Məhkəmə qərarları › İş №e-2(006)-4671/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4671/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4671/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3, Cavabdeh2 nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2na qarşı «mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2na qarşı «mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X9 uzun müddət "xxxx" QSC Keşlə stansiyasında manevr dispetçeri vəzifəsində işləmiş və xx.xx.1991-ci il tarixdə yaşayış sahəsi almaş üçün uçota dayanmışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə təcrübəçi vaqonlara nömrə yazılması üzrə operator vəzifəsinə qəbul olunmuşdur və həmin vaxtdan indiyə kimi həmin müəssisədə çalışır. xx.xx.2011-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Atasının vəfatından sonra "xxxx" QSC Keşlə Stansiyasının rəhbərliyi ilə HİK-nin birgə iclasının xx.xx.2012-ci il tarixli qərarı ilə həmin vaxt mövcud qanunvericiliyin tələblərinə zidd olaraq atasının adı mənzil növbəsi siyahısından çıxarılmışdır. Halbuki, həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 34cü maddəsinin tələblərinə əsasən vəfat etmiş vətəndaşın həmin müəssisədə çalışan ailə üzvü kimi atasının əvəzinə iddiaçı mənzil növbəsinə daxil edilməli idi. Hazırda iddiaçı atasının çalışdığı "xxxx" QSC Keşlə Stansiyasında işləyir və ailəsinin yaşayış sahəsinə ehtiyacı vardır. Növbənin bərpa edilməsi və yeni yaşayış sahəsi ilə təmin olunmaları üçün xx.xx.2023-cü il tarixli ərizə ilə iddiaçı cavabdeh "xxxx" QSC-yə müraciət etsə də, bu günə qədər ərizəsinə cavab verilməmişdir. Göstərilənlərə əsasən mərhum atası X6 adına olan mənzil növbəsinin bərpa edilməsi və iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin (öhdəliyinin) cavabdehlər "xxxx" QSC-nin və Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının mərhum atası X9 uzun müddət "xxxx" QSC Keşlə stansiyasında manevr dispetçeri vəzifəsində işləmiş və xx.xx.1991-ci il tarixdə yaşayış sahəsi almaş üçün uçota dayanmışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə təcrübəçi vaqonlara nömrə yazılması üzrə operator vəzifəsinə qəbul olunmuşdur və həmin vaxtdan indiyə kimi həmin müəssisədə çalışır. xx.xx.2011-ci il tarixdə iddiaçının atası vəfat etmişdir. Atasının vəfatından sonra "xxxx" QSC Keşlə Stansiyasının rəhbərliyi ilə HİK-nin birgə iclasının xx.xx.2012-ci il tarixli qərarı ilə həmin vaxt mövcud qanunvericiliyin tələblərinə zidd olaraq atasının adı mənzil növbəsi siyahısından çıxarılmışdır. Halbuki, həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 34-cü maddəsinin tələblərinə əsasən vəfat etmiş vətəndaşın həmin müəssisədə çalışan ailə üzvü kimi atasının əvəzinə iddiaçı mənzil növbəsinə daxil edilməli idi. Hazırda iddiaçı atasının çalışdığı "xxxx" QSC Keşlə Stansiyasında işləyir və ailəsinin yaşayış sahəsinə ehtiyacı vardır. Növbənin bərpa edilməsi və yeni yaşayış sahəsi ilə təmin olunmaları üçün xx.xx.2023-cü il tarixli ərizə ilə iddiaçı cavabdeh "xxxx" QSC-yə müraciət etsə də, bu günə qədər ərizəsinə cavab verilməmişdir. İddiaçının nümayəndəsi həmçinin göstərmişdir ki, qarşı tərəf iddiaçını uçota salmağa borclu idi, lakin bunu etməyib. Bundan başqa qarşı tərəfə verdiyi suallara aldığı cavabdan belə görünur ki, iddiaçıya onun atasının uçotdan çıxarılması ilə bağlı rəsmi məlumat verilməyib. Buna görə də belə hesab olunur ki, iddiaçının bundan xəbəri olmayıb və nəticədə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Bundan başqa qarşı tərəf iddiaçının şərtləri ödəmədiyi onun Bakı qeydiyyatında olmamasına istina edir. Lakin bununla bağlı Azərbaycan Respublikas Ali Məhkəməsinin müvafiq qərarları da vardır ki, qeydiyyat vətəndaşın hüquqlarının həyata keçirilməsi üçüncür. Yəni qeydiyyat şəxsin hüquqlarının məhdudlaşdırılması kimi təfsir oluna bilməz. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında izahatı alınmış cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının atası 2011-ci il 6 dekabrda vəfat etmişdir. Bu da o deməkdir ki, hazırki mübahisəli hüquq münasibəti 2011-ci ildə yaranıb və buna görə də ona köhnə Mənzil Məcəlləsi yox, 2009-cu il tarixli Mənzil Məcəlləsi tətbiq olunmalıdır. Yeni Mənzil Məcəlləsində isə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı vətəndaşlar dövlət və yaxud bələdiyyə yaşayış fondu hesabına mənzillə təmin edilirlər. Onların işlədiyi müəssisədə uçota dayanması halı isə artıq mövcud deyildir. "xxxx" QSC-nin əsasnaməsində də, cəmiyyət üzərinə belə bir öhdəlik götürməmişdir. Ona görə də hesab edirlər ki, iddia əsassızdır. Bundan başqa iddiaçının atası 2011-ci ildə vəfat edib və xx.xx.2012-ci ildə həmkarları ittifaqının rəyi ilə mənzil növbəsindən çıxarılmışlar. Burada ümumi iddia müddətini nəzərə alsalar iddia müddəti ötürülmüşdür. Bununla bağlı ərizəni də elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etmişlər. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi bütün bu qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Sovet İttifaqı dövründə belə müəssisə, idarə və təşkilatlar qarşısında belə bir öhdəlik var idi ki, işə götürdükləri işçilərin əgər mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var idisə onu mənzil uçotuna alıb, mənzillə təmn etməlidir. Həmin müəssisə, idarə və təşkilatlarda işləyən işçilər bununla bağlı müraciət etdikdə komissiya gedib onun yaşam şəraitinə baxış keçirir və bundan sonra onu mənzil uçotuna alırdı. Bu öhdəlik "xxxx" QSC-nin nizamnaməsində də qeyd edilmişdir. Bunun təmin edilməsi ilə bağlı onların mənzil tikintisi ilə məşğul olan müəssisələri var idi. İddiaçının atası X9 uzun illər "xxxx" QSC-də çalışıb. O, 1991-ci ildə çalışdığı «Keşlə» stansiyasının rəhbərliyinə ərizə ilə müraciət edərək, mənzil uçotuna alınmasını xahiş etmiş və buna razılıq verilmişdir. Sovet İttifaqı dağılandan sonra "xxxx" QSC-nin yeni nizamnaməsində onların mənzil tikintisi ilə məşğul olmaları və işçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı onları mənzillə təmin etmək kimi bir öhdəlikləri nəzərdə tutulmamışdır. Lakin həmin dövrdə mənzil uçotuna alınan şəxslər mənzil uçotunda saxlanılmışdır və imkan olduqca mənzillə təmin edilirlər. Lakin bu bir vəzifə kimi deyil, humanizm göstəricisi kimi saxlanılmaqdadır. İddiaçının atası X9 xx.xx.2011-ci ildə vəfat etmişdir. İddiaçı isə "xxxx" QSC-də xx.xx.2011-ci il tarixdə işləyir. Yəni atası vəfat edərkən təxminən 10 ay idi ki, iddiaçı onların müəssisədə çalışırdı. İlk növbədə o, atasının əvəzinə mənzil növbəsinə dayanmaq üçün müraciət etməli idi. Bunun üçün isə bəzi şərtlər tələb olunurdu. Belə ki, iddiaçı bunun üçün ən azı 5 il Bakı şəhərində pasport qeydiyyatda olmalı idi. Lakin o, Tovuz rayonunda qeydiyyatda idi. Bundan başqa iddiası onların işçisi olmalı idi. Ancaq nəzərinə çatdırır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı qayıtdıqdan 3 ay müddətinə yenidən iş yerinə qayıtmalı olduğu halda bunu etməmiş və yalnız xx.xx.2016-cı ildə iş yerinə müraciət edərək, yenidən işə başlamışdır. Yəni iddiaçı iki ilə yaxın müddət onların işçisi olmamışdır. Bu da iddiaçı mənzil növbəsində olsaydı belə, onun həmin növbədən çıxarılması üçün əsas idi. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, yeni Mənzil Məcəlləsi qüvvəyə minəndən bu günə kimi mənzil növbəsində olan işçiləri imkan olduqca mənzillə təmin edilmişlər. Lakin 2018-ci ildən bu günə kimi mənzil verilməyib. İddiaçının atası xx.xx.2011-ci ildə vəfat edi, mənzil növbəsindən isə xx.xx.2012-ci il tarixdə çıxarılıb. Belə ki, hər yeni ildə mənzil uçotuna daxil olan şəxslərin siyahısına baxılır. Vəfat etmiş, mənzillə təmin edilmiş şəxslər həmin siyahıdan çıxarılır. Buna müvafiq olaraq iddiaçının atası da vəfat etdiyi üçün həmin siyahıdan çıxarılıb. İddiaçı isə ümumiyyətlə atasının əvəzinə mənzil uçotuna daxil edilməsi ilə baağlı müraciət etməyib. Bundan başqa, iddiaçı mənzil uçotuna daxil edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtləri də ödəməyib. Ona görə də uçota daxil edilməyib. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnaməqəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.

8. İş materiallarında olan SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur.

9. İş materiallarında olan ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə "xxxx" QSC-nin Keşlə stansiyasında təcrübəçi vaqonların nömrələri yazılması üzrə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə sərbəst vaqonların nömrələri yazılması üzrə operator vəzifəsindən buraxılmış, xx.xx.2013cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin «a» bəndinə əsasən hüququ hərbi xidmətə çağırıldığına görə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2016-cı il tarixdə təcrübəçi texnoloji mərkəzin baş operatoru vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə texnoloji mərkəzin baş operatoru vəzifəsinə 6 növbə işlədikdən sonra sərbəst işə buraxıla bilmiş, xx.xx.2017-ci il tarixdə ştat cədvətinə əsasən vəzifə adlarında dəyişikliklə əlaqədar vəzifə adı stansiya qatar məlumatın və daşıma sənədlərinin çeşidlənməsi üzrə texnoloji mərkəzin baş operatoruna keçirilməsi, xx.xx.2019-cu il tarixdə ştat cədvəlinə əsasən böyük operator vəzifəsi adlanmış, xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-nin Yük Daşımaları Departamenti struktur dəyişiklikləri ilə əlaqədar "xxxx" QSC İnfrastruktur Departmentinin sinifdən kənar stansiyası əsas 27/s əmrin adlanması, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (öz təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2021-ci il tarixdə "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Stansiyaların idarə edilməsi xidmətinin sinifdənkənar Keşlə stansiyasında böyük operator vəzifəsinə qəbul olunmuşdur.

10. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, mərhum atası X9 uzun müddət "xxxx" QSC Keşlə stansiyasında manevr dispetçeri vəzifəsində işləmiş və xx.xx.1991-ci il tarixdə yaşayış sahəsi almaq üçün uçota dayanmışdır. Lakin 2011-ci ilin dekabr ayında atasının vəfatından sonra bu günə qədər ailəsi yaşayış sahəsi ilə təmin edilməmişdir. Halbuki həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 34-cü maddəsinə əsasən yaşayış sahəsi vətəndaş öldükdə və ya başqa yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmadıqda onun yerinə ailə üzvü həmin müəssisə və idarədə işlədiyi halda uçota götürülür. Nəzərinə çatdırır ki, o, hazırda mərhum atasının çalışdığı "xxxx" QSC Keşlə stansiyasında işləyir və ailəsinin yaşayış sahəsinə ehtiyacı var. Odur ki, ailəsinin yaşayış sahəsi ilə təmin edilməsini xahiş edir.

11. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8685/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «mənzil növbəsinin bərpa edilməsi, iddiaçının mənzillə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbi barədə iddiası cavabdeh inzibati orqan olmadığından mümkün sayılmamışdır.

12. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(103)-2818/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8685/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının atası uzun müddət "xxxx" QSC-nin Keşlə stansiyasında manevr dispetçeri vəzifəsində işləmiş və xx.xx.1991ci il tarixdə yaşayış sahəsi almaq üçün uçota dayanmışdır. iddiaçının atası xx.xx.2011-ci il tarixdə vəfat etmiş və xx.xx.2012-ci ildə Həmkarlar İttifaqının qərarı ilə onun adı mənzil növbəsi siyahısından çıxarılmışdır. İddiaçı xx.xx.2011-ci il tarixdən "xxxx" QSC-də işləyir. İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixə kimi həqiqi hərbi xidmətdə olmuş və qayıtdıqdan sonra xx.xx.2016-cı ildə "xxxx" QSC-yə müraciət edərək yenidən işə başlamışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-yə ərizə ilə müraciət edərək növbənin bərpa edilməsini və yeni yaşayış sahəsi ilə təmin olunmasını xahiş etmişdir. Hazırda iddiaçı iş yeri üzrə mənzil uçotuna götürülmüş və 2011-ci il tarixdə vəfat etmiş mərhum atasının mənzil növbəsinin bərpa edilməsi, həmin müəssisədə çalışan ailə üzvü kimi mərhumun əvəzinə özünün mənzil növbəsinə daxil edilməsi və yeni yaşayış sahəsi ilə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 31.1-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər.

15. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər.

16. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən uçotda olan vətəndaş öldükdə və ya başqa daimi yaşayış yerinə getdikdə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür; həm də iş yerində ehtiyacı olanların uçotuna ailə üzvü yalnız o halda götürülür ki, o həmin müəssisədə, idarədə, təşkilatda işləsin, uçotda olan vətəndaş istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində öldükdə isə ailə üzvü həmin müəssisədə, idarədə, təşkilatda işləməsindən asılı olmayaraq uçota götürülür. Uçotda olan ailə dolandıranını itirmiş, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan ailələr onları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab etmək üçün əsaslar aradan qalxmamışsa, uçotdan çıxarıla bilməzlər.

17. xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir (maddə 48.2.).

18. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir.

19. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanın 2.3-cü bəndinə görə həmin Məcəllənin 51.3-cü maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur.

20. Həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir .

21. Məhkəmə qeyd edir ki, əvvəlki mənzil qanunvericiliyi iş yerində mənzil uçotuna alınmış şəxs öldükdə müəyyən şərtlər daxilində ailə üzvlərindən birinin onun yerinə uçota götürülməsi imkanı nəzərdə tutulsa da, mərhum Elman Rzayevin vəfat etdiyi 2011ci il tarixdə qüvvədə olan Mənzil Məcəlləsi yalnız yaşayış sahəsinə uçota alınmış əlilliyi olan şəxs öldüyü halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması imkanını müəyyənləşdirilmişdir.

22. Hazırda qüvvədə olan Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin nümunəvi qaydalarının 19-cu bəndinin v) hissəsində iş yerində uçotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda vətəndaşın uçotdan çıxarılması üçün əsas kimi qeyd edilmişdir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları kimi işçi hərbi və ya alternativ xidmətə çağırılması nəzərdə tutulmuşdur. Bu isə onu deməyə əsas verir ki, hazırki iddiaçı həqiqi hərbi xidmətə çağırılmış və həmin andan onunla cavabdeh arasında mənzil uçotuna alınması hüququ aradan qalxmışdır . Hətta iddiaçı həqiqi hərbi xidmətdən qayıtdan sonra əvvəlki iş yerinə dərhal deyil xeyli müddət keçdikdən sonra qayıtmışdır (əksi iddiaçı tərəfindən sübuta yetirilməmişdir). Yəni iddiaçıya keçən mənzil uçotu hüququ onun iş yerindən getməsi əsası ilə aradan qalxmışdır.

24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki mənzil qanunvericiliyində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin iş yerlərində mənzil uçotuna götürülməsi də nəzərdə tutulmamışdır.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.

26. Məhkəmə cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

27. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

28. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”.

29. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

31. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrıayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).

32. Məhkəmə onuda qeyd edir ki, iddiaçının atası vəfat etdikdən və mənzil uçotundan çıxarıldıqdan sonra (xx.xx.2012-ci il tarixdə) iddiaçı uçota götürülmə ilə bağlı ərizə ilə iş yerinə, həmçinin məhkəməyə müraciət etməmişdir. Bu müraciət həmin tarixdən 11 ildən sonra (xx.xx.2023-cü il tarixdə) olmuşdur.

33. Beləliklə məhkəmə iddiaçı tərəfindən mənzil uçotuna götürülməsi ilə bağlı 10 illik iddia müddəti bitdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini və bununla da qanunvericilikdə nəzərdə tutulmuş 10 illik iddia müddətinin ötürülməsini və həmin müddətinin ötürülməsinin üzrlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olsaydı belə iddia müddətinin ötürülməsi ilə əlaqədar da iddia tələbi rədd olunacaqdı .

34. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2na qarşı «mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

42. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2na qarşı «mənzil növbəsinin bərpa edilməsi və mənzillə təmin olunması» tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar