Məhkəmə qərarları › İş №e-2(006)-4660/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4660/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4660/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı X2 Cavabdeh MMC-yə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X5 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2021-cü ilin oktyabr ayından hesablanmaqla, məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər aya görə 800 manat pul vəsaiti, həmin vəsaitin tam məbləğinə hesablanmış illik 5 faiz vəsaiti, əlavə olaraq vəsaitin tam məbləğinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz vəsaitinin tutulması, iddiaçının ödədiyi dövlət rüsumu, habelə vəkil xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi ilə cavabdeh təşkilat arasında bağlanılmış 07 dekabr 2018-ci il tarixli müqaviləyə əsasən ərizəçi, ona məxsus ümumi sahəsi 40 kv. m, faktiki sahəsi 58,53 kv. m olan iki otaqlı mənzili (ünvanı: ünvan 1 bunun müqabilində ərizəçinin mülkiyyətinə yeni inşa edilən binanın A blokunun 8-ci mərtəbəsində 59,40 kv.m sahəli iki otaqlı təmirli mənzil təhvil verilməsi öhdəliyi götürmüşdür. Müqavilənin 2.2.5-cü bəndinə əsasən cavabdeh yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq nəzərdə tutulmuş mənzili ərizəçiyə verməli idi. Binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulmuşdur. Yəni müqavilə şərtlərinə görə bina uzağı 2021-ci ilin oktyabrında hazır olmalı, cavabdeh müqavilədə ərizəçi üçün nəzərdə tutulmuş mənzili təhvil verməli idi. Lakin binada hələ də işlər gedir, o hazır deyildir. Bu ilin avqustunda ərizəçi Azərbaycana gələrkən cavabdeh təşkilat onun üçün nəzərdə tutulmuş mənzili göstərib. Lakin, binanın nə lift, nə də başqa ümumi kommunikasiya qurğuları hazır olmayıb, mənzilin isə quru divarlarından savayı heç nə olmayıb. Beləliklə, cavabdeh daşınmaz əmlak barəsində üzərinə götürdüyü öhdəliyin icrasını bu günə artıq 35 aydır ki, yubadır. Müqavilə üzrə nəzərdə tutulmuş mənzil ərizəçiyə vaxtında, yəni 2021-ci ilin oktyabrında veriləcəyi təqdirdə ərizəçi həmin mənzili kirayə verə bilərdi. Müqavilə üzrə 18 ay müddətində kirayəyə görə kompensasiyanın verilməməsinin nəzərdə tutulması məhz onunla bağlı idi ki, ərizəçi mənzilin müqavilə ilə nəzərdə tutulmuş müddətdə hazır olacağı və onun mülkiyyətinə veriləcəyinə inanmışdı. Qiymətləndirmə sahəsində Azərbaycanda və onun sərhədlərindən uzaqlarda tanınmış "xxxx" MMC şirkətinin arayışına əsasən cavabdehin inşa etdiyi çoxmənzilli yaşayış binasının ərazisində yerləşən 2-otaqlı mənzillərin aylıq icarə bazar dəyəri 800 manat təşkil edir. Beləliklə, cavabdehin qanuna və müqaviləyə zidd davranışı nəticəsində ərizəçiyə artıq 28000 manat məbləğindən məhrum olub. Üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti öz sərəncamının icrasına tam nəzarət etmədiyindən, ərizəçinin hüquqları təmin olunmur. Daha sonra, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, cavabdehin üzərinə onunla iddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması, 2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər ay görə 800 manat, həmin vəsaitin tam məbləğində hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə hesablanmış Mərkəzi Bankın uçot dərəcəsinə bərabər hesablanmış faiz, ödənilmiş dövlət rüsumu, habelə vəkil xərclərinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı və cavabdeh arasında 07 dekabr 2018-ci il tarixində müqavilə bağlanılmışdır. Müqavilədən göründüyü kimi mənzilin sahəsi sənəd üzrə 40 kv.metr, faktiki sahə üzrə 58.53 kv.metr olmuşdur. Həmin mənzil iddiaçının atasına məxsus olmuşdur. Sökülmüş mənzil əvəzində tək İddiaçı yox, onun qardaşı Bəhmən Qəhramanova da mənzil verilmişdir. İddiaçının nümayəndəsi və vəkili müqavilənin 2.2.5-ci bəndinə istinad edərək bildirir ki, həmin bənddə binanın bünövrəsi 2019-cu ilin mart ayında qoyulmuşdur. Lakin, bu bənddə qeyd olunur ki, iddiaçıya mənzil binanin bünövrəsinin qoyulmasından 18 ay sonra təhvil veriləcəkdir. Məhkəmənin diqqətinə çatdırmaq istəmişdir ki, sözügedən binanin bünövrəsi 2019-cu ilin mart ayında deyil, 2021-ci ilin yanvar ayında qoyulmuşdur. Sonradan tikinti prosesində ləngiləmələr olmuşdur. İddiaçının nümayəndəsi və vəkili bildirir ki, iddiaçının kirayə haqqını tələb etməməsinin səbəbi o olmuşdur ki, iddiaçı ümid edirdi ki, nəzərdə tutulmuş müddət ərzində mənzil ona təhvil veriləcək. Kirayə haqqının verilməsinin müqavilədə nəzərdə tutulmasının səbəbi bu deyildir. Kirayə haqqının verilməməsinin səbəbi ondan ibarət idi ki, iddiaçıya məxsus olan yaşayış sahəsini faktiki sahəsini hesablamaqla və üzərinə 15% əlavə etməklə yeni tikiləcək binada mənzil verməli idilər. Lakin, göründüyü kimi faktiki sahəsi 58.53 kv.metr olan yaşayış sahəsinin sadəcə ½ hissəsi iddiaçıya məxsusdur. Hesabladıqda iddiaçıya verilən mənzil 59,40 kv.metr təşkil edir. İddiaçıya 2 qat artıq sahə verilmişdir. Bütün bu şərtlər iddiaçı ilə razılaşdırılmışdır. Həmin dövrdə mənzilin 1 kv.metr sahəsi 1500 manat, təmir pulu isə 300 manat təşkil edirdi. Hesablama aparıldıqda təxminən 40.000 manat üzərində iddiaçıya güzəşt olunmuşdur. Bina artıq tikilmişdir. 2025-ci ilin yanvar ayında iddiaçı mənzilini sərbəst şəkildə istifadə edə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbini etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi və digər nümayəndənin izahatına oxşar izahat verdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını və iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan podratçı Cavabdeh MMC ilə əmlak mülkiyyətçisi X5 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış qəzalı vəziyyətdə olan binanın mülkiyyətçisinin mənzilinin sökülməsi və yerində yeni mənzillə təmin edilməsi barədə müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 086 saylı qərarı ilə Nəsimi rayonun sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər siyahısında Nəsimi rayonu ərazisində yerləşən qəzalı binanın sökülərək yenidən qurulması sahəsində görüləcək quruculuq işlərinin təşkili sahəsində Nəsimi rayon icra hakimiyyətinin bu işlərə sifarişçi kimi rəhbərlik edilməsi məqsədi ilə cəlb etdiyi Cavabdeh MMC tikinti şirkəti ilə podrat münasibətləri müəyyən edilmişdir və həmin müqavilədən irəli gələn öhdəliklərə əsasən Nəsimi rayonu Azadlıq prospekti ,Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə Salatın Əsgərova küçəsi, ev 189-da 1 mərtəbəli evdə dövlət reyestrindən çıxarış üzrə 2 otaqlı ümumi sahəsi 40 kv.m faktiki sahəsi 58.53 kv.m sahəsi olan yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzilləri olduğu halda yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək tikiləcək yeni binada ½ payı verməklə A blokunda 8-ci mərtəbədə 59.4 kv.m uyğun 2 otaqlı təmirli mənzilin inşasını təmin edəcəyini, sifarişçi isə inşa edilmiş bu mənzili mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1.2-ci bəndində göstərilmişdir ki, yeni binanın mülkiyyətçilərinə aid hissəsinin tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün kirayə haqqını tələb etmək mülkiyyətçinin hüquq və vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 18 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə təmirli mənzili təhvil vermək podratçının hüquq və vəzifələrinə aid edilmişdir. İş materiallarında olan texniki inventarlaşdırma və mülkiyyət hüqularınn qeydiyyatı idarəsi tərəfidnən xx.xx.1998-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 189 saylı ev X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədə göstərilmişdir ki, şirkət tərəfindən Nəsimi rayonu Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə sökülərək yenidən tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığını, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icrəyə verilməsi üçün müqavilələrin imzalanması hazırki müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən köçürülən sakinlərə aid tikinti sahəsinin inşası başa çatdığı müddət ərzində hər ayın birinci həftəsi ərzində 1 otaqlı mənzillər üçün ayda 250 manat, 2 otaqlı mənzillər üçün ayda 300 manat, 3 otaqlı mənzillər üçün ayda 350 manat, 4 otaqlı mənzillər üçün ayda 400 manat, 5 otaqlı mənzillər üçün ayda 450 manat ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə PashaPay vasitəsi ilə X5 tərəfindən Vəkil1 1000 manat ödənilmişdir. İş materiallarında olan MBA LTD MMC qiymətləndirmə şirkətinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Mikayıl Rəfili, Süleyman Rüstəm və Salatın Əsgərova küçələrinin əhatə etdiyi ərazidə 8-ci mərtəbədə 59.40 kv.m sahəyə malik 2 otaqlı təmirli mənzilin orta aylıq icarə dəyəri 800 manat təşkil edir. İş materialalrından görünür ki, iddia verilərkən iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk öncə iddianın “xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, müqavilə şərtlərini pozmuşdur. Odur ki, qeyd edilən hissədə iddia təmin edilməklə cavabdehin üzərinə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulmuş mənzilin təhvil verilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə iddia tələbinin “2021-ci ilin oktyabr ayından hesablanmaqla məhkəmə qətnaməsi tam icra olunanadək cavabdehdən iddiaçının xeyrinə hər ay görə 800 manat, həmin vəsaitin tam məbləğində hesablanmış illik 5 faiz vəsait, əlavə olaraq vəsaitin tam məbləğinə hesablanmış Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsinə bərabər hesablanmış faiz tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əldən çıxmış fayda dedikdə, hüquq pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edcəyi gəlir başa düşülür. Buna misal kimi, müqavilə üzrə öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində kreditorun əldə edə bilmədiyi gəlirlər əldən çıxmış fayda hesab edilə bilər. Bu zaman, belə əsasla tələb yönəlmiş tərəfin səhlənkarlığı, qüsurlu icrası, icra edilməməsi kimi hərəkətlərinin gəlir əldə etmək üzrə fəaliyyətin dayandırılması, davam etdirilməsinin mümkünsüzlüyü ilə səbəbli əlaqədə olması ilə şərtlənir. Əldən çıxmış faydanın tələb edilmə xüsusisyyəti isə əldə edilə bilinəcək faydanın real olması, yəni ehtimal əsasında deyil, faktiki hesablamalar əsasında aparıla bilinməsidir. Bunun üçün adi mülki dövriyyə şəraitində əvvəlki dövrün gəlirlərin hesablanmasının aparılması, qarşı tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmış xərclərin müəyyən edilməsi əhəmiyyət kəsb edir. İddiaçının 2021-ci ilin oktyabr ayından 800 manat pul tələb etməsinin əsasında cavabdehin mənzili ona vaxtında təhvil verəcəyi təqdirdə həmin əmlakı hər ay 800 manata kirayə verməklə gəlir əldə edəcəyi dəlilləri durmuşdur. Buna əsas olaraq qiymətləndirmənin nəticəsinə əsasən həmin ərazidə orta aylıq mənzillərin 800 manat olmasına dair arayış təqdim etmişdir. Məhkəmə qeyd edir ki, müqavilə şərtlərinə əsasən yeni binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərinin 18 ay müddətinə başa çatdırılmaqla mülkiyyətçiyə təmirli mənzilin təhvil verilməsi nəzərdə tutulmuşdur. Həmçinin mənzilin iddiaçıya vaxtında təhvil veriləcəyi təqdirdə onun 800 manat miqdarında icarə verilməklə qazanc əldə edəcəyi əldən çıxmış fayda kimi qiymətləndirilə bilməz. Belə ki, binada olan mənzilin təhvil verilmədiyi mübahisəsiz hal olmaqla bu halın digər sakinlərə də aid olması iclasda aparılan müzakirələrdən aydın olmuş, cavabdeh mənzillərin təhvil verilməsinə yeni başlanıldığını etiraf etmişdir. O cümlədən qeyd olunmalıdır ki, tərəflər arasında müqavilə bağlanarkən iddiaçıya həmin vaxt məxsus olan mənzilin kirayəyə verilməsinə dair hər hansı bir məlumat təqdim edilməmişdir. Hazırda mülkiyyətçiyə təhvil verilməsi nəzərdə tutulan mənzilin 800 manata kirayəyə veriləcəyi nəzəri hesablamalar əsasında müəyyən edilmiş, bu hal isə əldən çıxmış fayda kimi deyil, əldə edilməsi nəzərdə tutulan fayda kimi qiymətləndirilə bilər. Əldən çıxmış fayda isə qazanc əldə ediləcəyi ehtimalı ilə deyil, faktiki itkilərlə əsaslandırılmalıdır. Bu zaman qarşı tərəfin hərəkətləri (hərəkətsizliyi) nəticəsində itirilmiş faydanın statistik, maliyyə məlumatları müəyyən edilməlidir. Bundan əlavə, məhkəmə qanunvericiliyin aşağıda qeyd edilən tələblərini və formalaşmış hüquqi mövqeləri nəzərə alınmasını vacib hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixə olan dəyişiklərlə) Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə iddia tələbinə əsasən pulun ödənilməməsinə dair Mülki Məcəllənin 449-cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün müqavilə üzrə üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırması halının sübuta yetirilməsi tələb olunur. İş materiallarında isə cavabdeh tərəfindən belə qərəzli hərəkətlər edildiyinə dəlalət edən və mənzili özündə saxlamaqla faydalanması hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili keçən müddət ərzində mənzilin təhvil verilməməsi səbəbi ilə təmsil etdiyi şəxsin hüquqlarının pozulduğunu və həmin mənzildən yararlanmaq imkanının məhdudlaşmasını qeyd etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi mənzilin təhvil verilməməsinə əsas kimi tikinti prosesində ləngiləmələrin olmasını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, cavabdehin mənzili vaxtında təhvil verməməsini onun varlanmaq niyyətinin olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sora MPM) 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun və vəkil xərclərinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə bağlı iddiaçı tərəfindən 100.6 manat dövlət rüsumu ödənilmiş, buna görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 1000 manat ödəniş edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən edilməklə iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 1000 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-nın üzərinə Cavabdeh MMC ilə X5 arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilə üzrə təmirli mənzilin X3 təhvil verilməsi vəzifəsi qoyulsun. Cavabdeh MMC-dan ödənilmiş 100.6 manat dövlət rüsumunun və 1000 manat hüquqi xidmətlərə görə çəkilmiş xərcin əvəzi tutularaq X3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar