Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5340/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 54A ünvanında yerləşən 3 otaqlı mənzilin üzərində mülkiyyət hüququnun müəyyən edilməsi və payları qəbul etmiş şəxslər tərəfindən bütün faktiki təmirin yekunlaşması üçün çəkilən 1200 manat və MTK-nın tələb etdiyi ödənişlərin bərabər ödənilməsi barədə xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs1 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə X2 anadan olmuşlar. Sonrakı dövrlərdə tərəflər arasında faktiki nikah münasibətləri pozulmuşdur. Məhz bu səbəbdən ərizəçi Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin qətnaməsinə əsasən Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış və xx.xx.2011-ci il tarixdə Nizami rayon VVADQ şöbəsində qeydə alınmış nikahın pozulması, akt qeydləri kitabındakı 380 saylı nikah qeydinin ləğv edilməsi və birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 Ərizəçi yanında saxlanılması qərara alınmışdır. Lakin baş tutmuş məhkəmə prosesi zamanı birgə nikah dövründə əldə olunmuş əmlak mübahisələndirilməmişdir. Belə ki, ərizəçi maraqlı şəxslə birgə nikah dövründə "xxxx" MMC ilə mənzil tələbatçıları arasında bağlanmış 03 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, "xxxx" MMC tərəfindən inşa edilən Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 54A ünvanında yerləşən yaşayış binasından 3 (üç) otaqlı mənzil əldə etmişdirlər. Bəhs edilən əmlak birgə nikah dövründə əldə edildiyindən və qeyd edilən əmlakın əldə olunmasında ərizəçinin əməyi, fədakarlıqları mövcud olduğundan Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 54A ünvanında yerləşən yaşayış binasındakı 3 (üç) otaqlı mənzil üzərində onun qanunvericiliklə müəyyən edilmiş hüquqları mövcuddur. Mövcud problemlə mübahisənin mediasiya qaydasında həll olunması üçün maraqlı şəxsə müraciət olunmuş və xx.xx.2022-ci il tarixdə Bakı 2 saylı Mediasiya Təşkilatında tərəflər arasında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, Maraqlı şəxs1 birgə nikah dövründə əldə edilmiş, mülkiyyətində və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 54A ünvanında yerləşən 3 otaqlı mənzilin üzərində Ərizəçi 1/2 mülkiyyət hüququnu qəbul edir və payları qəbul etmiş şəxslər tərəfindən bütün faktiki təmirin yekunlaşması üçün çəkilən 1200 manat və MTK-nın tələb etdiyi ödənişlərin bərabər ödənilməsi razılaşdırılmışdır. Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mülki iş üzrə maraqlı şəxs qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizəçinin vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs1 məhkəmə iclasına gəlməmiş, ərizə təqdim edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-in 355-25.2-ci maddəsinə əsasən, gəlməyən tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə bağlanmışdır:
1. İkinci tərəf (Maraqlı şəxs1) birgə nikah dövründə əldə edilmiş, mülkiyyətində və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pros., 54A ünvanında yerləşən 3 otaqlı mənzil üzərində, birinci tərəfin (Ərizəçi) 1/2 mülkiyyət hüququnu qəbul edir. Payları qəbul etmiş şəxslər tərəfindən bütün faktiki təmirin yekunlaşması üçün çəkilən 1200 manat və MTK-nın tələb etdiyi ödənişlər bərabər ödənilir.
2. Tərəflər 1-ci bənddə qeyd olunanları öhdəsinə götürürlər.
3. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq, mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.
4. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.
5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar və şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.
6. Saziş əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır.
7. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla, qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.
8. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.
9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.
10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.
11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır.
12. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır.
13. Tərəflər razılaşırlar ki, hazırki Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz.
14. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin, barşıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaları pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
15. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhəkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər.
16. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunverciliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);
17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.
18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişiklilklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktlar aiddir.
19. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.
20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq, yazılı surətdə xəbərdar etməlidir.
21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququni itirir.
22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunverciliyə uyğun olaraq məsuliyyət daşıyır.
23. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır.
24. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir.
25. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (rəqəmlə və sözlə) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə baxışı zamanı müəyyən edilmiş hallardan göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs1 arasında barışıq sazişi bağlanmış, lakin mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi Maraqlı şəxs1 tərəfindən könüllü qaydada icra edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, xx.xx.2022-ci il tarixli barışıq sazişinin bir hissəsi ümumi şərtlərdən ibarətdir. Buna görə də barışıq sazişinin həmin hissədə təsdiq edilməsinə zərurət yoxdur. Əlavə olaraq qeyd edilməlidir ki, sazişin təsdiq edilməyən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə saziş qanunazidd olmayan hissədə məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26-cı maddəsinin tələblərinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Beləliklə, məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Ərizəçi Maraqlı şəxs1 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi maraqlı şəxslər qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilməli, belə ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “1. İkinci tərəf (Maraqlı şəxs1) birgə nikah dövründə əldə edilmiş, mülkiyyətində və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 54A ünvanında yerləşən 3 otaqlı mənzil üzərində, birinci tərəfin (Ərizəçi) 1/2 mülkiyyət hüququnu qəbul edir. Payları qəbul etmiş şəxslər tərəfindən bütün faktiki təmirin yekunlaşması üçün çəkilən 1200 manat və MTK-nın tələb etdiyi ödənişlər bərabər ödənilir.
2. Tərəflər 1-ci bənddə qeyd olunanları öhdəsinə götürürlər.” hissəsində təsdiq edilməli, qalan hissədə isə təsdiq edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin:
1. İkinci tərəf (Maraqlı şəxs1) birgə nikah dövründə əldə edilmiş, mülkiyyətində və sahibliyində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 54A ünvanında yerləşən 3 otaqlı mənzil üzərində, birinci tərəfin (Ərizəçi) 1/2 mülkiyyət hüququnu qəbul edir. Payları qəbul etmiş şəxslər tərəfindən bütün faktiki təmirin yekunlaşması üçün çəkilən 1200 manat və MTK-nın tələb etdiyi ödənişlər bərabər ödənilir.
2. Tərəflər 1-ci bənddə qeyd olunanları öhdəsinə götürürlər. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova