Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4605/2025 08.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 42.929,25 manat pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı özünə məxsus olan yaşayış sahəsini satıb "xxxx" QSC-nə 35.000 manat məbləğində pulu ********** saylı müştəri kodu ilə xx.xx.2021-ci il tarixdə əmanət kimi qoymuşdur. Həmin əmanətdən ildə 10,50% gəlir əldə etməli idi. Cavabdehlər ana və bala olmaqla onun tanışları idilər və onlar iddiaçının mənzilini sataraq 35.000 manatı banka yatırım kimi qoyduğunu bilirdilər. xx.xx.2024-cü ildə Cavabdeh Davudovna onun yaşadığı yerə gəlib ona notariat qaydada borc müqaviləsi tərtib etməklə xx.xx.2024-cü il tarixədək 20.000 manat borc verməyi acizanə formada xahiş etdi və qarşısında duran problemi həll edən kimi ən geci 2024cü ilin sentyabr ayının əvvəllərinədək borc götürdüyü 20.000 manatı ona qaytaracağına söz verdi və bu barədə borc müqaviləsi imzaladılar, o da həmin məbləği ona verdi. Elə həmin ərəfədə yenə də, 2-ci cavabdeh kimi cəlb etdiyi X3 xx.xx.2024-cü ilə qədər qaytarmaq şərtilə ondan 15.000 manat pulu borc götürdü və həmin məbləği nəzərdə tutulan müddətə qədər qaytaracağına söz verdi. Aradan xeyli müddət ötməsinə baxmayaraq, cavabdehlər əvvəllər onun zənglərinə cavab verərək borcu tezliklə qaytaracaqlarına söz versələr də, son vaxtlar ümumiyyətlə zənglərinə cavab vermirlər və iddiaçı artıq güman edir ki, onlar öz xoşları ilə iddiaçıdan borc götürdükləri ümumilikdə 35.000 manat pulu qaytarmaq istəmirlər. Beləliklə, cavabdehlərin onun qanunla nəzərdə tutulmuş formaya uyğun olaraq onlara borc verdiyi 35.000 manat pulu söz verdikləri zaman keçməsinə baxmayaraq, qaytarmamaları onun əmlak hüququnun pozulması kimi qiymətləndirilməlidir və o da pozulmuş hüququnun bərpası üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Bundan başqa bildirmək istəyir ki, o, "xxxx" QSC-yə 35.000 manat depozitə qoyduğuna görə birinci il üçün həmin məbləğ 3.675 manat, 2-ci il 11%-lə depozitə əlavə hesablanmaqla 4.254,25 manat təşkil edir ki, toplam 42.929,25 manat olmalı idi. Deməli, cavabdehlər borc müqaviləsi ilə ondan götürdükləri 35.000 manat pulu ondan götürməklə və vaxtında qaytarmamaqla iddiaçıya 42.929- 35.000=7.929 manat zərər vurmuşlar ki, həmin zərər də əldən çıxmış fayda kimi cavabdehlərdən alınacaq məbləğə əlavə olunmaqla ümumilikdə, 42.929,25 manat qaytarmalıdırlar. Sonradan məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı e-2(006)-4605/2025 saylı mülki işdən İddiaçı cavabdeh X2 qarşı “pul” tələbi ayrılaraq, ayrıca icraatda baxılması qərara alınmışdır. Daha sonra İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, Cavabdeh 25.205,60 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərdiyi kimi iddiaçının mənzilinin satılması müqabilində əlində olan 35.000 manat məbləğində pulu "xxxx" QSC-yə birinci il üçün 10,5 faizlə, 2-ci il üçün 11%-lə əmanətə qoymuşdu. 1-ci il üçün 20.000 manat əmanət 10,5 faizlə 2.100 manat, 2-ci il üçün isə həmin əmanətin 11%-i olaraq 2.431 manat və sonuncu 3 ay üçün isə 674,60 manat faizləri üzərinə gəlməli idi. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmanət hesabı müqaviləsinin və köçürmə orderinin (əmanətə yatırımın) surətindən görünür ki, İddiaçı 35.000 manat məbləğində pul vəsaitini 12 ay müddətinə faiz dərəcəsi 10,5% olmaqla "xxxx" QSC-də müvafiq əmanət hesabına qoymuşdur. "xxxx" QSC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış əmanət hesabı müqaviləsinin surətindən görünür ki, İddiaçı 20.000 manat məbləğində pul vəsaitini 12 ay müddətinə faiz dərəcəsi 9,5% olmaqla "xxxx" QSC-də müvafiq əmanət hesabına qoymuşdur. "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, TT2412216L68 nömrəli əməliyyatla 15.207 manat məbləğində pul vəsaiti "xxxx" QSCdə İddiaçı adına olan müvafiq hesabdan məxaric edilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli məxaric qəbzinin surətindən görünür ki, TT241353D603 nömrəli əməliyyatla 20.000 manat məbləğində pul vəsaiti "xxxx" QSCdə İddiaçı adına olan müvafiq hesabdan məxaric edilmişdir. 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən notarial qaydada təsdiq edilməklə reyestrdə 3M-276 nömrə ilə qeyd edilmiş xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, Hacıyeva X1 Leyla Davidovnaya 20.000 manat məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə borc vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı borc almış, ayrılmış kredit məbləğinin razılaşdırılmış müddətdə qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri müəyyən edilmiş müddətdə və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, həmin pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi iddiaçı 20.000 manat məbləğində pul vəsaitini əvvəlcə "xxxx" QSC-də olan bank hesabında əmanət qismində saxlamışdır. Sonradan isə iddiaçı həmin vəsaiti cavabdehə borc vermişdir. Məhkəmə cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verməsinə baxmayaraq, cavabdeh iclaslarda iştirak etməmiş və öz etirazlarını bildirməmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sənədlərdə iddia tələbinin əsas borc hissəsində təmin edilməli olduğu qənaətinə gəlmişdir. İddia tələbinin 5.205,60 manat məbləğində əldən çıxmış faydanın əvəzinin tutulması ilə bağlı bildirir ki, təqdim edilmiş sənədlərdə yer alan əmanət hesabı müqaviləsindən müəyyən edilir ki, müqavilə üzrə illik faiz dərəcəsi 10,5% müəyyən edilmişdir. Odur ki, məhkəmə əldən çıxmış fayda qismində 2.100 (20.000*0,105=2.100) manat pul vəsaitinin tutulmasını ağlabatan hesab edir. Belə ki, 20.000 manat məbləğində pulun əmanət qoyulmasına dair müqavilədən müəyyən edilir ki, əmanət müddəti 12 ay - xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddəti və faiz məbləği 9,5% təşkil edir. Digər 35.000 manat məbləğində pulun əmanət qoyulmasına dair müqavilədən müəyyən edilir ki, əmanət müddəti 12 ay - xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddəti və faiz məbləği 10,5% təşkil edir. Beləliklə iddiaçının 1 ildən artıq müddətə faiz hesablanmasına dair dəlilləri təkzib olunur. Həmçinin iddiaçı 35.000 manat əmanəti xx.xx.2023-cü il tarixdə yerləşdirmiş, xx.xx.2024-cü il tarixdə 20.000 manatı məxaric etmişdir. Nəticə etibarilə cavabdehdən iddiaçının xeyrinə 2.100 manat məbləğində pul əldən çıxmış fayda qismində pul tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20.000 manat borca görə pul vəsaiti və 2.100 manat əldən çıxmış faydaya görə pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat borca görə və 2.100 (iki min bir yüz) manat əldən çıxmış faydaya görə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4605/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4605/2025
08.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver