Məhkəmə qərarları › İş №e-2(006)-467/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-467/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-467/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilmiş pulun qaytarılması, dəbbə pulunun və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «ödənilmiş pulun qaytarılması, dəbbə pulunun və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh MMC-yə ödənilmiş olan 32.700 manat əsas məbləğin, müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyin gecikdirilməsinə görə 28.800 manat dəbbə pulunun, mənəvi zərər olaraq 1.000 manat, xərc olaraq çəkilmiş 2.212,40 manat olmaqla, toplamda 64.712,40 manat məbləğdə pulun və dövlət rüsumu olaraq ödənilmiş 284,14 manatın Cavabdeh MMC-dən tutulub ona ödənilməsi və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüyə malik 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarım tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən Cavabdeh MMC-yə ödənilmiş olan 32.700 manat əsas məbləğin, müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyin gecikdirilməsinə görə 57.600 manat dəbbə pulunun, mənəvi zərər olaraq 10.000 manat, xərc olaraq çəkilmiş 2.212,40 manat olmaqla, toplamda 102.512,40 manat məbləğdə pulun və dövlət rüsumu olaraq ödənilmiş 392,51 manatın Cavabdeh MMC-dən tutulub ona ödənilməsi və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüyə malik 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarım tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüyə malik 258/260-2904/2905 saylı bağ sahəsi onun mülkiyyətindədir. Cavabdeh MMC ilə aralarında bağlanmış olan xx.xx.2022-ci il tarixli 67 nömrəli Podrat müqaviləsinə əsasən mülkiyyətində olan həmin torpaq üzərində 104 m2 sahəyə malik, layihəyə uyğun keyfiyyətdə və şəkildə evi tikib ona təhvil verilməsini cavabdeh öhdəsinə götürmüşdür. Lakin onun tərəfindən müqavilə üzrə öhdəliklər vaxtında icra olunmasına baxmayaraq, cavabdeh tərəf müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, tikilidə ciddi nöqsanlara yol vermiş və tikintini başa çatdırmamışdır. Həmin nöqsanların araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM institutuna müraciət etmişdir. «Mülki və Sənaye Tikintisi» laboratoriyasında aparılmış ekspertiza nəticəsində betonun naturada möhkəmlik göstəricisinin normaya uyğun olmadığı aşkar olunmuşdur. Tikinti üzrə peşəkar mütəxəssislərlə məşvərət zamanı da, onlar həmin tikilinin inşasının bu şəkildə davam etdirilməsinin gələcəkdə bədbəxt hadisələrə səbəb ola biləcəyini söyləmişlər. xx.xx.2022-ci il tarixli 67 nömrəli Podrat müqaviləsinə 2 saylı Əlavədə nəzərdə tutulmuş öhdəliklərə görə cavabdeh tərəf evin inşasını xx.xx.2022-ci il tarixdə bitirməli və sifariş üzrə tam təhvil verməli idi. Hazırda isə onlar bu öhdəliklərini icra etməmişlər. Podrat Müqaviləsinə 2 saylı Əlavənin 6-cı bəndinə görə, gecikən hər gün üçün ümumi məbləğin 0,01 misli qədər dəbbə pulunu icraçı sifarişçiyə ödəməlidir. Hazırda isə podrat müqaviləsinə 2 saylı Əlavə ilə müəyyən edilmiş keyfiyyətdə tikinti materiallarından istifadə edilmədiyi aşikardır. Belə ki, 2 saylı Əlavədə betonun 350-M, armatur-12-lik (X6), pəncərənin material markası Türkiyə, sifarişin tam təhvili isə xx.xx.2022-ci il olaraq göstərilsə də, bu öhdəliklərin heç birinə əməl edilməmişdir. Hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərinə əməl etmədiyinə görə, ödədiyi 32.700 manat əsas məbləğ, öhdəliyin gecikdirilməsinə görə ((yarısı 60 gün * (48000*0.01 misli)) 28.800 manat dəbbə pulu ona ödənilməli və Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0.10 ha ölçüyə malik 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarım tikili cavabdehin hesabına sökülərək torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Bununla yanaşı, cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlərin onda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirmələri olub ki, bununla da sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkmişdir. Delikt mövcud olduğu halda, mənəvi zərər ona mütənasib olaraq yaranmış olur. Hesab edir ki, mənəvi zərər olaraq cavabdehdən 1.000 manat onun xeyrinə tutulmalıdır. Eyni zamanda, nöqsanların araşdırılması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM institutuna ödənilmiş 212,40 manat və vəkil xərci olaraq ödədiyi 2.000 manat cavabdehdən onun xeyrinə tutulmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin qanuni təmsilçisi X3 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının qaldırdığı iddia düzdür, lakin iddiaçıya vurulmuş ziyan onlar tərəfindən deyil, beton zavodu tərəfindən vurulmuşdur. Belə ki, ziyan onlar tərəfindən verilmiş keyfiyyətsiz beton nəticəsində dəymişdir. İddia ərizəsini qismən qəbul edir. İddia ərizəsini əsas borc hissəsində qəbul etmir. İddia ərizəsini dəbbə pulu hissəsində qismən qəbul edir. FHN-ə ödənilmiş rüsumun onlardan tələb edilməsinə dair hissədə iddianı qəbul edir, lakin digər hissədə qəbul etmir. İddia ərizəsini Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüyə malik 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarım tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində qəbul etmir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında mütəxəssis qismində iştirak etmiş X2 bildirmişdir ki, o, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi S.Ə.Dadaşov adına ETLKİM İnstitunun kiçik elmi işçisidir. Hazırda işlədiyi mərkəzdə ekspertiza həyata keçirilir. Verdikləri rəyi müdafiə etdiyini bildirərək əlavə olaraq onu da qeyd etmişdir ki, normal tikili aparılarkən beton markası ən azı 300 marka olmalıdır. Hazırda mübahisəli bağ sahəsinin tikilisi üzrə aparılan “beton möhkəmlik göstəricisi”nə dair rəydən görünür ki, betonun markası mərtəbələr üzrə 12,5-15 arası dəyişir. Bu da 150-220 (və yaxud 250) markalı beton deməkdir. Beton markasının aşağı olmasının bir neçə səbəbi ola bilər. Birincisi - su, sement nisbətinin pozulması, ikincisi - düzgün vibrasiya edilməməsi, üçüncüsü - betonun isti hava şəraitində (yəni 35 dərəcədən yuxarı) tökülməsi ola bilər. Hazırki tikilinin üzərində tikinti işlərinin aparılmasının təhlükəli olub-olmamasını konstruktor müəyyən edə bilər. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 23 may 2022-ci il tarixli 67 saylı podrat müqaviləsindən görünür ki, icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində ev tikintisi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada 104 m2 ev tikinti işlərinin aparılmasını öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən görüləcək işlərin qarşılığında 48.000 manat məbləğ ödənilməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin həcmi bu Müqaviləyə əlavə edilən əlavə razılaşma sənədi ilə tənzimlənir. Müqavilənin digər bəndlərində xidmətlərin göstərilmə qaydası (işlərin icrası), tərəflərin öhdəlikləri, hesablaşma qaydası, müqavilənin müddəti, tərəflərin məsuliyyətləri, fors-major hallar, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi və xitam verilməsi şərtləri, mübahisələrin həll edilməsi qaydası və yekun müddəalar təsbit olunmuşdur. Podrat müqaviləsinə 1 saylı Əlavədən görünür ki, icraçı tərəfindən görüləcək işlərin siyahısı müfəssəl şəkildə təsbit olunmuşdur. 1 saylı Əlavədə bünövrə, habelə mərtəbə üzrə monolit beton örtüyünün 350 marka olması xüsusilə vurğulanmışdır. 1 saylı Əlavənin qeydində göstərilir ki, tikintiyə 20 il, istifadə edilən materialların keyfiyyətinə isə 10 il müddətində zəmanət verilir. Tikintinin aparılma müddəti 30 iş günü nəzərdə tutulur. Podrat müqaviləsinə 2 saylı Əlavədən görünür ki, qarşılıqlı razılaşma yolu ilə görüləcək işlərin siyahısına digər bəndlər əlavə olunmuşdur. Əlavədə sifarişin tam təhvilinin xx.xx.2022-ci il olaraq müəyyən edilməsi, habelə müəyyən olunmuş tarixdən keçən hər gün üçün qeyd olunmuş məbləğin (48.000 manat) 0,01 misli qədər icraçının dəbbə pulu ödəməsi, eləcə də beton örtüyünün 350 marka olması və s. qeyd edilmişdir. Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 may 2022-ci il tarixdə 5.100 manat, 27 may 2022-ci il tarixdə 6.800 manat, 16 iyun 2022-ci il tarixdə 2.600 manat, 15 iyul 2022-ci il tarixdə 6.400 manat, 18 iyul 2022-ci il tarixdə 4.000 manat, 25 iyul 2022-ci il tarixdə 3.000 manat, 01 avqust 2022-ci il tarixdə 4.800 manat ödəniş edilmişdir. Cəmi ödənilən məbləğ 32.700 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyəti ərazi idarəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi 258/260-2904/2905 saylı 0,10 hektar bağ sahəsi (torpaq sahəsi) xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM institutu (“Mülki və Sənaye Tikintisi” laboratoriyası) tərəfindən verilmiş, iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin özülünün və 1-ci mərtəbəsinin naturada yoxlanılmış betonun möhkəmlik göstəricisi cədvəlindən görünür ki, betonun naturada möhkəmlik göstəricisi xx.xx.2022-ci il tarixdə naturada “NDT” beton yoxlama çəkici ilə hər bir yoxlama sahəsində 9 zərbə ilə təyin edilmişdir. Yoxlama sınaq işlərindən əvvəl çəkicin zindanda göstəricisi 80 olmuşdur. Nəticələr cədvəldə qeyd olunmuşdur. Binanın özülünün betonlanması 03 iyun 2022-ci il tarixdə, 1-ci mərtəbəsinin betonlanması 01 avqust 2022-ci il tarixdə yerinə yetirilmişdir. Yoxlama zamanı özülün betonunun bərkimə müddəti 87 gün, 1-ci mərtəbənin bərkimə müddəti isə 30 gün olmuşdur. Layihə sənədi olmadığından betonun möhkəmlik göstəricisinin qiymətləndirilməsi aparılmamışdır. Təqdim olunmuş digər sənədlərdən göründüyü kimi, hər beton markasının möhkəmlik dərəcəsi, yükgötürmə qabiliyyəti və s. fərqlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Mülki Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evində istifadə olunan betonun möhkəmlik göstəricisi podrat müqaviləsinə əlavədə təsbit olunmuş beton markasına uyğun deyil. Cavabdeh tərəfindən podrat müqaviləsinin, həmin müqavilənin tərkib hissəsi hesab edilən əlavələrin şərtləri pozulmuşdur. Habelə podrat müqaviləsinə 2 saylı Əlavədə qeyd olunmuş sifarişin tam təhvil verilməsi zamanı xx.xx.2022-ci il göstərilsə də, hələ də öhdəlik cavabdeh tərəfindən icra edilməyərək bağ sahəsi tərəflər arasında bağlanmış podrat müqaviləsinə və ona edilmiş Əlavələrə uyğun şəkildə tikilib təhvil verilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əlavə olaraq cavabdeh tərəfindən həmin bağ sahəsinin layihəyə uyğun tikilib-tikilməməsini müəyyən etmək üçün cavabdeh tərəfindən tikintiyə dair layihə sənədlərinin təqdim edilməsi üçün ona əlavə vaxt verilsə də (cavabdehin xahişi nəzərə alınaraq məhkəmə iclasları təxirə salınmışdır) lakin cavabdeh tərəfindən məhkəməyə hər hansı layihə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, bağ tikintisinə görə ödənilmiş əsas məbləğ olan 32.700 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilmiş və həmin məbləğ 3.200 manat məbləğinədək azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər.Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 3.200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. İddia tələbi Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüyə malik 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarım tikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasının Cavabdeh MMC-nin üzərinə qoyulması hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iddiaçı betonun möhkəmlik göstəricisi normaya uyğun olmayan tikilidə yaşamaq fikrində deyil, özünü və ailəsini təhlükə altına qoymaq istəmir. O, müqavilə şərtlərinə uyğun tikilmiş evdə yaşamaq niyyətində idi. Hazırda isə, seysmik aktivlik, texnogen qəza və s. fövqəladə hallarda tikilinin üzləşəcəyi neqativ təsirlərə dayanıqlı olubolmaması sual altındadır və iddiaçı da, istənilən digər şəxs kimi möhkəmliyindən əmin olmadığı tikilidə yaşamaq, özünü və ailə üzvlərini daim təhlükədə hiss etmək, narahatçılıqla yaşamaq istəmir. İddianın vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə də iddia qismən təmin edilməlidir. Belə ki, müqavilə üzrə öhdəliklərin keyfiyyətli şəkildə icra edilməməsi, bununla bağlı vaxt itkisi, planlaşdırılmış vaxtda fərdi yaşayış evinin tikilib başa çatmaması kimi hallar istənilən şəxsdə mənfi psixi reaksiyaya səbəb olur və insan düşdüyü vəziyyətlə bağlı mənəvi iztirab çəkir. Bu səbəbdən, iddiaçının bu tələbi qismən əsaslıdır. Belə ki, vurulmuş mənəvi zərərə görə tələb edilən pul vəsaiti işin hallarına uyğun hesablanmamışdır. Məhkəmə hesab edir ki, iddia vurulmuş mənəvi zərərin tutulmasına dair hissədə qismən təmin edilməklə, vurulmuş mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 1.000 manat məbləğində pul vəsaiti tutulmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün cəmi 392,51 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia tələbinin təmin olunmasına (iddia tələbinin 38,15 faizi təmin olunmuşdur) mütənasib olaraq ödənilmiş 392,51 manat dövlət rüsumunun 149,76 manatı iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ isə iddiaçının özünə aid edilməlidir. Bundan əlavə, işdə olan digər ödəniş qəbzindən görünür ki, iddiaçı ona göstərilən hüquqi xidmətlərə görə “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun hesabına 2.000 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Əlavə olaraq məhkəmə hesab edir ki, göstərilən hüquqi xidmətə görə ödənilmiş vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tikiliyə görə ödənilmiş əsas məbləğə görə 32.700 manat, müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyin gecikdirilməsinə görə dəbbə pulu qismində 3.200 manat, mənəvi zərərə görə 1.000 manat, çəkilmiş xərclərə görə 2.212 manat 40 qəpik (hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 2.000 manat, ekspertizanın aparılmasına görə 212,40 manat) olmaqla, cəmi 39.112 manat 40 qəpik pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 149 manat 76 qəpik hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməli; Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüdən ibarət 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarımtikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tikiliyə görə ödənilmiş əsas məbləğə görə 32.700 manat, müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyin gecikdirilməsinə görə dəbbə pulu qismində 3.200 manat, mənəvi zərərə görə 1.000 manat, çəkilmiş xərclərə görə 2.212 manat 40 qəpik (hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 2.000 manat, ekspertizanın aparılmasına görə 212,40 manat) olmaqla, cəmi 39.112 manat 40 qəpik pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 149 manat 76 qəpik hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsində 0,10 ha ölçüdən ibarət 258/260-2904/2905 saylı bağ sahəsi üzərindəki yarımtikilinin sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar