Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-477/2023 08.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 1000 manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi və mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin, 19 saylı mənzilinə su axıdılması nəticəsində mülkiyyətinə etdiyi qəsdə son qoyulması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Həmin mənzil 25 yanvar 2003-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üst mərtəbəsində yerləşən 22 saylı mənzilin mülkiyyətçisidir. Cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzildən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə mütəmadi olaraq su axıdılmış, həmin mənzilin dəhlizi və hamamı yararsız hala düşmüşdür. Belə ki, mənzilə su axıdılma hallarından biri də 09 mart 2022-ci il tarixdə baş vermiş, bu barədə 09 mart 2022-ci il tarixdə qonşuların iştirakı ilə akt tərtib edilmiş və su axıdılmasını əks etdirən fotşəkillər çəkilmişdir. Vurulmuş zərərin həcmi 1000 manatdan artıq məbləğ təşkil edir. Göstərilənlərə əsasən, cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması nəticəsində ona zərər vurulduğundan, vurulmuş zərər cavabdeh tərəfindən tam ödənilməlidir. Cavabdehin mülkiyyətində olan mənzildən iddiaçının mülkiyyətində olan mənzilə mütəmadi olaraq su axıdılması nəticəsində iddiaçıya 1000 manatdan artıq məbləğdə vurduğu ziyan cavabdeh tərəfindən ödənilməli və göstərilən hərəkətləri nəticəsində iddiaçının mülkiyyətinə edilən qəsdə son qoyulması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı iddia tələbinin həcmini artıraraq, əlavə olaraq, cavabdehin mənzilindən onun mənzilinə su axıdılmasının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, suyun onun evindən deyil, ana xətdən axıdıldığını bildirdi. Evi aldığı şəxsin iddiaçının evinə su axıtdığını, özünün isə təqsirinin olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin izahatını dinləyib, ekspert rəyini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 141841 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 19 nömrəli mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2003-cü il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki ünvan 2 (reyestr nömrəsi: **********95-05301-093003) ünvanında yerləşən əmlakın sahibi Cavabdehdır. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən tərtib edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 21 nömrəli mənzilində yaşayan Tapdıqova Elmira, 27 nömrəli mənzilində yaşayan Hüseynova Təzəgül və X1 tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı kooperativ binanın 22 nömrəli mənzilinin sakini Cavabdeh tərəfindən 2022-ci il tarixdə İddiaçı məxsus 19 nömrəli mənzilə suyun axıdılması səbəbindən mənzil yararsız hala düşmüşdür. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 10/8644 saylı ekspert rəyi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixdə icraatın dayandırılmasına səbəb olan hal aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli 10/8644 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 19 saylı mənzilin tavanı və divarları üzərində su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan "xxxx" MTK-nın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 19 saylı mənzilinə yuxarı mərtəbədəki 22 saylı mənzildən suyun sızması müəyyən olunur. Lakin 22 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 19 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 19 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 335,0 manat məbləğində olduğu müəyyən edilir. Rəyə tədqiq olunan mənzildə aparılan təmir bərpa işlərinin dəyərinin müəyyən olunmasına dair smeta əlavə olunmuşdur. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103 ünvanında yerləşən 19 saylı mənzilin, Cavabdeh isə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 103 ünvanında yerləşən 22 saylı mənzilin mülkiyyətçiləridirlər. İddiaçıya məxsus mənzil 2-ci mərtəbədə, cavabdehə məxsus mənzil isə 3-cü mərtəbədə yerləşir. İddiaçı iddia edir ki, cavabdehin mənzilindən onun mənzilinə su sızması nəticəsində ona maddi ziyan dəymişdir, hazırda cavabdeh qəsdən suyu onun mənzilinə axıdır. Cavabdeh isə suyun onun mənzilindən deyil, ana xətdən axdığını bildirir. Cavabdeh eyni zamanda, suyun mənzilin əvvəlki sahibi tərəfindən suyun axıdıldığını qeyd edir. Tərəflər arasında olan mübahisənin hərtərəfli, obyektiv və tam həll edilməsi məqsədilə müvafiq ekspertiza təyin edilmiş, verilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının mənzilinə su cavabdehin mənzilindən axıdılır və dəymiş ziyanın məbləği 335 manat təşkil edir. Göründüyü kimi, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi hazırki işin mübahisəsiz halını təşkil edir. Məhkəmə iddia tələbinin “Cavabdeh tərəfindən vurulmuş 1000 manat məbləğində maddi zərərin alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, müvafiq ekspert rəyi ilə təmirtikinti işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 335 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməli, Cavabdeh 335 (üç yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçının mənzilinə su axıdılması nəticəsində mülkiyyətinə etdiyi qəsdə son qoyulması vəzifəsinin Cavabdeh üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edilməsi, həmin qəsdin nədən ibarət olması iddiaçı tərəfindən məhkəmədə müvafiq qaydada sübuta yetirilməmişdir. Tələb eyni zamanda qeyrimüəyyəndir. Beləliklə, cavabdehin iddiaçının mülkiyyətinə qəsd etməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılmasının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin mənzilindən iddiaçının mənzilinə suyun axıdılması, bunun nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halını təşkil etdiyindən, tələb bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1-1096.2, 1097.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan Məcəllənin 1115-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan 15 (on beş) manat hissəsi isə İddiaçı aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 50 (əlli) manat hissəsi Cavabdeh, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 335 (üç yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilməli, ünvan 1 ünvanında yerləşən mənzilə su axıdılmasının qarşısının alınması öhdəliyi Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 335 (üç yüz otuz beş) manat məbləğində maddi zərərin əvəzi tutularaq İddiaçı ödənilsin. ünvan 1 ünvanında yerləşən mənzilə su axıdılmasının qarşısının alınması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin, qalan 15 (on beş) manat hissəsi isə İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat pulun 50 (əlli) manat hissəsi Cavabdeh, qalan 50 (əlli) manat hissəsi isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE**********0002088501, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-477/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-477/2023
08.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver