Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5363/2021 28.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində göstərilməklə) qarşı «əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adına olan aktiv əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2017-ci ilin oktyabr ayında Cavabdeh MMC-də satış meneceri vəzifəsində işə götürülmüşdür. 2018-ci ilin noyabr ayına kimi həmin şirkətdə və həmin vəzifədə işləmişdir. 2018-ci ilin noyabr ayında işdən çıxma barədə ərizə vermişdir. Ona işdən çıxma barədə əmr verilmiş və əmək kitabçasına qeyd edilərək kitabçası özünə qaytarılmışdır. 2019-cu ilin sonunda işə düzəlmək istəyən zaman ona məlum olmuşdur ki, əmək müqaviləsi bildirişi elektron informasiya sistemində işəgötürən tərəfindən işdən çıxması barədə qeyd edilməmişdir. Bundan sonra işəgötürəni axtarmışdır ki, bu məsələni həll etsin. Ona məlum olmuşdur ki, işəgötürən ölkə xaricindədir. Bütün cəhdləri uğursuz olmuşdur. Bundan sonra bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət etmişdir. Lakin qeyd olunan Xidmət də müraciətinə mənfi cavab vermişdir. Xidmət öz cavabını belə əsaslandırmışdır ki, «adınıza aktiv əmək müqaviləsinin olması barədə müraciətininzə Xidmətdə baxılmışdır. Müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı hüquqi şəxs Cavabdeh MMC-nin (ünvan 1 ünvanına tərəfimizdən rəsmi məktub göndərilmiş, lakin bu günədək məktuba cavab verilməmişdir.» Həmin məktubda həmçinin bildirilmişdir ki, yoxlamalar dayandırıldığından müraciətdə göstərilən halın yerində araşdırılması mümkün olmamışdır, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyətləri xaricindədir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Cavabdeh MMC hüquqi şəxs olmaqla, Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi 2-ci mikrorayon ev 29 mənzil 12 ünvanı üzrə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X2r. MMC-nin qanuni təmsilçisi olan X3 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəis müavini A.Qasımov tərəfindən verilmiş 03 sentyabr 2021-ci il tarixli 33/3085 saylı İAMAS bazasından çıxarışa əsasən Azərbaycan Respublikasını 09 yanvar 2019-cu il tarixdə tərk etmişdir (Ölkə hüdudlarından çıxmışdır). İddiaçı ilə hüquqi şəxs olan Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış, 2017-ci ilin oktyabr ayında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh MMCdə satış meneceri vəzifəsinə işə götürülmüş, 2018-ci ilin noyabr ayına kimi həmin şirkətdə işləmiş, 2018-ci ilin noyabr ayında işdən çıxma barədə ərizə vermiş, iddiaçının öz xahişi ilə işdən azad olunması barədə əmr verilmiş və əmək kitabçasına müvafiq qeydlər edilmişdir. Lakin buna baxmayaraq, işəgötürən tərəf iddiaçının işdən azad edilməsinə dair əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş informasiya sisteminə daxil etməmişdir. Bu səbəbdən, iddiaçı başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq, rəsmi şəkildə işləyə bilmir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə rəsmi qaydada müraciət etmişdir. İddiaçının müraciətinə baxılaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən 05 iyul 2021-ci il tarixdə cavab məktubu göndərilmişdir. Həmin cavab məktubunda qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Xidmətin səlahiyyəti xaricindədir. İddiaçıya həmçinin bildirilmişdir ki, o, əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürənə müraciət etməli, müraciəti təmin edilmədiyi təqdirdə, məhkəməyə müracət etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış (oktyabr 2017-ci il tarixli) əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilməli və ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış (oktyabr 2017-ci il tarixli) əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişi mərkəzləşdirilmiş informasiya sisteminə daxil edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-5363/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5363/2021
28.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver