Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5097/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X3 və X8 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət "xxxx" ASC-də işləmişdir. xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-nin «ASAN 3» şöbəsinə aparıcı mütəxəssis (xəzinədar-əməliyyatçı) vəzifəsinə qəbul edilmişdir. "xxxx" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayevin 2742k saylı, xx.xx.2022-ci il tarixli əmri ilə bağlanılmış əmək müqaviləsinə «AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olmuşdur. Bununla əlaqədar ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrini işə yerinə təqdim etmişdir. İddiaçı "xxxx" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayevin 2742k saylı, xx.xx.2022-ci il tarixli əmrini qanunsuz hesab edir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, son dövrlərdə filialının rəhbərliyi tərəfindən iddiaçıya qarşı müxtəlif təzyiqlər olurdu, onu uzaqlaşdırmaq istəyirdilər. O, işlədiyi müddətdə heç bir inzibati tənbeh almamışdır. Filialın rəhbərliyi bir neçə qadın işçilərdən izahat alıb ki, guya iddiaçı onlara qarşı qeyri-etik hərəkət və davranışlar etmişdir. Halbuki onlar sonra bildirdilər ki, əks təqdirdə işdən əks təqdirdə işdən çıxarılacaqlarını bildirdilər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar işdə olmadığı dövrdə Həmkarlar İttifaqı Komitəsinin qərarı qəbul edilib.İşdən çıxarılmaqla əlaqədar əmr iddiaçı xəstə olduğu dövrdə, 15 avqustda yazılıb, 17 avqustda işə çıxarkən ona bildirdilər ki, işdən azad edilmişdir. İddiaçıya qarşı belə bir qərəzçiliyə qarşı o, belə bir iş yerində işləmək istəmir. Bununla əlaqədar öz xahişi ilə işdən çıxmasına dair ərizə yazsa da, qəbul etmədilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qanunsuz olaraq işdən çıxarılması barədə X10 Xidmətinə müraciət etmişdir. İddiaçı Mediasiya Şurasının Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirak etsə də, barışıq əldə edilmədiyinə görə mediator tərəfindən xx.xx.2022-ci il tarixdə «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq «İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış» verilmişdir. Mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2742k saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2022-ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə, Mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-də aparıcı mütəxəssis (xəzinədar-əməliyyatçı) vəzifəsinə qəbul olunmuş və 2022-ci il 15 avqust tarixdə işdən çıxarıldığı vaxta qədər qeyd olunan şirkətdə çalışmışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin idarə heyəti sədrinin birinci müavini İlham Həbibullayevin verdiyi əmrlə xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Ancaq nəzərinə çatdırmaq istərdilər ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olduğu üçün işdə olmamış və bununla bağlı xəstəlik vərəqələrini iş yerinə təqdim etmişdir. Buna baxmayaraq cavabdeh bank o, işdə olmaya-olmaya iş yerində mövcud olan həmkarlar təşkilatına iddiaçının işdən çıxarılması ilə bağlı müraciət etmiş və həmkarlar ittifaqı işçinin iştirakı olmadan bununla bağlı iclas keçirmiş və buna razılıq vermişdir. Onlar bundan əvvəlki məhkəmə iclaslarında həmkarlar ittifaqına bank tərəfindən təqdim olunmuş iddiaçının işdən çıxarılmasına əsas olmuş sənədlərin və həmkarlar ittifaqının keçirdiyi iclasın protokolunun təqdim olunmasını cavabdeh bankın nümayəndələrindən xahiş etsələr də həmin sənədlər təqdim olunmamışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçının işdən çıxarılmasına səbəb olan həmin iş yerində çalışan xanımların iddiaçının guya onlara qarşı qeyri-etik hərəkətlərinin olması ilə bağlı izahatları özü ziddiyyətli olmuş, həmin izahatın 2-ci hissəsində iddiaçının öz işini lazımınca icra etməməsi ilə bağlı onların narazılığı öz əksini tapmışdır. Buradan belə çıxır ki, müdiriyyət iddiaçının işindən narazı olduğu üçün onu bu yolla işdən çıxarmağı planlaşmışdır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və nümayəndəsinin və vəkilin qeyd etdiklərini təsdiq edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı həmçinin göstərmişdir ki, iş materiallarına əlavə olunan şahid ifadələri ona qarşı böhtan xarakteri daşıyır. Həqiqəti əks etdirmir. Belə ki, onlar iş yerindəki kollektivlə günün böyük bir hissəsini birlikdə keçirmişlər və izahat verən şəxslərlə münasibətləri normal olmuşdur. Onlar öz izahatlarında göstərilən şeyləri təzyiq altında verməyə məcbur edilmişlər. Əlavə olaraq bildirmək istəyir ki, onlar kollektiv olaraq birlikdə işləyirlər və vaxtların çox hissəsini bir yerdə keçirirlər. Buna görə də tərəfindən istəyərək və ya istəməyərək hər-hansı əl-qol hərəkətlərinə yol verilmiş olsa belə, bu hərəkətlər qeyri-etik xarakter daşımamışdır. Qeyd etmək istəyir ki, işə çıxdığı gün ona işdən çıxarılması barədə məlumat verilmiş, sabahı gün isə əmək kitabçası təqdim edilmişdir. Onu da qeyd edir ki, onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinn 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verildiyi üçün hazırda o, iş tapa bilmir. Himayəsində azyaşlı uşaqları var və o, işdən çıxarıldığı gündən işsizdir. Əlavə olaraq bildirir ki, onun həmin iş yerində bundan sonra çalışmaq fikri yoxdur. O, sadəcə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən çıxarılması ilə bağlı narazıdır, çünki bu əsasla işdən çıxarıldığından bu onun başqa yerdə iş tapmasına böyük əngəldir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim edərək öz izahatında göstərmişdir ki, iddiaçı öz iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olmuşdur, bununla əlaqədar ******* və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrini iş yerinə təqdim etmişdir. Buna görə hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstəliyi ilə əlaqədar işdə olmadığı dövrdə Həmkarlar İttifaqı Komitəsinin qərarı qəbul edilib. İşdən çıxarılmaqla əlaqədar əmr o xəstə olduğu dövrdə, yəni xx.xx.2022-ci ildə verilib. xx.xx.2022-ci il tarixdə işə çıxarkən isə ona işdən azad edildiyi bildirmişdir. İddiaçının qeyd etdiyi işin bu halına münasibət olaraq bildirir ki, X11 «Əmək müqaviləsinə xitam verilməsi barədə» xx.xx.2022-ci il tarixli, 2742K saylı əmrindən də görünür ki, əmr özü xx.xx.2022-ci il tarixində tərtib edilsə də, şəxs məzuniyyətdə olduğu üçün müqaviləyə xx.xx.2022-ci il tarixdən, yəni şəxsin işə başladığı tarixdən xitam verilməsi bildirilmişdir. Odur ki, bu hissədə işəgötürən tərəfindən hər hansı hüquq pozuntusuna yol verilmədiyi açıq aydın görünür. İddiaçı həmçinin öz iddia ərizəsində göstərmişdir ki, son dövrlərdə filialın rəhbərliyi tərəfindən ona qarşı müxtəlif təzyiqlər olmuşdur. Filialın rəhbərliyi bir neçə qadın işçidən izahat alıb ki, guya iddiaçı onlara qarşı qeyri-etik hərəkət və davranışlar etmişdir. Halbuki onlar sonra məcbur edildiklərini, əks təqdirdə işdən çıxarılacaqlarını iddiaçıya etiraf etmişlər. İşin bu halına münasibət olaraq bildirmək istəyir ki, iddiaçı həqiqətən öz istədiyi dövrdə istər öz iş yoldaşlarına, istərsə də müəssisəyə yaxınlaşan müştərilərə qarşı qeyri-etik və əxlaq normalarından kənar hərəkətlər etmiş, onlarla kobud danışıqlara yol vermiş, dəfələrlə ona edilən xəbərdarlıqlara baxmayaraq öz hərəkətlərinə davam etmişdir. Belə ki, iddia ərizəsinə əlavə olunan Bankın ASAN3 şöbəsinin əməkdaşları Mədinə Allahverdiyeva, Səadət Əzizova, Gülnar Mansurova və Səbinə Rzayeva tərəfindən verilən izahatlardan da görünür ki, işlədikləri vaxtdan iddiaçı tərəfindən qeyri-etik davranışlar və hərəkətlər görmüş, ona dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq bunu zarafat adlandıraraq iddiaçı öz hərəkətlərinə davam etmişdir. Həmin əməkdaşlarla keçirdikləri görüşlərdən sonra məsələnin daha ciddi olduğu tərəflərdən aşkar edilmişdir. Belə ki, həmin əməkdaşlar iddiaçı tərəfindən olduqca pis formada qeyri-etik hərəkətlər gördüklərindən bunları izahatlarında bildirməkdən utandıqlarını bildirmişlər. Ona dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq iddiaçının bu hərəkətlərinin davamlı olduğunu görərək məcbur olub rəhbərliyə iddiaçı barəsində ölçü götürülməsini üçün məlumat vermişlər. Həmçinin iddiaçının özünün sözügedən məsələ ilə bağlı verdiyi izahatda da etdiyi zarafatları, işlətdiyi ifadələri, həmçinin əməkdaşlarlara fiziki olaraq, xüsusən əllə toxunması faktını qəbul etmiş və bunu danmamış, bunun pis niyyətlə olmadığını bildirmiş və üzr istəyərək gələcəkdə təkrarlanmayacağına söz vermişdir. Gründüyü kimi, iddiaçı özü də qeyd olunan hərəkətləri etdiyini etiraf etmişdir və bu özü də sözügedən faktın reallığına heç bir şübhə yaratmır. İddiaçı ilə bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə də baxsalar, iddiaçının yuxarıda göstərilən hərəkətlərinin müqavilənin tələblərinə zidd olduğunu görərlər. Belə ki, müqavilənin «İşçinin əmək funksiyası və vəzifələri» adlanan bölməsinin 3.3-cü maddəsinin «b» bndində göstərilmişdir: «əmək intizamına və Bankdaxili intizam qaydalarına riayət etmək, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin və s. tələblərini yerinə yetirmək». Sözügedən "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsində göstərilmişdir: 5.13. Bank gündəlik iş prosesində əməkdaşlar tərəfindən etik və əxlaq normalarına daxili intizam qaydaları çərçivəsində riayət edilməsinə diqqət yetirir. 5.14.2. Korporativ mədəniyyətə və etik dəyərlərə riayət - Bank əməkdaşları formalaşmış korporativ mədəniyyətə və etik dəyərlərə, daxili nizam-intizam qaydalarına ciddi riayət etməklə "xxxx"-nin əməkdaşı» adının müsbət imicinin qorunmasına səy göstərməlidirlər. 5.15. Bank əməkdaşlarının tutduqları vəzifədən asılı olmayaraq digər həmkarlarının şərəf və ləyaqətini təhqir etməsi, şəxsiyyətini alçaltması, pis rəftar və diskriminasiya tətbiq etməsi, sıxışdırması və s. bu kimi davranışlar nümayiş etdirməsi yolverilməzdir. 5.19. Bank əməkdaşları aşağıdakılara yol verməməlidirlər: 5.19.5. digər əməkdaşlara münasibətdə kobudluq etmək, nəlayiq sözlərdən istifadə etmək və sair digər formalarda həmkarların şərəf və ləyaqətini alçaltmaq və ya buna cəhd etmək; 5.26. Ünsiyyət korporativ etikanın əhəmiyyətli komponenti olmaqla biznesin aparılmasında müstəsna rola malikdir. Bank istər əməkdaşlar arasında, istərsə də müştərilərlə ünsiyyət prosesində işgüzar etikanın prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Bu konteksdə Bank müxtəlif ünsiyyət formaları üzrə daxili tələbləri müəyyənləşdirir. 8.1. Bank əməkdaşları bu Məcəllənin, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərinin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə bilavasitə məsuliyyət daşıyırlar. 8.2. Bu Məcəllədə, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərində nəzərdə tutulmuş tələblərin pozulması (və ya pozulmasına şərait yaradılması) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb ola bilər. Sözügedən bəndlərin dispozisiyasından da göründüyü kimi, iş mühiti çərçivəsində etik qaydalara və əxlaq normalara riayət etmək hər bir əməkdaşın vəzifəsidir və əks halda həmin şəxs müvafiq məsuliyyət daşıyır. Həmçinin xüsusilə vurğulamaq lazımdır ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işindən azad edilməsi qanunvericiliyə uyğun şəkildə aparılmışdır. Bununla bağlı aşağıdakı məlumatları isə xüsusilə qeyd etmək (fərqləndirmək) lazımdır. İşçidən xx.xx.2022-ci il tarixdə izahat alınmış və beləliklə Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərin riayət edilmişdir. "xxxx" ASC-nin İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən xx.xx.2022-ci il tarixli (İR-904 nömrəli) məktubla həmkarlar ittifaqına müraciət edilmişdir. Həmkarlar ittifaqının 72 saylı protokolundan çıxarışdan (xx.xx.2022-ci il tarixli) görünür ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işindən azad edilməsinə razılıq verilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərini riayət edilib. "xxxx" ASC-nin «Etik Davranış və İntizam Komissiyası» tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq tərtib edilmiş xx.xx.2022-ci il tarixli təklif "xxxx" ASC-nin İdarə Heyətinin sədrinə (işəgötürənə) təqdim edilmiş və "xxxx" ASC-nin X11 2742k nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Beləliklə Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin, 188-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət edilib. Beləliklə, yuxarıda qeyd edilən xüsusatları, həmçinin işəgötürən olaraq bankın üzərinə düşən bütün prosessual funksiyaları qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməsini nəzərə alaraq hesab edirlər ki, iddiaçı barəsində intizam tənbehi seçilən zaman heç bir pozuntuya yol verilməmişdir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçının işdən çıxarılma əmri xx.xx.2022-ci il tarixində verilmiş, ancaq həmin əmr 17 avqust tarixindən işçinin işdən çıxarılmasını özündə əks etdirmişdir. Yəni işçi işdən 17 avqustda çıxarılmışdır. Həmçinin qeyd edir ki, həmkarlar ittifaqının protokolu onlara təqdim olunmamışdır. Bununla bağlı qeyd bildirdi ki, həmkarlar ittifaqının iclası keçirilmiş və bununla bağlı protokoldan çıxarış iş materiallarına əlavə olunmuşdur. O ki, qaldı protokolun bütünlükdə təqdim olunmasına qanunvericilikdə bununla bağlı hər hansı tələb nəzərdə tutulmamışdır. Həmçinin həmin gün həmkarlar ittifaqının iclasının gündəliyində sadəcə İddiaçı işdən çıxarılması deyil, bir çox məsələlər olmuş və həmin protokolda öz əksini tapmışdır. Buna görə də adıçəkilən protokolun bütünlükdə təqdim edilməsi istək bank sirri baxımından, istərsə də şəxsi toxunulmazlıq baxımından yol verilməzdir. Həmçinin iddiaçının nümayəndəsi və vəkili bildirir ki, müdiriyyət iddiaçının işindən narazı olduğu üçün onu işdən bu yolla çıxarmışdır. Bununla bağlı bildirmək istəyir ki, işəgötürən işçinin işindən narazı olsaydı və onu bu səbəbdən işdən çıxarmaq istəsəydi bunu dolayısı ilə yox, birbaşa edə bilərdi. Bunun üçün qanunvericilik işəgötürənə lazımi səlahiyyət vermişdir. Bundan başqa, tərəflərdən iddia müddətinin tətbiqi barədə elektron qaydada məhkəməyə ərizə ünvanlanmışdır. Belə ki, işçi əmək qanunvericiliyin tələblərinə əsasən öz əmək hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 1 ay müddətində bununla bağlı məhkəməyə müraciət edə bilər. İddiaçıya verdiyi suallara onun verdiyi cavablardan və iş materiallarına əlavə olunan sənədlərdən göründüyü kimi, iddiaçı öz əmək kitabçasını 18 avqust tarixində almış və bunu öz imzası ilə qeydiyyat jurnalında təsdiq etmişdir. Yəni faktiki olaraq onun müddət axımı bu tarixdən başlamışdır. Bundan sonra, onun tərəfindən 13 sentyabr tarixində onlara mediasiya təklifi göndərilmiş və müddətin axımı dayanmışdır. Nəticədə 25 günlük müddət keçmişdir. Mediasiyadan arayış isə ona xx.xx.2022-ci il tarixdə təqdim olunmuş və müddətin axımı bərpa olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixinə qədər məhkəməyə müraciət etməli olduğu halda, o, xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ünvanlanmışdır. Yəni müddəti ötürmüşdür. Həmçinin etirazının maddi əsaslarına gəldikdə qeyd edir ki, iş materiallarına əlavə etdikləri zərərçəkmişlərin izahatlarından və digər iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən müntəzəm olaraq bankının xanım əməkdaşlarına qarşı qeyri-etik hərəkətlərə yol verilmişdir. Halbuki işçi işə götürülərkən onun əmək müqaviləsinin şərtlərinə əsasən o, işə yerində etik davranış qaydalarına, müəssisədaxili intizam qaydalarına, həmçinin "xxxx" ASC-ni etik davranış kodeksinə riayət etmək vəzifəsi daşıyırdı. Əlavə olaraq onu da qeyd edir ki, işçi işdən çıxarılarkən tam qanuni surətdə bütün prosedurlar həyata keçirilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iddianı qəbul etməyərək və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 3 ildən biraz çox müddətdir ki, "xxxx" ASC-də çalışır. O, işə başlayarkən hazırki iş üzrə İddiaçı orada uzun müddətdir ki, işləyirdi. Onların işin xüsusiyyətlərindən asılı olaraq müxtəlif mərtəbələrdə işləmişlər. İddiaçı vaxtaşırı olaraq ona və orada çalışan digər qadın əməkdaşlara qarşı qeyri-etik xarakterli hərəkətlərə yol vermişdir. İlk dəfə o, yeni işə bağlayan vaxt istirahət otağında ona qarşı etik olmayan hərəkətə yol vermişdir. O, bununla bağlı ona öz narazılığını və bir daha ona qarşı belə hərəkətlərə yol verməməsini bildirmişdir. Ancaq sonradan eyni hərəkətlər davam etmişdir. Bundan sonra digər əməkdaş olan Səbinə xanıma qarşı belə hərəkətlərə yol vermiş və bu onların və bu hərəkətlərə məruz qalmış digər xanımların səbirkasasını daşırmışdır. Nəticədə onlar bununla bağlı rəhbərliyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona İddiaçı qarşı ifadə və izahat verməklə bağlı "xxxx" ASC tərəfindən heç bir təzyiq göstərilməmişdir, izahat və ifadəsini öz istəyi ilə vermişdir, heç bir kənar təsir olmamışdır. O, İddiaçı qarşı izahat verməsinə onun öz işini necə görməsi ilə bağlı yox, yol verdiyi qeyri-etik hərəkətlər ilə bağlı vermişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayından "xxxx" ASC-də çalışır. O, işə başlayarkən hazırki iş üzrə İddiaçı oradan uzun müddət idi ki, işləyirdi. Onların işin xüsusiyyətindhən asılı olaraq müxtəlif mərtəbələrdə işləmişlər. İddiaçı vaxtaşırı olaraq ona və orada çalışan digər qadın əməkdaşlara qarşı qeyri-etik xarakterli hərəkətlərə yol vermişdir. O, bununla bağlı ona öz narazılığını bildirdikdə isə iddiaçı bunun zarafat olduğunu və bu məqsədlə etdiyini deyirdi. O, isə ona qarşı bu cür zarafatlar etməməsini ona bildirirdi. Ancaq buna baxmayaraq iddiaçı yenə eyni hərəkətləri etməkdə davam etmişdir. Nəticədə o, bu hərəkətlərə məruz qalmış digər xanım əməkdaşlarla birlikdə müdiriyyətə bunu bildirmişdir. Ona İddiaçı qarşı ifadə və izahat verməklə bağlı "xxxx" ASC tərəfindən heç bir təzyiq göstərilməmişdir. O, işlədiyi bankda 4 xanım əməkdaş var idi və dördünə qarşı da eyni hərəkətlər edilmişdir. İddiaçı tərəfindən ona qarşı zarafat formada əxlaqsız təklif edilmişdir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
10. Belə ki, işdə olan əmək kitabçasının kserosurətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ABB-nın «ASAN3» şöbəsinə aparıcı mütəxəssis (xəzinədarəməliyyatçı) vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə «ASAN3» şöbəsinin xəzinə bölməsinin aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə «ASAN3» şöbəsinin xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədar-əməliyyatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə, yaxud 72-ci maddədə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış ƏM-nə xitam verilmişdir.
11. İş materiallarında olan «İşəgötürən» qismində Azərbaycan Beynəlxalq Bankı ilə «İşçi» qismində İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ABB-nin «ASAN3» şöbəsinə aparıcı mütəxəssis-xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 3.3-cü maddəsinin «b» və «e» bəndlərinə əsasən, Əmək Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq əmək intizamına və Bankdaxili intizam qaydalarına riayət etmək, o cümlədən ABB-nin Korporativ Etika Məcəlləsinin və s.tələblərini yerinə yetirməsi, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmaması işçinin vəzifəsidir.
12. İş materiallarında olan "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 5.13-cü bəndinə əsasən Bank gündəlik iş prosesində əməkdaşlar tərəfindən etik və əxlaq normalarına daxili intizam qaydaları çərçivəsində riayət edilməsinə diqqət yetirir. Korporativ mədəniyyətə və etik dəyərlərə riayət - Bank əməkdaşları formalaşmış korporativ mədəniyyətə və etik dəyərlərə, daxili nizam-intizam qaydalarına ciddi riayət etməklə "xxxx"-nin əməkdaşı» adının müsbət imicinin qorunmasına səy göstərməlidirlər (bənd 5.14.2.). Bank əməkdaşlarının tutduqları vəzifədən asılı olmayaraq digər həmkarlarının şərəf və ləyaqətini təhqir etməsi, şəxsiyyətini alçaltması, pis rəftar və diskriminasiya tətbiq etməsi, sıxışdırması və s. bu kimi davranışlar nümayiş etdirməsi yolverilməzdir (bənd 5.15).
13. Həmin Məcəllənin 5.19-cu bəndinə əsasən Bank əməkdaşları aşağıdakılara yol verməməlidirlər: digər əməkdaşlara münasibətdə kobudluq etmək, nəlayiq sözlərdən istifadə etmək və sair digər formalarda həmkarların şərəf və ləyaqətini alçaltmaq və ya buna cəhd etmək (bənd 5.19.5.). Məcəllənin 5.26-cı bəndinə əsasən ünsiyyət korporativ etikanın əhəmiyyətli komponenti olmaqla biznesin aparılmasında müstəsna rola malikdir. Bank istər əməkdaşlar arasında, istərsə də müştərilərlə ünsiyyət prosesində işgüzar etikanın prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Bu konteksdə Bank müxtəlif ünsiyyət formaları üzrə daxili tələbləri müəyyənləşdirir. Bank əməkdaşları bu Məcəllənin, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərinin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə bilavasitə məsuliyyət daşıyırlar (bənd 8.1.) Bu Məcəllədə, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərində nəzərdə tutulmuş tələblərin pozulması (və ya pozulmasına şərait yaradılması) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb ola bilər (bənd 8.2.).
14. İş materiallarında olan 39 saylı şəhər poliklinikası tərəfindən verilmiş SN 00007 seriyalı ******* nömrəli və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinin surətlərindən görünür ki, İddiaçı xəstə olduğuna görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək işdən azad edilmişdir, xx.xx.2022-ci il tarixdən işə başlamışdır.
15. İş materialarında olan "xxxx" ASC-nin Təhlükəsizlik Departamentinin direktoru tərəfindən "xxxx" ASC-nin Etik və intizam Komissiyasının sədrinə ünvanlanmış təqdimatın surətinə əsasən ABB ASAN 3 şöbəsi xəzinə bölməsinin əməliyyatçı-xəzinədarı, aparıcı mütəxəssis İddiaçı həmin şöbənin xanım əməkdaşlarına qarşı qeyri-etik hərəkət və davranışları ilə bağlı daxil olan məlumat əsasında ilkin araşdırma aparılmış və müvafiq görüşlər keçirilmişdir. xx.xx.2022-ci il tarixdə ASAN 3 şöbəsi xəzinə bölməsinin xəzinədarəməliyyatçıları, baş mütəxəssis X9, mütəxəssislər X7 və X5, kiçik mütəxəssis X1 ilə keçirilmiş görüşlər zamanı qeyd olunan hallar təsdiqini tapmış və əməkdaşların izahatları alınmışdır. Qeyd olunan hallara aydınlıq gətirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı Departamentə dəvət olunmuş və onunla müvafiq görüş keçirilmişdir. Görüş zamanı o, yol verdiyi hərəkətləri etiraf etmiş, lakin hər hansı bir pis niyyətinin olmadığını bildirmişdir. Məsələ ilə bağlı İddiaçı izahat alınmışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı barəsində qanunvericiliyin tələblərinə uyğun intizam tədbirlərinin görülməsi məsələsinə baxılmasına münasibət bildirməsini xahiş etmişdir.
16. İş materiallarında olan "xxxx" ASC-nin ASAN 3 şöbəsinin əməkdaşları Mədinə Allahverdiyeva, X9, X5 və X7 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatlardan görünür ki, işlədikləri vaxtdan İddiaçı tərəfindən qeyri-etik davranışlar və hərəkətlər görmüş, ona dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq bunu zarafat adlandıraraq İddiaçı öz hərəkətlərinə davam etmişdir.
17. İş materiallarında olan İddiaçı tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, etdiyi zarafatları, işlətdiyi ifadələri, həmçinin əməkdaşlarlara fiziki olaraq, xüsusən əllə toxunması faktını qəbul etmiş və bunu danmamış, bunun pis niyyətlə olmadığını bildirmiş və üzr istəyərək gələcəkdə təkrarlanmayacağına söz vermişdir.
18. İş materiallarında olan "xxxx" ASC-nin «Etik və İntizam məsələləri üzrə» Komissiyanın iclasının xx.xx.2022-ci il tarixli, 90 nömrəli protokolun surətindən görünür ki, bankda iyul ayı ərzində müvafiq nöqsan və kənarlaşmalar aşkarlanmışdır. Nöqsanlara yol verən əməkdaşlara məlumat verilib və izahat tələb edilmişdir. Nöqsan və çatışmazlıqlarla əlaqədar təkliflər səsə qoyulmuşdur. Yekdilliklə qəbul olunmuş qərarın 4-cü bəndi ilə bankın əməkdaşı İddiaçı işdən azad edilməsi ilə bağlı X16 sədri A.İbrahimova təklif verilməsi qərara alınmışdır.
19. İş materiallarında olan "xxxx" ASC-nin İnsan resurslarının idarə edilməsi departamenti tərəfindən "xxxx" ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə, surəti ASAN 3 şöbəsinin xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədar-əməliyyatçısı İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Bankın Təhlükəsizlik departamentinə Asan 3 şöbəsindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış, nəticədə şöbənin xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədar-əməliyyatçısı İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq, xanım əməkdaşlara qarşı qeyri-etik hərəkət və davranışı aşkar olunmuşdur (həmin işçilərin izahatları əlavə olunur). Bununla da o, müəssisədaxili intizam qaydalarını kobud şəkildə pozaraq işəgötürənin və əmək kollektivinin üzvlərinin qanunla qorunan mənafelərinə ziyan vurmaqla ciddi xələl gətirmişdir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi nəzərdə tutulur. Bu məsələyə münasibət bildirməsi xahiş olunur.
20. İş materiallarında "xxxx" ASC X2 Rəyasət Heyətinin xx.xx.2022-ci il tarixli iclasının 72 nömrəli protokolundan Çıxarışının surətindən görünür ki, ABB-nin ASAN 3 şöbəsinin xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədar-əməliyyatçısı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmışdır.
21. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 2742K saylı əmrin surətinə əsasən "xxxx" ASC ASAN3 şöbəsində «Xəzinə bölməsinin aparıcı mütəxəssis xəzinədar-əməliyyatçısı» vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 70 nömrəli maddəsinin «ç» - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə qədər istifadə edilməmiş 73 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Mühasibatlıq və uçot departamentinə həvalə edilmişdir.
22. İş materiallarında olan əmək kitabçasının verilməsi barədə çıxarışın surətindən görünür ki, İddiaçı əmək kitabçasını xx.xx.2022-ci il tarixdə almışdır.
23. İş materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-5969 nömrəli arayışın surətindən görünür ki, İddiaçı və "xxxx" ASC-nin nümayəndəsi X14 əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022ci il tarixli əmrin ləğv edilməsi ilə bağlı əmək mübahisəsi üzrə xx.xx.2022-ci il tarixdə saat 15.30-16.30 keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin "xxxx" ASC-nin nümayəndəsi mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərcini ödəmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
24. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq bank daxilində qeyri-etik hərəkətlərinə yol vermiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir.
26. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir».
27. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir.
28. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Məhkəmə iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur.
31. Həmin Məcəllənin 11-ci maddəsinin «b» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.
32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinini «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər.
33. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərildiyi kimi, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
35. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü maddəsində işçinin vəzifələri qeyd edilmiş, onlardan biri də işçinin əmək intizamına və Bankdaxili intizam qaydalarına, o cümlədən "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin tələblərinə riayət etməkdən («b» bəndi) və iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaqdan («e» bəndi) ibarətdir.
36. "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin 8.1-ci maddəsində qeyd edilmişdir ki, bank əməkdaşları bu Məcəllənin, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərinin tələblərinin lazımi qaydada yerinə yetirilməsinə bilavasitə məsuliyyət daşıyırlar. Bu Məcəllədə, habelə ümumilikdə Bankın digər müvafiq normativ sənədlərində nəzərdə tutulmuş tələblərin pozulması (və ya pozulmasına şərait yaradılması) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətin yaranmasına səbəb ola bilər (maddə 8.2.).
37. Məhkəmə qeyd edir ki, iş mühiti çərçivəsində etik qaydalara və əxlaq normalara riayət etmək "xxxx" ASC-nin hər bir əməkdaşın vəzifəsidir və əks halda həmin şəxs müvafiq məsuliyyət daşıyır.
38. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq, bankdaxili qeyri-etik hərəkətlərinə yol vermiş və müəssisədaxili intizamı pozmuşdur. Bu hallar məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq olunmuşdur.
39. Məhkəmə qeyd edir ki, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə tam əsas olmuşdur.
40. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «B» və «Ç» bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməlidir.
41. İş materiallarından göründüyü kimi iddiaçının işdən azad edilməsi ilə bağlı həmkarlar təşkilatının qabaqcadan razılığı verilmiş və bununla bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir.
42. Məhkəmə onuda qeyd edir ki, iddiaçı tərəfin etirazlarından biri də işə götürən tərəfindən işdən azad olunma barədə əmr verilərkən Həmkarlar İttifaqının iclasına onun dəvət edilməməsi olmuşdur ki, bununla bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsində ( Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar ) işçinin iştirakının məcburiliyi nəzərdə tutulmamışdır.
43. Bundan əlavə iddiaçı tərəfin digər etirazı isə ondan ibarət olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə xəstə olduğu müddətdə xitam verilmişdir. 2742K saylı əmrdən də görünür ki, işə götürən tərəfindən işdən azad olunma barədə əmr işçinin xəstə olduğu dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yəni xx.xx.2022-ci il tarixdə) verilsədə əmrin qüvvəyə minmə tarixi (xx.xx.2022-ci il tarix) işçinin əmək qabiliyyətinin bərpa olunaraq işdə olduğu dövrdə təsadüf etmişdir ki, bu hissədə iddiaçının etirazı əsassız hesab edilməlidir.
44. Bu səbəbdən məhkəmə hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir.
45. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.
46. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş «Votsap» yazışmaları və disk formatda səs danışıqları bağlı qeyd edir ki, həmin «Votsap» yazışmaları və səs danışıqları gizli yolla əldə edildiyi üçün və şəxsi yaxışma olduğu üçün bu yazışmalar və səs danışıqlar sübut kimi qəbul edilə bilməz.
47. Azərbaycan Respublikası MPM-nin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2).
48. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiq olunmasına dair ərizə ilə bağlı qeyd edir ki, iddia tələbinin özü əsassız olduğundan iddia müddətinin tətbiq edilməsi barədə ərizədə münasibət bildirməsi məqsədəmüvafiq deyil.
49. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.
50. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
51. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri təmin olunmadığından, məhkəmə xərcləri - 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov