Məhkəmə qərarları › İş №e-2(006)-5096/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5096/2022

15.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5096/2022 15.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddia tələbində qeyd edilən mübahisə Kürdəmir rayonu Sığırlı kəndində yerləşən torpaq sahəsi ilə bağlıdır. Həmçinin, bu qəbildən olan işlər cavabdehin olduğu yerin məhkəməsində deyil, torpaq sahəsinin yerləşdiyi yerin məhkəməsində baxılır. Belə ki, onlara qarşı yönəlmiş bu növ tələblərə hazırda Kürdəmir Rayon Məhkəməsində baxılmaqla, həmin məhkəmədə hüquqi qiymət verilməkdədir. İddia tələbi məhz torpaq sahəsi ilə bilavasitə bağlı olduğundan, hesab edir ki, həmin torpaq sahəsinə məhkəmə gedişatı zamanı baxış keçirilməsi zərurəti yarana bilər. Həmçinin, digər prosessual hərəkətlərin aparılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsində baxılmalıdır. Sonda məhkəməyə şifahi vəsatətlə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, Kürdəmir rayonu Sığırlı kəndində yerləşən 0,15 ha torpaq sahəsi Sığırlı bələdiyyəsinin mülkiyyətindədir. Lakin o, həmin torpaq sahəsi üzərində qanuni sahiblik edir. Buna baxmayaraq, onun qanuni sahib kimi hüquqları pozulmuş və nəticədə kompensasiya almaq hüququ yaranmışdır. Hazırki mülki işin Kürdəmir Rayon Məhkəməsində baxılmasına etiraz etmir. Bu səbəbdən qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə cavabdehin nümayəndəsinin şifahi vəsatətini araşdırıb, tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində özünün qanuni sahib qismində istifadə etdiyi torpaq sahəsi üzərində hüquqlarının pozulduğunu qeyd edərək, hazırda bu hüquqlarının pozulması nəticəsində müvafiq məbləğdə kompensasiya tələb edir. Məhkəmə hesab edir ki, iddianın predmeti Kürdəmir rayonu Sırığlı kəndində yerləşən 0,15 ha torpaq sahəsində iddiaçının yetişdirmiş olduğu nar ağaclarına görə ona ödənilməli olan kompensasiyanın ödənilməyərək, başqa şəxsə ödənilməsi ilə əlaqədar hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçının hüquqlarının pozulduğunu qeyd etdiyi torpaq sahəsi Kürdəmir rayonu ərazisində yerləşdiyindən, indiki vəziyyətdə mübahisənin ərazi aidiyyəti müəyyənləşdirilərkən müstəsna aidiyyətlə bağlı normalar rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə görə mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin, 35.1, 44.2, 45.1, 45.2, 45.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı «kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar