Məhkəmə qərarları › İş №e-2(006)-4992/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4992/2025

22.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4992/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.444,93 manat məbləğində pul vəsaitinin və 50 manat mediasiya xərcinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 12 sentyabr 2022-ci il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 2.444,93 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 2.444,93 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddia tələbinin əsası kimi xx.xx.2024cü il tarixli, 361 saylı təhvil-təslim aktına və xx.xx.2024-cü il tarixli vurulmuş zərərin təsdiqlənməsi barədə akta istinad edərək hesab edirlər ki, qanunvericiliyə uyğun olaraq iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin «a» bəndinə əsasən, işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Mülki Məcəllənin 445.2ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi, icranın gecikdirilməsi hesab olunur. Xəbərdarlıqdan göründüyü kimi qeyd edilən maddəyə əsasən cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh öhdəliyini yerinə yetirməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi üçün Mediasiya Təşkilatına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə iddiaçı arasında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator «mediasiya sessiyasında iştirak edilməməsi barədə» xx.xx.2025-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında işəgötürənə məxsus olan əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığını təmin etmək, işçinin maddi məsuliyyətini müəyyən etmək məqsədi ilə qeyd olunan müqavilə bağlanmışdır. Müqaviləyə əsasən işəgötürən və işçi üzərlərinə müqavilə bəndlərində qeyd edilən öhdəlikləri götürmüşlər. Eləcə də, işçi tərəfindən vəzifə təlimatları ilə tanış olunaraq, imzalanmışdır. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «a» bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2024-cü il tarixli 361 saylı əmrə əsasən aidiyyəti şəxslər tərəfindən sonuncuya təhkim edilmiş müştərilərin faktiki borc qalıqları özünün iştirakı ilə yoxlanılaraq 2.444,93 manat borc qalığının mövcud olmasına dair akt tərtib etmişlər. Akt tərtib edən şəxslər, eləcə də, Cavabdeh tərəfindən imzalanmışdır. Vurulmuş zərərin təsdiq edilməsinə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh aşkar edilmiş zərər məbləğini qısa müddət ərzində ödəyəcəyini bildirmiş, aktla tanış olaraq imzalamışdır. xx.xx.2025-ci il tarixli 0293 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC Cavabdeh 2.444,93 manat pul vəsaitinin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/9/2025-01056 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlmiş, lakin Cavabdeh həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Təqdim olunmuş sübutlardan göründüyü kimi, işəgötərənlə işçi arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Əmək funksiyalarının icrası ilə əlaqədar işçinin işəgötürənə vurduğu zərərə görə müvafiq yoxlamanın nəticələrinə uyğun olaraq akt tərtib edilmişdir, lakin işçi işdən azad olunsa da, işəgötürənə vurduğu zərəri ödəməmişdir. Tərəflər arasında imzalanmış aktdan müəyyən edilir ki, cavabdeh iddiaçıya 2.444,93 manat maddi ziyan vurmuşdur, həmin ziyan həddində iddiaçı qarşısında maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, 2.444,93 manat məbləğində pul vəsaiti və 50 manat mediasiya xərci Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 2.444,93 (iki min dörd yüz qırx dörd manat, doxsan üç qəpik) manat məbləğində pul vəsaiti və 50 (əlli) manat mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar