Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-496/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “icra ödənişi və icra hərəkəti ilə əlaqədar çəkilən hərrac xərci üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “icra ödənişi və icra hərəkəti ilə əlaqədar çəkilən hərrac xərci üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC tərəfindən ödənilmiş 522,11 manat məbləğində icra ödənişi, 372,93 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-327/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2012-ci il tarixli 109691-1-4932 saylı “avtomobil krediti müqaviləsi” üzrə 9185,52 ABŞ dolları məbləğində əsas borc, 828,10 ABŞ dolları məbləğində faiz borcu, 83,50 dolları məbləğində cərimə borcu olmaqla, cəmi 10097,12 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli 243/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ********* saylı hesab-fakturasında **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 316,04 manat məbləğində xidmət haqqı və 56,89 manat məbləğində vergi ödənişinin (18% ƏDV) nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına hesab-fakturasına əsasən **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 316,04 manat və həmçinin bu xidmət üçün X1 hesabına 56,89 manat ƏDV ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 522,11 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 372,93 manat məbləğində hərracın keçirilməsi xərci və 522,11 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkət(lər)i ilə əlaqədar çəkilən hərrac xərc(lər)i borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi). İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərclərinin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, tələbkar İddiaçı ASC-nin çəkilən xərcləri Cavabdeh tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, analoji işlərlə bağlı müxtəlif məhkəmələr tərəfindən iddianın təmin olunması barədə 2(028)-354/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(004)-2117/2020 saylı xx.xx.2020-ci il tarixli, 2(005)- 1633/2020 saylı xx.xx.2020-ci il tarixli və 2(012)-2239/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamələr qəbul edilmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddia tələbinə etiraz edərək, iddianın əsassız olmasını nəzərə alıb təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-327/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə 9185 (doqquz min yüz səksən beş) ABŞ dolları 52 (əlli iki) sent əsas, 828 (səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları 10 (on) sent faiz, 05 (beş) ABŞ dolları cərimə, cəmi 10018 (on min on səkkiz) ABŞ dolları 62 (altmış iki) sent kredit borcu ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 (otuz) manat dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş “Kia Cerato” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin qeyd edilən borcun ödənilməsinə yönəldilməsi, həmin kredit borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “Cavabdeh işi ilə əlaqədar 7 faiz məhkəmə icraçılarına ödənilir” əsası ilə Ədliyyə Nazirliyi Nəsimi rayon icra və probasiya şöbəsinin hesabına 522,11 (beş yüz iyirmi iki manat, on bir qəpik) manat məbləğində icra ödənişi həyata keçirilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 243/22 nömrəli hərrac bildirişindən görünür ki, Nəsimi rayon İcra şöbəsinin 6896-30611/2019-5-22 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən Cavabdeh məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə təkrar hərraca çıxarılmışdır. Avtomobilin satış qiyməti 9945 manat, hərracın tarixi və vaxtı: xx.xx.2022-ci il, saat 11:00. Həraacın keçiriləcəyi ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi 27 (“AVİS” aptekin arxası). Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 242/243/22 nömrəli “ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə (oferta)” bildirişindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Kia Cerato” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin keçirilən hərrac zamanı AR Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” AR qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə imzalanması İddiaçı ASC-yə təklif olunmuş, əmlakın ilkin satış qiyməti 11700 AZN, satış qiyməti 7458,75 AZN, icra şöbəsinə qaytarılma tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 243/22 nömrəli protokolundan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-327/2018 saylı icra vərəqəsi üzrə Nəsimi rayon icra şöbəsinin 6896-30611/2019-5-22 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti olan “Kia Cerato” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 11700 (on bir min yeddi yüz) manat, son qiyməti isə 7458,75 (yeddi min dörd yüz əlli səkkiz manat yetmiş beş qəpik) manat müəyyən edilmişdir. Keçirilən iki hərrac baş tutmadığına görə İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC “Kia Cerato” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobili 7458,75 (yeddi min dörd yüz əlli səkkiz manat yetmiş beş qəpik) manata almışdır. “İpoteka haqqında” AR qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 243/21 nömrəli hesabfakturasından görünür ki, İddiaçı ASC tərəfindən ödəniləcək Cavabdeh mülkiyyətində olan “Kia Cerato” minik markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təklif dəyəri 7458,75 manat təşkil edir. Əmlakın açıq hərracda satışına görə ödəniləcək xidmət haqqının cəmi məbləği 372,93 manatdır (ƏDV daxil olmaqla). Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xx.xx.2022-ci il tarixli EQ EBCB N 217331 ES.EDV ödənilir” əsası ilə "xxxx" MMC-nin hesabına 56,89 (əlli altı manat səksən doqquz qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən “xx.xx.2022-ci il tarixli EQ EBCB N 217331 ES.EDV ödənilir” əsası ilə "xxxx" MMC-nin hesabına 316,04 (üç yüz on altı manat sıfır dörd qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 522,11 (beş yüz iyirmi iki manat, on bir qəpik) manat məbləğində icra ödənişi, 372,93 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci) 5 (beş) iş günü ərzində İddiaçı ASC-yə ödənilməsi, əks təqdirdə İddiaçı ASC-nin icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin Cavabdeh tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı ASC tərəfindən ərizənin verilməsinə görə xx.xx.2022-ci il tarixdə (ödəniş qəbzinin №-si **********) 30 (otuz) manat rüsum ödənilmişdir. Beləliklə məhkəmə müəyyən etdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-327/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-yə borclu olduğu cəmi 10018 (on min on səkkiz) ABŞ dolları 62 (altmış iki) sent kredit borcunun (ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində) və 30 (otuz) manat dövlət rüsumu vəsaitinin tutulması ilə əlaqədar tələb cavabdehə məxsus olan “Kia Cerato” minik markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən Cavabdeh məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur. Cavabdeh məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar İddiaçı ASC tərəfindən məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 522,11 manat və 372,93 manat məbləğində hərracın keçirilməsi xərcinin ödənilməsi təmin edilmişdir. İddiaçı ASC Cavabdeh ödənilmiş 522,11 (beş yüz iyirmi iki manat, on bir qəpik) manat məbləğində icra ödənişi, 372,93 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci) 5 (beş) iş günü ərzində İddiaçı ASC-yə ödənilməsini tələb etmiş, lakin cavabdeh tərəfindən tələb yerinə yetirilmədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 319.5ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Mülki Məcəllənin 1087.1-ci maddəsinin tələbinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Mülki Məcəllənin 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur Mülki Məcəllənin 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Mülki Məcəllənin 1090.3-cü maddəsinə əsasən işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3 və 25.3.3-cü maddəsinə əsasən ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək ipoteka qoyanın vəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 79.2 və 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınması, saxlanması və satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür Məhkəmə qeyd edir ki, hazırki iş üzrə ipoteka predmeti olan Cavabdeh məxsus **-DN-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilin hərracdan satılması ilə bağlı xərclər, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-327/2018 saylı icra sənədi üzrə tutulmalı olan pul məbləğinin 7 (yeddi) faiz həcmində icra ödənişi Cavabdeh tutulmalı olduğu halda İddiaçı ASC-dən tutulmuş, bu cür hal cavabdehin mənafeyinə xidmət edən hərəkət olmaqla, cavabdehin nəticə etibarı ilə bu işlərin aparılması prosesində həmin məbləğdə varlanmasına gətirib çıxartmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC tapşırıq və ya digər əsas olmadan Cavabdeh tərəfindən ödənilməli olan hərrac xərclərini və icra ödənişini ödəməklə vicdanlı hərəkət etmiş və məhz cavabdehin mənafeyinə uyğun davranış nümayiş etdirmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC tərəfindən ödənilmiş 522,11 (beş yüz iyirmi iki manat, on bir qəpik) manat məbləğində icra ödənişi, 372,93 (üç yüz yetmiş iki manat, doxsan üç qəpik) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 895,04 (səkkiz yüz doxsan beş manat dörd qəpik) Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC tərəfindən ödənilmiş 522,11 (beş yüz iyirmi iki manat, on bir qəpik) manat məbləğində icra ödənişi, 372,93 (üç yüz yetmiş iki manat, doxsan üç qəpik) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci) olmaqla, cəmi 895,04 (səkkiz yüz doxsan beş manat dörd qəpik) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-496/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-496/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver