Məhkəmə qərarları › İş №e-2(006)-536/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-536/2025

14.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-536/2025 14.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X1rşı «əmək müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və buna aid Əmək və Məşğulluq altsistemində əks olunmuş elektron iş məlumatlarının düzəldilməsi öhdəliyinin X3 üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, X6 cavabdehlər siyahısından çıxarmış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini mübahisə predimeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmiş, onunla "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilməsi, onun direktorlar siyahısından adının çıxarılmasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilməsi, onun direktorlar siyahısından adının çıxarılması öhdəliyinin "xxxx" MMC-nin təsisçisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC (VÖEN: **********) arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə "xxxx" MMC-də direktor vəzifəsini icra etməyə başlamışdır. Lakin "xxxx" MMC tərəfindən hüquqları pozulmuş, eyni zamanda bir neçə aylıq əmək haqqı bu günə kimi hələ də ödənilməmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli ərizə ilə "xxxx" MMC-yə müraciət edərək direktor vəzifəsindən öz xahişi ilə azad olunmasını xahiş etsə də, bu xahişinə məhəl qoyulmamışdır. Bu yöndə rəhbərlik tərəfindən israrlarına baxmayaraq heç bir addım atılmamışdır və adı hələ də "xxxx" MMC-nin rəsmi rəhbəri kimi gedir. Lakin o, heç bir faktiki rəhbərliyi həyata keçirmir, adı yalnız formal olaraq direktor kimi qeyd olunmuşdur. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində heç bir faktiki gəlir əldə etməmiş, hətta yuxarıda qeyd etdiyi kimi bir neçə aylıq əmək haqqı belə ödənməmişdir. Bu məsələylə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2013-cü il tarixli Qərarını diqqətə çatdıraraq vurğulayır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair adıçəkilən Qərarda deyilir: «Faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin rəsmi rəhbəri, faktiki rəhbər tərəfindən aldadılaraq vergilərdən yayınması barədə məlumatı olmadığı və hüquqi şəxsin fəaliyyətində birbaşa iştirak etmədiyi hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməz.» Konstitusiya Məhkəməsinin bu Qərarı ilə təsdiq olunur ki, onun rəsmi rəhbər kimi adının "xxxx" MMC-nin direktoru kimi qeyd edilməsi həmin hüquqi şəxsə rəhbərlik etməsi kimi başa düşülməməlidir və bu öhdəliyin hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirən şəxsə məxsus olduğu anlaşılmalıdır. Odur ki, adının direktor kimi qeyd edilməsinin bir əhəmiyyəti yoxdur və o, həmin vəzifədən könüllü olaraq azad olunmaq üçün müraciət edir. Bildirir ki, "xxxx" MMC-nin təsisçisi X2 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin (aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir) tələblərini pozduğu məlum olmuş, eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinin 4-cü hissəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) əsasən inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş və həmin Məcəllənin eyni maddəsinə əsasən inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərar qəbul olunmuşdur. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsiylə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Göründüyü kimi qanunvericilikdə müəyyən edilmiş xəbərdarlığı etsə də, əmək müqaviləsi istəyinin ziddinə olaraq ləğv edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X9 məhkəmə iclasında qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və 3-cü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı direktor vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı "xxxx" MMC-nin təsisçisi X4 yazdığı 15 iyun 2023-cü il tarixli ərizədən görünür ki, o, 15 iyul 2023-cü il tarixdən direktor vəzifəsindən öz xahişi ilə azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə həmin tarixdən öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. Həmin ərizə işəgötürən tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin 14 noyabr 2023-cü il tarixli 3-17-512-Ə-45357/2023 saylı məktubundan görünür ki, İddiaçı "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə idarədə baxılmışdır. Məktubda bildirilmişdir ki, İddiaçı müraciəti araşdırılarkən aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar işəgötürən barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokol və inzibati tənbehvermə haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuşdur. Məktubda sair məsələlərlə yanaşı o da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə dair bildirişin qüvvədə olduğu məlum olmuşdur. Ərizəçiyə müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İddiaçı yuxarıda qeyd olunan səbəblərdən öncə mediasiya təşkilatına, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/6-0618 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə xx.xx.2023-cü il tarixə saat 16:00-a təyin olunmuş həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci ödənilmişdir. Göründüyü kimi, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilməli, İddiaçı direktorlar siyahısından adının çıxarılması öhdəliyi "xxxx" MMC-nin təsisçisinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə həvalə edilsin. İddiaçı direktorlar siyahısından adının çıxarılması öhdəliyi "xxxx" MMC-nin təsisçisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar