Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-491/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi – X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 olmaqla, Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyətinə qarşı «qanunsuz saxlanılmış pul vəsaitinin qaytarılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 olmaqla, Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyətinə qarşı «qanunsuz saxlanılmış pul vəsaitinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6748 manat pulun və ödənilmiş 87,48 manat dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nəsimi” filialının müştərisi X3 xx.xx.2021-ci il tarixli NSNPU-05974 saylı müqaviləsi üzrə 3710 manat məbləğində verilmiş kredit üzrə bu günədək heç bir ödəniş edilməmişdir. Sözügedən kredit İddiaçı ASC ilə Cavabdeh BOKT MMC arasında olan 002 saylı 02 Mart 2018-ci il tarixli müqaviləyə asasən Bank tərəfindən maliyyələşdirilmiş kreditlərdəndir. İş üzrə aidiyyatı üzrə Pirallahı Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə gedişatı zamanı vəsatətə əsasən Cavabdeh BOKT MMC 3-cü şəxs qismində cəlb edilmişdir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-317/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd olunmuşdur. Qətnamədən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq xx.xx.2022-ci il tarixli 2(103)-1360/2022 saylı qətnamə ilə apellyasiya şikayəti təmin edilməmişdir. X1 mebel mağazasından kreditlə mebel dəsti almaq üçün Cavabdeh BOKT MMC ilə xx.xx.2021-ci il tarixində 532-0***-******* saylı istehlak kredit müqaviləsi və tələbetmə hüquqlarının İddiaçı ASC-yə ötürülməsi barədə Bildiriş imzalamışdır. Lakin Nilay mebel mağazası tərəfindən mebellər gec təhvil verildiyi üçün X6 tərəfindən mebellər geri qaytarılmışdır. Lakin mebellərin qaytarıldığı zaman akt tərtib edilməmişdir. Nilay Mebel mağazasının sahibi X14 təqsirləndirilən şəxs kimi polis tərəfindən həbs edilmişdir. Bu səbəbdən X6 tərəfindən Polisə müraciət edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin ********* nömrəli xx.xx.2021-ci il tarixli arayışı təqdim edilmişdir. Həmin arayışa görə, Nilay Mebel mağazası işlədən Muradov Nicat təsdiq etmişdir ki, mebellər gec çatdırıldığı üçün Rasim Xudaverdiyev mebelləri 2 gündən sonra geri qaytarmış, yəni 14 gün ərzində alınan mallar geri qaytarılmışdır. Bu səbəbdən kredit müqaviləsi üzrə ayrılmış və Cavabdeh BOKT MMC-nin Azərbaycan Beynəlxalq Bankında olan hesabına köçürülmüş 3710 manat pul və ona hesablanmış faizlər və cərimələr geri İddiaçı ASC-nə qaytarılmalıdır. Məhkəmə bu sübutlara əsaslanaraq X8rşı iddiasını rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsində Apellyasiya şikayətiə baxılan zaman sözügedən Polis tərəfindən verilən arayışın düzgünlüyünün yoxlanılması və işin araşdırılması üçün, məhkəmə hökmü ilə həbs edilmiş Nilay Mebel mağazasın sahibi X14 şahid qismində dindirilmişdir. Onun tərəfindən bildirilmişdir ki, pul onlara gec köçürüldüyü üçün mebelin çatdırılması 1 aydan çox gecikdirilmiş və X6 tərəfindən mebel alınan vaxtdan 2 gün sonra mağazaya geri qaytarılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh BOKT MMC-nin xx.xx.2021-ci il tarixli təhvil təslim aktına əsasın kredit üzrə ödəniş Bank tərəfindən xx.xx.2021-ci il tarixində Cavabdeh BOKT MMC-nin hesabına köçürülmüşdür. xx.xx.2021-ci il tarixində X6 tərəfindən Nəsimi filialına mebelin qaytarılması barədə məlumatı və kreditin ləğv olunmasına dair xahişini əks etdirən ərizə ilə müraciət edilmişdir. Cavabdeh BOKT MMC-nin xx.xx.2021-ci il tarixli 133 nömrəli məktubunda qeyd edilmişdir ki, onlar tərəfindən dəfələrlə Bankın əməkdaşı Gokhan Cobanla əlaqə saxlanılmış və bildirilmişdir ki, ticarət obyektindən satıcı və mebeli əldə edən şəxs tərəfindən “Pul vəsaitinin geri qaytarılması barədə tələb” imzalandığı halda kreditin geri qaytarılması icra oluna bilər. İddiaçı ASC ilə Cavabdeh BOKT MMC arasında olan 002 saylı 02 Mart 2018-ci il tarixli müqavilənin 4.6-cı və 4.8-ci bəndi üzrə Cavabdeh BOKT MMC-dən kredit üzrə pul vəsaiti geri alınmalıdır. Bu Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində də qeyd olunmuşdur. Sözügedən kredit veriləndən sonra xx.xx.2021-ci il tarixindən indiyə qədər Banka 3710 manat kredit borcuna görə, 2296 manat faiz borcuna görə, 742 manat dəbbə borcuna görə, cəmi 6748 manat maddi ziyan vurulmuşdur. Belə ki, cavabdeh tərəfindən sözügedən müqavilənin şərtləri vaxtında icra olunsa idi, həmin 6748 manata kredit kimi dövriyyə verilə bilər və bu iddia ərizəsinə əlavə edilmiş arayışa əsasən İddiaçı ASC həmin pulu öz vəsaiti kimi müştərilərə kreditə verə bilərdi. İddiaçı ASC həmin qazancdan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhrum olduğu üçün, halhazırda 6748 manat maddi ziyanı cavabdehdən tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 mart 2018-ci il tarixli 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilədən görünür ki, cavabdeh razılaşdırılmış müqavilələrə əsasən Borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını güzəşt etməyi, iddiaçı isə qeyd edilən hüquqları qəbul etməyi öhdələrinə götürmüşlər. Müqavilənin 4.4-cü bəndinə əsasən hüquq sahibi hazırkı Müqavilə üzrə ötürülən tələbetmə hüquqlarının həqiqiliyinə və qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməsinə görə cavabdehdir. Müqavilənin 4.6-cı bəndinə əsasən kredit vəsaiti hesabına əldə edilmiş malların Borc alanlar tərəfindən 14 gün ərzində Azərbaycan Respublikasının "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununa uyğun olaraq qaytarılması hallarında Hüquq sahibi tərəfindən razılaşdırılmış müqavilələr üzrə kreditin əsas məbləği qaytarılmadan sonra 3 iş günü ərzində Hüquq əldə edənin hesabına ödənilməlidir. xx.xx.2022-ci il tarixli RB-02/PK-7156 saylı Maliyyə arayışından görünür ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 xx.xx.2021-ci il tarixli NSNPU-05974 saylı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə iddiaçıya olan borcu 3710 manat əsas, 2296 manat faiz, 742 manat cərimə, cəmi 6748 manat təşkil edir. Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-317/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı “Rabitəbank" ASC-nin müstəqil tələb irəli sürməyən 3cü şəxs Cavabdeh BOKT QSC cəlb olunmaqla cavabdeh X4 qarşı cavabdeh X2 xx.xx.2021-ci il tarixli, 532-0***-******* nömrəli kredit müqaviləsi üzrə 3710 manat əsas borc, 516,23 manat faiz borcu, 587,06 manat dəbbə borcu, cəmi 4813,29 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1360/2022 saylı qətnaməsindən görünür ki, Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(094)-317/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Pirallahı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(094)-317/2021 saylı qətnaməsi ilə iddiaçı “Rabitəbank" ASC-nin müstəqil tələb irəli sürməyən 3-cü şəxs Cavabdeh BOKT QSC cəlb olunmaqla cavabdeh X4 qarşı cavabdeh X2 xx.xx.2021-ci il tarixli, 532-0***-******* nömrəli kredit müqaviləsi üzrə 3710 manat əsas borc, 516,23 manat faiz borcu, 587,06 manat dəbbə borcu, cəmi 4813,29 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1360/2022 saylı qətnaməsi ilə Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(094)-317/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2021-ci il tarixli, 532-0***-******* nömrəli kredit müqaviləsi üzrə borc 3710 manat əsas, 2296 manat faiz, 742 manat cərimə, cəmi 6748 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qətnamələri ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 532-0***-******* nömrəli kredit müqaviləsinə əsasən X4 “Nilay mebel” mağazasından mebel almaq məqsədi ilə illik 35 % dərəcəsi olmaqla 24 ay müddətinə 3710 manat məbləğində kredit verilmiş və X6 tərəfindən alınmış mebel 14 gün ərzində Azərbaycan Respublikasının “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa uyğun olaraq geri qaytarılmışdır. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin kredit borcu X6 tərəfindən deyil, İddiaçı MMC ilə "xxxx" QSC arasında 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilənin 4.4, 4.6-cı bəndlərinin tələbinə görə "xxxx" QSC tərəfindən "Rabitəbank” ASC-yə ödənilməlidir. Məhkəmə qətnaməsi ilə kredit borcu 02 mart 2018-ci il tarixdə bağlanmış 0002 saylı “Tələbetmə Hüquqlarının Güzəşt Olunmasına Dair” Müqavilənin 4.4, 4.6-cı bəndlərinin tələbinə görə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı kredit borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, kredit borcu üzrə tələb olunan 742 manat dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 100 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir və iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, cavabdehdən 3710 manat əsas, 2296 manat faiz, 100 manat məbləğində cərimə olmaqla, 6106 manat pul vəsaiti və ödənilmiş 87,48 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən edilsin. Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyətindən 3710 manat əsas, 2296 manat faiz, 100 manat məbləğində cərimə olmaqla, 6106 manat pul vəsaiti və ödənilmiş 87,48 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-491/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-491/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver