Məhkəmə qərarları › İş №e-2(006)-491/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-491/2025

14.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-491/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Alcan Hikmetin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alcan Hikmet cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və sonuncunun ailə üzvünün əşyaları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 95,32 m2 olan 17 saylı mənzildən çıxarılması və xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 həmin mənzili ona tam təhvil verməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 95,32 m2 olan 17 saylı mənzili tam şəkildə iddiaçı Alcan Hikmetin mülkiyyətinə vermişdir. Daşınmaz əmlakın müqavilə üzrə razılaşdırılmış dəyəri tam olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən iddiaçıya verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən xx.xx.2023-cü il tarixli çıxarışa (reyestr nömrəsi **********37-05101-093003) əsəsən ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 95,32 m2 olan 17 saylı mənzil (tam hissə, 100 faiz payla) daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Habelə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya mənzilin texniki pasportu verilmişdir. AN-İ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən (11-ci bənd) cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2023-cü il tarixədək iddiaçının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Satılmış mənzili boşaldıb iddiaçıya təhvil verməli olduğu xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında razladırılmış müddətdən 10 ay keçmişdir. Lakin cavabdeh öhdəliyinə əməl etməyərək ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 95,32 m2 olan 17 saylı mənzili hal-hazıra qədər iddiaçıya təhvil verməmişdir. Ona məlum olmuşdur ki, həmin mənzildə digər Cavabdeh2 ailəsi ilə birgə yaşayır. Belə ki, daşınmaz əmlakı iddiaçıya satan Cavabdeh1 bir neçə ay əvvəl həmin mənzili Cavabdeh2 almışdır. Cavabdeh2 hal-hazıra qədər ailəsi ilə birgə iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 95,32 m2 olan 17 saylı mənzildə yaşayır. Bu müddət ərzində iddiaçı dəfələrlə cavabdehdən satdığı mənzili boşaldıb, mənzildən çıxmasını tələb etmişdir. Cavabdeh2 isə maliyyə vəziyyətinin pisləşməsi və başqa mənzil almaq imkanının olmaması səbəbindən iddiaçıdan satdığı mənzili təhvil verməsi üçün ona müəyyən müddət möhlət verilməsini, mənzildə yaşamasına icazə verməsini xahiş etmişdir. İddiaçı bütün hallarda onun vəziyyətini nəzərə alaraq güzəştə getmiş, lakin Cavabdeh2 verilən sözə əməl etməmişdir. Hətta o, 2024-cü ildə mənzili məntiqsiz olaraq satdığı dəyəri ilə iddiaçıdan özünün almaq istəyini bildirmişdir. Lakin iddiaçı cavabdehə bildirmişdir ki, daşınmaz əmlak bazarında qiymətlər kəskin qalxmışdır, bu səbəbdən eyni qiymətə (2023cü ildəki mövcud olan qiymətlərlə) mənzili ona satması qeyri-mümkündür. İddiaçı bildirmişdir ki, bu halda həmin ərazidə dəyər baxımından digər bir mənzil ala bilməz, nəticədə özünün vəziyyəti əhəmiyyətli dərəcədə pisləşər. Daşınmaz əmlakın AN-İ seriyalı ******* saylı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin 10-cu bəndində göstərilir ki, alıcının sahibliyinə verilənədək əmlak vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə yaranmış borcların ödənilməsi satıcının üzərinə düşür. Həmin müqavilənin 14-cü bəndində qeyd edimişdir ki, alıcının faktiki sahibliyinə və istifadəsinə verilənədək təsadüfən məhv olması və zədələnməsi ilə bağlı məsuliyyət satıcının üzərinə düşür. Odur ki, cavabdehlər mənzili boşaldıb çıxdıqda daşınmaz əmlakın təhvil-təslim aktı əsasında iddiaçıya təhvil verdiyi tarixədək əmlak vergisi, telefon, qaz, elektrik enerjisi və digər xidmətlər üzrə ödənişləri təsdiq edən qəbzlərlə iddiaçıya borcun olmamasını təsdiq etməlidirlər. Beləliklə, təsvir olunanlardan, eləcə də təqdim edilən rəsmi sənədlərdən mübahisəsiz qaydada məlum olur ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 567-ci və 568.1-ci maddələrinin tələblərini pozmuşdur, daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən razılaşdırılmış şərtlərlə satdığı mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh1 qanunvericiliyə uyğun olaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 95,32 m2 olan 17 saylı mənzildən digər Cavabdeh2 əşyalarını boşaltmasını, onun və həyat yoldaşnın mənzildən çıxmasını və həmin mənzili təhvil aktı əsasında iddiaçının faktiki sahibliyinə və istifadəsinə verilməsini təmin etməlidir, Cavabdeh2 və ailə üzvü isə iddiaçının mülkiyyətində olan həmin mənzildən çıxmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mənzil üzərində mülkiyyət hüququ İddiaçı məxsusdur və vətəndaş qanunsuz olaraq mənzildən çıxmır. İddiaçı kifayət qədər qarşı tərəfə güzəştlər etmiş, lakin cavabdeh kirayə haqqını ödəməkdən yayınmış və müxtəlif bəhanələrlə bu vaxta qədər həmin mənzildə yaşamışdır. Hal-hazırda mənzildə Cavabdeh2 yaşayır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 29 noyabr 2003-cü il tarixli 215695 saylı alğı-satqı müqaviləsindən görünür ki, X5 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 nömrəli evin 17 nömrəli mənzilini X1. - 31 iyul 2008-ci il tarixli 141F021608 saylı alğı-satqı və ipoteka müqaviləsindən görünür ki, X3 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 nömrəli evin 17 nömrəli mənzilini Cavabdeh2 satmış, sonuncu isə öz növbəsində həmin mənzili "xxxx" KB QSC qarşısında öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü etmişdir. - Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsində istifadədə olan 0,04996 ha torpaq sahəsində yerləşən 83 nömrəli 3 mərtəbəli binada, 95,32 m2 ümumi, 41,2 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 815 nömrəli reyestr kitabının 75963 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 11 iyun 2023-cü il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış 4Ə-183 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzilini Cavabdeh1 120.000 manata satmışdır. - 19 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanmış AN- İ seriyalı ******* saylı, 4Ə-372 reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzilini Alcan Hikmetə 135.000 manata satmışdır. Müqavilənin 8-ci bəndinə görə satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 11-ci bəndinə görə satıcı daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2023-cü il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27 sentyabr 2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Alcan Hikmetin adına daşınmaz əmlakın dövlət reyestrində tam pay üzrə qeydiyyata alınmışdır. Eləcə də, həmin mənzilə dair Alcan Hikmetin adına texniki pasport tərtib olunmuşdur. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Məhkəmə qeyd olunanlarla bağlı vurğulayır ki, daşınmaz əmlakın dövlət reyestrindən adına çıxarış verilmiş şəxs mülkiyyətçidir, iddiaçının hüquqlarına Dövlət tərəfindən müvafiq qanunvericiliyə əsasən təminat verilir və iddiaçı mülkiyyətçi kimi məhkəmə müdafiəsi hüququndan istifadə edir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzildə Cavabdeh2 buna hər hansı hüququ olmadan yaşayır və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququ pozulur. Bu səbəbdən, iddia qismən təmin edilməli, Cavabdeh2 həmin mənzildən çıxarılmalı, Cavabdeh1 isə xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən həmin mənzili iddiaçı Alcan Hikmetə təhvil verməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 əşyaları ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzilindən çıxarılmalı; Cavabdeh1 xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzilini iddiaçı Alcan Hikmətə təhvil verməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Alcan Hikmetə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 ailə üzvü deyərkən, kimin nəzərdə tutulduğunu bildirməmiş, həmin şəxsin soyad, ad, atasının adını göstərməmişdir. Tələb yönələn şəxs qeyri-müəyyən olduğundan, bu hissədə iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 əşyaları ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzilindən çıxarılsın. Cavabdeh1 xx.xx.2023-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Əlimərdan Topçubaşov küçəsi 83 saylı evin 17 saylı mənzilini iddiaçı Alcan Hikmətə təhvil versin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Alcan Hikmetə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar