Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4650/2024 28.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı "notariusun icra qeydinin ləğv edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı "notariusun icra qeydinin ləğv edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddət əvvəl icra məmuru tərəfindən İddiaçı ilə əlaqə saxlanılaraq, onun Cavabdeh1 MMC-yə 3323 manat 40 qəpik borcunun olması barədə Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İcra Qeydinin mövcud olduğu bildirilmişdir. Lakin bildirmək istəyir ki, onun Cavabdeh1 MMC-yə hər hansı bir məbləğdə borcu yoxdur. Ona görə də tərəfindən ona müvafiq hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillə müqavilə bağlanılmışdır. Bundan sonra mübahisənin mediasiya vasitəsilə həll edilməsindən ötrü hazırkı iş üzrə cavabdehlərə təklif göndərilmiş, daha sonra isə müvafiq mediasiya təşkilatına müraciət edilmişdir. Lakin mübahisənin mediasiya vasitəsilə həll edilməsi mümkün olmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Yeri gəlmişkən, vəkili tərəfindən Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 müvafiq sorğu ilə müraciət edilərək, barəsində olan 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin, həmçinin həmin icra qeydinin verilməsi üçün əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin onlara təqdim edilməsinin təmin edilməsi xahiş edilsə də, həmin sənədlər onlara təqdim edilməmişdir. Odur ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin və həmin icra qeydinin verilməsi üçün əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin cavabdeh 25 saylı Notariat Ofisinin xüsusi notariusu X2 tələb edilməsi məhkəmədən xahiş edilir. Həmçinin, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8İ4586 nömrəli, xx.xx.2023cü il tarixli icra qeydindəki borc məbləği həqiqəti əks etdirmədiyindən, onun Cavabdeh1 MMC-yə hər hansı bir borcu olmadığından, 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi ləğv edilməli və Cavabdeh1 MMC-yə olan borcu silinməlidir. Qeyd edilənlərə əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Qeydinin ləğv edilməsinə və Cavabdeh1 MMC-yə olan 3323 manat 40 qəpik borcunun silinməsinə dair qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 8İ-4586 nömrəli, xx.xx.2023-cü il tarixli İcra Qeydinin ləğv edilməsinə və Cavabdeh1 MMC-yə olan 3323 manat 40 qəpik borcunun silinməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-706/2024 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X3 qarşı "notariusun icra qeydinin ləğv edilməsi və borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yazılı vəsatətlə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər isə məhkəmə iclasına gəlməmişlər və bunun səbəblərini məhkəməyə bildirməmişlər. 6.Məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı abunə müqaviləsinə əsasən Cavabdeh1 siyahısı bu Müqaviləyə 2 saylı Qoşmada müəyyən edilən Nömrəni (Nömrələri) 1 saylı Qoşmada nəzərdə tutulmuş Tariflər ilə təmin etməyi, açıq rabitə xətti ayırmağı və Xidmətlərin göstərilməsini Abunəçiyə təmin etməyi, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq Tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öz öhdələrinə götürmüşlər. Daha sonra Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən 23 iyun 2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydinə əsasən Cavabdeh1 MMC-nin xeyrinə İddiaçı ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3298 manat 43 qəpik, həmçinin tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 3323 manat 43 qəpik pulun tutulması nəzərdə tutulmuşdur. Hazırda İddiaçı onun tərəfindən qeyd edilən müqavilənin bağlanmadığını, onun Cavabdeh1 MMC-yə borcunun olmadığını iddia edərək, 23 iyun 2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydinin ləğv edilməsini və Cavabdeh1 MMC-yə olan 3323.40 manat məbləğində borcunun silinməsini tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı abunə müqaviləsindən görünür ki, Cavabdeh1 siyahısı bu Müqaviləyə 2 saylı Qoşmada müəyyən edilən Nömrəni (Nömrələri) 1 saylı Qoşmada nəzərdə tutulmuş Tariflər ilə təmin edir, açıq rabitə xətti ayırır və Xidmətlərin göstərilməsini Abunəçiyə təmin edir, Abunəçi isə öz növbəsində bu müqavilədə və müvafiq Tariflər üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə edir və Xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirir. 10.Mülki işin materiallarında olan AZF-SL/2019/1411 saylı abunə müqaviləsinə 3 saylı Qoşma Təhvil-təslim aktından görünür ki, “Təhvil verən” adlanan Elnur Səfərov, digər tərəfdən “Təhvil alan” adlanan İddiaçı bu aktı imzalamaqla təsdiq edirlər ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında imzalanan 20 may 2019-cu il tarixli, AZF-SL/2019/1411 saylıabunə müqaviləsinin şərtlərinə uyğun olaraq, təhvil verən 070/077 prefiksli olan 34 ədəd biznes 14 və 28 ədəd biznes 8 Tariflərində Nar GSM nömrələrini Təhvil alanın istifadəsinə verir. 11.Mülki işin materiallarında olan Cavabdeh1 MMC tərəfindən İddiaçı ünvanlanan 18 aprel 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı tərəfindən abunə müqaviləsinin şərtləri pozulmuş, göstərilmiş rabitə xidmətlərinə görə yaranmış borclar ödənilməmişdir. Hazırda abunəçinin Cavabdeh1 MMC-yə Müqaviləyə əsasən ödənilməmiş 3.300,12 manat məbləğində borcu qalmışdır. Odur ki, qarşı tərəfdən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi, yaranmış borcu hazırki pretenziya məktubunu aldıqdan sonra 10 iş günü müddətində Cavabdeh1 MMC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə həmin məbləğin, müvafiq faizlərin və məhkəmə xərclərinin tutulması ilə bağlı tərəflərindən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 12.Mülki işin materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilən 23 iyun 2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydindən görünür ki, Cavabdeh1 MMC-nin xeyrinə İddiaçı ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3298 manat 43 qəpik tutulmalıdır. Bundan əlavə, təklif edilir ki, borclu İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 3323 manat 43 qəpik pul tutulsun. 13.Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2024-cü il tarixli, 4/484 nömrəli Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 45-52-ci vərəqlərində Cavabdeh1 MMC ilə İddiaçı adlarından olan xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı Abunə Müqaviləsinin sonuncu vərəqində “Abunəçinin adından: İddiaçı” qrafasındakı imza, 53-cü vərəqində olan xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı Abunə Müqaviləsinə 1 saylı Qoşmada (Xidmətlər və Tariflər), 54-56-cı vərəqələrində olan xx.xx.2019-cu il tarixli, AZF- SL/2019/1411 saylı Abunə Müqaviləsinə 2 saylı qoşmada (Nömrələr Fərdi qaydada ödənilən Nömrələr), 57-ci vərəqində olan xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı Abunə Müqaviləsinə 3 saylı qoşmada (Təhvil-Təslim aktı) “Abunəçinin adından: İddiaçı” qrafalarındakı imzalar-İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 14.Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, ilk növbədə məhkəmə tərəfindən tərəflər arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı Abunə Müqaviləsinin etibarlı olub-olmamasına hüquqi qiymət verilməlidir. Belə ki, iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilir və iddiaçı iddia edir ki, icra qeydinin verilməsinin əsasında duran həmin müqavilə onun tərəfindən bağlanılmamışdır. 15.Bununla bağlı məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 17.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 18.Məhkəmə qeyd edir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər olmalıdır. Əqdi mübahisələndirən şəxsin iradə ifadəsini digər tərəfə bildirməsi baxımından qanunda hər hansı məcburi forma nəzərdə tutulmadığına görə, əqdin mübahisələndirilməsi bununla bağlı iradə ifadəsinin istənilən formada digər tərəfə bildirilməsi yolu ilə həyata keçirilə bilər. 19.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. 20.“N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). 21.Hazırki iş üzrə işin müəyyən edilən hallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı Abunə Müqaviləsi etibarsız müqavilə olmuşdur. Belə ki, iş materiallarında olan sənədlərdən iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı abunə müqaviləsinin bağlandığı görünsə də, iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirildiyi üçün məhkəmə tərəfindən müvafiq qərardad əsasında həmin müqavilədə olan iddiaçıya məxsus imzanın həqiqətən də iddiaçıya məxsus olub-olmaması məsələsinin aydınlaşdırılması məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyun 2024-cü il tarixli, 4/484 nömrəli Ekspert rəyi əsasında isə müəyyən edilmişdir ki, həqiqətən də mübahisələndirilən müqavilədəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Buradan da göründüyü kimi Cavabdeh1 MMC ilə bağlanan xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı abunə müqaviləsi iddiaçının iştirakı və iradə ifadəsi olmadan, iddiaçının adından onun yerinə imza atılmaqla bağlanmışdır və iddiaçının belə bir müqavilənin mövcudluğundan yalnız icra qeydi verildikdən sonra məlumatı olmuşdur. 22.Beləliklə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydinin verilməsinin əsasında duran xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı abunə müqaviləsi Cavabdeh1 MMC tərəfindən mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlandığı üçün etibarsız hesab edilməlidir. 23.Bundan sonra məhkəmə iddiaçının xx.xx.2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydinin ləğv edilməsinə dair tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə tələb əsaslı hesab edilməklə təmin edilməlidir. 24.Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 25.Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydinin verilməsinin əsasında duran xx.xx.2019-cu il tarixli, AZF- SL/2019/1411 saylı abunə müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyindən və həmin etibarsız müqavilə əsasında da icra qeydi əsasında da borcun tutulması əsassız və qanunsuz olduğundan notarius tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, 8İ-4586 nömrəli icra qeydi ləğv edilməlidir. 26.Həmçinin, iddia tələbi iddiaçının Cavabdeh1 MMC-yə olan 3323.40 manat məbləğində borcun silinməsi hissəsində də əsaslı hesab edilməklə təmin edilməlidir. Belə ki, həmin hissə ilkin hissə ilə bağlı olduğundan, yəni ümumiyyətlə tərəflər arasında bağlanmış müqavilə mövcud olmadığından iddiaçının adına yazılan borc məbləği də əsassız hesab edilməklə silinməlidir. 27.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, bütövlükdə iddia tələbi təmin edilməli, İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZF-SL/2019/1411 saylı abunə müqaviləsi etibarsız hesab edilməli, cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, 8İ-4586 reyestr №-li icra qeydi ləğv edilməli və iddiaçının adına Cavabdeh1 MMC tərəfindən əsassız olaraq yazılan 3323.40 manat borc silinməlidir. 28.Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 29.Hazırki iş üzrə iddia tələbi tam şəkildə təmin edildiyi üçün aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 32.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 33.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AZF- SL/2019/1411 saylı abunə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən aparılmış xx.xx.2023-cü il tarixli, 8İ-4586 reyestr №-li icra qeydi ləğv edilsin və iddiaçının adına Cavabdeh1 MMC tərəfindən əsassız olaraq yazılan 3323.40 manat borc Cavabdeh1 MMC tərəfindən silinsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4650/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4650/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver