Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5282/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1650,00 manat əsas borc, 4892,25 manat hesablanmış penya, əldən çıxmış fayda qismində 134,04 manat, cəmi 6676,29 manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 86,77 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “stomatoloji xidmətlərin göstərilməsi haqqında” 21/23 saylı xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında Babayev Ağalara endirimli qiymətlərlə ümumi dəyəri 1280,00 (bir min iki yüz səksən) manat, endirimsiz qiyməti isə 1750 (bir min yeddi yüz əlli) manat dəyərində olan stomatoloji xidmət göstərilmişdir. Cavabdeh isə ona göstərilmiş stomatoloji xidməti qəbul edib, bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən (Əlavə 1) müəyyənləşdirilmiş 9 ay müddətinə hissə-hissə ödəyəcəyi təqdirdə göstərilmiş xidmətə endirim tətbiq edilərək cəmi 1280,00 (bir min iki yüz səksən) manat məbləğində pul məbləğinin ödənilməsinə razılaşdırılmışdır. Göstərilən xidmətin dəyərindən bugünədək cəmi bir dəfə xx.xx.2023-cü il tarixdə 100 (yüz) manat ödəniş edilmişdir və bundan sonra heç bir məbləğ ödənilməmişdir. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, Xidmət müqaviləsi üzrə ona göstərilmiş stomatoloji xidmətin dəyərini ödəməkdən müxtəlif bəhanələr ilə yayınmışdır. Bundan sonra, Cavabdeh pretenziya göndərilmiş və bildirilmişdir ki, göstərilmiş stomatoloji xidmətlərin dəyəri vaxtında ödənilmədiyinə görə stomatoloji xidmətlərin göstərilməsi haqqında müqavilənin 4.5ci bəndinə əsasən ona tətbiq edilmiş endirimli qiymət ləğv edilir. Hal-hazırda göstərilən xidmətin dəyərindən 1650,00 (bir min altı yüz əlli) manat məbləğində borc qalmaqdadır. Cavabdeh Xidmət müaviləsinin 2№-li Əlavəsinə əsasən (ödəniş cədvəli üzrə) mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, bununla da müqavilə şərtlərinin 4.2-ci bəndini pozmuşdur. Hazırda öhdəliklərini tam icra etməyən Cavabdeh iddiaçıya iddia qaldırılan günə 1650,00 (bir min altı yüz əlli) manat borcu qalmaqdadır. Ona dəfələrlə müraciət edilməsinə baxmayaraq o, müqavilədən irəli gələn öhdəliklərini 2 ildir icra etməmişdir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, Sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, İcraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5 (sıfır tam onda beş) faiz məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, Sifarişçi isə onu ödəməyi öhdəsinə götürür. Cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə ödənilməli idi. Qeyd olunan gündən sonuncu prentenziya göndərilən günədək (xx.xx.2025ci il) 593 gün gecikmə günü yaranır. Müqavilə şərtlərinə əsasən (1650*0.5%=8.25; 8.25*593=4892.25) cavabdehə 4892.25 manat penya hesablanmışdır. İddiaçı MMC 2019-cu il tarixdən stomatoloji klinika kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işguzar nüfüz və təsərrüfat imici əldə etmişdir. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı MMC-yə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən, və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (593 gün) (1650*5%=82,50; 82,50/365=0,226; 0.226*593=134,04) 134,04 manat maddi ziyan dəymişdir. Bu məbləğ məhkəmə qaydasında cavabdehdən tutulmalıdır.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə “AZEMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə ərizə təqdim edərək səhhəti ilə bağlı üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyindən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
5. Cavabdehilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 21/23 №-li “Stomatoloji xidmətlərin göstərilməsi haqqında” müqavilədən görünür ki, icraçı tərəflərin razılaşdırdığı müddət ərzində sifarişçiyə pullu stomatoloji xidmət göstərməyi, sifarişçi göstərilən stomatoloji xidməti qəbul etməyi və bu müqavilənin şərtlərinə uyğun olaraq xidmətin qiymətini ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.5-ci bəndinə əsasən, icraçı tərəfindən göstərilən stomatoloji xidmətlərə tətbiq edilmiş endirimli qiymətlərin ödəniş planına sifarişçi tərəfindən əməl edilmədikdə, bu zaman tətbiq edilmiş endirimlər icraçı tərəfindən tamamilə ləğv edilir və stomatoloji xidmətin tam dəyəri sifarişçidən tələb edilir. Həmin müqavilənin 4.6-cı bəndinə əsasən, sifarişçi müqavilə ilə müəyyən edilmiş müddətdə (Əlavə 2-yə əsasən) ödənişləri həyata keçirməlidir. Müəyyən edilmiş müddətdə ödənişləri həyata keçirmədikdə, icraçı ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% (sıfır tam onda beş) məbləğində cərimə (dəbbə) pulunun ödənilməsini tələb edir, sifarişçi isə onu ödəməyi öhdəsinə götürür.
6. Müqaviləyə Əlavə №1-dən görünür ki, icra olunan ümumi işlərin qiyməti 1280 manat, cəmi ödəniş məbləği 1.310 manat təşkil edir. Əlavəyə qeyd 2-yə əsasən, stomatoloji xidmətlərə tətbiq edilmiş endirimli qiymətlər vaxtında ödənilməzsə, o zaman icraçı tərəfindən tətbiq edilmiş endirimlər ləğv edilir.
7. Müqaviləyə Əlavə №2-dən görünür ki, Sifarişçi müqavilədə və onun 1№-li əlavəsində qeyd olunan işlərin görülməsinə və xidmətlərin göstərilməsinə görə yaranan pul məbləğini 10 ay müddətinə hər növbəti ayın 5-nə kimi cədvələ uyğun vaxtında və hissə-hissə ödəməyi qəbul edir. Əlavəyə qeyd 2-yə əsasən, stomatoloji xidmətlərə tətbiq edilmiş endirimli qiymətlər vaxtında ödənilməzsə, o zaman icraçı tərəfindən tətbiq edilmiş endirimlər ləğv edilir. Xidmət haqqı ödəniş cədvəlindən görünür ki, 1.310 manatın hər ay 131 manat olmaqla, 10 ay ərzində ödənilməsi nəzərdə tutulmuş, xx.xx.2023-cü ildə sifarişçi tərəfindən 100 manat məbləğində ödəniş edilmişdir.
8. Stomatoloji xidmətin təhvil-təsliminə dair xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sifarişçi Cavabdeh “Stomatoloji xidmətlərin göstərilməsi haqqında” 21/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq stomatoloji xidmət istifadəyə yararlı halda sifarişçiyə təhvil verilir, sifarişçi isə həmin xidməti yararlı halda və heç bir pretenziyası olmadan təhvil alır.
9. xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X1 göstərilmiş xidmətlərin ümumi qiyməti 1750 manat, endirimli qiyməti 1280 manat təşkil edir.
10. “AZEMİS” Elektron Məhkəmə Sisteminin “Qohumluq məlumatları” bölməsindən görünür ki, X2 iddiaçının oğludur.
11. xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 1650 manat borcun 10 gün ərzində ödənilməsi barədə xəbərdar edilmişdir.
12. xx.xx.2025 il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 86,77 (səksən altı manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 21/23 saylı xidmət müqaviləsi bağlanmış, müqavilə və ona əlavəyə əsasən, iddiaçı dəyəri 1750 manat olan xidmətləri endirimli qiymətə cavabdehin oğluna göstərmiş, cavabdeh qəbul edilmiş xidmətlərin əvəzində həmin müqavilə ilə müəyyənləşdirilmiş endirimli pul məbləğini hissəhissə, 10 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, müqavilədə nəzərdə tutulmuşdur ki, endirimli qiymətlərin ödəniş planına cavabdeh tərəfindən əməl edilmədiyi təqdirdə endirimli qiymət ləğv edilərək, xidmətin tam dəyəri cavabdehdən tələb ediləcəkdir. Müqavilədə ödənişin gecikdirildiyi hər gün üçün gecikdirilmiş əsas borc məbləğinin 0,5% məbləğində cərimə (dəbbə) pulunun ödənilməsi şərti də razılaşdırılmışdır. Cavabdeh tərəfindən ümumilikdə 100 manat ödəniş edilmişdir.
14. Rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır. c) Məhkəmənin mövqeyi:
15. Məhkəmə hesab edir ki, İddiaçı MMC ilə cavabdeh arasında tapşırıq (xidmət) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, İddiaçı MMC müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh öhdəliyini icra etməmişdir.
16. Məhkəmə mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və hesab edir ki, iddiaçının tələbi əsas borc hissəsində təmin edilməli, müqavilə şərtlərinə əsasən, 1750 manat endirimsiz xidmət haqqından ödənilmiş 100 manat nəzərə alınmaqla, qalan 1650 manat məbləğində pul cavabdehdən tutulmalıdır.
17. İddia tələbinin “cərimənin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, bu hissədə iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli 21/23 saylı müqavilə üzrə 4892,25 manat cərimənin miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 100 manat məbləğinədək azaldılmalıdır.
18. İddiaçının “öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində 134,04 manat zərərin ödənilməsi” hissəsinə münasibətdə qeyd edilir ki, iddiaçı həmin məbləği xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan 593 gün gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablayaraq tələb edir. Məhkəmə hesab edir ki, gecikdirilmə cavabdehin ən son ödəniş etməli olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixindən (müqavilənin müddətinin 10 ay olması nəzərə alınaraq) iddiaçının tələb etdiyi günədək – xx.xx.2025-ci il tarixinədək olan ödənişin gecikdirildiyi 562 gün üçün illik 5% hesablanmaqla 128,79 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir ((1650 x 0,05 / 360 ) x 562 ≈ 128,79). d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
20. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 448 1.650 (bir min altı yüz əlli) manat əsas, 100 (bir yüz) manat penya, gecikdirilmiş vaxt üçün hesablanan 128,79 (bir yüz iyirmi səkkiz manat yetmiş doqquz qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 1.878,79 (bir min səkkiz yüz yetmiş səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun 24 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Nəticə:
23. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1.650 (bir min altı yüz əlli) manat əsas, 100 (bir yüz) manat penya, gecikdirilmiş vaxt üçün hesablanan 128,79 (bir yüz iyirmi səkkiz manat yetmiş doqquz qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 1.878,79 (bir min səkkiz yüz yetmiş səkkiz manat yetmiş doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 24 (iyirmi dörd) manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova