Məhkəmə qərarları › İş №e-2(006)-5365/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5365/2024

29.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5365/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı MTK-nin Cavabdehnə qarşı icarə əsasında istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilən yaşayış binasının onun vəsaiti hesabına sökülməsi tələbi barədə iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə 0.5 ha-dan ibarət torpaq sahəsinin 1/5 hissəsində Cavabdeh tərəfindən inşa edilən yaşayış binasının onun vəsaiti hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, İddiaçı 07 aprel 2005-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı Sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 360-cı məhəllədə yaşayış binasının layihələndirilməsi və tikintisi üçün 0,5 ha torpaq sahəsi icarə əsasında “VMS-İnşaat» MTK-nin istifadəsinə verilmişdir. Lakin Bakı Şəhər İcra Hakmiyyəti Başçısının 19 oktyabr 2023-cü il tarixli, 180 saylı Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən 1.505 ha-dan ibarət torpaq sahəsində yaşayış kompleksinin layihələşdirilməsinə icazə verilməsi ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair 31 iyul 2015-ci il tarixli, 319 nömrəli və 05 mart 2018-ci il tarixli, 103 nömrəli Sərəncamları, eləcə də aparılmış müvafiq sənədləşmə işləri “X1» Məhdud Məsuliyyətli Cəmiyyətinin adına rəsmiləşdirilməsi qərara alınmışdır. O cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən 1.505 ha-dan ibarət torpaq sahəsi Cavabdeh icarə əsasında istifadəsinə verilmişdir. 02 fevral 2016-cı il tarixində 16/10 saylı ayrıc aktının qeydiyyat kitabında 10 nömrəsi ilə qeydiyyata alınaraq "xxxx" MMC-nin adına rəsmiləşdirilmiş “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc aktı”-nı və Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə 0.5 ha-dan ibarət torpaq sahəsinin yerləşmə sxemini birlikdə araşdırdıqdan sonra Bakı Şəhər İcra Hakmiyyəti Başçısının 19 oktyabr 2023-cü il tarixli, 180 saylı Sərəncamı ilə Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verilmiş 1.505 ha-dan ibarət torpaq sahəsinin bir hissəsi, Bakı Şəhər İcra Hakmiyyəti Başçısının 27 aprel 2005-ci il tarixli, 107 saylı Sərəncam ilə «VMS-İNŞAAT" MTKnin icarə əsasında istifadəsin verilmiş Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə 0.5 ha-dan ibarət torpaq sahəsinin 1/5 hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Təqdim edilən sxemdə “A” hərfi ilə işarələnmiş hissə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 360-cı məhəllədə 0.5 ha-dan ibarət torpaq sahəsi, “B” hərfi ilə işarələnmiş hissə Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bülbül prospektinin arasında, 382-ci məhəllədə yerləşən 1.505 ha-dan ibarət torpaq sahəsi və qırmızı ştrixlə işarələnmiş hissə isə ayrılmış torpaq sahələrinin üst-üstə düşdüyü torpaq sahəsidir. Hazırda Cavabdeh MMC tərəfindən özünə ayrılmış torpaq sahəsi ilə yanaşı, hər iki torpaq sahəsinin üst-üstə düşdüyü hissədə də yaşayış binasının inşası işləri həyata keçirilir. Yəni Cavabdeh MMC tərəfindən İddiaçı MTK-nə ayrılmış torpaq sahəsinin 1/5 hissəsi zəbt edilərək həmin hissədə yaşayış binasının inşasına başlanılmışdır. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 13-cü bəndində göstərilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Həmin qərarın 14-cü bəndinə əsasən əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmişdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Fəaliyyət istiqamətini bütün tiplərdən olan yaşayış binaların, o cümlədən: koteclərin, çoxmənzilli evlərin tikintisi üzrə fəaliyyət təşkil edir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlara əsasən, Cavabdeh ASC qeydiyyatdan keçmişdir və onun adına aktiv vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN **********) mövcuddur. Fəaliyyət istiqamətini yaşayış binaların, çoxmənzilli evlərin tikintisi üzrə fəaliyyət təşkil edir. Məhkəmə qeyd ki, işin hallarından göründüyü kimi, hər iki tərəf hüquqi şəxs olmaqla fəaliyyət istiqamətlərini yalnız sahibkarlıq fəaliyyətindən irəli gələn hallar təşkil edir. Tələbdən də göründüyü kimi, mübahisə hər iki hüquqi şəxsin fəaliyyət istiqamətini təşkil edən tikinti sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə mübahisənin predmetini və subyektiv tərkibi nəzərə alaraq hesab edir ki, hazırkı mübahisəyə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan ümumi məhkəmədə yox, ərazi yurisdiksiyası üzrə müvafiq kommersiya məhkəməsində baxılmalıdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasinin Qanununun 5.1.2-ci maddəsinə və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli, 98 saylı Qərarı ilə təsdiq edilmiş «Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması» Qaydalarının 2.1.2-ci bəndinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən (“Asan Ödəniş”, VÖEN **********, mədaxil qəbzi **********01, tarix: 26.10.24, saat: 14:39:49) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152.1, 152.1.3, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MTK-nin Cavabdehnə qarşı icarə əsasında istifadəsində olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilən yaşayış binasının onun vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə müvafiq kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən (“Asan Ödəniş”, VÖEN **********, mədixil qəbzi **********01, tarix: 26.10.24, saat: 14:39:49) ödənilmiş 100 manat (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar