Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-464/2025 24.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin ümumi sahəsi 161 m2 olan 29 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin ümumi sahəsi 161 m2 olan 29 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Həmin mənzili o, «X1 mərkəzi» MMC-nin hərracın yekunları barədə xx.xx.2024cü il tarixli 06/01 saylı protokoluna əsasən almışdır. Lakin Cavabdeh ona məxsus yuxarıda qeyd etdiyi mənzili qanunsuz zəbt edərək çıxmır və mənzili boşaldaraq ona təhvil verməkdən boyun qaçırır. Cavabdehə dəfələrlə ona məxsus mənzildən çıxmasını və mənzili boşaldaraq təhvil verməsini tələb etsə də, cavabdeh tərəfindən onun tələblərinə heç bir məhəl qoyulmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməsini tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı Cavabdehlər «X1 Mərkəzi» MMC-yə, İddiaçı, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı «hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv olunması» tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(010)-116/2025 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(010)-116/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə tamamilə ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı və üçüncü şəxs X3 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2785/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsi 06 noyabr 2025-ci il tarixdə icraya yönəldilmiş, 08 noyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsasını təşkil edən ƏMDX DƏDKR PHŞ tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ləğv edilmişdir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bəşir Səfəroğlu küçəsi 183 saylı evin ümumi sahəsi 161 m2 olan 29 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - 16.07.2024-cü il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər «X1 Mərkəzi» MMCyə, İddiaçı, 3-cü şəxslər Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı «hərracın nəticələri barədə protokolun etibarsız hesab olunması və çıxarışın ləğv olunması» tələbinə dair iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)-116/2025 nömrəli qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, qətnamə tamamilə ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia təmin edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2785/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı və üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 15.08.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş və Dövlət tərəfindən təminat altına alınmış mülkiyyət hüquqlarının pozulmasına istinad edərək, cavabdehin onun mülkiyyətində olan mənzildən çıxarılmasını və mənzilin boşaldılaraq ona təhvil verilməsini xahiş edir və tələbinin əsası kimi Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinad edir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Lakin təqdim olunmuş qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmiş, çıxarışın verilməsinə əsas olan hərracın nəticələri barədə protokol etibarsız hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2598/2025 nömrəli, 16 may 2025-ci il tarixli qətnaməsi 06 noyabr 2025-ci il tarixdə icraya yönəldilmiş, 08 noyabr 2025-ci il tarixdə icraata başlama haqqında qərar qəbul edilmişdir. Digər sözlə ifadə etdikdə, iddiaçının hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququ yoxdur və mübahisəli mənzil artıq onun mülkiyyəti sayılmadığı üçün Dövlət tərəfindən təminat altına alınan mülkiyyət hüququnun pozulması halı da mövcud deyildir. Məhkəmə həmçinin qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalananlardan göründüyü kimi, İddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir, belə olduğu təqdirdə irəli sürdüyü iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-464/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-464/2025
24.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver