Məhkəmə qərarları › İş №e-2(006)-5034/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5034/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5034/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 27854.11 manat məbləğində əsas borcun, 174.12 manat ödənilmiş dövlət rüsumunun və nəticədə cəmi 28,212 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 27854.11 manat məbləğində cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi 28038.00 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını "xxxx" MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, "xxxx" MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli ******* saylı və ******* saylı Abunə müqavilələrindən müəyyən olunur ki, iddiaçı cavabdehi 077 *** ** ** və 077 *** ** ** nömrələr ilə təmin etməyi, açıq rabitə xətti ayırmağı və xidmətlərin göstərilməsini təmin etməyi, cavabdeh isə bu müqavilə və müvafiq “Tarif Planı” üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Hesablardan görünür ki, cavabdehin iddiaçının rabitə xidmətlərindən istifadə etməsinə görə iddiaçıya yaranmış borcu 077 ***-**-** GSM nömrəsi üzrə 26553,36 manat və 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2010-cu il tarixli, ******* saylı abunə müqaviləsinə əsasən ona təqdim edilmiş 077 *** ** ** nömrəsi və xx.xx.2010-cu il tarixli, ******* saylı abunə müqaviləsi əsasında isə 077 *** ** ** nömrəsi əsasında açıq rabitə xidməti ayrılmış və rabitə xidmətləri göstərilmişdir. Cavabdehin 077 *** **** nömrəsi əsasında borcu 27854 manat təşkil edir. Həmin borcun 15583,82 manatı internet xidmətlərinə görə, 3447,29 manatı aylıq abunə haqlarına görə, 1515,48 manatı internet rouminq xidmətinə görə, 1524,44 manat səsli zənglərə görə və 5783,08 manatı isə gecikmə faizinə görə yaranmış borcdur. Cavabdehin 077 *** ** ** nömrəsi əsasında isə borcu 183,47 manat təşkil edir. Həmin borcun 32 manatı aylıq abunə haqqına görə, 54,87 manatı səsli zənglərə görə, 96,60 manatı isə internet xidmətlərinə görə yaranmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixli ******* saylı və ******* saylı Abunə müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı cavabdehi 077 *** ** ** və 077 *** ** ** nömrələr ilə təmin etməyi, açıq rabitə xətti ayırmağı və xidmətlərin göstərilməsini təmin etməyi, cavabdeh isə bu müqavilə və müvafiq “Tarif Planı” üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və xidmətlərdən istifadəyə görə müvafiq ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Cavabdehin iddiaçının rabitə xidmətlərindən istifadə etməsinə görə iddiaçıya yaranmış borcu 077 ***-**-** GSM nömrəsi üzrə 26553,36 manat və 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş nömrələri cavabdehə vermiş və həmin nömrələr üzrə müvafiq xidmətləri göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin 077 ***-**-** GSM nömrəsi üzrə iddiaçıya olan borcu iş materialları ilə təsdiq olunduğundan 183.47 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 077 ***-**-** GSM nömrəsi üzrə yaranmış borca münasibətdə məhkəmə qeyd edir ki, maliyyə arayışından göründüyü kimi göstərilən nömrə üzrə borc 27854 manat təşkil etmiş, həmin borcun 15583,82 manatı internet xidmətlərinə görə, 3447,29 manatı aylıq abunə haqlarına görə, 1515,48 manatı internet rouminq xidmətinə görə, 1524,44 manat səsli zənglərə görə və 5783,08 manatı isə gecikmə faizinə görə yaranmış borc olmuş, cavabdeh tərəfindən həmin nömrə üzrə ödəniş edilməklə ümumi borc məbləği 26553,36 manat qalmışdır. İddiaçının nümayəndəsinin (vəkili) məhkəmə iclasında bildirdiyinə görə ödəniş gecikmə faizinə görə yaranmış borc məbləğindən çıxılmamış və həmin borc məbləği olduğu kimi qalmışdır. Gecikmə faizinə görə yaranmış borc iddiaçı tərəfindən cavabdehə tətbiq edilmiş sanksiya olmaqla cərimə məbləğidir. Bu halda sözügedən nömrə üzrə cavabdehin əsas borc üzrə iddiaçıya olan borcu 20770,28 manat (26553,36 – 5783,08 = 20770,28) təşkil edir. Məhkəmə gecikmə faizinə görə yaranmış 5783,08 manat borca (dəbbə pulu) münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilənin 5.3-cü bəndinə əsasən, cavabdeh cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 5783,08 manat dəbbə pulu məbləği yaranmış 20770,28 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 150 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, 077 ***-**-** GSM nömrəsi üzrə 20920,28 manat (20770,28 manat əsas borc + 150 manat dəbbə pulu) məbləğində borc cavabdehdən tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 20920,28 manat məbləğində əsas borc, 174.12 manat ödənilmiş dövlət rüsumu, cəmi 21277,87 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən edilsin. GSM müqavilələrinə əsasən sonuncu 077 ***-**-** GSM nömrəsi üzrə 183.47 manat, 077 ***-**-** GSM nömrəsi üzrə 20920,28 manat məbləğində əsas borc, 174.12 manat ödənilmiş dövlət rüsumu, cəmi 21277,87 manat məbləğində borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar