Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4859/2025 18.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X8, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «xidmət haqqı və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzbati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı «xidmət haqqı və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000 manat məbləğində xidmət haqqı və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 3.000 (üç min) manat məbləğində xidmət haqqı, 320 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC 06 avqust 2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsilə «Təlim alana» zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran «Təlim alan»ı şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Cavabdeh isə "xxxx" MMC tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq «Şirkət» tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün «Şirkət»lə əmək müqaviləsi bağlayaraq «Şirkət»də işləməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1.000 manat olmaqla 3 ay üçün 3.000 manat məbləğində razılaşdırılmışdır. Təlim alan 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən «Şirkət»də işləyərsə 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq. "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 06 avqust 2024-cü il tarixli "xxxx" MMC ilə bağlanmış təlim xidməti müqaviləsini xx.xx.2025-ci il tarixli ərizə ilə birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. Belə olduğu halda 06 avqust 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 2.3-cü bəndinə əsasən «Təlim alan» hər hansı bir səbəbdən «Şirkət»lə bağlanmış əmək müqaviləsinə xitam verərsə 3.000 manat məbləğində xidmət haqqını «Şirkət»ə ödəməlidir. "xxxx" MMC tərəfindən cavabdehə 3 ay müddətində təlim keçirilmişdir. Bu müddət ərzində keçirilən təlim xidmətinin ümumi dəyəri 3.000 manat təşkil edir. Lakin cavabdeh keçirilmiş təlim üçün xidmət haqqını "xxxx" MMC-yə ödəməmişdir və ödəməkdən də imtina etmişdir. Hesab edirlər ki, qeyd edilən hərəkətləri ilə cavabdeh 06 avqust 2024-cü il tarixli təlim xidməti müqaviləsi üzrə götürdüyü öhdəliklərini və "xxxx" MMC-nin hüquqlarını pozmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) X13 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, məhkəməyə iddiaya etiraz və həmin etiraza əlavə təqdim etmişdir. Həmin etirazda və etiraza əlavədə qeyd etdiklərinə əlavəsi yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə təqdim edilmiş iddia tələbinə etirazdan görünür ki, hazırda məhkəmənin icraatında İddiaçı MMC tərəfindən ona qarşı verilmiş iddia ərizəsi vardır. Həmin ərizədə iddiaçı bildirir ki, İddiaçı MMC 06 avqust 2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən nəqliyyat vasitələri, onlara texniki xidmət və ehtiyat hissələrinin zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran “Təlim alan”ı şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”də işləməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir halı üçün xidmət haqqının məbləği müqavilə ilə 1000 manat olmaqla 3 ay üçün 3.000 manat məbləğində razılaşdırılmışdır. Təlim alan 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaqdı. İddiaçının bildirdiyinə görə İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmişdir. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək 06 avqust 2024-cü il tarixli İddiaçı MMC ilə bağlanmış təlim xidməti müqaviləsini xx.xx.2025-ci il tarixli ərizə ilə birtərəfli qaydada ləğv etdiyini bildirmişdir: belə olduğu halda 06 avqust 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 2.3-cü bəndinə əsasən “Təlim alan” hər hansı bir səbəbdən “Şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verərsə, 3.000 manat məbləğində xidmət haqqını “Şirkət”ə ödəməlidir. Məhkəməyə bildirir ki, bu iddiaya etiraz edir və iddia ərizəsində qeyd edilən faktiki, hüquqi halları tamamilə qəbul etmir. Ona işə qəbul zamanı belə bir sənəd imzaladılıb. Lakin, həmin sənəd müqavilə statusu daşımır və heç bir hüquqi nəticə yaratmaq iqtidarında deyil. Hər şeydən əvvəl, onun müddəaları olduqca ümumidir. Belə ki, təlim dedikdə nə nəzərdə tutulur? Hansı cədvəl, qrafik üzrə ona təlimlər keçirilir? Təlimçi kimdir? Təlim prosesinin mərhələləri və nəticəliliyi necə müəyyən edilir? və s. bu kimi suallara “müqavilə” heç bir cavab vermir. Halbuki bu şərtlərin hər biri detallı və konkret şəkildə həmin sənəddə öz əksini tapmalı idi. Məsələn, “müqavilə”nin 2.1ci bəndində deyilir: “Şirkət” tərəfindən keçiriləcək təlimin hər bir ayı 1.000 manat olmaqla ümumilikdə 3.000 manatdır". Suallar yaranır: “Bu qiymət nəyin əsasında formalaşdırılıb? Bir ay ərzində neçə təlimin keçirilməsi nəzərdə tutulub? Belə bir məbləği təsdiq edən hansı sübutlar var? və s.”. Bu sualların heç birinə nə müqavilədə, nə də iddiaçının məhkəməyə təqdim etdiyi iş materiallarının içərisində heç bir cavab yoxdur. Əgər bu sənəd müqavilədirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən: “Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır”. Deməli, həmin “müqavilə” xidmətlərin göstərilməsini nəzərdə tutduğundan podrat müqaviləsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş mühüm və ya zəruri şərtlər həmin müqavilədə öz əksini tapmalı idi. Həmin sənəddə isə nə müqavilənin predmeti konkretləşdirilib, nə podrat müqaviləsinə aid zəruri şərtlər (smeta və s.) öz əksini tapıb, nə də tərəflərdən birinin müraciəti əsasında müqaviləyə dəyişikliklər edilməsi qaydası razılaşdırılıb. Yəni bu sənəd mülki-hüquqi formallıq baxımından belə müqavilə tələblərinə cavab vermir və belə bir sənəd imzalamağına baxmayaraq onun üçün heç bir hüquqi nəticələr yarada bilməz. “Təlim xidməti müqaviləsi”ndə nəzərdə tutulmuş şərtlərə iddiaçının özü tərəfindən doğru-düzgün riayət edilməyib. Məsələn, “müqavilə”nin 1.2-ci bəndinə əsasən: “Hazırkı müqaviləyə əsasən “Təlim alan” “Şirkət” tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”də işləməyi öhdəsinə götürür”. Əvvəla, qeyd edir ki, “Şirkət” tərəfindən hər hansı bir təlim təşkil edilməyib. Ona, sadəcə, əmək funksiyaları izah edilib ki, bu da normal əmək münasibətidir və hər bir iş yerində təzə gələn işçiyə belə bir izahat verilir - bu təcrübədə aydındır. Bunun ayrıca xidmət kimi təqdim edilməsi nə hüquqidir, nə də ağlabatandır. İkincisi, o, iddiaçının qeyd etdiyi kimi təlim bitdikdən sonra imtahan nəticələrinə uyğun olaraq işə qəbul edilməmişdir. Onunla elə “Təlim xidmətlərinin göstərilməsi” barədə müqavilə bağlandıqdan cəmi bir gün sonra - 07 avqust 2024-cü il tarixində əmək müqaviləsi bağlanılıb. Məntiqlə, onunla ən azından üç ay sonra əmək müqaviləsi bağlanmalı idi. Çünki “xidmətlər”in icrası müddəti 3 ay müəyyən edilmişdi. Lakin, onunla cəmi bir gün sonra əmək müqaviləsi bağlandı. Bu da bir daha təsdiq edir ki, ona heç bir xidmət göstərilməyib ki, cavabdeh onun haqqını da ödəməli olsun. Üçüncüsü, ondan heç bir imtahan götürülməyib və ona hər-hansı bir sertifikat təqdim edilməyib. Əgər, doğrudan da, ona təlim keçirilmişdirsə və ondan imtahan götürülmüşdürsə, bunun nəticələrini təsdiq edən müvafiq sənədlər olmalı idi. Bu sənədlər yoxdur, onlar cavabdehə təqdim edilməyib. Eləcə də məhkəməyə bununla bağlı heç bir sübut verilməyib. Belə olan halda cavabdeh niyə ona göstərilməyən xidmətin əvəzini ödəməlidir? Bu ki, iddiaçı üçün əsassız varlanma olar. İndiki halda da iddiaçı onun hesabına hüquqi əsas olmadan əmlak əldə etmək istəyir. “Təlim xidmətlərinin göstərilməsi müqaviləsi” 06 avqust 2024-cü il tarixində bağlanılıb. Cavabdeh elə həmin gündən faktiki olaraq iddiaçı üçün işlərin görülməsinə başlamış və onunla əmək müqaviləsi 07 avqust 2024-cü il tarixində bağlanılıb. Faktiki işlədiyi müddəti öyrənmək üçün məhkəmə iddiaçıdan cavabdehin tabel cədvəlini də sorğu edə bilər - onun bunu əldə etmək imkanı yoxdur, buna görə də məhkəmədən xahiş edərdi ki, bunu etsin. Bu və digər əmək hüquqları pozuntuları barədə tezliklə Azərbaycan Respublikasının X10 də müraciət edəcəkdir. Bu müraciətinin nəticələrini proses gedişində məhkəməyə də təqdim edəcəkdir və məhkəmənin özü də X10 sorğu verib müraciətin nəticələrini izləyə bilər - bunu da məhkəmədən xahiş edir. Doğrudur, bu məsələ ayrı bir mübahisə mövzusudur və o, bununla bağlı inzibati icraat qaydasında prosesin başladılması üçün lazımi addımları atacaqdır. Sadəcə, iddiaçının davranışlarının xarakterizə edilməsi baxımından bu faktı da məhkəmənin nəzərinə çatdırmağı özünə borc bildi – İddiaçı əmək hüquqlarının pozuntusunu özünün, demək olar ki, gündəlik fəaliyyətinin tərkib hissəsinə çevirib. Aşağıdakı başlıqlarda digər bu kimi pozuntuları da qeyd edəcəkdir və bu pozuntular öz əksini məhkəmə praktikasında da tapıb. Cavabdehin vəzifə öhdəliyi, əsasən, iddiaçının sosial şəbəkə hesablarının idarə edilməsi olub. Belə olan halda, nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklər ona niyə gərəkli olsun axı? Axı cavabdeh maşın ustası işləməmişdir. Ələlxüsusən də, aylıq xidmət haqqının 1.000 manat olması nə dərəcədə ağlabatandır? Onun elə aylıq maaşı cəmi 400 manat olub. Bunu əmək müqaviləsindən də görmək mümkündür. Bu da bir daha təsdiq edir ki, ona heç bir təlim keçirilməyib, heç belə bir təlimə ehtiyac da olmayıb. Sadəcə, iddiaçı belə bir “tələ” mexanizmi qurub ki, işçilər işdən ayrılmaq istədikdə onların hesabına əsassız əmlak əldə etsin. “Müqavilə”nin 2.2-ci bəndi tamamilə hüquqaziddir. 2.2-ci bənddə qeyd edilir: “Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, “Təlim alan” 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq”. Bu, sadəcə olaraq, işçini əmək münasibətlərinə məcbur etməkdir və ciddi konstitusion hüquq pozuntusudur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ hissəsinə əsasən: “Heç kəs zorla işlədilə bilməz”. Onların yazdıqları bəndin mahiyyəti isə belədir ki, əgər onlarla beş il işləməsən, onlar işçidən 3.000 manat pul alacaqlar. Belə bir bənd cavabdehin əmək hüquqlarını pozmaqla yanaşı, mülki-hüquqi baxımdan da heç bir qüvvəyə malik deyil. Bu əqd isə məhz belə bir şərtlə bağlanıb. Çünki, onun beş il ərzində işdən ayrılmağı, yaxud işdən iddiaçının özü tərəfindən çıxarılmağı tamamilə tərəflərin iradəsindən asılı olan şərtdir. Çünki, o, dözülməz əmək hüquqları pozuntusuna məruz qalaraq da könüllü olaraq işdən ayrıla bilər - bu cavabdehin hüququdur və məhz bu hal baş verib. Eləcə də işəgötürən də öz iradəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Belə olan halda, sanki iddiaçı bildirir ki, onlar nə edirsə, etsin, işçi də dözüb onlarla beş il işləməlidir, yaxud onlar işçidən işdən azad etsə belə, bunun məsuliyyətini hər bir halda işçi daşıyacaqdır. Təbii ki, belə bir şərtlə bağlanmış əqdin heç bir etibarı olmamalıdır. “Müqavilə”nin 2.3-cü bəndi hüquqaziddir. 2.3-cü bəndə əsasən: “”Təlim alan” hər hansı bir səbəbdən “Şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verərsə, 3.000 manat məbləğində xidmət haqqını “Şirkət”ə ödəməlidir”. Əvvəla, əmək qanunvericiliyi hər bir işçiyə hüquq verir ki, o, istənilən səbəbdən özünün əmək münasibətlərinə xitam versin. Hətta heç bir səbəb olmadan da işçi öz işindən ayrıla bilər. İşçinin bu hüququ nə əmək müqaviləsi, nə də hər hansı bir mülki-hüquqi əqd ilə məhdudlaşdırıla bilər. İkincisi, “hər hansı bir səbəbdən” ifadəsi tamamilə mücərrəddir və bu hüquqaziddir. O, konkret olaraq ciddi əmək hüququ pozuntularına məruz qalmışdır (əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmiş, əməkhaqqı vaxtında və tam həcmdə ödənilməyib - bununla bağlı öz bank hesabından çıxarışları da qoşmaya əlavə edir, iş vaxtından kənar vaxtlarda - bayram günlərində işlərin görülməsinə cəlb edilmiş və buna görə ona heç bir əlavə əmək haqqı ödənişi edilməyib, iş yerində psixoloji zorakılığa məruz qalmış və s. - bu halların hamısı ilə bağlı müvafiq orqana şikayət edəcəkdir, məhkəmə bu şikayətləri əsasında başlanmış inzibati icraatlar barədə məlumatları lazımi dövlət orqanlarından sorğulaya bilər), belə olan halda cavabdeh nəyə görə həmin müəssisədə beş il müddətində işləməlidir? O, niyə öz konstitusion hüquqlarının pozuntularına dözməlidir? O, belə hallara dözmədi və işdən ayrıldı. Belə olan halda, iddiaçı onu “cəzalandırmaq” üçün ona əvvəlcə rəsmi xəbərdarlıq verdi, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Bu isə prosessual hüquqlardan sui-istifadə səviyyəsində bir əməldir. İşin bütün halları göstərir ki, indiki halda iddiaçı həm məhkəmənin iş yükünü artırmaqla, həm də onu əlavə əsassız stress altında saxlamaqla özünün prosessual hüquqlarından vicdansızcasına istifadə edir. Lakin, cavabdeh Azərbaycan Respublikasının məhkəməsinə güvənir və inanır ki, onun, əslində, nəinki cavabdeh, zərərçəkmiş vəziyyətində olduğunu məhkəmə aydınca görür. “Təlim xidmətlərinin göstərilməsi müqaviləsi” ona, ümumiyyətlə, verilməyib. “Müqavilə”nin 6.1-ci bəndinə əsasən: “Hazırkı müqavilə Azərbaycan dilində, hər ikisi, eyni hüquqi qüvvəyə malik olan 2 nüsxədə tərtib olunub, nüsxələrdən biri “Şirkət”də digəri isə “Təlim alan”da qalır”. Həmin “müqavilə”nin nüsxəsi onda qalmayıb. O, işlədiyi müddət ərzində dəfələrlə işəgötürəndən xahiş etsə də, həmin sənədi ona verməyiblər və faktiki olaraq cavabdehin həmin müqaviləni nə mübahisələndirmək, nə də onun şərtlərinə dəyişiklik və əlavələr etmək imkanı olub. Hətta ən sonunda Əmək Müfəttişliyinə müraciət etmişdir ki, onunla belə bir müqavilə imzalanıb və müəssisə cavabdehə bu müqavilənin nüsxəsini təqdim etmir. O, həmin sənədin surətini yalnız iddia ərizəsini əlbəəl məhkəmədən götürdüyü tarixdə ala bilmişdir. Məhkəməyə bildirir ki, o, həmin sənədin mahiyyətinə varmadan, sadəcə iş tapmaq və dolanışığını təmin etmək ümidi ilə imzalamışdır. Yalnız o, işdən ayrılmaq istədikdə rəsmi xəbərdarlıqla cavabdehə bildiriş göndəriblər ki, əgər işdən ayrılsa, gərək iddiaçıya 3.000 manat məbləğində ödəniş etsin. Bu nə dərəcədə ədalətli və ağlabatandır? “Müqavilə”nin mətni özlüyündə ziddiyyətlidir. “Müqavilə”nin 2.2-ci bəndində deyilir ki, tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, “Təlim alan” 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq. Lakin, onunla əmək müqaviləsi cəmi 6 ay müddətinə bağlanılıb. Əgər, doğrudan da, iddiaçı onunla 5 il müddətində əmək münasibətlərini davam etdirməkdə maraqlı idisə, niyə cəmi 6 ay müddətinə əmək müqaviləsi bağlayırdı? Deməli, iddiaçının da heç marağında olmayıb ki, onunla beş il müddətində əmək münasibətlərini davam etdirsin. O, sadəcə, maraqlı olub ki, ondan 3.000 manat pul “qopartsın”. Məhkəməyə bildirir ki, bu iddiaçının ilk belə iddiası deyil. Belə ki, başqa işçilərə qarşı da belə bir vasitədən istifadə edilib və iddiaçının iddiası müvafiq məhkəmələr tərəfindən təmin edilməyib. Məsələn, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(107)-1063/2024 saylı Qətnaməsinə əsasən: “İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, e-2(024)- 253/2024 nömrəli qətnaməsi iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır”. Məhkəməyə bildirir ki, həmin iş də analoji hallara əsaslanır. Belə ki, iddiaçı "xxxx" MMC cavabdeh X2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3.000 manat məbləğində dəbbə pulu və 50 manat məbləğində dövlət rüsumunun əvəzinin X1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.4, 7.5, 14-cü maddələrinə, BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə, Məcburi əməyin qadağan edilməsi barədə BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsinə, Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli Qərarına, «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88,119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə belə olmuşdur ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur. Bundan başqa, Sumqayıt apellyasiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 2(105)- 1594/2024 saylı Qətnaməsinə əsasən: “İddiaçı cavabdeh X11 qarşı “dəbbə pulu və sair tələbinə dair” iddiası təmin edilməmişdir”. Məhkəməyə bildirir ki, həmin iş də analoji hallara əsaslanır. Cavabdeh tərəfindən xx.xx.2025-ci il taridə təqdim edilmiş iddia tələbinə etiraza əlavədən görünür ki, daha öncə iş üzrə iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmişdi. Hazırda həmin etiraz üzrə digər bir faktiki halı nəzərə çatdırmaq üçün bu etiraza əlavəni məhkəməyə təqdim edir. Həmin faktiki hal o, ilkin etirazını yazdıqdan sonra ortaya çıxıb. Belə ki, qarşı tərəf ona 24 sentyabr 2025-ci il tarixində elektron məktub yazaraq bildirib: “Sizinlə bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2-ci” bəndinə əsasən xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Əmək kitabçanızı (N°0083445) təhvil almağınız üçün Sizin və ya etibarnamə əsasında nümayəndənizin müəssisəyə (ünvan: Bakı şəh., Həsən bəy Zərdabi pr. 88D) gəlməyi xahiş olunur”. Cavabdeh həmin elektron məktuba belə bir cavab vermişdir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən: “Əmrin (əmək münasibətlərinə xitam verilmə barədə) surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Qeyd etdiyiniz kimi, mənimlə bağlanmış əmək müqaviləsinə 18 avqust 2025-ci il tarixində xitam verilmişdir. Yəni sonuncu iş günüm 18 avqust 2025-ci il tarixi olub. Deməli, əmək kitabçası və müvafiq əmrin surəti mənə həmin tarixdə verilməli idi. Lakin heç biri mənə verilməyib. Yalnız 24 sentyabr 2025-ci il tarixində mənə elektron poçt vasitəsilə əmək kitabçamı təhvil almağımı bildirirsiniz. Təəssüf ki, mən müəssisəyə yaxınlaşaraq əmək kitabçasını təhvil almayacağam. Məlumatlısınız ki, müəssisə mənə aarşı pul tələbi ilə məhkəməyə müraciət edib və növbəti məhkəmə iclası 20 oktyabr 2025-ci il tarixinə saat 14:45-ə təyin olunub. Mən sözügedən ******* nömrəli əmək kitabçasını yalnız yuxarıda qeyd edilmiş tarixdə və saatda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası zamanı hakim qarşısında qəbul etməyə hazıram. Başqa digər heç bir halda mən əmək kitabçasını təhvil almayacağam. Xahiş edirəm, nəzərə alasınız və həmin əmək kitabçasının salamat şəkildə növbəti məhkəmə iclası vaxtı müəssisənin nümayəndəsi tərəfindən təqdim edilməsini təmin edəsiniz”. Məhkəmədən xahiş edir ki, bu halı da etirazının əmək hüquq pozuntuları hissəsinin davamı kimi nəzərə alsın: müəssisə ona sonuncu iş günündə əmək kitabçasını və xitam əmrinin surətini verməyib. Odur ki, qarşı tərəfdən xahiş etdi ki, həmin kitabçanın surətini ona ali orqan olan məhkəmə qarşısında təqdim etsin. Çünki, bu sənəd ona aiddir və əgər qanunla tələb edilən vaxtda onlar bunu cavabdehə təhvil verməyiblərsə, onun həmin sənədi yaxınlaşıb müəssisədən götürməyi tamamilə dispozitivdir - onun səlahiyyət dairəsinə daxildir və o, həmin sənədi yalnız məhkəmə qarşısında iclas vaxtı görürəcəkdir ki, bu öz əksini iclas protokolunda, digər iş materiallarında da tapsın və möhtərəm hakim də müşahidə edə bilsin ki, qarşı tərəfin hüquq pozuntularına meyilliliyi hansı səviyyədədir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Cavabdeh tanıyır. Onunla iş yoldaşı olmuşdur və aralarında iş yoldaşı münasibətləri vardır. xx.xx.2024-cü il tarixdə “Performance Center” şirkətinə aid olan avtomobillər üzrə satış təmsilçisi vakansiyası üçün təşkil edilmiş müsahibədən keçmişdir. Şirkətin idarə heyətinin sədr müavini Əlişad Xıdırov ona və digər namizədlərə demişdir ki, sabahdan işə başlaya bilərlər. Aralarında olan razılaşmaya əsasən, 3 aylıq təlimə cəlb ediləcəkdilər. Müqaviləyə əsasən, onlar xarici şirkətlərin mütəxəssislərinin keçirdiyi təlimlərə qoşulacaq və iş onlara öyrədiləcəkdi. Təlim sonunda isə işçilərə sertifikat təqdim edilməli idi. Həmçinin, işçilər 5 il müddətində həmin müəssisədə işləməli, əks təqdirdə isə 5.000 manat məbləğində təzminat ödəməli idilər. Təlim olan müddətdə işçilər işləmişdir. Şirkətin mütəxəssisləri təlim adı altında onlarla söhbət aparmışdılar. Sonda isə onlara sertifikat verilmədi. Müqavilədə pulun kimə və hansı qaydada ödənilməsi barədə məlumat mövcud deyil. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi 6 ay müddətinə bağlanmışdı. Maraqlıdır ki, əgər işçilər 5 il müddətinə işləməli idilərsə, müqavilələr hansı səbəbdən 6 ay müddətinə bağlanılırdı. xx.xx.2025-ci il tarixdə çox çətinliklə də olsa, işdən çıxmağlı bacarmışdır. İşdən çıxan bütün işçilərə iddiaçı iddia qaldırmışdır. Özünün cavabdeh olduğu mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. İşdən çıxmaq istədiyini bildirdikdə iddiaçı tərəfindən ona dəfələrlə “bullying” olunmuş, yeni şirkətlərdə çalışmağın qarşısı alınmış və pul almaq məqsədi ilə məhkəməyə müraciət olunmuşdur. Müəssisədə iş şəraiti çox pisdir. İşçilər həmin müəssisədə uzun müddət qalmır və oradan çıxırlar. Bunun qarşısını almaq məqsədilə həmin müddəa müqavilədə qeyd olunmuşdur. Özü və Mədinə xanım tərəfindən X12 Xidmətinə şikayət ərizəsi təqdim edilmişdir. Maddi və mənəvi cəhətdən işçiləri istismar edirlər. Həmin müqavilə işçiləri minimum əməkhaqqı ilə məcburi şəkildə işlətmək üçün saxta sənəd formasıdır. İş materialları: xx.xx.2024-cü il tarixli təlim xidməti müqaviləsindən görünür ki, tərəflər (İddiaçı MMC ilə Cavabdeh) arasında aşağıdakı şərtlərlə müqavilə bağlanmışdır: 1.1. Hazırki müqaviləyə əsasən Şirkət nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsilə «Təlim alana» zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran «Təlim alan»ı şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim Şirkətə məxsus olan filiallarda təşkil edilir və icra ediləcək. 1.2. Hazırki müqaviləyə əsasən «Təlim alan» isə Şirkət tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq «Şirkət» tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün «Şirkət»lə əmək müqaviləsi bağlayaraq «Şirkət»də işləməyi öhdəsinə götürür. Şirkət tərəfindən Təlim alana keçiləcək təlimin müddəti 3 aydır. Müqavilənin 2-ci bəndi təlim xidmətinin dəyəri və ödənişi qaydasını müəyyən edir. Belə ki, müqavilənin 2.1, 2.2, 2.3-cü yarımbəndlərinə əsasən təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1.000 manat olmaqla 3 ay üçün 3.000 manat məbləğində razılaşdırılmışdır. Təlim alan 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən «Şirkət»də işləyərsə 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq. Təlim alan hər hansı bir səbəbdən Şirkətlə bağlanmış əmək müqaviləsinə xitam verərsə 3.000 manat məbləğində xidmət haqqını Şirkətə ödəməlidir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixdən isə kontent üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Təqdim olunmuş qeydiyyat jurnalı məlumatlarından görünür ki, digər şəxslər kimi Cavabdeh xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixədək olan müddətdə müvafiq təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak edərək, təlim mövzuları və s. göstəricilər qeyd olunmaqla, cavabdeh hər bir təlim mövzusu ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Cavabdeh test nəticələrindən görünür ki, yoxlama testində olan 18 suala düz, 2 suala səhv cavab vermişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, "xxxx" MMC-nin direktoruna müraciət edərək, onun xx.xx.2025-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC iddia ərizəsində qeyd olunanları cavabdehin nəzərinə çatdırmaqla, ondan 3.000 manat məbləğində xidmət haqqının ödənilməsinin 7 gün müddətində təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edərək, İddiaçı MMC tərəfindən hüquqlarının pozulduğunu bildirmiş və 1 il öncə imzalamış olduğu müqavilənin ona təqdim edilməsinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin Cavabdeh xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətlərinə cavab məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanlanmış müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Qeyd olunmuşdur ki, müraciətlə əlaqədar ətraflı məlumat verməsi məqsədilə ünvanına (Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 145 mənzil 126) xx.xx.2025ci il tarixli 3-17-5/2- C-81818/2025 nömrəli məktub göndərilmiş, izahatı və əmək haqqı bank hesabından çıxarışı araşdırmaya təqdim edilmişdir. Müraciətlə əlaqədar İddiaçı MMC-nin ünvanına xx.xx.2025-ci il tarixli, 3-17-5/2-81823/2025 nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. İddiaçı MMC-dən X12 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən onunla İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixdən bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə ərizəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi və 798 manat son haqq-hesabın bank hesabına köçürüldüyü məlum olmuşdur. Həmçinin xx.xx.2024-cü il tarixdən Təlim Xidməti müqaviləsi, xx.xx.2024-cü il tarixdən isə əmək müqaviləsi bağladığı, lakin əmək fəaliyyətinə xx.xx.2024-cü il tarixdən cəlb edildiyini bildirmişdir. Bununla bağlı təsdiqedici sənəd və sübutlar təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. İddiaçı MMC-dən sənədlər tam təqdim edilmədiyindən İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında iş aidiyyəti üzrə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərardadla Yasamal Rayon Məhkəməsinə göndərilmiş, həmçinin müəssisənin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda müəssisədən təqdim edilmiş məktubda onun müraciətində qeyd edilən 06.08.202-cü il tarixdən bağlanmış Təlim Xidməti müqaviləsi cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təşkil etdiyi ödənişli təlim xidməti ilə bağlı olmaqla sırf mülki hüquq münasibəti olduğu və müqavilə üzrə tərəflər arasında razılaşdırılmış xidmət haqqını ödəməkdən imtina etdiyi üçün cəmiyyət tərəfindən xidmət haqqının alınması ilə bağlı ona qarşı Nəsimi rayon məhkəməsində iddia qaldırıldığı bildirilmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin «d» bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehin müraciəti ilə bağlı İdarə tərəfindən İddiaçı MMC məktub ünvanlanaraq zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2025-ci il tarixli 5625 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı 9 saylı Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı ödənilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(009)-2853/2025 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X5 qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi; mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; mülkiyyətin toxunulmazlığı; müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilir. 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, cavabdeh iddiaçı ilə mülki hüquq münasibətlərinə aid olan müqavilə bağlanmış, müqavilə şərtinə əsasən iddiaçı cavabdehə təlim xidməti göstərilməsi öhdəliyini götürmüş, həmçinin təlim xidmətinin haqqının cavabdehin iddiaçı ilə 5 il müddətində davam edəcək əmək münasibətləri çərçivəsində tələb edilməyəcəyinə dair şərt müəyyən edilmişdir. İşin araşdırılmış hallarına əsasən iddiaçının cavabdehə təlim xidməti göstərməsi təlimin qeydiyyatı jurnalında təlimdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin imzası ilə təsdiq edilmişdir. Hazırda iddiaçının dəlilləri ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilə şərtlərinə riayət etməmişdir. Bu səbəbdən, iddiaçının yuxarıda qeyd olunan xidmət haqqını, eləcə də xidmət haqqının alınması üçün sərf etdiyi xərcləri cavabdehdən tələb etməyə subyektiv hüququ yaranmışdır. Cavabdehin dəlillləri isə iddiaçı tərəfindən belə bir təlim xidmətinin onlara göstərilməməsindən ibarət olmuşdur. Cavabdeh təkidlə bildirmişdir ki, o, iddiaçı hüquqi şəxsdə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Bu müddətdə isə onlara qismən təlimatlar verilmişdir. Lakin heç də iddiaçının iddia etdiyi kimi onlara təlim keçirilməmişdir. Həmçinin cavabdeh müqaviləni bütövlükdə və ayrı-ayrı şərtlər baxımından mübahisələndirmişdir. Cavabdeh hesab edir ki, onun əmək hüquqlarının məhdudlaşdırılmaqla xidmət müqaviləsində şərt müəyyən edilməsi əsassızdır. Cavabdeh bildirir ki, iddiaçı xidmət müqaviləsinin 5 il müddətində əmək münasibətləri davam edəcəyi halda xidmət haqqının tələb edilməməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçının işəgötürən olaraq təmin etdiyi iş şəraiti dözülməzdir. Məhkəmə cavabdehin bu dəlili ilə bağlı bildirir ki, şəxslər sərbəst şəkildə həm mülki hüquqi müqavilələr və həmçinin əmək müqavilələri bağlayırlar. İki tərəf arasında bağlanmış xidmət müqaviləsinin xidmət haqqının eyni tərəflər arasında bağlanmış əmək müqaviləsi şərtlərinə asılı edilməsi tərəflərin iradə sərbəstliyinə əsaslanır. Həmçinin də xidmət göstərən şəxsin göstərmiş olduğu xidmətin dəyərini müqavilənin əmək münasibətlərinin 5 il müddətində davam etmədiyi halda tələb etməsi əsası ilə irəli sürməsinə mane olan hal mövcud deyildir. Məhkəmə tərəflərin faktiki və hüquqi cəhətdən tənzimlənmiş münasibətləri ilə bağlı qeyd edir ki, cavabdeh heç bir kənar təsir olmadan iddiaçı ilə əmək müqaviləsi bağladığı kimi mülki hüquq münasibətlərinin tənzimləndiyi xidmət müqaviləsi bağlamışdır. İddiaçının həmin təlimin cavabdehə həqiqətən də keçirilməsinə dair sübutları müvafiq müddət ərzində təlimlərin qeydiyyatının aparıldığı jurnalda cavabdehin iştirakı ilə bağlı qeydiyyatın və imzanın olmasına dair yazılı sənədlərdir. Hazırda da iddiaçı cavabdehlə əmək münasibətlərinə xitam verildiyi üçün həmin ödənişin ondan tutulması tələbini irəli sürməkdə haqlıdır. Cavabdeh isə həmin xidmət haqqının ondan tutulmasının əsassız olduğunu hesab etsə də, bunu onun kimi digər işçilərə də xidmətin keçirilməməsi ilə əsaslandırmış, lakin buna dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin cavabdehin iddiaçı barədə X10 etdiyi müraciətdə onun əmək hüquqlarının pozulması halı müəyyən edilməmiş, habelə hazırki mübahisənin mülki hüquqi xarakterli olması onun diqqətinə çatdırılmışdır. Cavabdehin istinad etdiyi digər hal onun vəsatəti əsasında şahid qismində dindirilmiş X4 ifadəsidir ki, məhkəmə qeyd edir ki, həmin şahidin ifadəsi cavabdehin dediklərini, yəni onlara təlim keçirilməməsi hissəsində qismən təsdiqləsə də, digər hər hansı mötəbər sübutla təsbit edilmir. Həmçinin nəzərə alınmalıdır ki, X6 qarşı da eyni iddia tələbi ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Cavabdeh və onun vəsatəti əsasında dindirilmiş şahid işlədikləri müddətdə təlim xidməti müqaviləsini mübahisələndirməmişlər, yalnız iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən və iddiaçı təlim xidməti haqqının ödənilməsi tələbi ilə müraciət etdikdən sonra qeyd etdikləri dəlilləri irəli sürmüşlər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 3.000 manat xidmət haqqı, 320 manat hüquqi xidmət haqqı və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3.000 (üç min) manat xidmət haqqı, 320 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və ödənilmiş 50 (əlli) manat dövlət rüsumuna görə pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-4859/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4859/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver