Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4718/2023 21.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 650/Ş saylı əmrinin ləğv edilməsi, onun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsinə işə bərpa edilməsini, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun müddətdir "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsində çalışmış və işlədiyi müddətdə tam qüsursuz fəaliyyət göstərmişdir. Lakin son dövrlərdə yeni rəhbərlik gəldikdən sonra müxtəlif bəhanələrlə işçiləri sıxışdırmağa başlamışdır. Heç bir əsas olmadan iddiaçıya töhmət verilmiş, daha sonra araşdırma nəticəsində guya müəyyən olunmuşdur ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X1 Daşımalarının Satışı İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi olaraq vəzifə təlimatının, eləcə də Əmək Müqaviləsinin 3.1-ci bəndində razılaşdırılmış əmək funksiyalarını kobud şəkildə pozaraq sərnişinlərə növbədən kənar, eləcə də qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol vermiş, işçilərin iş yerinə şəxsi pulları və şəxsi mobil telefonu ilə daxil olmasına mane olmamış, ATS-də qüvvədə olan tariflərin və yığımların düzgün tətbiq edilməsini göstərilmiş xidmətlərə görə ödənişin tam və düzgün alınmasına nəzarət etməmiş, bu kimi pozuntu hallarının baş verməsinə şərait yaratmışdır. Bu hərəkətlərilə İddiaçı "xxxx" QSC-nin maddi və mənəvi maraqlarını təmin etməmiş, şirkətin nüfuzuna və işinə zərər vuran hərəkətlərə yol vermişdir. Nəticə etibarilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "c" bəndini, 72-ci maddəsinin "e" bəndini və 80-ci maddənin 1-ci hissəsinə əsasən əmr verilərək "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı (tab.Z0476) əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək Əmək müqaviləsi üzrə öhdəliklərini yərinə yətirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Yuxarıda qeyd olunan pozuntu halları baş verməmişdir. Heç bir əsas olmadan formal olaraq sadalanmış və qeyd olunmuşdur ki, bu hərəkətlərilə İddiaçı "xxxx" QSC-nin maddi və mənəvi maraqlarını təmin etməmiş şirkətin nüfuzuna və işinə zərər vuran hərəkətlərə yol vermişdir. Lakin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğunu qeyd etməmişdir. Tamamilə formal heç bir əsası olmayan hallar sadalanmışdır. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" QSC-nin Sərnişin Aviasiya Şirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsində işləyərkən xx.xx.2023-cü il tarixidə J22253 nömrəli Bakı-Naxçıvan reysinə vətəndaş X8 üçün uçuş biletinin alınmasına vasitəçilik etmişdir. Bu hal Cavabdehin aparmış olduğu müvafiq daxili araşdırmalar, o cümlədən kassirlər Lətifə Salmanova və Leyla Babayevanın izahatları, videgörüntülərlə təsdiqini tapmışdır. Qeyd olunan araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, iddiaçı daha əvvəllər də müxtəlif şəxslərə, o cümlədən X5 növbədən kənar və ya qiyabi şəkildə (telefonla, üçüncü şəxslərin vasitəsi ilə) təyyarəyə yer təxsis edilməsinə, biletin dəyəri kassaya ödənilmədən yazılmasına və sonradan biletin ləğv edilməsinə və bu kimi digər qanunsuz hərəkətlərə yol vermiş, eləcə də iddiaçının digər işçiləri tərəfindən yol verilən pozuntular aşkar edildiyi halda, öz vəzifəsindən sui-istifadə edərək bu pozuntuları gizlətmək üçün qeyri-qanuni hərəkətlər etmişdir. Halbuki, iddiaçı əmək funksiyalarını icra edərkən özü bu kimi halların qarşısını almalı idi. Bununla iddiaçı həm cavabdehin Sərnişin Aviasiya Şirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisinin vəzifə təlimatının 2-ci bəndinin 2.2-ci yarımbəndinə əsasən (sərnişinlərə yalnız növbə üzrə xidmət göstərilməsinə, növbədənkənar və yaxud qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol verilməməsinə nəzarət etmək, 2.4-cü yarımbəndinə əsasən ATS-də qüvvədə olan tariflərin və yığımların düzgün tətbiq edilməsini, aviadaşımaya və göstərilmiş xidmətlərə görə ödənişin tam və düzgün alınmasını təmin etmək, elektron bilet yazılarkən sərnişinlərə kassa çeki təqdim etmək, 2.7-ci yarımbəndinə əsasən işçilərin iş yerinə şəxsi pulları və şəxsi mobil telefonu ilə daxil olmamaq, növbəyə daxil olmazdan öncə bu əşyaların və şəxsi pullarının xüsusi ayrılmış seyfə yerləşdirilməsini təmin etmək, 2.9-cu yarımbəndinə əsasən öz fəaliyyəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maddi və mənəvi maraqlarını təmin etmək, şirkətin nüfuzuna və işinə zərər vura biləcək hər hansı hərəkətlərə yol verməmək, 2.10-cu yarımbəndinə əsasən kollektivdə ciddi iş mühitini və qarşılıqlı əməkdaşlıq şəraitini saxlamaq, təmin etmək, 2.12-ci yarımbəndinə əsasən növbənin işinin gedişinə nəzarət etmək, aşkar edilmiş çatışmazlıqların ləğv edilməsi üçün tədbir görmək, qayda pozan və fəaliyyətində nöqsanlara yol verən işçilər barədə rəhbərlik qarşısında məsələ qaldırmaq) tələblərini, həm də əmək müqaviləsinin 3.1-ci bəndində sadalanan əmək funksiyalarını pozmuşdur. İddiaçının yuxarıda qeyd edilən qanunazidd hərəkətləri həmçinin “Xidməti Qeyd”də və özünün xx.xx.2023-cü il tarixli izahatında əksini tapmışdır. Odur ki, iddiaçının da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində göstərilən, işçinin “əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi” halları olduğu üçün, onunla bağlanan əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir”. Həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, “Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Bildirmək istəyirik ki, iddiaçı Həmkarlar ittifaqının üzvü olduğundan onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Avia Şirkətinin Uşuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixdə razılığı alınmaqla, həmin Məcəllənin 80-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən riayət olunmuşdur. Yuxarıda göstərilən haldan əlavə, xx.xx.2023-cü il tarixdə iddiaçı Aviasiya Təhlükəsizlik Baş İdarəsi Sərnişin Daşımalarına Nəzarət Xidməti nəzarət üzrə qrupun inpektoru X6 ilə iş saatı dövründə sərnişinlərin və digər şəxslərin qarşısında əlbəyaxa dava etmişdir. Bu da özlüyündə işin normal ahənginin və nizam-intizam qaydalarının pozulması ilə nəticələnmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixdə 207 nömrəli əmrlə Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi, iddiaçı əvvəl də intizam məsuliyyətinə cəlb edilsə də, iş fəaliyyətində pozuntular törətməkdə davam etmişdir. İddiaçı tərəfindən yol verilən hallar cavabdehin nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirən hallar olduğu üçün, qanunvericiliyin, Cəmiyyət daxili korporativ aktların tələbləri və əmək müqaviləsinin müddəaları nəzərə alınaraq belə nəticəyə gəlinir ki, yuxarıda qeyd olunanlar iddiaçıya münasibətdə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermək hüququ yaradır. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyib, etirazın məzmununa uyğun çıxış edərək, iddianın əsasız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının çıxışını dinləyib, iddia ərizəsini və etirazı iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2020-ci il tarixli 745 nömrəli əmək müqaviləsindən (kontraktından) görünür ki, işçi İddiaçı işəgötürən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Sərnişin Aviasiya Şirkəti X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. Əmək müqaviləsinin 3.1-ci bəndində işçinin sərnişinlərə yalnız növbə üzrə xidmət göstərilməsinə, növbədən kənar və yaxud qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol verilməməsinə nəzarət etməli olması onun əmək funksiyasının tərkib hissəsi hesab edilmişdir. xx.xx.2020-ci ildə təsdiq edilmiş "xxxx" Sərnişin Aviasiya Şirkəti X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisinin (aeroport) vəzifə təlimatının 2.1-ci bəndində sərnişinlərə yalnız növbə üzrə xidmət göstərilməsinə, növbədən kənar və yaxud qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol verilməməsinə nəzarət etmək vəzifə borcu kimi qeyd edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin intizam tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023cü il tarixli 207 nömrəli əmrindən görünür ki, həmin Cəmiyyətin Sərnişin X2 İdarəsi Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi Sərnişin Daşımalarına Nəzarət Xidməti nəzarət üzrə qrupun inspektoru X6 arasında iş saatları ərəfəsində mübahisə yaranmışdır. Mübahisə zamanı onlar sərnişinlərin qarşısında bir-biri ilə əlbəyaxa dava etmişdilər. İddiaçı bu hərəkəti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti işçilərinin inzibati binalarda (ofislərdə) daxili intizam qaydaları haqqında 280 saylı, xx.xx.2010-cu il tarixli əmrin 1.3-cü bəndini pozmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir; Yerli xətlər üzrə agent X7 "xxxx" QSC-nin vitse-prezidentinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, o, 13 mart 2018-ci il tarixindən Azərbaycan Hava Yolları” QSCnin yerli xətlər üzrə agenti vəzifəsində çalışır. 26 iyul 2023-cü il tarixində baş vermiş hadisə ilə bağlı bildirir ki, saat 23:00 radələrində Naxçıvan reysi ilə uçmaq istəyən sərnişin qız üçün bilet almağa yaxınlaşmış və həmin qıza bilet yazdıqdan sonra baqajını götürmək üçün aşağı düşmüşdür. O, baqajı götürüb qeydiyyatdan keçirtmişdir. Sonra həmin sərnişin yaxınlaşıb özü üçün bilet almaq istəyən zaman qeydiyyatçı və təhlükəsizlik əməkdaşları yaxınlaşmışlar. O, sərnişinə bilet yazdıqdan sonra pulu tələb etmişdir. Həmin sərnişin və qeydiyyatçı bilet pulunun indi gətiriləcəyini bildirdikdən sonra sərnişin qeydiyyatdan keçmədiyi üçün qeydiyyatçı ona yaxınlaşmış və növbə rəisinə bildirmişdir ki, bilet qeydiyyatını ləğv etsinlər. Bu əməliyyatlara görə İddiaçı ona heç zaman əlavə ödəniş etməyib. Biletlərə görə İddiaçı hər zaman nağd şəkildə ödəniş etmişdir. O, bileti yalnız Ruslana vermişdir. O etdiyi hərəkətlərin hansı risk yaratmasını anlayır. Belə ki, burada adi vətəndaşlar üçün biletlərin əlçatan olmasının qarşısı alınır. Həmçinin, məsul şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əlavə qazanc əldə etmələrinə şərait yaradır. Mütəmadi olan bu qeyri-qanuni əməliyyatlara görə o, pul almamışdır. Səmimi etiraf etmək istəyir ki, bir neçə dəfə şəxsi tanışlarına bilet yazmağı ilə bağlı ona 5-10 manat civarında hörmət edilmişdir. O, etdiyi səhvi anlayır və səmimi etirafının nəzərə alınmasını xahiş edir. Bir daha fəaliyyətində nöqsanlara yol verməməyə söz verir. Yerli xətlər üzrə agent X7 tərəfindən "xxxx" QSC-nin vitse-prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli izahatında göstərdiklərinin doğru olduğunu təsdiq etmək üçün növbə rəisi İddiaçıla aralarında olan vhatsapp yazışmalarını, sərnişinlərin fərdi məlumatlarını, bilet alqı-satqısına aid səs yazılarını könüllü olaraq araşdırma qrupuna təqdim edir. Vhatsapp yazışmaları 18 may 2021-ci il - 08 avqust 2023-cü il tarixlərini əhatə edir. "xxxx" QSC Aviabiletlərin satışı üzrə agent X3 "xxxx" QSC-nin vitse-prezidentinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında qeyd etmişdir ki, 13 ildir ki, kassada işləyir. Onun vəzifəsinə Naxçıvan reysi üzrə biletlərin satışı, müştərilərdən ödənişin alınması və ləğv edilməsi aiddir. Bilet satışı zamanı sərnişinlər şəxsiyyət vəsiqəsini təqdim edərək bilet əldə edirlər. Lakin mütəmadi olaraq biletlərin başqa şəkildə də satışı həyata keçirilir. Belə ki, sərnişin yerinə kənar şəxs sənədləri təqdim edərək bilet alır. Şəxsi tanıdığı vətəndaşlar özləri gəlmədən müraciət edərək sənədi verməklə və şəklini vhatsappla göndərməklə həmin şəxslər üçün bilet yazır. Bu halda vətəndaşlar ona nağd ödənişi təqdim edirlər və o isə ödənişi edib bileti çatdırır. Bu cür hal ayda 3-4 dəfə baş verə bilər. O, biletlərin üzərinə heç bir vəsait qoymur. Tanıdıqları şəxslər şirinlik olaraq ona hörmət edirlər. Üçüncü hal üzrə növbə rəislərinin tapşırıqları əsasında onlar tərəfindən vhatsapp vasitəsilə göndərilən sənəd və şəkillərin əsasında bilet yazmış və bu halda növbə rəisləri ödənişi özləri vətəndaşların yerinə nağd şəkildə ona ödəyirlər. Biletin məbləğinin üzərinə hər hansı əlavə məbləğin qoyulması və bu sifarişlərin onlara kim tərəfindən verilməsi barədə onun məlumatı yoxdur. Həmin biletlərə görə növbə rəhbəri ona əlavə pul ödəmir. Bu sifarişlər ona növbə rəhbəri İddiaçı və Emil Azizadə tərəfindən daxil olur. O, qeyd olunan şəxslərin vhatsap üzərindən yazışmalarını təqdim etməkdən imtina edir. Şəxsən özü bilet alveri ilə məşğul olmur. "xxxx" QSC-nin İnsan Resursları İdarəsi Konfiliktlərin idarə olunması və araşdırılması üzrə ekspert Vüqar İmanov tərəfindən QSC-nin vitse-prezidentinə J22253 nömrəli Bakı-Naxçıvan reysində baş vermiş insidentlə bağlı xidməti qeyd təqdim edilmişdir. Xidməti qeyddə göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə H.Əliyev adına hava limanının 2-ci terminalında Azərbaycan Hava Yollarına məxsus J22253 nömrəli reyslə Bakıdan Naxçıvana uçan təyyarənin bortuna müvafiq aviabileti olmayan kənar şəxsin daxil olması ilə bağlı insident baş vermiş və bu barədə dispetçer xidmətindən məlumat daxil olmuşdur. İlkin daxili araşdırma zamanı toplanılan izahatlar əsasında qeyd edilənlər aşağıdakı kimi öz əksini tapmışdır: Belə ki, xx.xx.1980-ci ildə Naxçıvan MR-da anadan olmuş X8 xx.xx.2023-cü il tarixdə qızı X10 MR-na yola salmaq üçün həyat yoldaşı və yaxın qohumu ilə birgə hava limanına gəlmişlər. Onlar J2253 nömrəli reysə Mələk Həşimli üçün bilet aldıqdan sonra müvafiq qeydiyyatdan keçib uçuş talonu əldə etmişlər. Daha sonra Həşimov Hüseyn qızı ilə birlikdə tələsik şəkildə növbəyə durmadan qoruyucu lenti açaraq həmin an steril zonanın girişində növbədə pasport və bilet qeydiyyatını yoxlayan SNX-nin böyük inspektoru Elmar Daşdəmirova yaxınlaşmışlar. Sərnişinin atası əməkdaşa sərnişinə aid müvafiq sənədi təqdim edərək qızını yola salıb qayıdacağını deməklə əməkdaşdan icazə alıb müvafiq yoxlamalardan keçərək steril zonaya daxil olmuşdur. X11 izahatında X-Pay aparatına kimi vətəndaşa icazə verməsini bildirsə də, başı sərnişinlərə qarışdığından sərnişinin atasının geri qayıtmasına nəzarət etməməsini qeyd etmişdir. Steril zonaya daxil olan Həşimov Hüseyn daha sonra qızı ilə birlikdə təyyarəyə keçid üçün sonuncu yoxlama məntəqəsinə yaxınlaşmışdır. Videokadrlardan göründüyü kimi, onlar müvafiq sənədi göstərdikdən sonra təyyarəyə doğru dəhlizə daxil olmuşlar. Həmin an uçuş talonlarının yoxlanılmasına məsul olan “X16” MMC-nin sərnişin xidməti üzrə departamentinin respublikadaxili aviadaşımalar sahəsinin agenti X4 şirkət daxili aparılan araşdırma zamanı yazdığı izahatında sərnişin izdihamı olduğundan diqqətsizlik etməsi barədə izahat vermişdir. Həmçinin, “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov da şirkət daxili izahat tərtib etmiş və qeyd etmişdir ki, bu hadisədən o, vətəndaş steril zonaya qaytarıldıqdan sonra xəbər tutmuşdur. Daha sonra onu görməmişdir və həmin sərnişin əlində növbəti J2253 nömrəli reysə biletlə qeydiyyatdan keçdikdə sonuncunu görmüşdür. Lakin ATBİ-nin əməkdaşlarının sərnişini reysə buraxmamaları səbəbindən uça bilmədiyi üçün o, sərnişinin bilet və uçuş talonunu ləğv etmişdir. Bununla bağlı Cəmiyyətin 1-ci vitse-prezidenti tərəfindən baş vermiş insidentin araşdırılması, buna yol vermiş şəxslərin müəyyən edilməsi və gələcəkdə baş verməməsi üçün insidentin baş vermə səbəblərinin öyrənilməsi barədə müvafiq göstəriş verilmişdir. Araşdırma nəticəsində insidentin baş verməsinə səbəb kimi yuxarıda qeyd olunanlar əsasən öz təsdiqini tapmışdır. Lakin, tapşırığa əsasən aparılan daha detallı araşdırma zamanı, müəyyən şübhəli məqamlar üzə çıxdığından hadisəni əks etdirən terminal ərazisindəki video müşahidə kamera çəkilişləri təhlil edilmiş, hadisə zamanı iştirakçı və şahid olmuş şəxslərin siyahısı müəyyənləşdirilərək onlardan izahatlar alınmışdır. Belə ki, müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə J2253 nömrəli reysin təyyarə bələdçisi İradə Hüseynova sayıq xidməti nəticəsində təyyarənin trapınadək gəlib çıxmış müvafiq icazə bileti olmayan Həşimov Hüseyni aşkar edərək onu ərazini tərk etməyə vadar etmiş və ATBİnin müvafiq əməkdaşlarına təhvil verərək bu barədə dispetçet xidmətinə məlumat verəcəyi barədə xəbərdar etmişdir. ATBİ-nin və “X16” MMC-nin növbədə olan müvafiq əməkdaşları vətəndaşa hər hansı göstəriş və ya təlimat vermədən insidenti müzakirə etməyə başları qarışdığından vətəndaş terminalı tərk etmişdir. Daha sonra E.Daşdəmirova məxsus ********** nömrəsindən vətəndaşın mobil telefonuna zəng edərək onu terminala qaytarmışlar. Həşimov Hüseyn şifahi və yazılı surətdə verdiyi izahatlarda qeyd edir ki, əməkdaşlar ona yaxınlaşaraq problemin həll olunması, əməkdaşlara söz gəlməməsi üçün kassaya yaxınlaşıb aviabilet əldə etməsi lazım olduğunu bildirmişlər. Belə ki, ona E.Daşdəmirov və “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov tərəfindən kassadan bilet əldə edərək, onun əsasında uçuş talonu götürüb təyyarə bələdçisinə təqdim etməsi və guya ki, növbəti reysə olan biletin olmasını və məhz onun əsasında təyyarəyədək gedib çıxa bilməsini bələdçiyə sübut etməsi barədə təlimat verilmişdir. Ona həmçinin sonra biletin ləğv edilməsi və rahat evə gedə bilməsi barədə də məlumat verilmişdir. Əks halda, DİN və DTX əməkdaşlarının işə qarışacağı, hamının problem yaşaması barədə H.Həşimova bildirildikdən sonra o kassadan bilet almağa razılıq vermişdir. Daha sonra o, bilet alması üçün 1 nömrəli kassaya yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim edərək müvafiq reysə bilet almaq istədiyini kassirə bildirmişdir. Kassir ondan biletin pulunu istədikdə E.Daşdəmirov və “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov yaxınlaşaraq məsələnin onların nəzarətində olmasını bildirib vətəndaşa bilet verilməsini lazım olmasını qeyd etmişlər. Həmin gün 1 nömrəli kassada olan kassir Lətifə Salmanova növbə rəisi İddiaçı yaxınlaşaraq ondan təsdiq aldıqdan sonra bilet pulu almadan bilet yazaraq vətəndaşa təqdim etmişdir. Qeyd olunan epizod videomüşahidə kameraları vasitəsilə öz təsdiqini tapır. Həmçinin, bu epizodla bağlı izahat verən bilet satışı üzrə növbənin rəisi İddiaçı verdiyi izahatında bildirmişdir ki, E.Daşdəmirov və “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov ona yaxınlaşıb baş vermiş insident barədə məlumat verərək ondan insidenti ört-basdır etmək üçün köməklik göstərməsini xahiş etmişlər. Ayaz Əhmədov həmçinin bileti bələdçini razı saldıqdan sonra qaytararaq ləğv edilməsini də İddiaçı bildirdiyinə görə sonuncu kassir L.Salmanovaya bu şəkildə, qaydalara zidd bilet yazmaq barədə icazə vermişdir. Kassir L.Salmanova da izahatında qeyd olunan faktı təsdiqləmişdir. Vətəndaş bileti götürüb uçuş talonu əldə etdikdən sonra qeyd olunan şəxslərin müşayiəti ilə yenidən steril zonaya daxil olaraq təyyarə bələdçisinə biletinin olmasını sübut etmək istəsə də, təyyarə bələdçisi biletin sonradan alınmasını qeyd edərək, rəhbərliyə məruzə edəcəyini təkidlə bildirmişdir. Vətəndaş H.Həşimli şifahi şəkildə bu hərəkətindən xəcalət çəkdiyini bildirsə də, E.Daşdəmirov və A.Əhmədovun çoxsaylı təkidi ilə bu hərəkəti etməyə məcbur olduğunu qeyd etmişdir. Həmçinin vətəndaş E.Daşdəmirov steril zonadan çıxdıqdan sonra elə salonda qeyd olunan şəxslərin digər tanımadığı əməkdaşların da iştirakı ilə ona məcburi qaydada hadisənin olduğu kimi deyil, fərqli və təhrif olunmş qaydada onu izahat yazmağa vadar etdiklərini, iki dəfə izahatını cırdıqlarını qeyd etmişdir. Yalnız əməliyyat növbətçisi gəldikdən sonra o otağa aparılaraq izahatı alınmış və evə buraxılmışdır. İzahatlardan və videokadrlardan görünür ki, Hava limanında müxtəlif funksionallar üzrə məsul şəxslər olan SNX-nin böyük inspektoru Elmar Daşdəmirov və “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov və kasslar üzrə növbə rəisi İddiaçı müvafiq prosedur qaydaları pozaraq və vəzifə səlahiyyətlərini aşaraq baş vermiş insidentin ört-basdır edilməsində səy göstərmişlər. Fakt ciddi risk yaratdığından əməkdaşlara müvafiq suallar da verilmişdir. Məlum olmuşdur ki, “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov və "xxxx" QSC sərnişin Aviasiya Şirkətinin növbə rəisi olan İddiaçı da öz aralarında qeyri-qanuni olaraq “iş birliyi” quraraq Naxçıvan reyslərinin biletlərinin vətəndaşlar üçün əlçatanlığına süni əngəllər yaradaraq qiyabi şəkildə vhatsapp vasitəsilə kənardan daxil olmuş sənədlər əsasında yer təxsis edilməsinə, biletlərin yazılmasına şərait yaradırlar. İddiaçı məhz bu münasibətlərdən asılı olduğuna görə A.Əhmədovun xahişi əsasında kassir L.Salmanovaya qeyri-qanuni bilet yazmağa göstərmiş verməsini izahatında qeyd etmişdir. Aşkarlanmış mövzu üzrə kassirlər Lətifə Salmanova və Leyla Babayevadan izahatlar alınmışdır. L.Babayeva faktı təsdiqləyərək növbə rəislərindən vhatsapp vasitəsilə alınmış məlumatlar əsasında bilet yazılmasını həyata keçirməsini etiraf etmiş, lakin sübut və dəlil təqdim etməkdən imtina etmişdir. L.Salmanova növbə rəisi İddiaçı mütəmadi şəkildə vhatsapp vasitəsilə göndərilən sənəd şəkilləri əsasında biletlərin yazılmasını həyata keçirdiyini, vətəndaşların yerinə İddiaçı aid və ya hər hansı ağlına gələn möbil nömrəni yazmasını qeyd etmişdir. Kassirlərin hər ikisi gördükləri bu işə görə hər hansı əlavə ödənişin onlara edilməməsini, növbə rəisinin bilet pulunu nağd şəkildə onlara verməsini qeyd etmişlər. Onlar həmçinin bildirmişlər ki, biletin qiymətindən baha satılıb-satılmamasından onların məlumatı yoxdur və onlar yalnız öz tanışlarının göndərdikləri sənədlər əsasında bilet yazarkən tanışları onlara könüllü şəkildə maddi hörmət edirlər. Mövzü ilə bağlı izahat verən İddiaçı “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov tərəfindən ona mütəmadi şəkildə bilet sifarişini və bunun müqabilində ona Naxçıvandan müxtəlif ərzaq məhsulları gətirməsini, yoldaşı və tanışları üçün 1-ci sıradan yer ayırmasını, bir dəfə ondan 200 AZN borc almasını təsdiq etmişdir. Araşdırma ilə bağlı “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədov da dəvət edilmiş və hadisə ilə bağlı şifahi və ya yazılı izahat verməsi xahiş edilmişdir. Özünün xidməti rəisi Asif Məmmədovla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq həyəcanlı olmasını və növbədə olmasını əsas gətirərək izahat verməkdən imtina etmişdir. Növbəti gün rəhbərliyin göstərişi ilə A.Əhmədov yenidən dəvət edilərək onunla söhbət edilmişdir. O, hadisə ilə bağlı artıq öz rəhbərliyinə izahat verməsini əsas gətirərək izahat verməkdən imtina etsə də, sübutlar ona təqdim edildikdən sonra şifahi şəkildə həmin gün E.Daşdəmirova kömək etmək məqsədilə bilet alışında İddiaçı xahiş etməsini etiraf etmiş, həmçinin İddiaçı tanışları gələrkən bəzən Naxçıvan reyslərində kömək etməsini, ona 200 AZN borc verməsini, müxtəlif vaxtlarda ərzaq məhsullarını pay etməsini etiraf etmiş, mütəmadi müxtəlif vətəndaşların sənədləri əsasında bilet sifariş etməsi faktını isə unutduğunu qeyd edərək suallardan yayınmışdır. Aviabiletlərin satışı sistemində bu kimi ciddi nöqsanın olmasının səbəbini aydınlaşdırmaq üçün bu mövzuya cavabdeh şəxs kimi Aviabiletlərin bronlaşdırılması və satışı şöbəsinin rəisi Mahir Bəşirovun da izahatı alınmışdır. M.Bəşirov ilk növbədə əsas funksionalı olaraq şöbəsində bu kimi halların mövcudluğunun mümkün olmamasını bildirmişdir. O həmçinin qeyd etmişdir ki, sərnişinlərə qiyabi şəkildə telefon və digər vasitələrlə kənardan daxil olmuş sənədlər əsasında biletlərin yazılışı halları yolverilməzdir və biletlərin qanun və qaydalara uyğun bronlaşdırılması və satılmasına məsuldur və buna yüksək səviyyədə nəzarət edir. O bildirmişdir ki, bu kimi halların qarşısının alınması, situasiyanın daimi nəzarətdə saxlaması üçün kassalarda videomüşahidə sistemi mövcuddur və o, ümumiyyətlə kassalara mobil telefonla keçməsinə qadağa qoymuşdur. Lakin, M.Bəşirova aşkar faktlar təqdim olunduqda o, bunlardan xəbərsiz olmasını qeyd edərək nəzarətin artırılması, əməkdaşlarla profilaktik iş aparması, mövcud video müşahidə kameralarına mütəmadi nəzarət etməsi və s. vəzifə borclarına daha diqqətlə yanaşmalı olmasını etiraf etmişdir. Qeyd olunanlara istinadən aşkar edilmiş çatışmamazlıqlar və onların aradan qaldırılması üçün aşağıdakılar təklif edilir: - Terminal 2 ərazisində Bakı-Naxçıvan reyslərinin qeydiyyatı, onların yoxlanışı və s. tədbirlər həyata keçirilən zonada əməliyyat şəraitinin yenidən təhlil edilməsi və müvafiq sistemin optimallaşdırılması labüddür. - Eyni növbədə, ümumiyyətlə Hava limanında xidmət göstərən struktur bölmələr, xidmətlər, əməkdaşların münasibətlərini tənzimləyən prosedurlar, qaydalar, maraqların toqquşması, vəzifədən sui-istifadə riskləri baxımından yenidən öyrənilsin və optimallaşdırılsın. - Aviasiya təhlükəsizliyi ilə bağlı baş verə biləcək insidentlər və belə insidentlər zamanı əməkdaşların vəzifə borcları, davranış qaydaları, səlahiyyət sərhədləri üzrə əməkdaşlara sessiyalar keçirilsin və məsul əməkdaşların bilik səviyyəsi qiymətləndirilsin. - Terminal 2 ərazisində sərnişin və vətəndaşların müvafiq qaydalar üzrə maarifləndirmə tədbirləri hazırlansın və həyata keçirilsin. - Bilet satışı kassaları video və audio müşahidə sistemi ilə təchiz olunsun. - Ayıq-sayıq xidmət göstərdiyinə və Aviasiya təhlükəsizliyi üzrə qaydaların tətbiq edilməsində prinsipiallıq göstərdiyinə görə J2253 nömrəli reys üzrə təyyarə bələdçisi İradə Hüseynova mükafatlandırılsın. - Son 6 ay ərzində 2-ci ciddi səhvə yol vermiş və baş vermiş insidentin ört-basdır edilməsinə cəhd etdiyinə görə SNX-nin böyük inspektoru Elmar Daşdəmirov tutduğu vəzifədən azad edilsin. - Bakı-Naxçıvan reysləri üzrə bilet çatışmazlığı məsələsi son dövrlərdə ictimaiyyətin və rəhbərliyin daima diqqət mərkəzində olmasını nəzərə alaraq aviabiletlərin bronlaşdırılması və satışı sistemində proseslərin öyrənilməsi və optimallaşdırılması təklif olunur. Həmçinin, qeyri-qanuni bilet satışı, bilet satışından şəxsi mənafelər üçün istifadə hallarını, qaydalara zidd əməliyyatların aparılması nəticəsində vətəndaşlar üçün biletlərin əlçatanlığının qarşısını almağa görə, aviabiletlərin bronlaşdırılması və satışı şöbəsinin rəisi İddiaçı, kassirlər Lətifə Salmanova və Leyla Babayeva tutduqları vəzifədən azad edilsinlər. Digər növbə rəisləri və kassirlərin də bu kimi fəaliyyəti barədə daxil olmuş informasiyalar əsasında onlar barədə də müvafiq tədbirlər görülməsini təklif etmişdir. - Şöbəyə nəzarəti zəif həyata keçirməsi və mövcud risklərin idarə edilməsi baxımından idarəetmədə boşluqlara yol verdiyinə görə Aviabiletlərin bronlaşdırılması və satışı şöbəsinin rəisi Mahir Bəşirov vəzifədən uzaqlaşdırılsın. Baş vermiş boşluqları nəzərə alaraq müasir standartlara cavab verən kassir sisteminin yaradılması üçün müvafiq addımlar atılsın. - Gələcəkdə bu kimi insidentlərin baş verməməsi üçün “X16” MMC, “X13” filialının rəhbərliyinə insidentin səbəblərini detallı araşdıraraq prosedurlarda lazımi optimallaşdırma işlərinin, ehtiyac duyulan təlim, tədris və s. proseslərin aparılması istiqamətdə iş görülməsi tövsiyyə olunsun. - Həmçinin baş vermiş insident üzrə araşdırmanın nəticəsinə istinadən “X16” MMC-nin növbə rəisi olan böyük dispetçer Ayaz Əhmədovun hava limanı ərazisindəki xidmətinə son qoyulması və digər növbə rəislərinin də dəyişdirilməsi tövsiyyə olunsun. İddiaçı tərəfindən "xxxx" QSC-nin birinci vitse-prezidentinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatlardan görünür ki, fəaliyyətində yol verdiyi nöqsanlara bir daha yol verməyəcəyinə dair söz vermişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının “76” saylı Protokolundan Çıxarışdan görünür ki, Həmkarlar İttifaqı Komitəsi "xxxx" Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəliklərini yərinə yətirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə birtərəfli şəkildə ləğv edilməsinə razılıq vermişdir. "xxxx" QSC-nin Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin "xxxx" QSC-nin birinci vitse-prezidentinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Həmkarlar İttifaqı Komitəsi "xxxx" Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəliklərini yərinə yətirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə birtərəfli şəkildə ləğv edilməsinə razılıq vermişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 650/ş nömrəli əmrindən görünür ki, həmin Cəmiyyətin Sərnişin Aviaşirkətinin X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi İddiaçı vəzifə təlimatının, eləcə də Əmək Müqaviləsinin 3.1-ci bəndində razılaşdırılmış əmək funksiyalarını kobud şəkildə pozaraq sərnişinlərə növbədənkənar, eləcə də qiyabi şəkildə (telefonla, kənardan daxil olmuş sənədlər əsasında və s.) yer təxsis edilməsinə və bilet yazılmasına yol vermiş, işçilərin iş yerinə şəxsi pulları və şəxsi mobil telefonu ilə daxil olmasına mane olmamış, ATS-də qüvvədə olan tariflərin və yığımların düzgün tətbiq edilməsini, göstərilmiş xidmətlərə görə ödənişin tam və düzgün alınmasına nəzarət etməmiş, bu kimi pozuntu hallarının baş vərməsinə şərait yaratmışdır. Bu hərəkətlərilə İddiaçı "xxxx" QSC-nin maddi və mənəvi maraqlarını təmin etməmiş şirkətin nüfuzuna və işinə zərər vuran hərəkətlərə yol verdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya Əmək müqaviləsi üzrə öhdəliklərini yərinə yətirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir; Bakı 11 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB/11/2023-01745 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" QSC-yə qarşı “işə bərpa, əmrin ləğvi” tələbinə dair mediasiya işi ilə bağlı həmin tarixdə, saat 11:00-da keçirilən ilkin mediasiya sessiyasında "xxxx" QSC-nin nümayəndəsi iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli 745 nömrəli əmək müqaviləsi əsasında əmək münasibətləri yaranmışdır. Belə ki, iddiaçı həmin tarixdən müddətsiz olaraq cavabdeh Cəmiyyətdə Sərnişin Aviasiya Şirkəti X2 İdarəsinin Aviasiya daşımalarının rəsmiləşdirilməsi şöbəsinin növbə rəisi vəzifəsinə qəbul edilmişdir. İddiaçının fəaliyyətində yol vermiş olduğu pozuntularla bağlı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli əmrlə ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Töhmətin verilməsinə səbəb İddiaçı ilə Aviasiya Təhlükəsizlik Baş İdarəsi Sərnişin Daşımalarına Nəzarət Xidməti nəzarət üzrə qrupun inspektoru X6 arasında iş saatları ərəfəsində mübahisə yaranması və mübahisə zamanı onların sərnişinlər qarşısında bir-biri ilə əlbəyaxa dava etmələri olmuşdur. xx.xx.2023-cü il tarixdə isə H.Əliyev adına hava limanının 2-ci terminalında Bakıdan Naxçıvana uçan təyyarənin Bortunda aviabileti olmayan kənar şəxsin daxil olması ilə bağlı insident baş vermişdir. Qeyd olunan insidentlə bağlı araşdırma zamanı aviabiletlərin satışı və yerli xətlər üzrə agentlərin xx.xx.2023-cü il tarixli izahatları əsasında müəyyən edilmişdir ki, iddiaçı və digər şəxslər mütəmadi olaraq qeyri-qanuni yollarla şəxslərə bilet verilməsinə göstərişlər vermişlər. İnsidentlə bağlı cavabdehin rəhbərliyinə həmin cəmiyyətin İnsan Resursları İdarəsi Konfliktlərin idarə olunması və araşdırılması üzrə eksperti tərəfindən xidməti qeyd verilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" QSC-nin Sərnişin Aviasiya Şirkətinin Uçuşların İstehsalı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir. İclasda çıxışı zamanı İddiaçı xx.xx.2023-cü il tarixdə perevozkanın növbə rəisi Ayazın ona müraciət edərək, biletin ayrılmasını xahiş etdiyini, özünün isə bununla bağlı ona göndərilən həmin sənədləri növbənin agenti Lətifə Babayevaya verməklə biletin yazılması ilə bağlı tapşırıq verdiyini bildirmiş və hər bir halda məsuliyyəti öz üzərinə götürmüşdür. O, şəxsi ərizəsi ilə işdən azad olmaq arzusunda olduğunu komitə üzvlərinin diqqətinə çatdırmışdır. İclasın sonunda İddiaçı ilə işəgötürən arasında bağlanmış Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə birtərəfli şəkildə ləğv edilməsinə razılıq verilməsi barədə qərar verilmişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023cü il tarixli əmri ilə İddiaçı "xxxx" QSC-nin maddi və mənəvi maraqlarını təmin etmədiyinə şirkətin nüfuzuna və işinə zərər vuran hərəkətlərə yol verdiyinə görə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xx.xx.2023-cü il tarixindən xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü ildə baş vermiş hadisə ilə bağlı xx.xx.2023-cü ildə əmr verilməsinin qanunauyğun olmadığını, rəisinin də bu işlərin içində olmasına baxmayaraq, işdən azad edilmədiyini əsas gətirərək, yalnız əmrin ləğv edilməsini və əmək kitabçasında aparılmış qeydin silinməsini; cavabdeh isə iddiaçının mütəmadi xarakter almış hərəkətlərinə görə cəmiyyətin işgüzar nüfuzuna zərər vurulduğunu, əvvəllər də iddiaçı barəsində başqa məsələ ilə bağlı intizam tənbehi tətbiq edildiyini, şirkət rəhbərliyinin işin sülh yolu ilə həll edilməsinin qeyri-mümkün olması ilə bağlı fikrinin qəti olduğunu bildirərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə iddia tələbinin və etirazın dəlillərinə münasibətdə qeyd edir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 650/Ş saylı əmrinin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, xx.xx.2023-cü il tarixdə baş vermiş insidentə görə araşdırma aparılan zaman "xxxx" QSC-nin əməkdaşlarından izahatlar tələb edilmişdir. "xxxx" QSC-də yerli xətlər üzrə agent X7 və Aviabiletlərin satışı üzrə agent X3 özlərinin xx.xx.2023-cü il tarixli izahatlarında İddiaçı tapşırığı ilə müxtəlif şəxslərə tələblərə uyğun olmadan bilet verdiklərini qeyd etmişlər. Eyni zamanda, İddiaçı xx.xx.2023-cü il tarixli izahatında Salmanova Lətifəyə ödənişsiz bilet yazmağa onun göstəriş verdiyini, müəyyən şəxslərdən mütəmadi olaraq whatsapp və digər vasitələrlə gələn sənədlərə əsasən sərnişinlər üçün bilet yazılmasının onun tərəfindən özbaşına və icazəsiz edilmədiyini, bununla bağlı şöbə rəhbəri Mahir Bəşirovun icazə verdiyini, ondan xəbərsiz kənar şəxslərlə iş qurmadığını, 10 gündən bir qeyd olunan yol ilə bilet satılan sərnişinlər haqqında Mahir Bəşirova qeydləri əsasında hesabat verdiyini qeyd etmişdir. Həmkarlar İttifaqının iclasında İddiaçı növbənin agenti Lətifə Babayevaya biletin yazılması ilə bağlı tapşırıq verdiyini və hər bir halda məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. İş üzrə məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, iddiaçının qeyri-qanuni əməlləri barədə cavabdehin işçiləri xx.xx.2023-cü ildə izahatlar vermiş, iddiaçı da həmin tarixdə bu əməllərini etiraf etmişdir. Beləliklə, iddiaçının qeyri-qanuni əməllər törətməsi cavabdehə xx.xx.2023-cü il tarixdə baş vermiş insidentlə bağlı aparılan araşdırma zamanı, məhz xx.xx.2023cü il tarixdə məlum olmuşdur. Deməli, iddiaçı barəsində intizam tənbehi əmək qanunvericiliyində göstərilən 1 aylıq müddət çərçivəsində tətbiq edilmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində bildirdiyi “cavabdehin müvafiq əmri verərkən onun qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olduğunu qeyd etməmişdir” hissəsinə münasibətdə qeyd edir ki, sadəcə bu cür bir formal əsasla əmrin ləğv edilməsi ədalətsiz olardı. Çünki əmrdə qeyd olunan “sərnişinlərə növbədən kənar, eləcə də qiyabi şəkildə bilet verilməsi” hissəsindən aydın şəkildə müəyyən etmək olur ki, iddiaçının bu cür hərəkətləri bilet almaq istəyən digər şəxslərin hüquqlarının pozulmasına (biletlərin əlçatan olmasına), biletlərin vaxtından əvvəl bitməsinə, müəssisədaxili intizamsızlığa səbəb olur ki, bu da işəgötürənin bir sıra hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasını deməyə əsas verir. Həmçinin, müvafiq əmrə əsas olmuş xidməti qeyddə Bakı-Naxçıvan reysləri üzrə bilet çatışmazlığı məsələsinin son dövrlərdə ictimaiyyətin və rəhbərliyin diqqət mərkəzində olması, qeyri-qanuni bilet satışı, bilet satışından şəxsi mənafelər üçün istifadə halları, qaydalara zidd əməliyyatların aparılması nəticəsində vətəndaşlar üçün biletlərin əlçatanlığının qarşısının alınması halları qeyd edilmiş və bu səbəblərdən iddiaçının və digər şəxslərin tutduqları vəzifədən azad edilmələri təklif edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh işəgötürən tərəfindən iddiaçıya (işçiyə) münasibətdə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsindən əvvəl xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir. xx.xx.2023-cü il tarixli əmrin verilməsinə səbəb olan hal ilə xx.xx.2023-cü il tarixli əmrin verilməsinə səbəb olan hal birbaşa əlaqədar olmasa da, əmək müqaviləsinin ləğv edilməsinə dair əmr verilərkən şəxs barəsində qüvvədə olan sonuncu xəbərdarlıqla şiddətli töhmət əmrinin olması da onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmalıdır. Son olaraq iddiaçının rəhbərin göstərişi ilə hərəkət etməsinə baxmayaraq, rəhbərinin heç bir cəza almaması barədə dəlilinə münasibətdə isə qeyd edilməlidir ki, bu hal işçinin qeyri-qanuni əməllər törətməsi, digər əməkdaşlara da bu cür göstərişlər verməsi, əmək müqaviləsində və vəzifə təlimatında göstərilmiş vəzifə borclarını kobud surətdə pozması faktını təkzib etmir və hazırda mübahisələndirilən əmrin ləğvi üçün əsaslı dəlil deyildir. Məhkəmə hesab edir ki, "xxxx" QSC iddiaçı barəsində xx.xx.2023-cü il tarixli əmri verməmişdən əvvəl əmək qanunvericiliyinin tələblərinə müvafiq qaydada məsələni ətraflı olaraq araşdırdığından, sənədləşmə işlərində qanunun tələblərinə əməl etdiyindən, işçini həmkarlar ittifaqının komitəsinin keçirdiyi iclasda dinlədiyindən və onun yazılı izahatını aldığından, işçi öz izahatında əmək müqaviləsinə və vəzifə təlimatına zidd törətdiyi əməllərini etiraf etdiyindən, işçinin əməlləri cavabdehin hüquqlarını pozduğundan, mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinin “e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 190-cı maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının rədd edilməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-4718/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4718/2023
21.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver