinə əlavə edilməsi ilə deyil, məhz mülki qanunvericiliyin imperativ tələbinə uyğun olaraq zaminlə bank arasında yazılı formaya riayət edilməklə bağlanmış zaminlik müqaviləsi üzrə yaranır. Cavabdeh ASC ilə İddiaçı arasında mülki qanunvericiliklə müəyyən edilmiş xüsusi formaya riayət edilməklə zaminlik müqaviləsi bağlanmadığından və zaminliyə dair müddəalar yalnız xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsinin 3-cü bəndində qeyd olunduğundan, müqavilənin həmin bəndi qeyd olunan əsaslarla da, əhəmiyyətsiz olmaqla etibarsızdır. Etibarsız əqd hüquqi nəticələrə səbəb olmadığından isə iddiaçının həmin bəndə uyğun olaraq cavabdeh bankın qarşısında müştərinin öhdəliyi üçün məsuliyyəti müəyyən edilə bilməz. Bu səbəbdən də Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 nömrəli kredit müqaviləsinin 3-cü bəndinə əsaslanaraq, iddiaçının əmək haqqından zamin kredit borcu üzrə silinmə həyata keçirməsi qanunsuzdur. xx.xx.2021-ci il tarixli, GTKR3391880A106 nömrəli kredit müqaviləsinin zaminliyin şərtlərini özündə əks etdirən 3.4-cü bəndinin əhəmiyyətsizliyinin digər hüquqi əsası isə ondan ibarətdir ki, həmin bənddə də akseptsiz qaydada vəsaiti tutmaq hüququ verən müqavilə şərti 20 fazindən artıq, yəni tam həcmdə müəyyən edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, Z-RGTK4221649A102 nömrəli zaminlik müqaviləsinin 4.5-ci bəndinə və xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsinin zaminliyin şərtlərini özündə əks etdirən 3.4-cü bəndində əsaslanaraq tutmanın iddiaçının əmək haqqına yönəltməsinin qanuna uyğun olmadığının digər əsası isə ondan ibarətdir ki, iddiaçının Cavabdeh ASC-də bank hesabı mövcud deyil və belə olan halda borcun onun bank hesabından silinməsi adı ilə əmək haqqına yönəldilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ödəniş kartlarının emissiyası və İstifadə Qaydaları»nın 2-ci hissəsində bu Qaydalarda istifadə olunan anlayışların mənalı verilmişdir. «Ödəniş kartlarının emissiyası və İstifadə Qaydaları»nın 2.1.1-ci bəndinə əsasən ödəniş kartı - nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətdir; 2.1.6-cı bəndinə əsasən kart hesabı – kart vasitəsilə həyata keçirilən əməliyyatlarının uçotunun aparılması üçün açılan cari bank hesabıdır; 2.1.7-ci bəndinə əsasən kart hesabının sahibi (bundan sonra - kart sahibi) – emitetlə müqavilə bağlayan, kart hesabı üzrə sərəncam vermək hüququ olan fiziki və ya hüquqi şəxsdir. 2.1.8-ci bəndinə əsasən kart istifadəçisi – kart sahibi və ya kartdan istifadə etmək hüququ olan şəxsdir. Qaydalardan göründüyü kimi, hazırki iş üzrə müqavilə şərtlərində qeyd olunan bank hesabatının sahibi bankla müqavilə bağlayan işəgötürəndir. İddiaçı isə bu əməliyyatda işəgötürənin Cavabdeh ASC-dəki sahibi olduğu bank hesabına köçürdüyü əmək haqqının əldə edilməsi üçün istifadə edilən ödəniş alətinin, yəni kartın istifadəçisidir. Tərəfindən məhkəməyə müraciət etdiyi tarixədək Cavabdeh ASC tərəfindən iddiaçının əmək haqqından zamin kredit borcu üzrə 4197,35 manat məbləğində pul vəsaiti silindiyindən iddia ərizəsində məhkəmədən həmin məbləğin geri qaytarılması xahiş edilmişdir. Lakin iş məhkəmənin icraatında olduğu müddətdə xx.xx.2022-ci il tarixdə 0,56 manat, xx.xx.2022-ci il tarixdə 302,53 manat, xx.xx.2023-cü il tarixdə 0,05 manat olmaqla cəmi 303,14 manat məbləğində pul vəsaiti silindiyindən həmin məbləğin də geri qaytarılması üçün iddia tələbinin həcminin artırılması zərurəti yaranır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti əhəmiyyətsiz olmaqla, etibarsız olduğundan, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqd olduğundan, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmadığından və bu cür əqd bağlandığı andan etibarsız olduğundan kreditor Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların iddiaçının əmək haqqının köçürüldüyü Cavabdeh ASCdəki hesabdan silinməsi dayandırılmalı və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqından tutulmuş 4500,49 manat məbləğində pul vəsaiti həmin hesaba geri qaytarılmalıdır. Göstərilənlərə əsasən Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların İddiaçı əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsinin dayandırılması və xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək əmək haqqından zamiin kredit borcu üzrə 4500,49 manat məbləğində silinmiş pul vəsaitinin həmin hesaba geri qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın əsasının dəyişdirilməsi və tələbin həcminin artırılmasının «Xahiş edirəm» hissəsində «05 dekabr 2023-cü il» tarixi «05 yanvar 2023-cü il» kimi oxumasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, kreditor Cavabdeh ASC-nin Mərkəz filialının müdiri X6 şəxsində «Zamin» İddiaçı və «Borcalan» X5 arasında xx.xx.2021-ci il tarixli, Z-RGTK4221649A102 nömrəli Zaminlik müqaviləsi bağlanmışdı. Həmin müqavilənin 4.5-ci bəndində qeyd olunur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsız qaydada onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta bilər. İlk öncə qeyd edir ki, Azərbaycan Rnspublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyasının əqdə əsasən borclunun əmək haqqından akseptsız qaydada tutulmaların hədləri ilə bağlı qanunvericiliyin tətbiqi barədə xx.xx.2022-ci il tarixli qərardadına əsasən borclunun əmək haqqından akseptsız qaydada 20%-dən çox tutulmamaları nəzərdə tutan müqavilə şərti əhəmiyyətsiz olmaqla etibarsızdır. Həmin qərardada bu şərt AR ƏM-nm 176-ci maddəsinə istinadən nəzərdə tutulmuşdur. Həmin maddənin tələblərinə əsasən qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla işçinin əmək haqqından 20%-dən çox tutulması yolverilməzdir. Buradan belə çıxır ki, həm xx.xx.2021-ci il tarixli həm də xx.xx.2023-cü il tarixli müqavilələrin 3-cü bəndində bu qaydaya riayət edilmədiyindən həmin bənd əhəmiyyətsiz olmaqla etibarsızdır. Əlavə olaraq qeyd edir ki, AR MM-nm 471-cı maddəsinin zaminlik müqaviləsinin formasını nəzərdə tutur ki, həmin maddənin mahiyyətindən görünür ki, zaminlik müqaviləsi ayrıca müqavilə kimi bağlanmalıdır. Qeyd olunan kredit müqavilələri ilə bağlı isə ayrıca zaminlik müqaviləsi bağlanmamış, sadəcə kredit müqaviləsində onunla bağlı bənd verilməklə kifayətlənilmişdir. Yəni burada MM-nin də tələbləri kobud surətdə pozulmuşdur. Əlavə olaraq, tərəflər arasında bağlanmış müqavilədə qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borclarını zaminin sərəncamı olmadan, akseptsız qaydada onun Cavabdeh ASC-dəkı istənilən bank hesabından tuta bilər. Ancaq bildirmək istəyir ki, iddiaçıya məxsus Cavabdeh ASC-də hər-hansı bank hesabı olmamışdır. Belə ki, bank hesabı dedikdə bankda istifadəçi ilə bank arasında bağlanmış müqavilə əsasında onun adına açılmış hesab nəzərdə tutulur. İddiaçı ilə Cavabdeh ASC arasında isə belə bir müqavilə olmamışdır. Həmin bankda sadəcə iddiaçının əmək haqqı alması ilə bağlı onun işəgötürəni ilə bank arasında bağlanmış müqavilə əsasında açılmış hesab mövcud olmuşdur. Buna görə də, cavabdeh bank tərəfindən iddiaçıya aid olmayan bank hesabından pul tutulması tam əsasızdır. Həmçinin qeyd etmək istəyir ki, cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində borclunun ərizəsi əsasında borc müqaviləsinin restrukturizasiya olunması və bu tarixdən sonra zamindən 100% deyil, sadəcə 50% həcmində tutulmalar aparıldığı bildirilsə də, xx.xx.2023-cü il tarixində iddiaçının Cavabdeh ASC-də yerləşən hesabdakı maaşı tam olaraq cavabdeh bank tərəfindən tutulmuşdur. Cavabdehin nümayəndəsi və vəkili sonuncu bu xüsusatın nəzərə alınaraq artıq tutulma barədə hər dəfə iddianın həcminin artırılmasına zərurətin olduğunu və bununla bağlı isə məhkəmənin yekun aktında qətnamənin qanuni qüvvəyə mindiyi ana kimi tutulmaların ona ödənilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixində X5 ilə ilkin kredit və bununla əlaqədar İddiaçı ilə zaminlik müqavilələrini özündə nəzərdə tutan qarışıq müqavilə bağlanılmışdır. Bu müqavilənin bağlanmasında iddiaçı şəxsən iştirak etmiş, müqavilə şərtləri ona izah olunmuş və o, müqaviləni imzalamışdır. Yəni bütün prosedurlar qanuni surətdə aparılmışdır. xx.xx.2021-ci il tarixində borclunun ərizəsi əsasında müqavilə restrukturizasiya olunmuş və bununla bağlı iddiaçıdan razılıq ərizəsi alınmışdır. Bu tarixdən sonra borclu və zaminə güzəştli şərtlər nəzərdə tutulmuş və zamindən 100% deyil, sadəcə 50% həcmində tutulmalar aparılmışdır. Hazırda da 50% həcmində tutulmalar aparılır iddiaçı tərəfindən qeyd edilən 20%-dən çox tutulmaların qanunsuz olması ilə əlaqədar qeyd edir ki, AR MM-nin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin sılinməsınə məhkəmənin qərarı ilə habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Buna əsasən bank tərəfindən aparılan əməliyyatlar tam qanuni surətdə həyata keçirilmişdir. Odur kı, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Həmçinin əlavə olaraq qeyd etmək istəyir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2023-cü il tarixdə bank tərəfindən iddiaçının hesabından aylıq əmək haqqının tam həcmdə tutulması ilə bağlı məlumatı yoxdur. Bu fakt tərəfindən araşdırılacaqdır. Ancaq onu deyə bilər ki, həmin tutulma avtomatik qaydada aparıldığı üçun bu hal baş verə bilər.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

11. İş materiallarında olan "xxxx" ASC ilə «Müştəri» qismində X5 və «Zamin» qismində İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3391880A106 nömrəli kredit müqaviləsinin surətinə əsasən bank tərəfindən R.Musayevə bu müqavilənin şərtlərinə uyğun olaraq 48 ay müddətinə, illik 24% hesabı ilə 13700 manat məbləğində kredit verilmiş, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s) müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir, zamin isə həmin öhdəliyin müştəri tərəfindən icra edilməməsi və lazımınca icra edilməməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. .

12. İş materiallarında olan İddiaçı tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, o, X5 ilə bağlanmış xx.xx.2021-ci il tarixli GTKR3391880A106 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc, hesablanmış faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir.

13. X5 ilə bağlanmış xx.xx.2021-ci il tarixli RGTK4221649A102 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə ödəməli olan gecikən əsas, faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir.

14. İş materiallarında olan X5 tərəfindən "xxxx" ASC-nin Mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün 13.427,23 manat məbləğində, 83 ay müddətinə nəğd pul krediti verilməsini xahiş etmişdir. Kreditin qaytarılması və ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirləri təşkil edəcəkdir. Bağlanılacaq kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləğinin (ödənilməli olan əsas borc, hesablanmış faiz və cərimə məbləği) onun kart hesabına köçürülən əmək və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir.

15. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin Mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, X5 ilə bğalanmış xx.xx.2021-ci il tarixli RGTK4221649A102 saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə ödəməli olan gecikən əsas, faiz və cərimə məbləğlərinin onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etmir.

16. İş materiallarında olan "xxxx" ASC-nin Mərkəzi filialı ilə «Borcalan» qismində X5 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 156GTUM143030007 saylı kredit müqaviləsinə əsasən kreditor tərəfin 83 ay müddətinə, illik 20% hesabı ilə 13.427 manat manat məbləğində kredit verilmişdir.

17. İş üzrə "xxxx" ASC-nin Mərkəz filialı ilə «Zamin» qismində İddiaçı və «Borcalan» qismində X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z-RGTK4221649A102 nömrəli zaminlik müqaviləsinin surətinə əsasən zamin xx.xx.2021-ci il tarixli RGTK4221649A102 nömrəli kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Müqavilənin 4.5-ci bəndinə əsasən kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borcları zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər.

18. İş üzrə Cavabdeh ASC tərəfindən verilmiş İddiaçı ödəniş kartı üzrə çıxarışından görünür ki, İddiaçı əmək kartına köçürülmüş əmək haqqından xx.xx.2021-ci il tarixdə - 0,01 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2021-ci il tarixdə - 508,24 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2021-ci il tarixdə – 9,56 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2021-ci il tarixdə – 645,15 manat (GTKR3391880A106 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 612,62 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 0,56 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə - 363,79 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 253,44 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə - 0,79 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə - 300,31 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 0,48 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 299,96 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 0,83 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 299,54 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 299,83 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 0,22 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 302,19 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 0,10 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə), xx.xx.2022-ci il tarixdə – 299,73 manat (RGTK4221649A102 saylı kredit müqaviləsi üzrə) tutulmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə kredit və zaminlik müqavilələri bağlanılmış və həmin müqavilələrə əsasən iddiaçı kredit alan X2 bankla bağladığı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsinə zamin durmuşdur. Eyni zamanda zaminlik müqaviləsinin 4.5-ci bəndinə əsasən kreditor kredit müqaviləsi üzrə əsas, faiz və digər borcları zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə razılığını almadan) onun Cavabdeh ASC-dəki istənilən bank hesabından tuta (silə) bilər. Kredit alan Rauf Musayev tərəfindən kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyindən "xxxx" ASC zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borcun akseptsiz qaydada iddiaçının hesabından (əmək haqqından) tutulmasına başlamışdır. Hazırda iddiaçı Cavabdeh ASC tərəfindən kredit müqaviləsi üzrə borcların İddiaçı əmək haqqının köçürüldüyü Cavabdeh ASC-dəki hesabdan silinməsinin dayandırılmasını və xx.xx.2021-ci il tarixdən məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək əmək haqqından zaminin kredit borcu üzrə silinmiş pul vəsaitinin həmin hesaba geri qaytarılmasını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (maddə 389.2).

21. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

22. Qeyd edilən Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.

23. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

24. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.

25. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış zaminlik müqaviləsinin şərtlərində borcalan tərəfindən öhdəliyin yerinə yetirilməməsi zamanı bankın akseptsiz qaydada tutmanın zaminin hesabına yönəldilməsi hüququ nəzərdə tutulduğundan və iddiaçı buna razılığını bildirdiyindən, bu hərəkətlərin qanunsuz hesab edilməsi ilə bağlı iddiaçının tələbi tam əsaslı hesab edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.

27. Həmin Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.

28. Qeyd edilən Məcəllənin 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.

29. Həmin Məcəllənin 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

30. Göstərilən Məcəllənin 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

31. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, iddiaçının hesabındakı pul vəsaitinin silinməsi tərəflər arasında bağlanmış zaminlik müqaviləsi ilə nəzərdə tutulduğundan, bank tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən yerinə yetirilməməsi ilə bağlı iddiaçıya məxsus hesabdan pulun silinməsinə dair hərəkətləri tam qanuni olmuşdur.

32. Digər tərəfdən məhkəmə qeyd edir ki, AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericilikdə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

33. Həmin maddənin 6-cı bəndinə əsasən işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından tutula bilməz.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 03/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən kreditora borclunun əmək haqqının 20 faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən müqavilə şərti etibarsızdır.

35. Həmin qərardad ilə həmçinin müəyyən edilmişdir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllə, maddə 337.1, 337.3, 337.4). Nəzərə alınmalıdır ki, etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı, olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən və qanunvericiliyə zidd olmayan şərtlərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, şəxsiyyətə və məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.

36. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının «Əqdə əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın mümkün hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə» 03/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının mahiyyətində sırf akseptsiz qaydada tutulmanın tam olaraq deyil, 20 faiz həcmindən yuxarı şərtinin etibarsız hesab edilməsi barədə hüquqi mövqe ortalığa qoyulmuşdur. Belə şərtin qoyulmasında məqsəd həm borcalanın (vəya üzərinə öhdəlik götürən digər şəxsin), həmdə kreditorun hüquqlarının ortaq məxrəcə gətirilərək təmin edilməsindən ibarət olmuşdur. Bu halda isə iddiaçının iddiasının tam təmin edilməsi (20 faiz də daxil olmaqla) həm qeyd olunan Ali Məhkəmənin hüquqi mövqeyinə, həm də kreditorun qanuni mövqeyinə zidd olacağından iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

37. Məhkəmə həmçinin iddiaçının iddiasında zaminlik müqaviləsinin yalnız iki tərəfli olması hissəsində qeyd edir ki, bu kimi tələb mülki qanunverciliyin əqdlər fəslində qeyd edilən (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir) normanın hüquqi mahiyyətinə zidd olduğundan və müqavilə qarışıq olmaqla üç tərəfli də bağlanması nəzərdə tutulduğundan iddiaçının həmin predmetə (zaminlik müqaviləsinin yalnız iki tərəfli olması) istinad etməsi əsassızdır.

38. Məhkəmə onu da qeyd edir ki, iddiaçının ilkin tələbi və ona əlavə edilmiş iddia tələbinin həcminin artırılması hissəsi konkret tarixlə (16 iyun 2021-dən xx.xx.2023-dək) əhatə olunmasına baxmayaraq məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili məhkəməyə bildirmişdir ki, cavabdeh tərəfdən hər dəfə iddiaçının əmək haqqı hesabından tutulmalar həyata keçirildiyindən iddiasının məhkəmənin qərarının qanuni qüvvəyə minədək tutulması kimi nəzərə alınmasını bildirməsi tam əsaslı olmuşdur. Belə ki, hazırki son dəqiqləşmə ilə iddia tələbi qismən təmin olduğu təqdirdə tutulmanın davam etməsinin (məhkəmə aktının qanuni qüvvəsini almasınadək) ehtimalının böyük olması (iddiaçı fevral ayında onun hesabından 100 faiz həcmdə tutulmanın olduğunu qeyd etmişdir) nəzərə alınaraq artıq tutulmanın məhkəmə aktının qanuni qüvvəsini alanadək ona geri qaytarılması kimi təmin edilməsi həm iddiaçının gələcəkdə yenidən məhkəməyə müraciət etmənin qarşısını alar, həm də iddiaçının və cavabdehin arasında yenidən mübahisənin yaranmasını aradan qaldırar.

39. Məhkəmə həmçinin zamin kimi iddiaçının əmək haqqı hesabından tutulma vaxtının xx.xx.2021-ci il tarixdən deyil, xx.xx.2021-ci il tarixdən hesablanması hissəsi ilə bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi kreditorla borclu arasında əvvəl yaranmış kredit müqaviləsinin yenidən restrukturizasiya olması nəticəsində bağlanmış və hesabdan çıxarışa əsasən (mülki işin 1-ci cildinin 76-cı səhfəsi) isə ilk tutulma xx.xx.2021-ci il tarixdən başlamışdır.

40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı əmək haqqında 20% artıq tutulması qadağan edilməli, Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən bu qətnamə qanuni qüvvəsi alanadək əmək haqqından 20% dan artıq tutulmalar hesablanmaqla ona ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə İddiaçı əmək haqqından 20% artıq tutulması qadağan edilsin. Cavabdeh ASC-dən İddiaçı xeyrinə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi üzrə 16 iyun 2021-ci il tarixdən bu qətnamə qanuni qüvvəsi alanadək əmək haqqından 20% dan artıq tutulmalar hesablanmaqla ona ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar