Məhkəmə qərarları › İş №e-2(006)-5107/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5107/2024

12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5107/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhsil keyfiyyətinin aşağı olması səbəbindən Cavabdeh MMC-yə ödədiyi 1365 (min üç yüz altmış beş) manat məbləğdən qoşulduğu dərslərin haqqı (422 (dörd yüz iyirmi iki) manat) çıxılmaqla, MMC tərəfindən 943 (doqquz yüz qırx üç) manat məbləğin iddiaçıya tam şəkildə geri ödənilməsi və iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ididaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramını öyrənmək məqsədilə İddiaçı ilə Cavabdeh MMC (Code Academy) arasında xx.xx.2024-cü il tarixdə 11072724 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin ümumi dəyəri 4.224 (dörd min iki yüz iyirmi dörd) manat müəyyən edilmiş və aylıq ödəmə cədvəli tərtib edilmişdir. Dərslərin başlama tarixi xx.xx.2024-cü il, ilk ödəniş tarixi xx.xx.2024-cü il tarixi müəyyən edilmişdir. Azərbaycan Respublikasında kompüter elmlərinin tədrisi sahəsində yüksək keyfiyyətə malik kurslardan ən qabaqcılı olduğunu iddia edən Cavabdeh MMC vasitəsilə İddiaçı qarşıya qoyduğu məqsədə rahatlıqla çatacağına ümid etdiyi üçün tərəddüd etmədən ödənişin müqavilə şərtlərinə uyğun olaraq xx.xx.2024-cü il tarixindən etibarən həyata keçirilməsinə razılıq vermiş və ilk ay 500 (beş yüz) manat, növbəti iki ayda isə müvafiq olaraq 425 (dörd yüz iyirmi beş) və 440 (dörd yüz qırx) manat, ümumilikdə 1365 (min üç yüz altmış beş) manat ödəniş etmişdir. Lakin İddiaçı dərslər başlayarkən dərslərin çox keyfiyyətsiz keçirildiyinin fərqinə varmış, müəllim tələbələrə dərsləri "xxxx"dan öyrənməyi tövsiyə etmişdir. Dərslərin video yazısı (recordu) həyata keçirilməmişdir. İddiaçı bir şeyi anlamır ki, dərsləri "xxxx" vasitəsi ilə öyrəcənəkdisə, nə üçün 4224 manatlıq bir kursa qeydiyyatdan keçməli idi?! Bundan başqa, iddiaçı həftə içi işlədiyi üçün, onun oturub saatlarla digər vasitələrlə “Qrafik dizayn” proqramını öyrənməyə vaxtı olmamış və işlədiyi üçün başqa mənbələrdən axtarış etmək əvəzinə, yuxarıda adıçəkilən kurs vasitəsilə proqramı mənimsəməyi qarşısına məqsəd qoymuşdur. Dərslərin keyfiyyətsiz keçirilməsi ilə yanaşı, dərsi tədris edən müəllimin (Şahin Əliyev) adı Cavabdeh MMC-nin rəsmi internet səhifəsində (https://code.edu.az/tedris-saheleri/dizayn/qrafikdizayn-v%c9%99-vizual-kommunikasiyalar/) “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramını tədris edən müəllimlərin siyahısında iddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ünvanlanan tarixədək mövcud deyildi. Lakin iddiaçının şikayəti əsasında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-yə müraciət ünvanlandıqdan sonra müəllimin adı kursu tədris edən müəllimlərin siyahısına əlavə edilmişdir. Lakin bununla belə, müəllimin əmək fəaliyyəti haqqında məlumatı oxuyarkən anlaşılır ki, o, heç vaxt tədris sahəsində çalışmamış, müəllim kimi fəaliyyət göstərməmişdir. Bu da onun dərsi tələbəyə düzgün çatdırmasına mane olan başlıca amillərdən biridir. Sahə üzrə Azərbaycanın ən yaxşısı olduğunu iddia edən Cavabdeh MMC-nin tədris keyfiyyəti olduqca aşağıdır. İddiaçı dəfələrlə irad bildirməsinə baxmayaraq, heç bir nəticə əldə etmədiyindən, qoşulduğu dərslər üçün nəzərdə tutulan məbləğ çıxılmaqla, ödədiyi məbləğin geri qaytarılmasını tələb edərək kursdan ayrılacağını bildirmişdir. İddiaçı sınaq dərsinə qoşulmaq təklif edilməmişdi və dərsin keyfiyyətinin bu cür olduğunu görsəydi, o Cavabdeh MMC ilə qəti şəkildə müqavilə bağlamazdı. İddiaçıya həftə içi başqa müəllimin tədris etdiyi dərslərə qoşulması təklif edilmiş, lakin həftə içi çalışdığı üçün o, bunun mümkün olmayacağını bildirmişdir. O, dərslərin keyfiyyətsiz olduğunu dəfələrlə şifahi və yazılı (təşkil etdikləri sorğu vasitəsilə, e-maillərinə ünvanladığı məktublarla) formada vurğulasa da, hər dəfə ancaq recordun yazılmaması iradına münasibət bildirilir və “biz sizə dərslər record ediləcək deməmişik” kimi cavablar verilir, onun işlətmədiyi cümlələr (guya mən demişəm ki, şənbə və bazar günləri gəlmək artıq məndə alınmır) ona istinad edilirdi. İddiaçı demədiyi sözlərin ona istinad edilməsi ilə bağlı da Cavabdeh MMC-yə iradını bildirmişdir. Cavabdeh MMC-nin əməkdaşları tərəfindən real problemlərə toxunulmaq əvəzinə, iddiaçının ödədiyi məbləğin geri qaytarılmaması üçün bəhanələr axtarılırdı. Son dəfə xx.xx.2024-cü il tarixində e-mail vasitəsilə ödədiyi məbləğin geri qaytarılmayacağı iddiaçıya bildirilmişdir. Əsas kimi Müqavilənin 3.4-cü (Təhsil alan tədris müddətinin başlamasına 5 iş günündən az qaldıqda və ya tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədrisdə iştirak etməzsə, təhsil haqqının ödənilmiş hissəsi geri qaytarılmır) bəndinə istinad edirdilər. Ona “dərs keyfiyyətsiz olsa idi, digər tələbələr də ayrılmaq istəyərdi” deyə bildirdilər. Digər tələbələrin bu cür keyfiyyətsiz təhsilə nə üçün davam etdikləri aydındır. Müqaviləyə ödənişin geri qaytarılmayacağı ilə bağlı bənd salınmasa idi, iddiaçı əmindir ki, kursdakı tələbələrin çoxu tədrisi yarımçıq buraxardılar. Cavabdeh MMC-nin əməkdaşları müqaviləyə qeyd edilən bəndi yazsalar da, həmin bəndin qanunazidd olduğundan məlumatsızdırlar. Çünki iddiaçının kursdan ayrılma səbəbi cavabdeh MMC-nin göstərdiyi xidmətin keyfiyyətinin aşağı olması ilə əlaqədardır. İnsanları bu cür aldadaraq qazanc əldə edəcəklərini və cəmiyyətdə “kursu bütün tələbələrimiz sona qədər davam etdirir” kimi rəy formalaşdıracaqlarını zənn edirlər. Cavabdeh MMC tərəfindən ödənişin qaytarılmasından imtina edildiyi üçün iddiaçı xx.xx.2024-cü il tarixində "xxxx" MMC-nin 54 saylı Poçt şöbəsi vasitəsilə Cavabdeh MMC tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlamış, bunun nəticəsi ilə bağlı dəfələrlə Xidmətə müraciət etsə də, cavab məktubu yalnız xx.xx.2024-cü il tarixində göndərilmişdir. İddiaçıya ünvanlanmış məktubunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh MMC ilə bağlı heç bir tədbir görməmiş, vəzifəsini icra etməkdən boyun qaçırmış, pozulmuş hüquqlarımın bərpası istiqamətində heç bir addım atmayaraq onu yalnız MMC tərəfindən Xidmətə ünvanlanmış məktubun məzmunu ilə tanış etməklə kifayətlənmişdir. Halbuki, məktubunda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti özü etiraf etmişdir ki, Cavabdeh MMC tərəfindən xidmət müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklər edilmiş və nüsxəsi Xidmətə təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən xidmət müqaviləsinə dəyişiklik edilməsi MMC tərəfindən tələbələrə təqdim edilən daha əvvəlki müqavilə formasının qanunvericiliyə zidd olaraq tərtib edildiyinə əsas verir. Bu da öz növbəsində iddiaçının hüquqlarının pozulduğunu təsdiq edir.

3. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, təhsil keyfiyyətinin aşağı olması səbəbindən Cavabdeh MMC-yə ödənilmiş 1365 (min üç yüz altmış beş) manat məbləğindən iştirak edilmiş dərslərin haqqı (422 (dörd yüz iyirmi iki) manat) çıxılmaqla, 943 (doqquz yüz qırx üç) manat məbləğin, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 370 (üç yüz yetmiş) manat hüquqi yardım göstərilməsi xərcinin Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh MMC etiraz ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC 17 noyabr 2020-ci il tarixli İN/L- 437/2020 saylı əlavə təhsil müəssisələri fəaliyyətini həyata keçirməyə icazə verən xüsusi lisenziyaya malikdir. “Akademiya” İnformasiya Kommunikasiyaları Texnologiyaları tədrisi sahəsində kifayət qədər peşəkarlaşmış müəssisədir. Yarandığı gündən indiyədək 10.000 nəfərdən çox tələbəni həmin sahədə yetişdirərək əmək bazarına buraxan Akademiyanın məzunları həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif nüfuzlu şirkətlərdə yüksək vəzifələrdə çalışırlar. İddiaçı Cavabdeh MMC-yə yaxınlaşaraq “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” tədrisi üzrə müraciət etmiş və onunla 11072724 nömrəli xx.xx.2024-cü il tarixli müqavilə bağlanılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “müəllim tələbələrə dərsləri "xxxx"dan öyrənməyi tövsiyə edir. Dərslərin video yazısı (record) həyata keçirilmir. "xxxx" vasitəsi ilə öyrəcənəkdimsə, nə üçün 4224 manatlıq bir kursa qeydiyyatdan keçməli idim?!”. Buna cavab olaraq bildirilmişdir ki, dərslərin əlavə platformalardan araşdırılaraq öyrənilməsinin tövsiyə edilməsi təkcə “Akademiya”da deyil, dünyanın istənilən universitet, akademiya və ya tədris verən digər müəssisələrində dərs zamanı verilənlərdən əlavə araşdırmaların edilməsi (research), həm nəzəri, həm də praktiki biliklərinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tədris materialları, onlayn tədris platformaları tövsiyə edilir. Bu isə tələbənin həmin tədris sahəsi üzrə daha çox mənbədən öyrənməsinə xidmət edir. Tədrisin sonunda tələbələr tərəfindən final layihəsi hazırlanaraq jüri qarşısında təqdim olunur və həmin təqdimat həm müəllim tərəfindən tədris zamanı öyrədilən biliklərə, həm də tələbənin tədris boyunca müxtəlif mənbələrdən etdiyi araşdırmalara əsaslanır. Bu barədə dəfələrlə tələbəyə dolğun məlumat verilsə də, tələbə İddiaçı vaxtının olmadığını əsas gətirərək bundan imtina etmişdir. Dərslərin videoqeydiyyatının aparılmaması iddiasına gəlincə isə müəssisə tərəfindən tələbəyə videoqeydiyyatın aparılacağı ilə bağlı hər hansı məlumat verilməmiş və müqavilədə də bununla bağlı heç bir öhdəlik nəzərdə tutulmamışdır. İddiaçı növbəti iddiasında bildirir: “Müəllimin əmək fəaliyyəti haqqında məlumatı oxuyarkən anlaşılır ki, o, heç vaxt tədris sahəsində çalışmamış, müəllim kimi fəaliyyət göstərməmişdir. Bu da onun dərsi tələbəyə düzgün çatdırmasına mane olan başlıca amillərdən biridir. Sahə üzrə Azərbaycanın ən yaxşısı olduğunu iddia edən Cavabdeh MMC-nin tədris keyfiyyəti olduqca aşağıdır”. İddiaçının müəllimi olmuş Şahin Əliyev peşəkar dizaynerdir. Belə ki, o, 2016-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “dizayn” ixtisasını bitirmişdir. Qrafik dizayner olaraq birçox dizayn studiyalarında çalışmış, “Volkswagen”, “Mcdonalds” “North West” “Bravo”, “Socar”, “Azercell”, “X1”, “Norm” kimi yerli və xarici brendlərin reklamlarının hazırlanmasında iştirak etmişdir. Bundan əlavə o, müəllifi olduğu “Red Jolbors” və “Felis” kimi reklam kampaniyaları üzrə mükafat qazanmışdır. Metodikaya gəlincə isə hər bir müəllim Akademiya tərəfindən işə qəbul edildikdən sonra onlara Akademik departamentin Proqram rəhbərləri tərəfindən təlimlər keçirilir. Təlimlər zamanı, həmçinin, hər tədris üzrə vahid tədris proqramı, sillabuslar təqdim olunur. Hər bir müəllim auditoriyada tədrisini vahid proqram və sillabus üzrə qurur və buna proqram rəhbəri tərəfindən ciddi nəzarət olunur. Akademiyanın keyfiyyət göstəricilərinə gəlincə isə keyfiyyət dedikdə müəllimin sahəyə bağlı texniki biliklərinin yüksək olması, professional hazırlanmış tədris kurrikulumu, yüksən keyfiyyətli texniki avadanlıqla təminat başa düşülür. Müəllimin keyfiyyət göstəricilərinə gəlincə isə bura müəllimin texniki bilik və bacarıqlarını tələbələrə ötürmə qabiliyyəti, dərs saatlarından effektiv istifadə, tələbələrə verilmiş tapşırıqların yoxlanılması və müvafiq rəylərin verilməsi, şəffaf və ədalətli qiymətləndirmənin təmini kimi nüanslar başa düşülür. “Code Academy”nin hazırda İT tədrisi sektorunda fərqlənməsinin səbəbi də tədris keyfiyyəti və xidmətə verdiyi dəyərdir. Bu sahədə illərə dayanıqlı müxtəlif özəl müəssisələr və dövlət qurumları ilə əməkdaşlıq da bunu təsdiq edir. Belə ki, "xxxx" ASC-nin İT heyətinin formalaşdırılması, Elm və Təhsil Nazirliyi ilə yüksək texniki peşə ixtisas artımı üzrə fəaliyyətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə beynəlxalq standartlara uyğun yüksək texniki bacarıqlara malik işçi potensialının hazırlığı, Müdafiə Nazirliyi əməkdaşlarının beynəlxalq standartlara cavab verən biliklərə sahib olması üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir. Növbəti iddiada belə qeyd olunur: “Mənə “dərs keyfiyyətsiz olsa idi, digər tələbələr də ayrılmaq istəyərdi” deyə bildirdilər. Digər tələbələrin bu cür keyfiyyətsiz təhsilə nə üçün davam etdikləri aydındır. Müqaviləyə ödənişin qaytarılmayacağı ilə bağlı bənd salınmasa idi, əminəm ki, kursdakı tələbələrin çoxu tədrisi yarımçıq buraxardılar.” Ümumiyyətlə, İddiaçı tədrisin ilk dərslərindən narazılıqlarını ifadə etmişdir və bununla bağlı olaraq onunla bir neçə dəfə görüş keçirilmişdir. Görüş zamanı onun narazılıqları dinlənilmiş və araşdırılmışdır. İddiaçı narazılıqlarını qeyd edərkən bütün qrup adından danışmış və qrupda hər kəsin narazı olduğunu bildirmişdir. Araşdırma zamanı Tələbə münasibətləri departamenti tərəfindən qrupda bir neçə kateqoriya üzrə anket sorğusu keçirilmiş, bundan əlavə şifahi olaraq da tələbələrdən tədrisin gedişatı barədə rəylər alınmışdır. Məlumat üçün qeyd edilmişdir ki, “Code Academy” tədris müddəti boyunca mütəmadi olaraq anket sorğuları təşkil edir və anket sorğularının nəticələrinə uyğun olaraq addımlar atır. Lakin İddiaçı başqa digər bütün tələbələr həm yazılı, həm də şifahi olaraq tədrisin gedişatından razılıqlarını ifadə etmiş, nəticələr barədə iddiaçı ilə növbəti görüş keçirilmiş, iddialarının əsassız olduğu bildirilmiş, buna baxmayaraq, məmnuniyyət üçün ona başqa tədris qrupuna keçmək təklif olunmuş, lakin o, bu təklifi də qəbul etməmişdir. Müqavilənin 3.4-cü və 3.5-ci maddəsində nəzərdə tutulmuş standart şərtlərə gəlincə isə, hər bir tələbə ilə müqavilə görüşü zamanı müqavilənin oxunması üçün şərait yaradılır və xüsusilə həmin maddələrin üstü rənglənərək tələbənin nəzərinə çatdırılır. Bunu tələbə İddiaçı da müqaviləsindən görmək mümkündür. Tələbə müqavilə şərtləri ilə razılaşdığı təqdirdə imzalayır və tədrisə qoşulur. İddiaçı növbəti addım olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdikdən sonra Xidmət tərəfindən bununla əlaqədar “Code Academy”yə məktub ünvanlanmış, həmçinin Müqavilənin 3.4-cü və 3.5-ci maddələrinə müvafiq düzəlişlər tələb edilmişdir. Məktub “Code Academy” tərəfindən ətraflı şəkildə cavablandırılmışdır və müqaviləyə dəyişiklik üzrə tələb yerinə yetirilmişdir. İddiaçı öz ərizəsində bildirmişdir ki, “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh MMC ilə bağlı heç bir tədbir görməmiş, vəzifəsini icra etməkdən boyun qaçırmış, pozulmuş hüquqlarının bərpası istiqamətində heç bir addım atmayaraq İddiaçı yalnız ünvanlanmış məktubun məzmunu ilə tanış etmişdir”. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “Code Academy” artıq 9 (doqquz) ildir fəaliyyət göstərir və bu dönəm ərzində ilk dəfədir ki, tədrisin “keyfiyyətsiz” olması iddia edilərək aidiyyəti üzrə dövlət qurumuna və məhkəməyə müraciət olunur. İndiyədək heç bir tələbə ilə heç vaxt belə bir mübahisələri olmamışdır. Məhz bu baxımdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Cavabdeh MMC-yə haqlı olaraq xəbərdarlıq etmiş, cərimə sanksiyası tətbiq etməmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etməyib, təmin olunmamasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

10. Cavabdeh MMC (“Code Academy”) ilə İddiaçı (“Təhsil alan”) arasında bağlanmış təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, 11072724 nömrəli müqavilədən görünür ki, “Code Academy” təhsil alana təhsilin təşkilini, təhsil alan isə təhsil haqqını “Code Academy”yə ödəməyi öhdəsinə götürür. Tədris proqramı, təhsil haqqı, ödənişin həyata keçirilmə qaydası, müddəti müqavilə və onun ayrılmaz tərkib hissəsi olan razılaşma protokolu ilə müəyyən edilir (1.1- 1.2). Tədris proqramı çərçivəsində dərsdənkənar işlənilməsi üçün verilmiş bütün tapşırıqları tamamlayaraq “Code Academy”yə təhvil vermək təhsil alanın vəzifələrindən biridir (2.4.2). Təhsil alan tədris müddətinin başlamasına 5 iş günündən az qaldıqda və ya tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədrisdə iştirak etməzsə, təhsil haqqının ödənilmiş hissəsi geri qaytarılmır. Təhsil alan tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədris proqramında iştirak etməzsə, həmin tarixədək qeydiyyatda olduğu qrupa tədris olunan dərs saatının dəyərini ödəməlidir (3.4-3.5).

11. “Code Academy” və “Təhsil alan” arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 11072724 nömrəli müqavilə üzrə razılaşma protokolundan görünür ki, İddiaçı ilə bağlanmış müqavilə üzrə “Qrafik dizayn və vizual kommunikasiyalar” dərslərinin başlama tarixi xx.xx.2024-cü il müəyyən edilmiş, tədris proqramının qiyməti 5.280 manat olsa da, 20 % ailə endirimi tətbiq edilərək 4.224 manat təşkil etmiş, ilkin ödəniş tarixinin xx.xx.2024-cü, son ödəniş tarixinin xx.xx.2024-cü il olması razılaşdırılmaqla, 10 ay ərzində 9 ay hər ay 422 manat, sonuncu ay isə 426 manat ödəniş edilməsi müəyyənləşdirilmişdir.

12. xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə İddiaçı tərəfindən “Code Academy” adlı hesaba 500 manat, 425 manat və 440 manat olmaqla, cəmi 1.365 manat məbləğində pul köçürülmüşdür.

13. Cavabdeh MMC-də keçirilmiş sorğuya əsasən Şahin Əliyev tərəfindən tədris edilən proqramla bağlı tələbələrin fikirlərini əks etdirən cədvəldən görünür ki, “mailto:aytajvm@code.edu.azElektron ünvan ” hesabı ilə xx.xx.2024-cü il tarixli sorğuda iştirak edən tələbə müəllimlə bağlı bütün bəndlər üzrə əsasən aşağı qiymətlər (1, 2, 3, 1) verərək, «“Code Academy”ni başqalarına tövsiyə edərsinizmi?» sualına “xeyr” cavabı vermiş, səbəbi kimi dərsin keyfiyyətinin aşağı olmasını, dərsin “record” edilməməsi və tələbələrlə bölüşülməməsinin tələbələrin dərsi qavramasında çətinlik yaratmasını, müəllim tərəfindən “özünüz "xxxx"dan araşdırma aparmalısınız” deyilməsini, 6 ay müddətində bitə biləcək proqramın 10 ay müddətinə uzadılmasının məqsədinin əlavə gəlir gətirməkdən ibarət olmasını, müqavilənin ödənişlə bağlı bəndlərinin qanuna zidd olmasını qeyd etmiş, ödənişin geri qaytarılmaması barədə bənd müqavilədə olmasaydı, bir çox tələbənin proqramı yarımçıq qoyacağını əlavə etmişdir. Həmin tarixdə sorğuda iştirak edən digər tələbələr isə yüksək qiymətlər vermiş, dərsdən və müəllimdən narazılıq edən başqa bir tələbə olmamışdır. xx.xx.2024-cü il tarixli sorğunun da nəticəsi müsbət olmuşdur.

14. “code.edu.az/tedris-saheleri/dizayn/qrafik-dizayn-və-vizual-kommunikasiyalar/?teacher?= 2055” internet səhifəsinin “Tədrisi dizayn edənlər #MeetCodeEducator” bölməsinin xx.xx.2024-cü il tarixə olan ekran görüntüsündə 9 nəfərin adı və şəkli olsa da, Şahin Əliyevin adı və şəkli yoxdur.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Cavabdeh MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixli müraciətində “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” dizayn proqramı öyrənmək məqsədilə Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixli, 11072724 nömrəli müqavilə bağladığını, ümumilikdə 1365 (bir min üç yüz altmış beş) manat ödəniş etdiyini, lakin keçirilən dərslərin keyfiyyətsiz olduğunu (müəllim tərəfindən dərslərin "xxxx"dan öyrənilməsinin tövsiyyə edilməsi, dərslərin video yazısının aparılmaması və s.), məsələ ilə bağlı dəfələrlə MMC-yə müraciət etsə də, hər dəfə yalnız dərslərin video yazısının aparılmamasına münasibət bildirilərək, tələbinin təmin edilmədiyini qeyd etmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixində müqavilənin 3.4-cü bəndi əsas gətirilərək vəsaitin qaytarılmayacağı barədə ona məlumat verildiyini bildirərək, istehlakçı hüquqlarının qorunmasında köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh MMC tərəfindən vətəndaşla bağlanılmış xidmət müqaviləsinə baxış keçirilən zaman müqavilənin 3.4-cü (“Təhsil alan” tədris müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədrisdə iştirak etməzsə, təhsil haqqının ödənilmiş hissəsi geri qaytarılmır) və 3.5-ci ( “Təhsil alan” təhsil müddəti başladıqdan sonra təhsil almaqdan imtina edərsə və ya hər hansı səbəbdən tədrisdə iştirak etməzsə, həmin tarixədək qeydiyyatda olduğu qrupa tədris olunan dərs saatının dəyərini ödəməlidir) bəndlərində istehlakçıların hüquqlarının pozulması faktı aşkar edilmişdir. Qanunvericilik normalarını nəzərə alaraq, Cavabdeh MMC-nin fəaliyyətinin müvafiq qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş müqavilənin nüsxəsinin, həmçinin, qaldırılan məsələyə zərurət yarandığı təqdirdə vətəndaşın iştirakı ilə baxıb, qanunamüvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatın 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim olunması xahiş edilmişdir. Əlavə olaraq, istehlakçı hüquqlarının pozulmasına görə təqsirli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşımaları bildirilmişdir.

16. Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC 17 noyabr 2020-ci il tarixli İN/L-437/2020 saylı əlavə təhsil müəssisələri fəaliyyətini həyata keçirməyə icazə verən Xüsusi Lisenziyaya malikdir. “Akademiya” İnformasiya Kommunikasiyaları Texnologiyaları tədrisi sahəsində kifayət qədər peşəkarlaşmış müəssisədir və məzunları həm ölkə daxilində, həm də ölkə xaricində nüfuzlu şirkətlərdə yüksək vəzifədə çalışırlar. Bu sahədə müxtəlif özəl və dövlət müəssisələri ilə əməkdaşlıq da bunu təsdiq edir. Belə ki, "xxxx" ASC-nin İT heyətinin formalaşdırılması, Elm və Təhsil Nazirliyi ilə yüksək texniki peşə ixtisas artımı üzrə fəaliyyətlər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə beynəlxalq standartlara uyğun yüksək texniki bacarıqlara malik işçi potensialının hazırlığı, Müdafiə Nazirliyi əməkdaşlarının beynəlxalq standartlara cavab verən biliklərə sahib olması üçün müxtəlif iri miqyaslı layihələr həyata keçirilir. İddiaçı Cavabdeh MMC-yə yaxınlaşaraq “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” tədrisi üzrə müraciət etmiş və onunla xx.xx.2024-cü il tarixli, 11072724 nömrəli “Təhsil xidmətlərinin göstərilməsi”nə dair müqavilə bağlanmışdır. Tələbə İddiaçı müəllim tərəfindən dərslərin "xxxx"dan öyrənməsinin tövsiyə edilməsi, dərslərin videoyazısının aparılmaması və bunu tədrisin keyfiyyəti ilə əlaqələndirmişdir. Dərslərin əlavə platformalardan araşdırılaraq öyrənilməsinin tövsiyə edilməsi məsələsinə gəlincə təkcə “Akademiya”da deyil, dünyanın istənilən universitet, akademiya və ya tədris verən digər müəssisələrində dərs zamanı verilənlərdən əlavə araşdırmaların edilməsi (research), həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirilməsi məqsədilə müxtəlif tədris materialları, onlayn tədris platformaları tövsiyə edilir. Bu isə tələbənin həmin tədris sahəsi üzrə daha çox mənbədən öyrənməsinə xidmət edir. Tədrisin sonunda tələbələr tərəfindən final layihəsi hazırlanaraq jüri qarşısında təqdim olunur və həmin təqdimat həm müəllim tərəfindən tədris zamanı öyrədilən biliklərə, həm də tələbənin tədris boyunca müxtəlif mənbələrdən etdiyi araşdırmalara əsaslanır. Bu barədə dəfələrlə tələbəyə dolğun məlumat verilsə də, tələbə İddiaçı vaxtının olmadığını əsas gətirərək bundan imtina etmişdir. Dərslərin videoqeydiyyatının aparılmaması iddiasına gəlincə isə müəssisə tərəfindən tələbəyə videoqeydiyyatın aparılacağı ilə bağlı hər hansı məlumat verilməmiş və müqavilədə də bununla bağlı heç bir öhdəlik nəzərdə tutulmamışdır. Keyfiyyət göstəricilərinə gəlincə isə keyfiyyət dedikdə müəllimin sahəyə bağlı biliyinin olması, dərs saatlarından düzgün istifadə etməsi, tədris proqramının zənginliyi, müəllimin tapşırıqları yoxlaması, sualları cavablandırması, tələbəyə dəstək göstərməsi və s. başa düşülür. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müqaviləyə baxış keçirilən zaman müxtəlif pozuntular qeydə alınmışdır. Qeyd edilmişdir ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan dispozitiv hallarla bağlı Akademiya tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Belə ki, müqavilənin icrasına vaxtında başlanılmış, heç bir ləngimə olmamış, müqavilə şərtlərindən kənara çıxılmamış və heç bir qüsura yol verilməmişdir. Tədrisin keyfiyyətinin ölçülməsi məqsədilə mütəmadi olaraq tələbələr arasında məmuniyyət sorğuları keçirilir və analiz edilir. İddiaçı da iştirak etdiyi məmuniyyət sorğusunda digər 10 tələbə tədrisdən və müəllimdən məmnun olduğunu bildirsə də, o, eyni mövzular üzrə narazılığını bildirmiş və həmin məsələlərlə bağlı müəssisə tərəfindən onunla görüş keçirilərək lazımi izahatlar verilmişdir. Tələbənin məmnunluğu müəssisənin ali məqsədlərindən biridir və buna görə də tələbəyə tədrisi ilə bağlı mümkün hər cür dəstək təklif edilsə də, tələbə qəbul etməmişdir. Bütün bunlar nəzərə alınmaqla, tələbə İddiaçı bu qaydada davranışı obyektiv xarakter daşımır və heç bir əsası yoxdur. xx.xx.2024-cü il tarixli, 11072724 nömrəli “Təhsil xidmətlərinin göstərilməsi”nə dair müqavilənin 3.4-cü və 3.5-ci maddəsində nəzərdə tutulmuş standart şərtlərə gəlincə isə, hər bir tələbə ilə müqavilə görüş zamanı müqavilənin oxunması üçün şərait yaradılır və xüsusilə həmin maddələrin üstü rənglənərək tələbənin nəzərinə çatdırılır. Bunu tələbə İddiaçı da müqaviləsindən görmək mümkündür. Tələbə müqavilə şərtləri ilə razılaşdığı təqdirdə imzalayır və tədrisə qoşulur. Bununla belə göstərilən maddələrə müvafiq düzəlişlər olunaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilir.

17. Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilə nümunəsindən görünür ki, müqavilənin 3.4 və 3.5-ci bəndlərinin əvvəlinə “tədrisin keyfiyyəti ilə bağlı heç bir qüsur yoxdursa” ifadəsi əlavə edilmişdir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC ilə bağlı müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı həmin MMC tərəfindən Dövlət Xidmətinə ünvanlanmış məktubda xx.xx.2024-cü il tarixində onunla “Qrafik Dizayn və Vizual Kommunikasiyalar” tədrisi üzrə müqavilə bağlanıldığını, tədris prosesi ərzində müəllim tərəfindən dərslərin əlavə mənbələrdən araşdırılaraq öyrənilməsinin tövsiyə edilməsi və dərs zamanı verilənlərdən əlavə araşdırmaların edilməsi, həm nəzəri, həm də praktiki biliklərin təkmilləşdirilməsi məqsədi daşıdığı, bu isə tələbənin həmin tədris sahəs üzrə daha çox mənbədən biliklərə yiyələnməsinə xidmət etdiyi bildirilmişdir. Həmçinin, tədrisin sonunda tələbələr tərəfindən final layihəsi hazırlanaraq münsiflər qarşısında təqdim olunduğu, həmin təqdimaınt həm müəllim tərəfindən tədris zamanı öyrədilən biliklərə, həm də tələbənin tədris boyunca müxtəlif mənbələrdən etdiyi araşdırmalara əsaslandığı qeyd edilmişdir. Həmçinin, dərslərin videoqeydiyyatının aparılması barədə müqavilədə hər hansı bir öhdəliyin nəzərdə tutulmadığı qeyd edilmiş və bütün bu qeyd edilənlər barədə ona ətraflı məlumat verildiyi bildirilmişdir. Eyni zamanda, məktubda müəllimin sahə ilə bağlı kifayət qədər biliyinin olduğu, dərs saatlarının səmərəli istifadə edildiyi, tədris proqramının zəngin olduğu, müəllim tərəfindən tapşırıqların yoxlanıldığı və sualların cavablandırıldığı, tələbəyə lazımi dəstəyin göstərildiyi vurğulanmışdır. Həmçinin, Cavabdeh MMC tərəfindən xidmət müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişikliklər edilmiş və nüsxəsi Dövlət Xidmətinə təqdim olunmuşdur. Müraciəti ilə əlaqədar Dövlət Xidmətinin əməkdaşı tərəfindən İddiaçı ilə saxlanılan telefon əlaqəsi zamanı (q/n: 2539, xx.xx.2024-cü il) o, MMC-nin mövqeyi ilə razılaşmadığını bildirmiş və razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilməsi ona izah edilmişdir. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həm qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olması qeyd edilmişdir.

19. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən vətəndaş İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, onun daha əvvəl – xx.xx.2024-cü il tarixdə etdiyi müraciətinə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir.

20. “code.edu.az/tedris-saheleri/dizayn/qrafik-dizayn-və-vizual-kommunikasiyalar/?teacher= 25669” internet səhifəsinin xx.xx.2024-cü il tarixə olan ekran görüntüsündə Şahin Əliyevin adı və şəkli, həmçinin, onun təhsili və fəaliyyəti barəsində məlumatlar vardır.

21. Elektron iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

22. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 ilə müraciət edən şəxs İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 370 manat müəyyən olunur.

23. xx.xx.2024-cü il tarixli qəbzdən kartdan karta 370 manat məbləğində pul köçürülməsi müəyyən edilir.

24. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun xx.xx.2024-cü il tarixli, 1037 nömrəli arayışından görünür ki, həmin Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Nümayəndə2, həqiqətən, İddiaçı Nəsimi Rayon Məhkəməsində hüquqlarının müdafiəsi ilə bağlı xx.xx.2024-cü il tarixli, EM-1882VK-12289/24 saylı müqavilə bağlamış və həmin müqavilə üzrə (marka və xidmət haqqı ilə birlikdə) 370 manat məbləğində xidmət haqqı ödənilmişdir.

25. İş materiallarında, həmçinin, “Code Academy – Student Office” tərəfindən iddiaçıya ünvanlanmış elektron məktub və 2022-2024-cü illər üzrə cavabdeh MMC-də müvafiq tədris proqramları üzrə müqavilə bağlanmış, xitam verilmiş və məzun olmuş tələbələrin sayını müəyyən etməyə imkan verən cədvəl də vardır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC ilə müqavilə bağlayaraq, xx.xx.2024-cü il tarixdə başlaması razılaşdırılmış “Qrafik dizayn və vizual kommunikasiyalar” adlı tədris proqramı üzrə təhsil almaq üçün 4.224 manat (20 % endirimli qiymət) məbləğində təhsil haqqını hissə-hissə, 10 ay müddətində ödəməyi öhdəsinə götürmüş, müqavilə üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixləri aralığında 3 dəfə olmaqla, cəmi 1.365 manat məbləğində ödəniş etmişdir.

27. Cavabdeh MMC iddiaçının aprel ayında keçirilmiş 5 dərsdə iştirak etdiyini bildirsə də, iddiaçı tərəf bu dəlili qəbul etməyərək bildirir ki, iddiaçı 4 dərsdə iştirak etmiş, 5-ci dərsi isə yarımçıq qoyaraq çıxmışdır.

28. Belə ki, iddiaçı cavabdeh MMC-də dərsi tədris edən müəllimin aşağı keyfiyyətli dərs keçdiyini, dərslərin elektron vasitələrlə qeydiyyata alınmadığını və bu səbəbdən dərslərin qavranılmasında çətinlik yarandığını, müəllimin ona "xxxx" adlı platformada analoji videoları izləyərək özlərinin araşdırmalı olduqlarını bildirdiyini, 4 aylıq tədris proqramının 10 aya uzadılmasının məqsədinin əlavə gəlir əldə etmək olduğunu, ödənişin geri qaytarılmaması barədə müqavilə bəndinin isə qanunsuz olduğunu mübahisələndirərək, cavabdeh MMC-də keçiriləcəyi nəzərdə tutulan sonrakı dərslərdə iştirak etməkdən imtina etmiş və pulunun geri qaytarılmasını xahiş etmişdir.

29. Lakin cavabdeh aralarında bağlanmış müqavilənin müvafiq bəndlərinə istinad edərək, iddiaçı tərəfindən ödənilmiş pulu geri qaytarmamış, həmçinin, araşdırma apararaq iddiaçıdan başqa heç tələbənin belə problemi olmadığını müəyyən etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndində tədris müddəti başladıqdan sonra təhsil alanın təhsil almaqdan imtina etdiyi və ya hər hansı səbəbdən tədrisdə iştirak etmədiyi təqdirdə, təhsil haqqının ödənilmiş hissəsinin geri qaytarılmaması razılaşdırılmışdır. İddia ərizəsindən və cavabdeh tərəfin izahatından müəyyən edilir ki, iddiaçıya alternativ yollar təklif edilmiş, lakin o, cavabdeh MMC-nin heç bir təklifi ilə razılaşmamışdır.

30. İddiaçı məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, cavabdeh MMC barəsində tədbir görülməsini tələb etmiş, həmin orqan müqavilənin ödənişin qaytarılmaması barədə bəndlərini istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirərək, qanunvericiliyin tələblərinə müvafiq düzəlişlər edilməli olduğunu cavabdeh MMC-yə bildirmiş, cavabdeh MMC cavab məktubunda tələbələrin müqaviləni oxuduqdan sonra imzaladığını və qeyd edilən bəndlərin onların heç bir hüququnu pozmadığını bildirmiş, lakin yenə də tövsiyəyə istinadən öz şablon müqavilə nümunələrində həmin bəndlərə dəyişiklik edərək, “tədrisin keyfiyyəti ilə bağlı qüsur yoxdursa” ifadəsini əlavə etmişdir. Xidmət tərəfindən iddiaçının müraciətinə cavab məktubunda yuxarıda qeyd edilən hallar göstərilərək, razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.

31. Məhz bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı cavabdeh MMC-yə ödənilmiş 1365 manat məbləğində puldan iştirak etdiyi dərslərin haqqı olan 422 manat pulun çıxılmaqla, qalan 943 manat pulun təhsil keyfiyyətinin aşağı olması səbəbindən geri qaytarılmasını və məhkəmə xərclərinin cavabdehdən tutularaq ona ödənilməsini; cavabdeh isə təhsilin keyfiyyəti ilə bağlı heç bir problem olmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.

c) Məhkəmənin mövqeyi:

32. Məhkəmə hesab edir ki, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı ona müvafiq sahə üzrə təhsil verilməsini cavabdehə həvalə etmiş və qarşılığında müəyyən məbləğdə haqq ödəməyi öhdəsinə götürmüşdür.

33. Müqavilə münasibətləri davam etdiyi dövrdə (bir neçə dərsdə iştirak etdikdən sonra) iddiaçının təhsilin keyfiyyətini mübahisələndirərək, dərslərdə iştirak etməkdən imtina etməsi və pulunun geri qaytarılmasını tələb etməsi, cavabdehin isə müvafiq araşdırma apararaq təhsilin keyfiyyətində, müəllimin dərsi tədris etməsində heç bir problem, habelə digər tələbələrin belə şikayətlərinin olmamasını müəyyən etməsi, habelə aralarında bağlanmış müqaviləyə istinadən ödənilmiş pulu geri qaytarmaması mübahisəsizdir.

34. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz iddiasının və etirazının əsaslandığı halları sübut etmək vəzifəsi daşıyır. Bu baxımdan, iddia üzrə iddiaçının tələbləri də, cavabdehin etirazları da sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddianın və ya etirazın əsasında duran faktlar onu irəli sürən iddiaçı və ya cavabdeh tərəfindən sübut olunmadıqda məhkəmə həmin halı mövcud olmayan kimi rədd edir.

35. Bu baxımdan hazırkı işdə təhsilin keyfiyyətini mübahisələndirən iddiaçı iddiasının əsasını təşkil edən bu halı sübut etmək vəzifəsi daşısa da, cavabdeh MMC-də keçirilən dərslərin keyfiyyətsiz olması barədə dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı bu dəlilini “dərslərin elektron vasitə ilə qeydə alınmadığına görə qavranılmasında çətinlik çəkilməsi” iddiasına cavab olaraq dərsi tədris edən müəllimin ona «"xxxx"dan araşdırma aparın» deməsi ilə əsaslandırır və bildirir ki, işlədiyinə görə, onun əlavə araşdırma aparmağa vaxtı yoxdur və əgər özü araşdırma aparsaydı, kursa bu qədər pul verməzdi.

36. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4.2-ci bəndində tədris proqramı çərçivəsində dərsdənkənar işlənilməsi üçün verilmiş bütün tapşırıqları tamamlayaraq təhvil verməyin təhsil alanın vəzifələrindən biri kimi müəyyən edilməsi artıq müqavilə bağlanan zaman iddiaçının dərsdənkənar tapşırıqlar olacağı barədə xəbərdar olması mənasına gəlir. Buna görə də iddiaçının işlədiyinə görə araşdırma aparmağa vaxtı olmaması barədə dəlil məhkəmə tərəfindən əsassız sayılır. Çünki dərsdənkənar tapşırıqların olacağı tərəflər arasında bağlanmış müqavilədən bəlli olur.

37. Hətta nəzərə alınmalıdır ki, bu, dərsdənkənar tapşırıq belə deyildir, bu, sadəcə iddiaçının dərslərin qeydiyyata alınaraq sonradan yenidən təkrar məqsədli istifadə edilməsi, bununla dərslərin yaxşı qavranılacağı düşüncəsinə müəllim tərəfindən verilmiş bir cavabdır. Bu da o deməkdir ki, iddiaçı dərs keçirilib qurtarandan sonra yenidən məhz həmin dərsi dinləmək (və ya izləmək) imkanına sahib olmaq istəyini ifadə etməklə əslində keçirilən dərsin keyfiyyətsiz olduğunu yox, yenidən həmin dərsi dinləməklə (və ya izləməklə) daha yaxşı qavrayacağını etiraf etmiş olur. Əks halda, dərsin qeydiyyata alınaraq sonradan yenidən dinləmək (və ya izləmək) imkanı əvəzinə iddiaçı elə ilk dərsdən müəlliminin dəyişdirilməsini, müqaviləyə xitam verilməsini və s.-ni tələb etmiş olardı. Bu istəklə iddiaçı, həm də işlədiyinə görə araşdırmağa vaxtı olmaması barədə fikrini də təkzib etmiş olur, çünki iştirak etdiyi dərsi yenidən dinləmək (və ya izləmək) istəməsi onun əlavə vaxtı olduğunu göstərir.

38. İddiaçı "xxxx" platformasından baxacaq olsaydı, cavabdeh MMC-yə pul ödəmədən də bunu edə biləcəyini bildirsə də, göründüyü kimi, o, müəllim tərəfindən ona dərs keçilmədiyini iddia etmir, əksinə müəllimin ona keçdiyi dərsi təkrar izləmək və ya dinləmək əvəzinə başqa mənbədən də yararlanmalı olduğunu bildirdiyini qeyd edir. Nəzərə alınmalıdır ki, həmin platforma heç bir əlavə ödəniş tələb olunmayan, əlçatan, yəni hər kəsin telefon və ya kompüter vasitəsilə çata biləcəyi və bir çox sahələr üzrə öyrədici videoların olduğu bir platformadır. Göstərilənlərə əsasən, müəllimin bu tövsiyəsi onun keçdiyi dərsin keyfiyyətinin aşağı olmasını göstərmir. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinə cavablarında haqlı olaraq hər dəfə vurğulamışdır ki, dərslərin qeydiyyata alınması kimi bir öhdəlik tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmamışdır. Deməli, cavabdeh MMC-də işləyən müəllimin iddiaçının həmin tələbinə alternativ kimi etdiyi tövsiyə də məcburi olmamış, sadəcə ona kömək etmək məzmununda olmuşdur.

39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiasının əsasını təşkil edən təhsilin keyfiyyətsiz olması barədə dəlil onun tərəfindən sübuta yetirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhz bu əsasla iddiaçının iştirak etmədiyi dərslərin pulunu geri tələb etməsi də əsassızdır, çünki o, bu iddiasını sübut etməmişdir.

40. Müqavilə şərtlərində dərs başlayandan sonra tələbə imtina etdiyi təqdirdə, ödənilmiş pulun geri qaytarılmaması barədə bəndin olması isə məhkəmənin qənaətinə görə, hazırkı iş üzrə iddiaçının hüququnu pozan hal hesab edilmir. Çünki iddiaçı bu tələbini fors-major hallar (qarşısıalınmaz qüvvənin təsiri, şəraitin əhəmiyyətli dəyişməsi nəticəsində baş vermiş hallar) kimi qiymətləndirilə bilən hallarla əsaslandırsaydı, onun iddiasının təmin edilməsi (bütünlüklə araşdırma aparıldıqdan sonra) ehtimalı istisna edilmir. Elə cavabdehin nümayəndəsi də təhsilin keyfiyyəti ilə bağlı mübahisə olmasaydı, fors-major bir hal olsaydı, ödənişi geri qaytara biləcəklərini bildirmiş, hətta cədvəl uyğun gəlmədikdə və ya tələbə xarici ölkəyə köçdükdə belə bir hal yaşadıqlarını və heç bir problem olmadan ödənişini geri qaytardıqlarını vurğulamışdır. Yəni məhkəmə vurğulayır ki, iddiaçının tələbinin təmin edilməməsinin səbəbi müqavilədə istinad olunan bəndin mövcudluğu deyil, onun iddiasını əsaslandırdığı halı – təhsilin keyfiyyətsiz olduğunu sübuta yetirməməsidir. Buna görə də müvafiq orqan tərəfindən həmin bəndin hüquqları pozan hal kimi qiymətləndirilməsi hazırkı iş üzrə məhkəmə üçün heç bir əhəmiyyət kəsb etmir.

41. Cavabdeh MMC-nin keçməyə davam etdiyi dərslərdə iddiaçının iştirak etməməsi onun öz şəxsi mülahizəsi olmuş, yəni cavabdehin bunda təqsiri müəyyən edilməmiş, buna görə də iddiaçı müqaviləni ləğv edən anadək icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlı olmamışdır.

42. Məhkəmə, həmçinin, iddiaçının müəllimin adının əvvəllər cavabdehin rəsmi səhifəsində olmamasını, şikayətdən sonra əlavə edilməsini mübahisələndirməsini də əsassız hesab edir. Məhkəmə hesab edir ki, bu məsələ texniki məsələdir və müəllimin yaxşı olmaması, həmin sahə üzrə ixtisaslaşmaması və s. digər mübahisələndirilən halların mövcudluğuna dəlalət etmir.

43. İddiaçı, həmçinin, eyni qrupda olan başqa şəxslərin də ödəniş geri qaytarılacağı təqdirdə davam etməyəcəyini, onların da müəllimi və onun tədris üsulunu bəyənmədiyini bildirsə də, bu halı da sübuta yetirməmiş, cavabdeh isə bu dəlili təkzib edən sorğu və anket nəticələrini məhkəməyə təqdim etmişdir. İddiaçının həmin sənədlərin sübut kimi qəbul olunmaması barədə dəlilinə münasibətdə isə qeyd edilir ki, sənədlərin mötəbərliyini şübhə altına alacaq heç bir hal məhkəmə tərəfindən müəyyən edilməmiş, çünki iddiaçının yazdığı sorğu nəticəsi də olduğu kimi, təhrif edilmədən məhkəməyə təqdim edilmişdir.

44. İddiaçının 4 aylıq proqramın 10 aya tədris edilməsini, bununla da cavabdehin əlavə gəlir əldə etməsini mübahisələndirməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin təklif etdiyi ofertanı olduğu kimi aksept etməsi ilə iddiaçı bütün bu şərtlərə razılığını, bu şərtlərin onun da iradə ifadəsi olduğunu nümayiş etdirmişdir. Müddət və qiymət barədə şərtlərin sonradan dəyişdirilməməsi, əvvəldən belə olmasını müəyyən edən məhkəmə iddiaçının sonradan bu şərtləri mübahisələndirməsinə baxmayaraq, bu barədə tutarlı əsasları təqdim etməməsini də nəzərə alır.

45. Bütün göstərilənlərə istinadən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

46. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1-404.2. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.2. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: - peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; - vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 784. Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

49. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

50. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

51. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

52. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir.

53. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

Nəticə:

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar