Məhkəmə qərarları › İş №e-2(006)-4836/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4836/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4836/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X3 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış BPM**********59 saylı, xx.xx.2021-ci il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqaviləsinin 1.1.6cı bəndinə əsasən müştəriyə/boorcalana overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart/cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılmışdır. Bundan başqa Müqavilənin 7.2.18-ci bəndi ilə müəyyən edilmişdir ki, bank tərəfindən hesablara səhv daxil edilmiş pul vəsaitini müştəridən tələb etmək bankın müştəri qarşısında hüquqlarından biridir. Göstərilənlərə əsasən cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 72,51 manat pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin məhkəməyə hər hansısa bir etiraz daxil olmamışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, X4 fərdi kartın alınmasın xahiş etmiş, ona X6 Debet AZN PayWave növlü kart verilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı Tam kart çərçivə müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X3 müştəriyə ikitərəfli ödəniş kartı verilmiş, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı Tam kart çərçivə müqaviləsinin 1.1.6-cı bəndinə əsasən, borcverən borcalana overdraftın təqdim edilməsi barədə tərəflər arasında razılaşma olmadığı halda Tam kart vasitəsilə kart/cari hesabın qalığından artıq məbləğdə əməliyyatların aparılması texniki overdraft adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilən X2 "xxxx" ASC-yə olan overdraft borcunun hesablanması haqqında arayışın surətindən görünür ki, X2 xx.xx.2021ci il tarixli, BPM**********59 saylı Tam kart çərçivə müqaviləsi üzrə 72,51 manat borcu var. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı Tam kart çərçivə müqaviləsi üzrə əsassız varlanmaya səbəb olmuş borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı Tam kart çərçivə müqaviləsinə əsasən cavabdehə ikitərəfli ödəniş kartı verilmiş, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmış, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 72,51 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göründüyü kimi, X4 iddiaçı ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********59 saylı Tam kart çərçivə müqaviləsi üzrə ona verilən karta texniki overdrafta görə yüklənmiş vəsaitdən istifadə etməklə əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında da cavabdehin tələb edilən məbləğə münasibətdə əsassız olaraq varlanması öz təsdiqini tapır. Bu səbəbdən də məhrum olanın əsassız varlanmış şəxsə qarşı əldə etdiklərini qaytarma tələbi əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 əsassız varlanmaya görə (overdraft hesabına istifadə edilmiş vəsait üzrə) 72,51 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 72,51 (yetmiş iki manat, əlli bir qəpik) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar