Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5045/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və kirayə haqqının tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma və kirayə haqqının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında, 7-ci mərtəbə, 52.9 kv.m 1 otaqdan ibarət olan 35 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılaraq mənzilin təhvil verilməsi; cavabdehlərdən iyun 2025-ci il tarixdən başlayaraq məhkəmə qərarı icra olunana qədər aylıq 700 (yeddi yüz) manat kirayə haqqı və 100 (yüz) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 20 may 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında, 7ci mərtəbə, 52.9 kv.m 1 otaqdan ibarət olan 35 saylı mənzilin ödənişini edərək iddiaçı almışdır. Həmin tarixdən həmin mənzil iddiaçının sahibliyindədir. Bina tam təhvil verilmədiyi üçün mənzil üzərində mülkiyyət hüquqları qeydə alınmayıb. Mənzil iddiaçı tərəfdən təmir edilib və may 2025-ci il tarixdən cavadehlər Cavabdeh1 və Cavabdeh2 kirayəyə verilmişdir. Cavabdehlər ilə olan razılaşmaya əsasən mənzilin kirayə haqqı 700 (yeddi yüz) manat müəyyən edilmişdir. Cavabdehlər ilkin olaraq may ayı üçün kirayə haqqını iddiaçıya məxsus kart hesabına köçürtdü və mənzildə yaşamağa başladılar. Lakin sonrakı aylarda aylıq kirayə haqqını ödəməkdən yayındılar. Belə ki, iddiaçı tərəfdən onlara dəfərlə ya ödənişlərin verilməsi, ya da mənzilin boşaldılması bildirilsə də, bu günə qədər heç bir nəticə olmayıb. Yəni cavabdehlər 4 aydır ki, kirayə haqqı ödəmədən iddiaçıya məxsus mənzildə yaşayırlar. Mənzili boşaldıb iddiaçıya təhvil verməkdən imtina edirlər. Ona görə də hesab edilir ki, cavabdehlər məhkəmə qərarı əsasında mənzili boşaldaraq iddiaçıya təhvil verməli və ödəmədikləri aylıq kirayə haqqlarını iddiaçıya ödəməlidirlər. Tərəflərin iştirakı və izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi-vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan 20 may 2023-cü il tarixli "xxxx" müqaviləyə əsasən MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan binanın 7-ci mərtəbəsində 35 nömrəli 1 otaqlı 52.9 kv.m mənzil sahəsini İddiaçı verməyi, sonuncu isə mənzilin ümumi dəyəri olan 68.000 manat pulu MMC-yə verməyi öhdəsinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən İddiaçı tikilməkdə olan ünvan 2 ünvanında yerləşən 2 girişli, 7 mərtəbəli yaşayış binasının 1, 7-ci mərtəbəsində 1 otaqlı 35 saylı mənzilin payçısıdır və pay haqqı tam ödənilmişdir. Payçının MMC-yə pay haqqından heç bir borcu yoxdur. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən 762 manat məbləğində pul vəsaiti AY**N EY*****A nömrəli müştəri hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli, **********43 nömrəli elektron mədaxil qəbzinə əsasən iddia qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Təqdim edilmiş “WhatsApp” mobil tətbiqi üzərindən aparılmış yazışmaların ekran görüntüsündən müəyyən edilir ki, tərəflər arasında kirayəçi-kirayəyə verən münasibətləri olmuşdur. Kirayəyə verən kirayəçidən kirayə haqqının ödənilməsini və mənzilin təhvil verilməsini tələb etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: -kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; -ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. 690.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. 690.2-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək müəyyən etdi ki, ünvan 2 ünvanında yerləşən 35 nömrəli mənzili iddiaçı müqavilə əsasında əldə etmişdir. 2025-ci ilin may ayında iddiaçı sözügedən mənzili həmin mənzilin kirayəyə verilməsinə dair şifahi müqavilə əsasında cavabdehlərə aylıq 700 manat kirayə haqqı ödənilməsi şərtilə kirayəyə vermiş, cavabdehlər isə mənzildə həmin tarixdən etibarən yaşamağa başlamışlar. Lakin, cavabdehlər tərəfindən may ayı üçün ödəniş edilsə də, iyun ayından etibarən heç bir ödəniş edilməmişdir. İddiaçı tərəfindən mənzilin ona təhvil verilməsi və aylıq ödənişlərin ödənilməsi ilə bağlı cavabdehlərə edilən müraciətlər nəticəsiz qalmış, buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ilk növbədə tərəflər arasında olan kirayə müqaviləsinin etibarlılığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarına əsasən, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337a, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə kirayə müqaviləsinin forması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qanunverici kirayə müqaviləsinin forması haqqında Mülki Məcəllənin kirayə münasibətlərini tənzimləyən 33-cü fəslinin normalarında xüsusi qayda müəyyən etməmişdir ki, bu da kirayə müqaviləsinin həm şifahi, həm də yazılı formada bağlanıla bilməsinin mümkünlüyünü təsbit edir. Bu baxımdan məhkəmə tərəflər arasında mövcud olan kirayə müqaviləsinin forma etibarlılığına qiymət verərək, onu müqavilənin tərəfləri üçün hüquqi nəticələr doğurma qabiliyyətinə malik əqd kimi qəbul edir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar mübahisəli mənzilin ona məxsus olduğunu tam təsdiq edir. Belə olan təqdirdə də onun həmin evdən tam istifadə etmək hüququ vardır. Lakin cavabdehlərin həmin evdə yaşaması onun hüquqlarını məhdudlaşdırır, istifadəsinə maneçilik törədir. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus olan evdə hazırkı müddətə qədər yaşamaları nəticəsində mülkiyyətçinin tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilməməsi, onun bu hüquqdan istifadə imkanının cavabdehlərin həmin mənzildən istifadə etməsi ilə məhdudlaşdırılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, cavabdehlərin mübahisəli mənzildən çıxarılması və ödənilməyən kirayə haqqının ödənilməsi barədə iddia tələbi əsaslıdır. Beləliklə də, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında, 7-ci mərtəbə, 52.9 kv.m 1 otaqdan ibarət olan 35 saylı mənzildən çıxarılmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2025-ci ilin iyun ayından başlayaraq məhkəmə qərarı icra olunana qədər aylıq 700 (yeddi yüz) manat kirayə haqqı tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında, 7-ci mərtəbə, 52.9 kv.m 1 otaqdan ibarət olan 35 saylı mənzildən çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2025-ci ilin iyun ayından başlayaraq məhkəmə qərarı icra olunana qədər aylıq 700 (yeddi yüz) manat kirayə haqqı və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-5045/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5045/2025
17.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver