Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-48/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2, "xxxx" ASC-nin mütəxəssisi X3 iştirakları ilə İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh “X5” ASC-yə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X5” ASC-nin hərəkətlərinin qanunsuz hesab edilməsi, İddiaçı 52437544****3973 nömrəli kart üzrə hesablanmış kredit borcunun və faizlərin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir neçə gün əvvəl ***-***-**-** nömrəsi ilə "xxxx" ASC-nin əməkdaşı iddiaçıya zəng edərək 08 dekabr 2022-ci il tarixindən etibarən 850 manat borcun yarandığı və ona faiz hesablandığını bildirmişdir. İddiaçı bunun qanunsuz olduğunu bildirərək, məsələnin hüquq müsətivisində həllini təklif etsə də, cavabdeh buna məhəl qoymayaraq, iddiaçının digər kartından heç bir əsas olmadan qanunsuz pul tutmuşdur. Bu barədə cavabdehə pretenziya verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda öz hərəkətlərini onunla əsaslanıdrmışdır ki, “52437544****3973 nömrəli kartınızın balansına xx.xx.2022-ci il tarixində “paysend” təyinatı ilə 500 ABŞ dolları mədaxil olmuşdur. Kart balansına köçən vəsait xx.xx.2022-ci il tarixində digər bank kartına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində isə “paysend” əməliyyatı kart balansından geri silinmişdir. Bu zaman kart balansında kifayət qədər vəsait olmadığı üçün overdraft yaranmışdır”. Halbuki, texniki yalnışlıqdan başqa bir şey deyil. İddiaçının cavabdeh banka borcu yoxdur. Sözügedən 500 ABŞ dolları iddiaçıya 08 dekabr 2022-ci ildə xarici ölkədən dostu tərəfindən göndərilmiş və iddiaçı da həmin pulu tam qanuni əldə etmişdir. Həmin pul cavabdehə məxsus deyil, cavabdeh iddiaçıya hər hansı pul göndərməmiş, sözügedən 500 ABŞ dolları tələb etmək hüququna malik deyil. Buna baxmayaraq, "xxxx" ASC 6 aydan sonra iddiaçıya 500 ABŞ dolları borc hesablamış, bu azmış kimi ona həmin pulun üzərinə gündəlik faiz də hesablayaraq, iddiaçının adına olan başqa kartdan 10 manat pulunu qanunsuz ələ keçirmişdir ki, bu da özbaşınalıqdır. Sözügedən 52437544****3973 nömrəli kart iddiaçı tərəfindən cavabdeh bankda açılmaqla yalnız köçürmə və ödənişlərin həyata keçirilməsi üçün istifadə edilməklə debet kartıdır və müddəti 2023-ü ilin aprel ayında bitmişdir. İddiaçı cavabdeh bankdan pul götürməmiş və ya onun kartına cavabdeh bank tərəfindən 6 ay öncə hər hansı kredit məbləği köçürülməmişdir. Həmin məbləği dostu “paysend” vasitəsi ilə Çexiyadan göndərmişdir. Buna baxmayaraq, bank iddiaçıya qanunsuz və əsassız olaraq kredit borcu hesablamış və hazırda ona qanunsuz faiz hesablamaqda davam edir. Cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc silinməli, cavabdehin iddiaçıya vurduğu maddi və mənəvi zərər, həmçinin, məhkəmə xərcləri də cavabdehdən məhkəmə qaydasında tutulmalıdır.
3. İddia tələbi 2 dəfə dəqiqləşdirilmiş, son olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh “X5” ASC-nin ona məxsus 52437544****3973 nömrəli debet kartı üzrə qanunsuz hesablanmış 843.23 AZN kredit borcunun və 94.42 AZN faizin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin, onun 52437544****3973 və 52437544****4180 nömrəli kartlarından qanunsuz tutulmuş, cəmi 13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisənin aid olduğu 4761ovNAR/23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüququ müqavilə əsasında Unibank” KB ASCdən "xxxx" ASC-yə (VÖEN **********) keçmişdir (xx.xx.2022-ci il tarixli 02/22 UB №-li müqaviləyə xx.xx.2024-cü il tarixli, 22 saylı Əlavə) və "xxxx" ASC mülki işə üçüncü şəxs qismində xx.xx.2025-ci il tarixli, e-2(006)-48/2025 nömrəli qərardada əsasən cəlb edilmişdir. İddiaçının iddia ərizəsində inkar etdiyi texniki overdraft və ona başqa hesablarından tutulan cərimə borcu ilə bağlı bildiririk ki, məhkəmənin təşəbbüsü ilə işə cəlb olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisinin verdiyi rəyə əsasən, İddiaçı kart hesabında xx.xx.2022-ci il tarixində 500 ABŞ dolları məbləğin təkrar köçürülməsi nəticəsində texniki overdraft yaranmışdır. Həmçinin, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.8-ci maddəsinə əsasən, texniki overdraft yarandığı halda borclu borcunu 30 gün ərzində ödəməlidir, əks halda isə yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 faiz məbləğində cərimə ödəməlidir. Hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalarındakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq komissyon haqları tutulmaq şərtilə akseptsiz qaydada tutula bilər. Mütəxəssis rəyindən əlavə yaranmış texniki overdraft halının mövcudluğunu "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində “MaterCard” beynəlxalq ödəniş kartları sisteminə e-mail vasitəsilə göndərilmiş sorğunun cavabı və "xxxx" ASC tərəfindən təqdim olunmuş hesabdan çıxarışlar da təsdiq edir. Eyni tərəflərin iştirak etdiyi digər məhkəmə işi üzrə qəbul edilmiş yekun aktında hazırkı mübahisə üçün əhəmiyyətli hal özünün hüquqi qiymətini almışdır. Belə ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin e-2(007)- 1605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı 843,23 manat overdraft borcu, 50 manat cərimə borcu, cəmi 893.23 manat borc və 30,66 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi texniki overdraft digər məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır və borclu tərəfindən apellyasiya şikayəti verilmədiyindən qətnamə qüvvəyə minmişdir. Sözügedən qətnamə sadələşdirilmiş icraat qaydasında qəbul edilsə də, borclunun elektron məhkəmə sistemində şəxsi kabineti olduğundan və hal-hazırda davam edən mülki iş materiallarına davamlı olaraq sənəd əlavə etdiyindən sözügedən qətnamədən xəbərsiz ola bilməzdi. Qeyd edilənlərə əsasən, texniki overdraft halı məhkəmə aktı ilə təsdiqlənmişdir və iddianın təmin edilməsi ilə qüvvədə olan Nizami rayon məhkəməsinin e-2(007)- 1605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə zidd məhkəmə aktının qəbul edilməsi məhkəmə aktlarının kolliziyasının yolverilməzliyi prinsipinin pozulmasına səbəb olacağından iddia ərizəsi təmin edilməməlidir.
a) Məhkəmə prosesi:
6. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, mübahisəli məbləğlər xarici ölkədə yaşayan dostu tərəfindən “Paysend” beynəlxalq pul köçürmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş debet karta göndərilmişdir. Buna görə də nə "xxxx" ASC-nin, nə də "xxxx" ASC-nin bu pulu ondan tələb etməyə heç bir hüququ yoxdur. Əgər bu pul kartda texniki overdraft kimi yaransaydı da, bu məbləğlə bağlı tələb hüququ "xxxx" ASC-yə deyil, beynəlxalq pul köçürmə sistemi olan “Paysend” və ya kart əməliyyat sistemi olan “Mastercard”a məxsus olardı. Qeyd etdiklərinin nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib bildirdi ki, iddiaçı ilə bank arasında olan müqavilədə texniki overdraft ilə bağlı şərt nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilmiş bank ilə “Mastercard” arasında olan yazışmanın və Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssis rəyinin nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X4 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
9. Məhkəmə iclasında "xxxx" ASC-nin mütəxəssisi X7 bildirdi ki, 23 ildir, bank kartları sahəsində işləyir. İstənilən bank kartının mülkiyyətçisinin bankın özünün olduğunu, buna görə də pul hansı köçürmə sistemi ilə köçürülürsə-köçürülsün, karta pul məbləğini yalnız həmin bankın daxil etdiyini qeyd etdi. Hazırda mübahisələndirilən məbləğin texniki overdraft olub-olmadığını müəyyən etmək üçün hesabdan çıxarışda əməliyyatların referans nömrəsinə baxmağın kifayət etdiyini bildirib, iş materialları ilə, xüsusilə hesabdan çıxarışla tanış olan zaman bankın bu pulu beynəlxalq əməliyyat sistemi olan “Paysend”dən “Mastercard” vasitəsilə 1 dəfə aldığını, lakin iddiaçının istifadəsində olan karta 2 dəfə mədaxil etdiyini, belə ki, bu əməliyyatların referans nömrələrinin eyni olduğunu əlavə etdi. Buna görə də hazırkı iş üzrə bankın sistemində baş vermiş texniki xəta nəticəsində banka məxsus vəsaitin iddiaçının kartına köçürülməsi ilə texniki overdraft deyilən hadisənin baş verdiyini müəyyən etdiyini bildirərək, bu fikirlərin özünün şəxsi mövqeyi deyil, beynəlxalq praktika olduğunu vurğuladı.
10. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, yazılı və şifahi mütəxəssis rəylərini nəzərə alıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
11. Tərəflər arasında bağlanmış ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilədən görünür ki, bank müştəriyə ödəniş kartına xidmət göstərilməsini və karta bağlı olan cari hesab vasitəsilə hesablaşma-kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, müştəri isə bu müqavilənin ayrılmaz hissəsi olan bankın müəyyən etdiyi tarif üzrə ona göstərilən bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür (1.1-ci bənd). Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmş texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda, bank müştərini xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki overdraft yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə, yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər (2.8-ci bənd). Kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və hesab üzrə texniki overdrafta yol verməmək müştərinin vəzifəsidir. Texniki overdraft bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir (3.4.2-ci bənd).
12. xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, iddiaçı bankın rəsmi internet səhifəsində yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmuşdur, onun bütün şərtləri ilə razıdır. Ərizədə iddiaçının əlaqə nömrəsi və həqiqi imzasının analoqu kimi ********* nömrəsi qeyd edilmişdir. İddiaçı ödəniş kartı ilə aparılacaq əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda, silinmənin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyini qəbul etmişdir.
13. İş materiallarında olan hesabdan çıxarışlardan iddiaçıya məxsus 524375******3973 nömrəli karta xx.xx.2022-ci il tarixində 956012 kodlu əməliyyat üzrə 2 dəfə 500 USD məbləğ daxil olması, iddiaçının hər iki əməliyyat üzrə köçürülmüş məbləğləri istifadə etməsi (birinci dəfə nağdlaşdırma, ikinci dəfə kartdan karta köçürmə üsulu ilə), ikinci köçürmə texniki xəta səbəbindən baş verdiyindən, bankın bu məbləği geri çəkməsi, lakin kartda vəsait olmaması səbəbindən balansın mənfiyə düşməsi müəyyən edilir.
14. "xxxx" ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının 524375******3973 nömrəli kartının balansına xx.xx.2022-ci il tarixində “paysend” təyinatı ilə 500 USD vəsait mədaxil olmuşdur. Kart balansına köçən vəsait xx.xx.2022-ci il tarixində digər bank kartına köçürülmüşdür. xx.xx.2022-ci il tarixində isə eyni “paysend” təyinatlı əməliyyat kart balansından geri silinmişdir. Bu zaman kart balansında kifayət qədər vəsait olmadığı üçün overdraft yaranmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.8-ci bəndinə əsasən, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 təqvim günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, həmin borc illik 30 % hesablanmaqla banka qaytarılmalıdır. Müqavilənin 3.4.2ci bəndinə əsasən, texniki overdraft müştərinin bank qarşısında yaranmış borcudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq, overdraft borcu ilə bağlı xx.xx.2023-cü il tarixində onun banka təqdim etdiyi mobil nömrəsinə (+**********16) SMS göndərilmiş və 5 iş günü ərzində borcunu ödəmədiyi halda, overdraft krediti açılacağı bildirilmişdir. Borc məbləği ödənilmədiyindən, xx.xx.2023-cü il tarixində müqaviləyə əsasən kredit xətti açılmışdır.
15. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
16. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının həmin bankda AZ28UBAZ**********1020USD001 (kartın nömrəsi 524375******3973) saylı kart hesabı var. Müştərinin kartına xx.xx.2022-ci il tarixində “Paysend”dən 500 USD mədaxil olunub. Müştəri vəsaiti istifadə edib. xx.xx.2022-ci il tarixində isə eyni təyinatlı əməliyyat kartdan geri silinib. Bu zaman kart balansında kifayət qədər vəsait olmadığı üçün overdraft yaranmışdır. Beləliklə, iddiaçı 843,23 manat məbləğində ona məxsus olmayan vəsaiti kartından istifadə etmişdir. Bu plastik kart üzrə ümumi overdraft borcu əsas 843,23 manat, hesablanmış faiz 94,42 manat məbləğ olmaqla, ümumi 937,65 manat təşkil edir.
17. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, müştəri İddiaçı istifadəsində olan "xxxx" ASC-yə məxsus 52437544****3973 USD valyutalı karta xx.xx.2022-ci il, saat 02:45:52-də “Paysend” pul köçürmə sistemindən 500 USD vəsait mədaxil olunmuşdur. Müştəri xx.xx.2022-ci il, saat 08:16:42-də 830 AZN məbləğində vəsaiti nağdlaşdırmışdır. Texniki problem səbəbilə xx.xx.2022-ci il, saat 14:15:27-də 500 USD vəsait yanlışlıqla yenidən müştərinin kartına mədaxil edilmiş və bu vəsait xx.xx.2022-ci il, saat 15:26:34də müştəri tərəfindən kartdan karta köçürmə (C2C) vasitəsi ilə istifadə edilmişdir. Qeyd olunanları nəzərə alaraq, texniki problem səbəbi ilə artıq köçürülmüş 500 USD vəsait xx.xx.2022-ci il, saat 17:27:15-də geri silinmiş və müştəri hər iki mədaxil edilmiş vəsaiti istifadə etdiyi üçün kart balansında texniki overdraft yaranmışdır.
18. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdeh bank “Mastercard” beynəlxalq ödəniş kartları sistemi ilə xx.xx.2023-cü il tarixində e-mail vasitəsilə (mailto:digital.support@mastercard.comElektron ünvan ) yazışmışdır. Belə ki, bankın xx.xx.2022-xx.xx.2022-ci il tarixləri aralığında əməliyyat qeydlərinin sayı ilə bağlı sorğusuna həmin təşkilat tərəfindən yalnız 1 əməliyyatın göründüyü cavabı verilmişdir (yazışma ingilis dilində aparılmış, tərcüməsi ilə birlikdə məhkəməyə təqdim edilmişdir).
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı 843,23 manat əsas, 50 manat cərimə borcu, cəmi 893,23 manat borc və 30,66 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı 52437544****3973 nömrəli kart hesabında xx.xx.2022-ci il tarixində 500 ABŞ dolları məbləğində vəsaitin təkrar mədaxil olunması zamanı texniki overdraft yaranmışdır. Bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən İddiaçı 52437544****3973 nömrəli kart hesabına xx.xx.2022-ci il tarixində 500 ABŞ dolları məbləğində Londondan (Card: xxxxxxxxxxxx3973, Transaction details: xx/xx/2022, 944, 850.00 GBR London Paysend) vəsait daxil olmuşdur. Müştəri həmin gün vəsaiti ATM-dən 830 AZN olaraq nağdlaşdırmışdır (USD Card: Card: xxxxxxxxxxxx3973, Transaction details: xx/xx/2022, 08:16:42, 944, 830.00 AZE Baku, ATM, Zagulba, Favorit Market). Həmin gün 499 ABŞ dolları məbləğində vəsait müştərinin kart hesabına texniki səbəblərdən təkrar daxil olmuş və müştəri həmin vəsaiti "xxxx" ASC-nin mobil tətbiqi vasitəsilə X1 məxsus 524375ZBMDQE9157 saylı kart hesabına “kartdan karta” təyinatı ilə köçürmüşdür (plastik kartlar üzrə overdraft USD Card: xxxxxxxxxxxx3973, Transaction details: xx.xx.2022, 15:26:34, 840, 499.00 AZE, Baku, uBank Card to Card). Nəticədə müştərinin hesabında 496,02 ABŞ dolları (843,23 manat ekvivalentində) texniki overdraft yaranmışdır. Adi bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosessinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. Əgər texniki səbəbdən overdraft yaranarsa, bu müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda overdrafta yol verilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli “ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” müqavilənin 2.8-ci bəndinə əsasən, “Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmş texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 % məbləğində cərimə ödənişi həyata keçirilməlidir”. Müvafiq kart hesablarından pul vəsaitlərinin silinməsi müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda pul vəsaitlərinin silinməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli “ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” müqavilənin 2.8-ci bəndinə əsasən, “Hesab üzrə texniki overdraft yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə, yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər”.
21. İş materiallarına cavabdehin gətirdiyi dəlillərə, təqdim etdiyi sənədlərə dair iddiaçının bir neçə yazılı etirazı, bank barəsində hazırkı işə aid olmayan başqa məkhəmə qətnaməsi, cavabdehlə üçüncü şəxs arasında tələb hüququnun satılması haqqında 02/22UB nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə, həmin müqaviləyə iddiaçı barəsində tələb hüququnun satılmasına dair xx.xx.2024-cü il tarixli, 22 nömrəli əlavə, iddiaçının Nizami Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti də əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Beləliklə, hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən, ABŞ dolları valyutasında olan 52437544****3973 nömrəli bank kartı (hesab №: AZ28UBAZ**********1020USD001) iddiaçının istifadəsinə verilmişdir.
23. İş üzrə mübahisəli hal isə xx.xx.2022-ci il tarixində iddiaçının istifadəsində olan həmin karta 500 ABŞ dolları məbləğində pul vəsaitinin 2 dəfə mədaxil edilməsi və həmin məbləğlərin iddiaçı tərəfindən istifadə edilməsindən ibarət olmuşdur. Belə ki, iddiaçı bu məbləğlərin Çexiyada yaşayan dostu tərəfindən ona göndərildiyini iddia etmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməsi ona təklif edilsə də, iddiaçı bununla bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə beynəlxalq pul köçürmə sistemi olan “Paysend” təyinatı ilə “Mastercard” vasitəsilə iddiaçının kartına yalnız 1 dəfə 500 ABŞ dollarının köçürüldüyünü, ikinci dəfə köçürülən məbləğin bankın elektron sistemində baş vermiş texniki xətanın nəticəsi, yəni bankın öz vəsaiti olduğunu, buna görə də ikinci əməliyyatın sonradan bank tərəfindən ləğv edildiyini, lakin iddiaçının həmin məbləğdən istifadə etməsi (başqa karta köçürməsi) səbəbindən kartda overdraft yarandığını iddia etmişdir. Bununla bağlı məhkəmənin sübutların tələb edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli qərardadı əsasında cavabdeh məsələ ilə bağlı ondan tələb olunan zəruri bütün sübutları məhkəməyə təqdim etmişdir. Belə ki, cavabdehin “Mastercard” ilə elektron qaydada apardığı danışıqlardan görünür ki, “Mastercard”2022-ci ilin dekabr ayı ərzində banka yalnız 1 daxilolma əməliyyatı həyata keçirildiyini, 2-ci bir daxilolma əməliyyatının isə olmadığını təsdiqləmişdir. Bundan başqa, iş materiallarında olan çoxsaylı hesabdan çıxarışlardan iddiaçıya məxsus 524375******3973 nömrəli karta xx.xx.2022-ci il tarixində 956012 kodlu əməliyyat üzrə 2 dəfə 500 USD məbləğ daxil olması, iddiaçının hər iki əməliyyat üzrə köçürülmüş məbləğləri istifadə etməsi (birinci dəfə bankomatdan nağdlaşdırma, ikinci dəfə kartdan karta köçürmə üsulu ilə), ikinci köçürmə texniki xəta səbəbindən baş verdiyindən, bankın bu məbləği geri çəkməsi, lakin kartda vəsait olmaması səbəbindən balansın mənfiyə düşməsi müəyyən edilmişdir. Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləni, məsələyə dair ətraflı maliyyə arayışlarını da məhkəməyə təqdim etmişdir.
24. İş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan və iddiaçının da vəsatəti əsasında xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən iş üzrə komission məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankının, "xxxx" ASC-nin və Maraqlı şəxs2 ASC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertlər qarşısında “1. İddiaçı "xxxx" ASC-də olan 52437544****3973 nömrəli debet kartı üzrə “overdraft” (hesabda vəsait olmadıqda silinmə) yaranması halı müəyyən edilirmi? 2. Kart üzrə “overdraft” (hesabda vəsait olmadıqda silinmə) yarandığı təqdirdə, onun yaranma əsası nə olmuşdur və məbləği nə qədər təşkil edir? 3. İşdə olan hesabdan çıxarışlar əsasında 52437544****3973 və 52437544****4180 nömrəli kartlardan ümumilikdə 13 manat məbləğində pul vəsaitinin silinməsinin əsasını nə təşkil etmişdir?” məzmununda suallar qoyulmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2025-ci il tarixli məlumatları ilə ekspertizanın aparılmasından imtina edilərək, iş materialları icrasız geri qaytarılmışdır.
25. Buna baxmayaraq, həmin qərardad əsasında Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Sözügedən mütəxəssis rəyində bankdan təsdiq olunmuş formada təqdim olunan kart hesabından çıxarışa əsasən iddiaçının 52437544****3973 nömrəli kart hesabında xx.xx.2022-ci il tarixində 500 ABŞ dolları məbləğində vəsaitin təkrar mədaxil olunması zamanı texniki overdraft yaranması, belə ki, xx.xx.2022-ci il tarixində 500 ABŞ dolları məbləğində Londondan vəsait daxil olması, iddiaçının həmin gün vəsaiti ATM-dən 830 AZN olaraq nağdlaşdırması, həmin gün 499 ABŞ dolları məbləğində vəsaitin iddiaçının kart hesabına texniki səbəblərdən təkrar daxil olması və müştərinin həmin vəsaiti "xxxx" ASC-nin mobil tətbiqi vasitəsilə X1 məxsus 524375ZBMDQE9157 saylı kart hesabına “kartdan karta” təyinatı ilə köçürməsi, nəticədə müştərinin hesabında 496,02 ABŞ dolları (843,23 manat ekvivalentində) texniki overdraft yaranması faktları müəyyən edilmişdir. Mütəxəssis öz rəyində qeyd etmişdir ki, adi bank praktikasına görə plastik kartlardan istifadə olunması zamanı müəyyən texniki səbəblərdən (kartlar üzrə prosessinq mərkəzləri ilə xidmət göstərən banklar arasında sistem xətası) kart hesablarında overdrafta yol verilə bilməsi halları istisna olunmur. Əgər texniki səbəbdən overdraft yaranarsa, bu müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda overdrafta yol verilməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli “ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” müqavilənin 2.8-ci bəndinə əsasən, “Müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraftın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda, müştəri bank qarşısında yaranmış borcu texniki overdraftın yarandığı gündən ən geci 30 iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda müştəri bank qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmş texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 % məbləğində cərimə ödənişi həyata keçirilməlidir”. Müvafiq kart hesablarından pul vəsaitlərinin silinməsi müştəri ilə bank arasında bağlanmış müqavilənin müvafiq bəndləri ilə tənzimlənməlidir. Qeyd olunan halda pul vəsaitlərinin silinməsi iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilənin müvafiq bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli “ödəniş kartları üzrə xidmət göstərilməsi haqqında” müqavilənin 2.8-ci bəndinə əsasən, “Hesab üzrə texniki overdraft yarandığı və ya müştəriyə kredit xətti açıldığı təqdirdə, yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu bank tərəfindən müştəriyə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər”.
26. Həmçinin, qərardada əsasən hazırkı məhkəmə iclasında iştirakı təmin edilən "xxxx" ASC-nin mütəxəssisi X7 hesabdan çıxarışla tanış olan zaman bankın bu pulu beynəlxalq əməliyyat sistemi olan “Paysend”dən “Mastercard” vasitəsilə 1 dəfə aldığını, lakin iddiaçının istifadəsində olan karta 2 dəfə mədaxil etdiyini, belə ki, bu əməliyyatların referans nömrələrinin eyni olduğunu, buna görə də hazırkı iş üzrə bankın sistemində baş vermiş texniki xəta nəticəsində banka məxsus vəsaitin iddiaçının kartına köçürülməsi ilə texniki overdraft deyilən hadisənin baş verdiyini müəyyən etdiyini bildirmişdir.
27. Beləliklə, iddiaçı iddia etdiyin halların mövcudluğuna dair heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə etirazının dəlilləri ilə bağlı sübutlarını məhkəməyə təqdim etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi tərəfindən verilmiş rəyi mübahisələndirərək, ekspertiza keçirilməsinin zəruriliyini iddia etsə də, ekspert qarşısında qoyulmasını tələb etdiyi “overdraft kimi yaranmış pul məbləğinin mənsubiyyəti, tələb hüququnun kimə məxsus olması” məzmununda sualın heç bir xüsusi bilik tələb etməməsini, yəni məhkəmə tərəfindən qiymət verilməli olan məsələ olmasını nəzərə alan məhkəmə onun təkrar ekspertiza keçirilməsi barədə vəsatətini təmin etməmişdir. Burada qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi tərəfindən verilmiş rəy və hazırkı məhkəmə iclasında iştirak edərək sübutların tədqiqi zamanı məhkəməyə öz bilikləri ilə kömək edən "xxxx" ASC-nin mütəxəssisinin izahatlarının mötəbər sayılmaması üçün məhkəmə tərəfindən heç bir əsas müəyyən edilmir.
28. Məhkəmə araşdırmaları zamanı cavabdeh bank bu məbləğlə bağlı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə iddiaçının rəsmi qeydə alındığı yerin məhkəməsinə (Nizami Rayon Məhkəməsinə) müraciət etmiş və həmin məhkəmənin e-2(007)- 1605/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir (843,23 manat əsas, 50 manat cərimə borcu, cəmi 893,23 manat borc və 30,66 manat dövlət rüsumu). Qətnamə qəbul edildikdən sonra xx.xx.2024-cü il tarixdə cavabdeh bank iddiaçıya olan tələb hüququnu hazıkrı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" ASC-yə satmışdır. Tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, hazırkı iş üzrə iddiaçının həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin icraatındadır, həmin iş üzrə icraat isə hazırkı iş üzrə yekun akt qanuni qüvvəsini alanadək dayandırılmışdır, yəni sözügedən qətnamə qanuni qüvvəsini almamışdır.
29. Hazırda iddiaçı mübahisəli məbləğlərin xarici ölkədə yaşayan dostu tərəfindən “Paysend” beynəlxalq pul köçürmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş debet karta göndərildiyini, buna görə də nə "xxxx" ASC-nin, nə də "xxxx" ASC-nin bu pulu ondan tələb etməyə heç bir hüququnun olmadığını, əgər bu pul kartda texniki overdraft kimi yaransaydı da, bu məbləğlə bağlı tələb hüququnun "xxxx" ASC-yə deyil, beynəlxalq pul köçürmə sistemi olan “Paysend” və ya kart əməliyyat sistemi olan “Mastercard”a məxsus ola biləcəyini mübahisələndirərək, cavabdehin ona məxsus 52437544****3973 nömrəli debet kartı üzrə hesablanmış 843.23 AZN kredit borcunun və 94.42 AZN faizin silinməsi, həmçinin, ödənilmiş 30 manat dövlət rüsumunun, onun 52437544****3973 və 52437544****4180 nömrəli kartlarından tutulmuş, cəmi 13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etməyib, iddiaçı ilə bank arasında olan müqavilədə texniki overdraft ilə bağlı şərtin nəzərdə tutulduğunu, məhkəməyə təqdim edilmiş bank ilə “Mastercard” arasında olan yazışmanın və Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssis rəyinin nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə istinad edərək, iddianın təmin edilməməsini xahiş edir.
c) Məhkəmənin mövqeyi:
30. Məhkəmə iddia tələbinin “iddiaçıya məxsus 52437544****3973 nömrəli debet kartı üzrə hesablanmış 843.23 AZN kredit borcunun və 94.42 AZN faizin silinməsi” hissəsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı mübahisəli məbləğlərin xarici ölkədə yaşayan dostu tərəfindən “Paysend” beynəlxalq pul köçürmə sistemi vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən verilmiş debet karta göndərildiyini iddia etsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə prosesində hər bir tərəf öz tələbini əsaslandırdığı halları sübut etməyə borcludur. Cavabdeh isə iddiaçının əksinə, etirazının əsasını təşkil edən bütün mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Cavabdehin təqdim etdiyi sübutların mötəbər hesab olunmaması üçün heç bir əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Həmin sübutlar və Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi tərəfindən iş üzrə verilmiş rəy, o cümlədən hazırkı məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin mütəxəssisinin izahatı ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı kartında texniki overdraft nəticəsində yaranmış pul vəsaitindən istifadə edərək, əsassız varlanmışdır. Belə ki, cavabdehin “Mastercard” ilə elektron qaydada apardığı danışıqlara əsasən, “Mastercard” 2022-ci ilin dekabr ayı ərzində banka yalnız 1 daxilolma əməliyyatı həyata keçirildiyini, 2-ci bir daxilolma əməliyyatının isə olmadığını təsdiqləmişdir. Həmçinin, "xxxx" ASC-nin mütəxəssisi hesabdan çıxarışın tədqiqi zamanı 2 tranzaksiya kimi görünən əməliyyatların referans nömrəsinin eyni olduğunu, bunun isə ikinci əməliyyatın texniki xəta olmasını deməyə əsas verdiyini bildirmişdir. Mütəxəssisin izahatına əsasən hesabdan çıxarışa nəzər salan zaman, həqiqətən də, 956012 kodlu əməliyyatın 2 dəfə təkrarlanması müşahidə olunur. Mütəxəssis onu da qeyd etmişdir ki, texniki overdraft baş verən zaman yaranan artıq məbləğ məhz karta xidmət göstərən bankın vəsaiti olur, çünki kartın mülkiyyətçisi də və daxil olan vəsaiti hesabda əks etdirən də həmin bankdır. İstər cavabdehin “Mastercard” ilə elektron qaydada apardığı danışıqlar, istərsə də mütəxəssislərin yazılı rəyi və şifahi izahatı ilə təsdiq olunur ki, iddiaçıya xarici ölkədən yalnız 1 dəfə 500 ABŞ dolları göndərildiyi halda, bank sistemində baş vermiş texniki xəta nəticəsində həmin məbləğ iddiaçının balansına 2 dəfə köçürülmüş (eyni tranzaksiya nömrəsi), ikinci dəfə köçürülən məbləğ mübahisəsizdir ki, cavabdeh banka məxsus olmuş, bununla da iddiaçının kartında texniki overdraft yaranmışdır.
31. Tərəflərin iradə ifadəsini əks etdirən xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilənin 3.4.2-ci bəndində kart vasitəsilə bir qayda olaraq hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmağın və hesab üzrə texniki overdrafta yol verməməyin müştərinin vəzifəsi olması, texniki overdraftın bankla razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borcu olması və müştəri tərəfindən məcburi qaydada ödənilməli olması razılaşdırılmışdır. Buna baxmayaraq, iddiaçı texniki overdraft nəticəsində kartında yaranmış, özünə aid olmayan məbləğdən istifadə edərək, vəzifəsini yerinə yetirməmişdir. İddiaçının mübahisələndirdiyi borc məbləği üzrə kredit xəttinin açılması isə müqavilə şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq olduğundan, məhkəmə hesab edir ki, cavabdeh bank hesabı kreditləşdirməkdə haqlı olmuşdur. Beləliklə, iddiaçı tərəfindən silinməsi tələb edilən borc məbləğini ödəmək aralarında olan müqavilə şərtlərinə və Mülki Məcəllənin tələblərinə əsasən iddiaçının öhdəliyi olduğundan məhkəmə hesab edir ki, iddia tələbinin “borcun silinməsi” hissəsi təmin edilməməlidir.
32. İddia tələbinin “52437544****3973 və 52437544****4180 nömrəli kartlarından tutulmuş cəmi 13 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, bu tələb əsassız olmaqla yanaşı, tərəflərin arasındakı müqavilə şərtlərinə də birbaşa ziddir. Belə ki, tərəflərin könüllü olaraq imzaladıqları xx.xx.2020-ci il tarixli, 16/R2019 nömrəli müqavilənin 2.8-ci bəndində iddiaçı hesab üzrə texniki overdraft yarandığı və ya kredit xətti açıldığı təqdirdə, yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulunun bank tərəfindən ona məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilməsinə birmənalı şəkildə razılıq vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının bu tələbinin də təmin edilməsi üçün heç bir əsas yoxdur.
33. İddia tələbinin “dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı isə qeyd edilməlidir ki, iddia tələbləri təmin edilmədiyindən, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
34. Məhkəmə üçüncü şəxsin “Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsinə istinad edərək, overdraft faktının təsdiqi ilə bağlı” etirazının dəlillərinə münasibətdə isə qeyd edir ki, yalnız qanuni qüvvəsini almış məhkəmə qətnaməsində müəyyən edilən faktlar başqa məhkəmə işi üzrə preyudisiallıq təşkil edə bilər. Hazırkı işdən isə müəyyən edilir ki, həmin qətnamə hələ ki, qanuni qüvvəsini almamışdır.
35. Məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
36. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.
37. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
38. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2, 14.2.7-ci maddə. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 960-cı maddə. Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bu Məcəllədə və ya bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. 1091 və 1092.1-ci maddələr. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
42. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticə:
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “hesablanmış kredit borcunun və faizin silinməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova