Məhkəmə qərarları › İş №e-2(006)-5290/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5290/2022

22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5290/2022 22.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, İddiaçı ASCnin Cavabdeh qarşı «icra ödənişi və icra hərəkəti ilə əlaqədar çəkilən hərrac xərci üzrə pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «icra ödənişi və icra hərəkəti ilə əlaqədar çəkilən hərrac xərci üzrə pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)-1253/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilərək, qətnamədə xx.xx.2016-cı il tarixli, 117058-1-8688/01 saylı “Avtomobil krediti müqaviləsi” üzrə 14091,78 ABŞ dolları məbləğində əsas borc, 989,65 ABŞ dolları məbləğində faiz borcu, 10 dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15091,43 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin cavabdehə məxsus **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilə yönəldilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdehə qaytarılması qət edilmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsinin sifariş məktubuna əsasən cavabdehə məxsus **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetinin əldə olunması üçün ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC ilə bağlanılmış xx.xx.2022-ci il tarixli, 242/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ********* saylı hesab-fakturasında **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 210,69 manat məbləğində xidmət haqqı və 37,92 manat məbləğində vergi ödənişinin (18% ƏDV) nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqları ilə İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına hesab-fakturasına əsasən **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 210,69 manat və həmçinin bu xidmət üçün X1 hesabına 37,92 manat ƏDV ödənilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli digər ödəniş tapşırığı ilə məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 348,07 manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 248,61 manat məbləğində hərracın keçirilməsi xərci və 348,07 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Göstərilənlərə əsasən Bank VTB (Azərbaycan)” ASC tərəfindən ödənilmiş 348,07 manat məbləğində icra ödənişi, 248,61 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən hərrac xərci və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, bildirmişdir ki, Bank tərəfindən iddia edilən məbləğin (596,68 manat) ödənilməsindən sonra bankın ona qarşı heç bir zaman, heç bir şərtlər daxilində, bir daha iddia tələbi irəli sürülməyəcəyi barəsində rəsmi cavab verildiyi halda bu məbləğin aylıq, hissə-hissə ödənilməsinə razıdır. Qeyd olunanlara əsasən bu məbləğin aylıq, hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 242/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, ********* saylı hesab-fakturasında **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilin əldə olunması ilə əlaqədar 210,69 manat məbləğində xidmət haqqı və 37,92 manat məbləğində vergi ödənişi (18% ƏDV) nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına hesab-fakturasına əsasən **-FL-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Aveo” minik markalı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 210,69 manat və həmçinin bu xidmət üçün X1 hesabına 37,92 manat ƏDV ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, məhkəmə icra ödənişi qaydasında İddiaçı ASC tərəfindən X1 hesabına 348,07 manat məbləğində icra ödənişi ödənilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Həmin Qanunun 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 348,07 (üç yüz qırx səkkiz manat, yeddi qəpik) manat məbləğində icra ödənişi, 248,61 (iki yüz qırx səkkiz manat, altmış bir qəpik) manat məbləğində hərrac xərci, ümumilikdə 596,68 (beş yüz doxsan altı manat, altmış səkkiz qəpik) manat, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 348,07 (üç yüz qırx səkkiz manat, yeddi qəpik) manat məbləğində icra ödənişi, 248,61 (iki yüz qırx səkkiz manat, altmış bir qəpik) manat məbləğində hərrac xərci, ümumilikdə 596,68 (beş yüz doxsan altı manat, altmış səkkiz qəpik) manat, habelə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq “Bank VTB(Azərbaycan)” ASC-yə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar