Məhkəmə qərarları › İş №e-2(006)-4648/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4648/2025

03.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4648/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində X18 və X29 cəlb edilməklə) "payların müəyyən edilməsi və sair" tələbinə dair mülki iş (əmlak tələbi, payların müəyyən edilməsi) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində X18 və X29 cəlb edilməklə) "payların müəyyən edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli “ölüm haqqında” şəhadətnaməsindən görünür ki, X19 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. - "xxxx" Mənzil-Tikinti Kooperativi ilə X19 arasında xx.xx.2017-ci tarixində bağlanmış müqavilədən görünür ki, "xxxx" MTK tərəfindən X4 haqqı 24 ay üçün hər ay 1000 manat olmaqla ümumilikdə 24000.00 manat məbləğində vəsaiti, 3 (üç) ədəd mənzilin təmiri üçün 18000.00 manat məbləğində vəsaitin eləcə də əlavə kompensasiya olaraq 8000 manat məbləğində nağd şəklində vəsaitin ödənilməsi xx.xx.2017-ci il tarixində ödənilməsini öz öhdəsinə götürmüşdür. X16 həmin məbləğ "xxxx" MTK tərəfindən xx.xx.2017-ci il tarixində tam və nağd şəkildə ödənilmişdir və o, həmin vəsaiti qəbul etmişdir, eləcə də xx.xx.2017-ci il tarixində ev boşaldılaraq "xxxx" MTK-ə təhvil verilməsini, "xxxx" MTK isə mülkiyyətçinin faktiki yaşadığı evdən köçürülməsi öhdəliyini öz üzərinə götürülməsi və gələcəkdə bununla bağlı hər hansı bir maddi iddiası, o cümlədən tələbi olmayacağını və bu məsələ ilə bağlı məhkəmə və digər hüquq-mühafizə orqanlarına müraciət etməməsi barədə öhdəlikləri öz üzərinə götürmüşdürlər. - "xxxx" Mənzil-Tikinti Kooperativi ilə X19 arasında xx.xx.2017-ci tarixində bağlanmış müqavilədən görünür ki, mülkiyyətçinin evinin sökülməsinin əvəzində Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi (Nəsib bəy Yusifbəyli) 998-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının A blokunun (1-ci) yaşayışın 1-ci mərtəbəsində 1 otaqlı (minimum 43.5 kv.m), yaşayışın 3-cü mərtəbəsində 2 otaqlı (minimum 50.0 kv m) və yaşayışın 4-cü mərtəbəsində 3 otaqlı (minimum 70.0 kv.m) ümumi 3 ədəd təmirsiz mənzillə təmin olunacaqdır. Mülkiyyətçi mülkiyyətində olan evin sökülməsi üçün 1 ay ərzində "xxxx" MTK istifadəsinə və sahibliyinə verəcəkdir. Yaşayışın 1-ci mərtəbəsində 1 otaqlı (minimum 43.5 kv.m) mənzilin binanın 4-cü mərtəbəsi tikildikdən sonra 4 ay müddətində hər kv metri 1500 (bir min beş yüz) manat olmaqla şirkət tərəfindən satılaraq pulun X16 verilməsini şirkət öz üzərinə götürmüşdür. Eyni zamanada şirkət 4 aydan sonra satılması gecikdirilərsə, hər gün üçün minimum məbləğin 0.01 faizi miqdarında məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. - "xxxx" Mənzil-Tikinti Kooperativi ilə X19 arasında xx.xx.2018-ci tarixində bağlanmış müqavilədən görünür ki, 1Mülkiyyətçinin evinin sökülməsinin əvəzində Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi ( Nəsib bəy Yusifbəyli) 998-ci məhəllədə tikiləcək çoxmərtəbəli yaşayış binasının A blokunun (1-ci) yaşayışın 3-cü mərtəbəsində 2 otaqlı (minimum 50.0 kv.m), yaşayışın 4-cü mərtəbəsində 3 otaqlı( minimum 70.0 kv m) ümumi 2 ədəd təmirsiz mənzillə təmin olunacaqdır. 1-ci mərtəbəsində 1 otaqlı (minimum 43.5 kv m.) təmirsiz mənzilin əvəzinə isə “İkinci tərəf” ( Mülkiyyətçi) “Birinci tərəf”ə "xxxx" MTK-ə geri qaytararaq əvəzinə tərəflərin gəldikləri qarşılıqlı razılaşmaya əsasən mənzilin dəyərinin 60000.00 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər arasında bu müqavilənin 1.3-cü bəndində qeyd olunan mənzilin qiyməti ilə əlaqədar hesablaşma qaydasına görə, “Birinci tərəf” "xxxx" MTK “İkinci tərəf”-ə (Mülkiyyətçi) X16 nağd şəkildə əvvəlcədən 15000.00 manat məbləğində vəsaitin ödənilməsini, qalan 45000.00 manat məbləğində vəsaiti isə bu müqavilə təsdiq edildiyi andan 1 ay (bir ay) müddətində ödəməyi, “İkinci tərəf” (Mülkiyyətçi) isə qəbul etməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən "xxxx"yə bu müqavilənin 1.3.1-ci bəndində qeyd olunan ödəniş ödənildikdən sonra "xxxx"nin "xxxx" MTK-ya qarşı gələcəkdə heç bir iddia və şikayəti olmayacağını öhdəsinə götürmüşdür. - Arm. SSR, Quqark rayonu, Hallavar kənd soveti tərəfindən xx.xx.1978-ci il tarixində qeydiyyata alınmış “Nikah haqqında” Şəhadətnamədən görünür ki, X19 və X10 arasında xx.xx.1978-ci il tarixində nikah bağlanmışdır. - "xxxx" MMC Daşınmaz Əmlakın Texniki X6 görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binöəqədi qəsəbəsi, M.Ələkbərov küçəsi nvanında yerləşən tikinti sahəsi 107.00 kv.m olan əmlakın bazar dəyəri 26000.00 (iyirmi altı) manatdır. - "xxxx" MTK tərəfindən xx.xx.2025-ci il tarixində verilmiş arayışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Novruzov Qardaşları 11 (köhnə ünvan: ünvan 2bə 26 saylı mənzil və 5-ci mərtəbə 32 saylı mənzil X16 məxsusdur. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1509\2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokolun və digər sənədlərin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinə geri qaytarılması qərara alınmışdır. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdeh qarşı "miras hüququndan məhrum edilmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 ləyaqətsiz vərəsə kimi tanınması və X11 qalmış miras əmlakdan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş mənzil mülkiyyət hüququ ilə X13na məxsus olmuşdur. Həmin mənzil birgə nikah dövründə tərəflərindən əldə edilmişdir. Birgə nikahdan üçü qız olmaqla dörd övladları dünyaya gəlmişdir. xx.xx.2025-ci il tarixdə X13 vəfat etmişdir. Əri xəstə idi. Lakin qızı X8 və onun əri X2 yaşadıqları mənzillərində ona və ərinə qarşı etdiyi qanunsuz, heç bir əxlaqa, ailə dəyərlərinə sığmayan hərəkətləri nəticəsində əri vaxtından qabaq vəfat etmişdir. Zeynalova Sürəyya ərinə qoşularaq qaçıb ailə qurmuşdur. O bir müddət keçdikdən sonra ona yalvararaq guya atasına qulluq edəcəyini bildirərək mənzillərində ona yaşamağa icazə verməklərini xahiş etmişdir. O isə çox tərəddüd edəndən sonra ona mənzilə köçməyə icazə verdi. Həmin gündən də qara günləri başladı . O əri ilə bərabər hər gün bir bəhanə ilə evdə dava-dalaş salırdılar və bu da xəstə ərinə çox pis təsir edirdi. Həkim ərinə papirus çəkməyə icazə vermədiyi halda Sürəyyanın əri ona papiros çəkdirirdi və bu da onun ağır öskürəklərinə səbəb olurdu, çünki onun ciyərləri xəstə idi. Bundan başqa onlar kombini söndürür ərimi soyuq otaqda yatmağa məcbur edirdilər. O dəfələrlə onlara belə hərəkətlərini dayandırmağı tələb etsə də, onlar öz qərəzli hərəkətlərini davam etdirirdilər. Məqsədləri ərini öldürmək və onun əmlakını vərəsəlik qaydasında ələ keçirmək idi. Çünki qızı dəfələrlə ona yaşadıqları mənzildə onun payının olduğunu bildirirdi. Dediyi kimi, onu ərinə, bizə qarşı etdiyi hərəkətlərə son qoymağı tələb edirdi. O isə həmişə iddiaçı ilə dava salır, mənzildən pay istəyirdi. xx.xx.2025-ci il tarixdə Sürəyya Zeynalova və əri Zeynalov Məhəmməd onu xəstə ərinin gözünün qabağında çox pis döydülər, saçlarımı yoldular. Bundan sonra ərinin vəziyyəti pisləşdi, və o xx.xx.2025-ci il tarixdə vəfat etdi. Əri vəfat etməmişdən əvvəl o Sabunçu rayon icra hakimiyyətinin qəyyumluq və himəyadarlıq komissiyasına müraciət edərək onun qəyyumluğunun ona verilməsini xahiş etmişdi. Bu barədə ərizə və lazımi sənədləri də təqdim etmişdi. Eyni zamanda əri ona baş etibarnamə verərək onun bütün əmlakını onun adından idarə etməyi tapşırmışdı. Qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə Sürəyya və əri ona xəstə ərinin gözünün qabağında çox pis döymüşlər, saçlarını yolmuşlar. O, DİN-nin 102 xidmətinə zəng etmişdi. Sonra Sabunçu rayon polis idarəsinin 14-cü bölməsindən gələrək ondan izahat almışlar. Onu ekspertizaya göndərmişlər. Zeynalova Sürəyya barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati iş başlanılmış və inzibati iş Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Zeynalov Məhəmməd barəsində isə heç bir tədbir görülməmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-1509/2025 nömrəli qərardadı ilə iş tam araşdırılmadığı üçün yenidən araşdırılması üçün Sabunçu rayon 14-cü polis bölməsinə qaytarılmışdır. Beləliklə, qızı Sürəyya və əri yaşadığı mənzildən pay qoparmaq üçün atasının qərəzli şəkildə vaxtından qabaq ölümünə səbəb olmuşdur, daha doğrusu əri ilə əvvəlcədən onun xəstə olduğunu və edəcəkləri qanunsuz hərəkətlərə davam gətirməyərək öləcəyini bilərək qərəzli şəkildə onun vaxtından qabaq ölməsini planlaşdırmışlar. Daha sonra İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 998 saylı məhəllədə (indiki Nəsib bəy Yusifbəyli) yerləşən çoxmərtəbəli yaşayış binasının A blokunun beşinci mərtəbəsində yerləşən 70 kv.m.-lik sahəsi olan mənzilin birgə nikahda qazanılmış əmlak kimi ona verilməsi, həmin ünvanda yerleşən 50 kv.m.-dən ibarət olan mənzilin satılması, satışdan əldə edilən pul vəsaitinin X29, X26, X20 və cavabdeh Zeynalova Sürəyyanın arasında bölünməsi, X8 digər yaşayış və torpaq sahələrinə iddialarının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində X13 vəfat etmişdir. Əri xəstə idi. Lakin qızı X8 və onun əri X2 iddiaçı və cavabdehin yaşadıqları mənzillərində ona və ərinə qarşı etdiyi qanunsuz, heç bir əxlaqa, ailə dəyərlərinə sığmayan hərəkətləri nəticəsində əri vaxtından qabaq vəfat etmişdir. Məhkəmənin keçən hazırlıq iclasında cavabdehin vəkili əri Arifin adına olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi Subtropik sovxozunda, Binəqədi rayonu, Binəqədi qəsəbəsində və Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində olan mənzillər barədə məhkəməyə məlumat vermişdir. Cavabdehin vəkili Sabunçu rayonu, Maştağa qəsəbəsi Subtropik sovxozunda olan mənzilin yerləşdiyi torpağın güya cavabdehin pulu ilə alındığını və ona etibarnamə verdiyini bildirmişdir. X1 iddiaçıya baş etibarnamə verərək ona məxsus olan əmlakın idarə edilməsini və həmin əmlak barəsində sərəncam verilməsini ona tapşırmışdır. Ona məxsus olan əmlak isə Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 998 saylı məhəllədə (indiki Nəsib bəy Yusifbəyli) yerləşən və yaşayış sahəsi 54 kv.m. ümumi sahəsi 110 kv.m-dən ibarət olan yaşayış sahəsi olmuşdur. Həmin yaşayış sahəsi Daşınmaz əmlakın dövlət reysterində qeydə alınmış və ərinin adından çıxarış verilmişdir. Həmin əmlak və həmin əmlakın yerləşdiyi həyətyanı sahəsi X19 ilə birgə nikahları dövründə əldə edilmişdir. Bundan başqa iddiaçının oğlu X29 öz ailəsi və uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. X13 mülkiyyətində olan 110 kv.m. mənzili xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK tikinti şirkətinə vermiş və əvəzində "xxxx" MTK Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi 998 saylı məhəllədə (indiki Nəsib bəy Yusifbəyli) yerləşən ünvanda tikdiyi binanın A blokundan onlara yaşayış sahəsi vermişdir. Həmin yaşayış sahəsi bir otaqlı 43.3 kv.m., iki otaqlı 50 kv.m. və üç otaqlı 70 kv.m olmaqla üç mənzildən ibarət olmuşdur. 70 kv.m. olan mənzildə oğlu X29 öz ailəsi ilə birlikdə yaşayır. 2018-ci ildə X29 ilə "xxxx" MTK arasında xx.xx.2017-ci il tarixli müqaviləyə dəyişiklik edilərək yeni müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 43.3 kv.m. mənzil MTK tərəfindən 60000 manat satılmışdır. Onlara 45000 manat pul verilmişdir. Qalan 15000 manat pula "xxxx" MTK iki otaqlı 50 kv.m. və üç otaqlı 70 kv.m. mənzilləri təmir etmişdir. Onlara verilmiş 45000 manatın 15000 manatına hər iki mebelə mənzillər və başqa əşyalar alınmışdır. Həmin puldan 30000 manat qalmışdır. Bundan başqa "xxxx" MTK tərəfindən onlara əlavə kvadratmetrə görə 26000 manat pul verilmişdir. Kirayə haqqı olaraq 24000 manat pul verilmişdir. Yuxarıda qeyd olunan 30000 manat pulla toplandıqda 80000 manat edir. Həmin puldan iddiaçı və əri hərəsi 10000 manat, cəmi 20000 manat ölüm halları üçün pul götürmüşdürlər. Qalan 60000 manatdan 10000 manatı ərinin müalicəsinə sərf edilmişdir. Çünki o, 2014-cü ildə avariyaya düşüb 1 saylı kliniki Tibbi Mərkəzində ağır müalicə almış, sonra isə xərçəng xəstəliyinə tutulmuş, 2025-ci ilin 30 iyuluna kimi müalicədə olmuşdur. Həmin puldan qalan 50000 manat isə Sabunçu rayonu, Maştağa qəsəbəsi Subtropik sovxozunda yerləşən torpaq sahəsində olan mənzilin tikintisinə xərclənmişdir. Sabunçu rayonu, Maştağa qəsəbəsi Subtropik sovxozunda yerləşən torpaq sahəsi X3 etibarnamə əsasında alınmışdır. Həmin torpaq sahəsinin pulu isə qızı X27 tərəfindən ödənilmişdir. Həmin etibarnaməni onlar X9 adına o zaman evdə olduğuna görə yazdırmışdırlar. X5 həmin torpaq sahəsinin pulunu veribsə sübutları məhkəməyə təqdim etsin. Etibarnamə onun adına olmuş, lakin olun tərəfindən torpağın pulu ödənilməmişdir. Cavabdeh həmin torpaq sahəsi alınanda kollecdə işləyirdi və 2011-ci ildə ayda cəmi 115 (yüz on beş) manata yaxın maaş alırdı. O zaman həmin torpağın sotunun qiyməti 1500 manat idi və cəmi sot torpaq idi. Onun torpaq almaq üçün pulu yox idi. Çünki samsunga kredit ödəyirdi. Bundan başqa onun iş yerinin komendantının “Dəmirbankdan” aldığı kreditə zamin durmuş və həmin şəxs krediti ödəmədiyi üçün kredit Sürəyyanın maaşından tutulmuşdur. Cavabdehin vəkilinin və nümayəndəsinin dediyi üçüncü yaşayış sahəsi Binəqədi rayonunun Binəqədi qəsəbəsində yerləşir. Həmin yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi X12 adınadır və bu barədə bələdiyyə sənədi vardır. Mənzilin qazı X7 adınadır. Həmin torpağı X35 əri ilə birgə nikah dövründə almışdırlar. X35 2006-cı ildə ərə getmişdir. Həmin mənzilin və torpağın bizə heç bir aidiyyatı yoxdur və qızı və əri tərəfindən tikilmişdir. Bundan başqa cavabdehin vəkili və nümayəndəsi bildirmişdir ki, guya X14 atası xəstə yatarkən ona baxmışdır. Sürəyyanın özünə o və qızları o xəstə yatarkən baxmışlar. Beləki o üç dəfə xəstəxanada yatmışdır. Birinci dəfə təxminən 2010-2012-ci illər arası onu iş yerinin yaxınlığında yıxılmış və 1 saylı Tibbi kliniki mərkəzdə müalicə almışdır. İkinci dəfə kanalzasiya borusunda qaz partlamış və o yanıq xəsarətləri alaraq Respublika yanıq xəstəxanasında, üçüncü dəfə yenə yıxılaraq qıçı sınmış və yenə 1 saylı Tibbi kliniki mərkəzdə müalicə almışdır. Sonra müalicəsi evdə davam etmiş və ona qulluq etmişlər. Bundan başqa o kollecdə səhər saat doqquzdan axşam saat 6-ya kimi işləyirdi. O necə atasına qulluq edə bilərdi. Vəkili bu barədə sorğular vermişdir. Respublika yanıq xəstəxanası sorğulara cavab versə də, 1 saylı Tibbi kliniki mərkəz şəxsi məlumatlar olduğu üçün sorğulara cavab verməmişdir. Eyni zamanda kollecə cavabdehin iş saatları, gəlirləri barədə məlumat verilməsi üçün verdikləri sorğuya da cavab verilməmişdir. Cavabdehin xidməti yalnız evdə dava-dalaş salma, anasını döyüb polislərə, xəstəxanaya salmaq, bununla da atasının vaxtından.əvvəl ölümünə səbəb olmaqdan ibarət olmuşdur. Çünki o iddiaçıya yalvararaq güya atasına qulluq edəcəyini bildirərək mənzilində ona yaşamağa icazə verməyi xahiş etdi. O isə çox tərəddüd edəndən sonra ona mənzilə köçməyə icəzə verdi. Çünki xarakterini bilirdi. Həmin gündən də qara günləri başladı . O əri ilə bərabər hər gün bir bəhanə ilə evdə dava-daləş salırdılar və bu da xəstə ərinə çox pis təsir edirdi. Həkim ərinə papiros çəkməyə icazə vermədiyi halda Sürəyyanın əri ona papirus çəkdirirdi və bu da onun ağır öskürəklərinə səbəb olurdu. Bundan başqa onlar kombini söndürür ərini soyuq otaqda yatmağa mecbur edirdilər. O, dəfələrlə onlara belə hərəkətlərini dayandırmağı tələb etsə də, onlar öz qərəzli hərəkətlərini davam etdirirdilər. Məqsədləri ərini öldürmək və onun əmlakını vərəsəlik qaydasında ələ keçirmək idi. xx.xx.2025-ci il tarixdə Sürəyya Zeynalova ve əri Zeynalov Məhəmməd onu xəstə ərinin gözünün qabağında çox pis döydülər, saçlarını yoldular. Bundan sonra ərinin vəziyyəti pisləşdi, və o xx.xx.2025-ci il tarixdə vəfat etdi. O, DİN-nin 102 xidmətinə zəng etmişdir. Sonra Sabunçu rayon polis idarəsinin 14-cü bölməsindən gələrək ondan izahat almışlar. Onu ekspertizaya göndərmişlər. Zeynalova Süreyya barəsinde AR İXM-nin 157-ci maddəsi ilə inzibati iş başlanılmış və inzibati iş Sabunçu rayan məhkəməsinə göndərilmişdir. Zeynalov Məhəmməd barəsində isə heç bir tədbir görülməmişdir. Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-1509/2025 nömrəli qərardadı ilə iş tam araşdırılmadığı və ona yüngül cəza verildiyi üçün yenidən araşdırılması üçün Sabunçu rayon polis idarəsinə qaytarılmışdır. Onlar dəfələrlə Sabunçu rayon polis idarəsinə, eyni zamanda Sabunçu rayon prokurorluğuna müraciət edərək araşdırmanın nəticəsi barədə məlumat vermələrini xəhiş etsə də bu günə kimi onlara cavab verilməmişdir. Hətta vəkili verdiyi sorğulara da bu günə kimi cavab verilməmişdir. Qeyd etdiyi kimi əvvəlki iddia ərizəsində iddia tələbini "cavabdehin ləyaqətsiz vərəsə hesab edilərək miras əmlaka vərəsəlik hüququndan məhrum edilməsinə dair" kimi qoymuşdu. b) iddiaya etiraz: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsi barədə qətnamə əbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək iddianın rədd edilməsi barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 34-cü maddəsində ər ilə arvadın ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malik olduqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 178.1-178.2-ci maddələrinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1-ci maddəsnə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 31.1-31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; 36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir; 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilə bilməz. Məhkəmə iş materiallarını araşdıraraq ilk növbədə qeyd edir ki, iddiaçının tələbləri konkret daşınmaz əmlaklar üzərində hüquqların müəyyən edilməsi və onların bölüşdürülməsi ilə bağlıdır. Bu baxımdan mübahisənin düzgün həlli üçün ilkin və əsas məsələ həmin əmlakların hüquqi mənsubiyyətinin etibarlı sübutlarla təsdiq olunmasıdır. İş materiallarında "xxxx" MTK ilə mərhum X19 arasında bağlanmış müxtəlif tarixli müqavilələr mövcuddur. Həmin müqavilələrdə sökülmüş fərdi evin əvəzində mənzillərin verilməsi, kompensasiya ödənişləri və digər şərtlər nəzərdə tutulmuşdur. Lakin təqdim edilmiş sənədlər yalnız tərəflər arasında öhdəlik münasibətlərinin mövcudluğunu göstərir. Hazırda İddiaçı tərəfindən mübahisələndirilən 70 kv.m və 50 kv.m sahəli mənzillər üzrə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilməmişdir. Yəni həmin əmlakların faktiki olaraq onun mülkiyyətində olmasını təsdiq edən əsas hüquq müəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Təkcə müqavilə münasibətlərinin mövcudluğu mülkiyyət hüququnun yaranmasını və dövlət qeydiyyatından keçməsini avtomatik şəkildə təsdiq etmir. Bu səbəbdən, iddiaçının tələbinin əsasını təşkil edən əmlakların konkret olaraq mərhumun mülkiyyətində olmasını şübhəsiz şəkildə təsdiq edən sübutlar iş materiallarında mövcud deyildir. Mülkiyyət hüququnun mövcudluğu sübuta yetirilmədən isə həmin əmlakın bölüşdürülməsi və ya hər hansı şəxsə verilməsi barədə qərar qəbul edilməsi mümkün deyil. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hətta mübahisəli mənzillərin mərhumun mülkiyyətində olması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq edilsə belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, mərhumun vəfatı ilə həmin əmlak, əgər onun mülkiyyətində olmuşdursa, miras kütləsinə daxil olmuşdur. Mərhumun ölümü hüquqi fakt kimi mirasın açılmasına səbəb olmuş və bu andan etibarən həmin əmlak üzərində hüquqlar vərəsəlik münasibətləri çərçivəsində müəyyən edilməlidir. İddiaçı bir tərəfdən mübahisəli əmlakın birgə nikah dövründə əldə olunduğunu göstərərək onun tam şəkildə özünə verilməsini tələb edir, digər tərəfdən isə həmin əmlakın bir hissəsinin satılaraq uşaqlar arasında bölünməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, miras açıldıqdan sonra mərhumun payı ayrıca mülkiyyət obyekti kimi deyil, miras kütləsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bu halda əvvəlcə miras kütləsinin həcmi, tərkibi və hər bir vərəsənin payı müəyyən edilməli, yalnız bundan sonra konkret əmlakın bölüşdürülməsi məsələsinə hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı miras hüquqlarının müəyyən edilməsi, payların hesablanması və vərəsələrin hüquqi statusunun dəqiqləşdirilməsi barədə ayrıca və konkret tələb irəli sürmədən birbaşa daşınmaz əmlakın tam şəkildə ona verilməsini tələb etmişdir. Bu yanaşma mövcud hüquqi mexanizmə uyğun deyil və miras münasibətlərinin mərhələliliyini pozur. Bundan əlavə, iş üzrə digər birinci növbə vərəsələr müstəqil cavabdeh qismində prosesə cəlb edilməmişdir. Halbuki mübahisələndirilən əmlak miras kütləsinə daxil olduğundan və iddiaçının tələbləri həmin əmlakın bölüşdürülməsinə yönəldiyindən, qəbul ediləcək hər hansı qərar digər vərəsələrin pay hüquqlarına birbaşa təsir göstərəcəkdir. Hüquqları təsir altına düşən şəxslərin iştirakı təmin edilmədən onların əmlak hüquqları barədə qərar qəbul edilməsi mümkün deyildir. Bu hal özü-özlüyündə iddianın təmin edilməsini istisna edir. Məhkəmə qeyd edir ki, cavabdeh qismində yalnız X8 göstərilməsi də mübahisənin düzgün subyektiv tərkibdə baxılmadığını göstərir. İddiaçı özü də qeyd edir ki, mübahisələndirilən daşınmaz əmlak cavabdehin adına deyil, mərhumun adına rəsmiləşdirilmişdir. Cavabdehin həmin əmlak üzərində müstəqil və fərdi mülkiyyət hüququnun mövcudluğu sübuta yetirilməmişdir. Bu halda cavabdehin təkbaşına mübahisə predmeti üzrə məsul şəxs kimi çıxış etməsi üçün hüquqi əsas müəyyən edilmir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, 50 kv.m sahəli mənzilin satılması və vəsaitin bölüşdürülməsi barədə tələb də hüquqi baxımdan əsaslandırılmamışdır. Miras əmlakının məcburi qaydada satılması yalnız müvafiq hüquqi prosedur çərçivəsində, paylar müəyyən edildikdən və naturada bölünmənin mümkün olub-olmaması araşdırıldıqdan sonra mümkündür. Hazırkı işdə isə belə ilkin hüquqi şərtlər mövcud deyildir. İddiçının cavabdehin digər yaşayış və torpaq sahələrinə dair iddialarının rədd edilməsi barədə tələbə gəldikdə isə, iş materiallarında cavabdeh tərəfindən həmin əmlaklara dair ayrıca hüquqi tələb irəli sürülməsi faktı müəyyən edilməmişdir. Məhkəmə mövcud olmayan və ya ehtimal xarakterli mübahisə üzrə qabaqcadan hüquqi qiymət verə bilməz. Məhkəmə müdafiəsi yalnız real və konkret hüquq pozuntusu mövcud olduqda mümkündür. İddiaçı nikah münasibətlərinə istinad etsə də, nikahın hüquqi fakt kimi mövcudluğu və mübahisəli əmlakın konkret olaraq birgə mülkiyyət rejimində formalaşması məsələsi belə qəbul edildiyi halda belə, mərhumun vəfatı ilə onun payı miras kütləsinə daxil olmuş və həmin pay üzərində sərəncam hüququ artıq miras münasibətləri çərçivəsində müəyyən edilməlidir. Bu isə iddiaçının tələb etdiyi formada birbaşa və müstəsna mülkiyyət hüququnun tanınmasını hüquqi baxımdan mümkünsüz edir. Beləliklə, iddiaçı tərəfindən mübahisənin predmeti və subyektiv tərkibi düzgün müəyyən edilməmiş, tələblər isə sübutlarla təsdiq edilməmişdir. Beləliklə məhkəmə sübutların məcmu qiymətləndirilməsi nəticəsində hesab edir ki, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində X18 və X29 cəlb edilməklə) "payların müəyyən edilməsi və sair" tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs qismində X18 və X29 cəlb edilməklə) "payların müəyyən edilməsi və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar