Məhkəmə qərarları › İş №e-2(006)-4783/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4783/2022

29.11.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4783/2022 29.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyinə qarşı "əmək müqaviləsinin elektron informasiya ehtiyatında ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə cavabdeh "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyinə qarşı "əmək müqaviləsinin elektron informasiya ehtiyatında ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixində Cavabdeh Şirkətinin Azərbaycan Nümayəndəliyində operator vəzifəsinə təyin edilmişdir. İşlədiyi dövrdə üzərinə götürdüyü vəzifələri tam yerinə yetirmiş və heç bir xəbərdarlıq, töhmət almamışdır. O, xx.xx.2016-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilsə də, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş informasiya sisteminə daxil edilməmişdir. ƏM-nin 68-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləmə xitam verilməsi ilə bağlı əmək kitabçasında qeydlər aparılmasına baxmayaraq, xitam bildirişi elektron informasiya sisteminə daxil edilməmişdir. Qanunverciliyin tələbinə əsasən xitam bildirişini elektron informasiya sisteminə daxil etmək işəgötürənin əsas vəzifəsi kimi qeyd edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bununla bağlı olaraq, xx.xx.2018-ci il tarixində iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi xidmətinə müraciət etmişdir. xx.xx.2018-ci il tarixində 5 saylı region üzrə X1 Xidmətindən iddiaçıya ünvanlanmış məktubda elektron informasiya sisteminə əmək müqaviləsinin xitam bildirişinin daxil edilməsi səlahiyyəti olmadığından onu məhkəmə orqanlarına yönləndirmişlər. Lakin əvvəlki iş yerinin informasiya portalında əsas iş yeri kimi qalması səbəbi ilə Astara rayon Təhsil şöbəsi informasiya sisteminə müdaxilə edə bilmir və onu əsas işçi olaraq qeydiyyata ala bilmir. Bu da Azərbaycan vətəndaşı və Azərbaycan müəllimi olaraq onun əmək hüquqlarının pozulmasına gətirib çıxarır. Göstərilənlərə əsasən, İddiaçı ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi arasında bağlanmış xx.xx.2015 il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi öhdəliyinin "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixində 290615 saylı əmri ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyində operator vəzifəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixində 231216 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir.

7. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti 5 saylı region üzrə X1 tərəfindən İddiaçı ünvanlanmış məktubda bildirilmişdir ki, elektron informasiya sisteminə əmək müqaviləsinin xitam bildirişini daxil etmək səlahiyyətləri olmadığından müraciətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur.

8. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi İddiaçı tərəfindən təsvir edilən «əmək münasibətlərindən irəli gələn mübahisə» üzrə 27 sentyabr 2022-ci il tarixində 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında xx.xx.2015-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır və iddiaçı əmək müqaviləsi üzrə «operator» vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə və əmək kitabçasında qeydlər aparılmasına baxmayaraq, cavabdeh "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi tərəfindən həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Hazırda iddiaçı cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməsi öhdəliyinin "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

11. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

12. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

13. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.

14. Eyni Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

15. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.

16. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur.

17. Bu Məcəllənin 12 maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla)

18. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.

19. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbi tam əsaslıdır və təmin edilməlidir.

20. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi arasında bağlanmış 29 iyun 2015-ci il tarixili əmək müqaviləsinə 23 dekabr 2016-cı il tarixindən xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyinin üzərinə qoyulmalıdır.

21. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə aktlarının icrasıının asanlaşdırılması məqsədilə bu qətnamə (cavabdeh tərəfindən icra edilməsi mümkün olmadıqda) Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi arasında bağlanmış 29 iyun 2015-ci il tarixili əmək müqaviləsinə 23 dekabr 2016-cı il tarixindən xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsas olmalıdır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. İddiaçı ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi arasında bağlanmış 29 iyun 2015-ci il tarixili əmək müqaviləsinə 23 dekabr 2016-cı il tarixindən xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyinin üzərinə qoyulsun. Bu qətnamə (cavabdeh tərəfindən icra edilməsi mümkün olmadıqda) Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ilə "X2 Limited" Şirkətinin Azərbaycan Respublikasindakı Nümayəndəliyi arasında bağlanmış 29 iyun 2015-ci il tarixili əmək müqaviləsinə 23 dekabr 2016-cı il tarixindən xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemindən silinməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar