Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-481/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 1 saylı region üzrə X6 3-cü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu maddi və mənəvi ziyanı aidiyyəti qurumlar tərəfindən ümumilikdə hesablanaraq vahid pul şəklində (AZN) işəgötürən tərəfindən onun xeyrinə ödənilməsini və ona dəymiş ziyanda əlləri olan şəxslərə AR-nın CM-nin 308.1, 309.1, 311 və 314 maddələrinə əsasən cinayət işi qaldırılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 02.05.2016-cı ildən 7 №-li xüsusi təyinatlı yol idarəsində nəzarətçi vəzifəsində işləmişdir. 10.10.2019-cu ildə işi ilə əlaqədar səhhətində yaranan uzun sürən xəstəliklə bağlı işə davamiyyətini itirdiyinə görə öz xahişi ilə işdən azad olmuşdur. 2016-2019-cu illər ərzində ona düşən məvacibin düzgün hesablanmaması, iş fəaliyyəti dövründə səhhətində yaranan problemlərə görə heç bir güzəşt olunmaması ələlxüsusda bunu fürsət bilib onun işdən çıxmağına şərait yaradaraq heç bir işdən çıxma məvacibinin ödənilməməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89.3, 96.1, 110.1, 135, 143, 144.2, 162.1, 165.3, 172.4-cü maddələrini və bəndlərini kobudcasına qəsdən pozmaqlarına baxmayaraq onun şərəf və ləyaqəti ilə oynayıb halal haqqını istədiyinə görə yerlipərəstlik edib adını demaqoq, işverən çıxardırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 1 saylı region üzrə X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. 70 saylı YİM ilə X4 arasında bağlanmış 02.05.2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, X4 02.05.2016-cı il tarixdən 70 saylı YİM-də xidmət şöbəsi-nəzarətçi vəzifəsi üzrə işə qəbul edilmişdir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbardarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər. “xxxx” ASC-nin 70 saylı Yol İstismarı müəssisəsi rəisinin 02.05.2016-cı il tarixli, 249/K saylı əmrindən görünür ki, X2 70 saylı YİM-də nəzarətçi vəzifəsinə işə qəbul edilməsi əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmr edilmişdir. 02.05.2016-cı il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 70 saylı YİM-də nəzarətçi vəzifəsində işləmiş və 245 manat əmək haqqı almışdır. 16.02.2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 7 nömrəli XTYİ MMC-də nəzarətçi vəzifəsində işləmiş və 302 manat əmək haqqı almışdır. 18.09.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X4 7 nömrəli XTYİ MMC-də nəzarətçi vəzifəsində işləmiş və 494 manat əmək haqqı almışdır. X2 “xxxx” MMC-nin direktoru Eldar Məmmədova ünvanladığı 10.10.2019-cu il tarixli ərizəsindən görünür ki, o, 10.10.2019-cu il tarixdən işdən azad edilməsini xahiş emişdir. “xxxx” MMC-nin direktoru Eldar Məmmədovun əmək müqaviləsinə xitam verilməsi haqqında 10.10.2019-cu il tarixli, 200/K saylı əmrindən görünür ki, X2 10.10.2019-cu il tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş 9 məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi əmri verilmişdir. “xxxx” MMC-nin direktoru Eldar Məmmədovun son haqq-hesabın verilməsi haqqında 28.11.2019-cu il tarixli, 227/K nömrəli əmrindən görünür ki, X2 10.10.2019-cu il tarixli, 200/K saylı əmrə əsasən əmək müqaviləsinin ləğvi ilə əlaqədar qeyd edilməmiş 21 məzuniyyət gününə görə pul əvəzinin ödənilməsi əmri verilmişdir. 11.10.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “xxxx” MMC ilə X4 arasında bağlanılmış 02.05.2016-cı il tarixli əmək müqaviləsinə 10.10.2019-cu il tarixli, 200/K saylı əmrlə (68.a - tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. “xxxx” MMC-nin direktoru Eldar Məmmədov və baş mühasib Sahib Əmirov tərəfindən imzalanaraq təsdiqlənmiş son haqq-hesab cədvəlindən görünür ki, X1 haqqhesab olaraq cəmi 238,39 manat hesablanmışdır. X4 tərəfindən verilmiş ərizədən görünür ki, X5 etdiyi şikayət əsasında “xxxx” MMC-yə dəvət olunmuş və orada ödənilməmiş məvacibinin ödənilməsini müəyyən texniki səbəblərdən olduğunu izah etmişlər. Son haqq hesabından hesablanmamış 320 manat məbləğin 213 manatını kart hesabına köçürməklə, iddia etdiyi 107 manatı isə nağd şəkildə 11.12.2019-cu il tarixdə ödənilmişdir. Qeyd edilən 320 (üç yüz iyirmi) manat məbləği almış və X5 etdiyi şikayət öz həllini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.04.2021-ci il tarixli, 9/5747 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, hazırki ekspertiza tədqiqatı ilə “xxxx" MMC tərəfindən İddiaçı 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr, yəni son haqqhesab mövcud iş materiallarında olan əmək müqaviləsinə əsasən aylıq əmək haqqı məbləği (hər ay üçün 245,0 manat), əmək haqqı üzrə bank hesabından çıxarışlar, 2016- 2019-cu illər üzrə yığım, son haqq-hesab cədvəlləri, məzuniyyət əmrləri və s. sənədlərə əsasən hesablanmışdır. İddiaçı oğİu “xxxx” MMC-də işlədiyi 02.05.2016-10.10.2019-cu illər ərzində iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı mövcud iş materiallarında müəssisənin daxili əmrləri, bununla bağlı mühasibat sənədləri öz əksini tapmadığından ona hansı müddət üçün nə qədər əmək haqqı (ödəniş) hesablanmalı olduğunu hazırki tədqiqatla müəyyən etmək mümkün deyildir (aparılmış tədqiqatın dəyəri: 100 manat). İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X4 ilə 70 saylı YİM arasında 02.05.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və o, nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. O, 10.10.2019-cu il tarixdə ərizə ilə “xxxx” MMC-nin direktoru Eldar Məmmədova müraciət edərək 10.10.2019-cu il tarixdən işdən azad edilməsini xahiş etmişdir. “xxxx” MMC-nin direktoru Eldar Məmmədovun əmək müqaviləsinə xitam verilməsi haqqında 10.10.2019-cu il tarixli, 200/K saylı əmri ilə X2 10.10.2019-cu il tarixdən AR ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsünə) əsasən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə görə pul əvəzinin ödənilməsinə əmr verilmiş, cəmiyyət tərəfindən X1 haqq-hesab hesablanmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona vurduğu maddi və mənəvi ziyanı aidiyyəti qurumlar tərəfindən ümumilikdə hesablanaraq vahid pul şəklində (AZN) işəgötürən tərəfindən onun xeyrinə ödənilməsini və ona dəymiş ziyanda əlləri olan şəxslərə AR-nın CM-nin 308.1, 309.1, 311 və 314-cü maddələrinə əsasən cinayət işi qaldırılmasını xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı 2016-2019-cu illər ərzində ona düşən məvacibin düzgün hesablanmaması, işdənçıxma məvacibinin ödənilməməsinə istinad etmişdir. Qeyd edilən pozuntuların mövcud olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.04.2021-ci il tarixli, 9/5747 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, “xxxx" MMC tərəfindən İddiaçı 10.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərkən ona istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr, yəni son haqq-hesab mövcud iş materiallarında olan əmək müqaviləsinə əsasən aylıq əmək haqqı məbləği (hər ay üçün 245,0 manat), əmək haqqı üzrə bank hesabından çıxarışlar, 2016-2019-cu illər üzrə yığım, son haqq-hesab cədvəlləri, məzuniyyət əmrləri və s. sənədlərə əsasən hesablanmışdır. İddiaçı oğİu “xxxx” MMC-də işlədiyi 02.05.2016-10.10.2019-cu illər ərzində iş vaxtından artıq işlərə cəlb edilməsi ilə bağlı mövcud iş materiallarında müəssisənin daxili əmrləri, bununla bağlı mühasibat sənədləri öz əksini tapmadığından ona hansı müddət üçün nə qədər əmək haqqı (ödəniş) hesablanmalı olduğunu hazırki tədqiqatla müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hazırkı işdə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən ona maddi zərərin dəyməsi, maddi zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmasını təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05.04.2021-ci il tarixli 9/5747 saylı ekspert rəyinə əsasən son haqq-hesabın həyata keçirilməsi zamanı işəgötürən tərəfindən hər-hansı pozuntuya yol verildiyi müəyyən edilməmiş, iddiaçının 02.05.2016-10.10.2019-cu illər ərzində iş vaxtından artıq işlərə cəlb edilməsi halını təsdiq edə biləcək hər-hansı sənəd (müəssisənin daxili əmrləri, bununla bağlı mühasibat sənədləri) mövcud iş materiallarında öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, X4 tərəfindən yazıldığı ərizəyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə etdiyi şikayət ilə əlaqədar onun “xxxx” MMC-yə dəvət olunduğu, son haqq-hesabın düzgün ödənilməsinin müəyyən texniki səbəblərdən baş verməsinin ona izah edildiyi, hesablanmamış məbləğin bir hissəsinin hesabına köçürüldüyü, qalan hissəsinin isə nağd şəkildə ödənildiyi, bununla da şikayətin öz həllini tapdığı müəyyən edilmişdir. İddiaçı oğİunun iş fəaliyyəti dövründə səhhətində yaranan problemlərə görə heç bir güzəşt olunmamasına, xəstəxana məsrəflərinin “xxxx” MMC tərəfindən qarşılanmalı olmasına istinadı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü bu tələblərin təmin olunmasına əsas ola biləcək hüquqi faktların nədən ibarət olduğunu, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasını göstərməmişdir. Halbuki məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı mübahisənin düzgün həlli üçün tərəflər arasında yaranmış münasibətin həqiqi mahiyyətinin, onların qarışılıqlı öhdəliklərinin dairəsinin və ona tətbiq olunmalı maddi hüquq normasının müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Beləliklə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün məhkəmə tərəfindən iddianın “maddi zərərin ödənilməsi” hissəsində əsassız sayılmaqla rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verilmədiyi müəyyən olunduğundan, iddia mənəvi zərərlə bağlı hissədə də təmin oluna bilməz. Bundan başqa məhkəmə iddiaçının “ona dəymiş ziyanda əlləri olan şəxslərə Cinayət Məcəlləsinin 308.1, 309.1, 311 və 314 maddələrinə əsasən cinayət işinin başlanılması” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Prosessual Məcəllənin 265.4-cü və 265.5-ci maddələrinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Məhkəmə hazırki iddia tələbi ilə əlaqədar qeyd edir ki, bu tələb hüquqi mahiyyəti etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində xüsusi qərardad çıxarılmasını tələb etməsinə baxmayaraq, bu məsələ prosessual tələb kimi qiymətləndirilə bilməz. Məhkəmə isə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, cavabdehin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı “xxxx” MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 1 saylı region üzrə X6 3-cü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti 1 saylı region üzrə X6 3-cü şəxs qismində cəlb edilməklə) «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-481/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-481/2021
27.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver