Məhkəmə qərarları › İş №e-2(006)-4671/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4671/2022

10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4671/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun tutulması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli, №**********70 saylı borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, müvafiq müqavilə borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, Cavabdeh İddiaçı QSC-dən 12 (on iki) ay müddətinə ödəmə şərti ilə xx.xx.2020-ci il tarixli müqavilə ilə 516 (beş yüz on altı) manat məbləğində borc götürmüşdür. Mövcud müqavilə üzrə ödənilməli olan ödənişlərin sayı, məbləği və ödəniş tarixləri, o cümlədən borc ötürdüyü məbləği hissələrlə 12 ay ərzində borc verənə ödəməli olduğuna dair müddəalar, ödəniş qrafikində əks olunmuşdur. Lakin, ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli, №397 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən mövcud borcdan 366 manat ödənilmişdir. Cavabdeh tərəfindən ümumilikdə qalıq borc 150 manat hələ də ödənilməmişdir. Cavabdeh şəxs tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. Beləliklə, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2020-ci il tarixli, №**********70 saylı müqavilə üzrə iş olduğu 516 manat məbləğində borcdan 366 manat məbləğində ödəniş etdikdən sonra əsas borc məbləği 150 manat təşkil etmişdir. Odur ki, borclu şəxs tərəfindən edilmiş sonuncu ödəniş xx.xx.2021-ci il tarixində edildiyindən, gecikmə üzrə borc məbləği 10 ay əsasında ((150*5%)/12)*10= 6.25 manat təşkil edir. Göstərilənlərə əsasən, Cavabdeh 150 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin, cəmi 186 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********70 saylı “Borc Müqaviləsi”nin 1-ci bəndində qeyd olunur ki, bu müqavilə ilə borc verən borc alana faizsiz olaraq 516 manat borc verir. Həmin müqavilənin 2-ci bəndinə əsasən, hazırki müqaviləyə əlavə olunan ödəniş qrafikinə əsasən ödəniş həyata keçirilməlidir. Qeyd olunan müqavilənin 7-ci bəndinə əsasən, müqavilə üzrə öhdəliklərə əməl etmədikdə borcalan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739, 742 və 743 maddələrinin tələbləri ilə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, **********70 saylı borc müqaviləsinə əsasən 150 manat borcu vardır. Onun tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə həyata keçirilmiş sonuncu ödəniş xx.xx.2021-ci il tarixində həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 516 manat məbləğində borc verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********70 saylı borc müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh faizsiz 516 manat məbləğində borc pul verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 150 (bir yüz əlli) manat əsas borc və 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 156 (bir yüz əlli altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat əsas borc və 6 (altı) manat cərimə borcu olmaqla, ümumilikdə 156 (bir yüz əlli altı) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar