Məhkəmə qərarları › İş №e-2(006)-5157/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5157/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5157/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «behin iki mislinin qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «behin iki mislinin qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.500 manat behin iki misli, yəni 5.000 manat, qeyri-ciddilik nəticəsində dəymiş 45.000 manat maddi ziyan və vurulmuş mənəvi ziyana görə 5.000 manat olmaqla, cəmi 52.500 manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20.04.2021-ci il tarixdə Cavabdeh Bakı şəhəri Zivərbəy Əhmədbəyov 30 ünvanda yerləşən 13,3 m2 sahəsi olan evin alınması üçün 2.500 manat beh vermişdir. 28 aprel 2021-ci il tarixdə hansısa səbəblərə görə cavabdeh evi satmaqdan imtina etmişdir. Onun behinin iki qat artıq qaytarılmasına etiraz edib, yalnız 2.500 manat pul qaytarmışdır. Bu səbəbdən, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Habelə Cavabdeh məhkəməyə iddia ərizəsinə yazılı etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini, habelə mülkiyyətçi və 10 nəfər payçının ona kiminləsə beh müqaviləsi bağlamaq səlahiyyəti verilmədiyini, mülkiyyətçi və payçıların iddiaçı ilə heç bir danışıq aparmadıqlarını, onunla iddiaçı arasında heç bir beh müqaviləsindən söhbət getmədiyini, sadəcə olaraq iddiaçı onun vasitəsi ilə payçılara və mülkiyyətçiyə təsir etmək üçün istifadə etmək istədiyini və bunun da alınmadığını, ona beh adı ilə pul verilməyini və onun iddiaçı qarşısında öhdəlik münasibətinə girmədiyini, təqdim edilən çıxarışda olan payçıların da bunu təsdiq etdiklərini və bu barədə iddiaçıya da deyildiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, Cavabdeh ünvan 2 ünvanda yerləşən ev üzərində mülkiyyət (paylı mülkiyyət) hüququ olmamaqla, onun həmin evlə bağlı heç kimlə, o cümlədən iddiaçı ilə beh müqaviləsi bağlamağa subyektiv hüququ olmamışdır. Həmçinin, beh müqaviləsi bağlamaq səlahiyyəti cavabdehə etibar edilməmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 28 aprel 2009-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən ev payları müfəssəl şəkildə qeyd olunmaqla vətəndaşlar X5, X1, X2, X3, X4, X6, X7, X8, X9, X10 paylı mülkiyyətindədir. Cavabdehin iddiaçı ilə qeyd olunan evə dair beh müqaviləsi bağlamağa hüququ (səlahiyyəti) olmadığı halda, cavabdeh 20 aprel 2021-ci il tarixdə sadə formada yazılmış «beh müqaviləsi»ni imzalamaqla iddiaçıdan 2.500 manat pul vəsaiti almış, həmin məbləğ həddində əsassız varlanmışdır. İddiaçı və Cavabdehin beh müqaviləsi bağlamağa hüququ və səlahiyyətinin olmadığını bildiklərindən, notariat orqanına müraciət etməmişlər, beh müqaviləsini notarial qaydada bağlamağa cəhd etməmişlər. Çünki, notarius sənədləri yoxlayaraq, cavabdehin həmin evlə bağlı beh müqaviləsi bağlamaq səlahiyyəti olmadığını dərhal müəyyən edəcək, beh müqaviləsinin notarial qaydada bağlanmasının qeyri-mümkün olduğunu tərəflərin nəzərinə çatdıracaqdı. Cavabdeh səhvini dərk edərək, aldığı 2.500 manat pul vəsaitini 28 aprel 2021-ci il tarixdə iddiaçıya qaytarmışdır. Mahiyyət etibarı ilə tərəflər arasında qanunun tələblərinə riayət edilməklə beh müqaviləsi bağlanmamışdır, cavabdehin bunun üçün subyektiv hüququ olmamışdır və iddiaçının ödədiyi pulun iki mislinin ona qaytarılması tələbinə dair iddiası təmin edilə bilməz. Çünki, mübahisəyə beh müqaviləsindən irəli gələn öhdəliklərin tətbiq edilməsi mümkün deyil. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (tərəflər arasında qanunun tələblərinə riayət edilməklə beh müqaviləsi bağlanmasına, cavabdehin bu cür müqaviləni bağlamağa subyektiv hüququnun olmasına) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Belə ki, maddi və mənəvi ziyanın ödənilməsi tələbi əsas tələbdən irəli gəlir, əsas tələb təmin edilmədiyindən, həmin tələbdən doğan digər tələblər də təmin edilə bilməz. Digər tərəfdən, iddiaçı ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «behin iki mislinin qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «behin iki mislinin qaytarılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar