Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4830/2022 08.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 1.200 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,5 % hesabı ilə 4.398 manat həcmində dəbbə pulu və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 75 manat 98 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 5.673 manat 98 qəpik məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 may 2017-ci ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında «Təhsil xidmətlərinin göstərilməsinə dair» müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X3 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən 1 tədris ili üçün təhsil haqqı 7.000 manat təşkil edir. Həmin müqavilənin 4.1.1-ci bəndinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Həmin müqavilə üzrə iddiaçının üzərinə düşən bütün öhdəliklər tam yerinə yetirilsə də, Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 1.200 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqının və ona uyğun hesablanmış dəbbə pulunun ödənilməsini xahiş edilmişdir. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 26 iyul 2022-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci bəndinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqının tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci bəndinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və 1.200 manat borc qalmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməsi üçün vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bittiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən dəbbə pulu hesablanmışdır. Nəticədə, cavabdehin 1.200 manat təhsil haqqı borcu və 4.398 manat dəbbə pulu borcu hesablanmışdır. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilənin 6.4-cü bəndinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 9-cu bəndinə əsasən mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılır. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 08 may 2017-ci il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı Ümum Təhsil müəssisəsi ilə X2 valideyni (şagirdin mənafeyini təmsil edən şəxs) Cavabdeh arasında 10 bənddən ibarət müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulmuş qaydada «Lisey» şagirdə Azərbaycan, Rus və İngilis bölmələrində (lazım olanın altından xətt çəkmək) yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, «Valideyn» isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən «Lisey»də təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının ilk günündən may ayının son gününədək olan dövrü əhatə edir. Dərslər hər il sentyabr ayının 15-də başlanır. Sentyabr ayının 1-dən 15-dək olan dövrdə şagirdlər tədris ilinə hazırlıq mərhələsi keçirlər. Səlahiyyətli dövlət orqanlarının qərarlarına (aktlarına) əsasən bu müddət dəyişdirilə bilər. Müqavilənin 5.1-ci bəndinə əsasən «Lisey» tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün 7.000 manat təşkil edir. «Valideyn» göstərilən təhsilhaqqım nağd şəkildə və ya köçürmə yolu ilə ödəyə bilər. İlkin ödəniş 1.500 manat təşkil edir. Qalan məbləğ isə cədvəl üzrə ödəniləcəkdir. Müqavilənin 5.2-ci bəndinə əsasən xidmət haqqı «Valideyn» tərəfindən «Lisey»ə bu müqavilədə nəzərdə tutulmuş müddətdə və məbləğdə ödənilməzsə «Valideyn» hər gecikdirilən gün üçün müqavilənin 7.2-ci bəndinə müvafiq olaraq cərimə ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən tərəflər bu müqavilədən irəli gələn öhdəliklərini icra etməmələrinə və ya layiqli icra etməmələrinə görə bu müqavilə və qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müqavilənin 7.2-ci bəndinə əsasən valideyn xidmət haqlarının ödənilməsini gecikdirdikdə Liseyə ödənişin gecikdiıildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,5 %-i həcmində cərimə tətbiq edir. Cərimə hər təhsil ayı üçün xidmət haqqının ödənilməsinin son günündən sonrakı gündən hesablanır. İş materiallarına əlavə olunmuş 19 iyul 2022-ci il tarixli 08/1860 saylı arayışdan görünür ki, Cavabdeh və İdrak liseyinin Bakı filialı arasında «Təhsil xidmətinin göstərilməsinə dair» 8 may 2017-ci il tarixində qarşılıqlı müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən, 1 (bir) tədris ili üçün təhsil haqqı 7.000 manat təşkil edir. Həmin müqavilə üzrə valideyn Cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 5.500 manat məbləğində ödəniş etmiş, pandemiya dövrünə olan güzəşti tədbiq etdikdən sonra qalan 1.200 manat məbləğində təhsil haqqını isə ödəməmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən 4.398 manat dəbbə pulu hesablanmışdır. İş materiallarına əlavə edilmiş 26 iyul 2022-ci il tarixli 08/1863 saylı xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə xəbərdarlıq ünvanlamışdır. Xəbərdarlıqda qeyd olunmuşdur ki, iddiaçı cavabdehdən aralarında bağlanmış 08 may 2017-ci il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək 2019/2020 tədris ili üzrə 1.200 manat məbləğində təhsil haqqı borcunun və gecikdirilən hər gün üçün 0,5 % olmaqla 4.398 manat həcmində olan dəbbə pulunun 5 gün ərzində ödənilməsini cavabdehdən tələb etmişdir. Əks təqdirdə, aralarında bağlanmış müqaviləyə birtərəfli qaydada «Lisey» tərəfindən xitam veriləcəyi və 1.200 manat əsas borcun, 4.398 manat dəbbə pulunun alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçınə vaxtı-vaxtında təhsil haqqı ödəməli olmasına, bu barədə iddiaçı qarşısında öhdəlik götürməsinə baxmayaraq, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bu səbəbdən, iddiaçı pretenziya qaydasına riayət edərək cavabdehə xəbərdarlıq məktubu göndərmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 75 manat 98 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1.200 manat məbləğində təhsil haqqı borcu, 200 manat dəbbə pulu və ödənilmiş 75 manat 98 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.475 manat 98 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.200 manat məbləğində təhsil haqqı borcu, 200 manat dəbbə pulu və ödənilmiş 75 manat 98 qəpik məbləğində dövlət rüsumu olmaqla, cəmi 1.475 manat 98 qəpik məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-4830/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4830/2022
08.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver