Məhkəmə qərarları › İş №e-2(006)-5397/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5397/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5397/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «pulun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 07 aprel 2014-cü il tarixli, 22 saylı müqaviləyə əsasən mənzilin dəyəri tam ödənildikdən sonra Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli (ərazi PD-057 saylı) yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 190 m2 sahəsi olan, 4 otaqdan ibarət 50 saylı mənzil iddiaçıya təhvil verilməli idi. 26 fevral 2015-ci il tarixdə iddiaçı tərəfindən MTK-ya 323.000 manat ödənilmiş və bu barədə 60 nömrəli mədaxil qəbzi ona verilmişdir. Lakin keçən müddət ərzində həmin mənzil iddiaçıya təhvil verilməmiş və MTK müxtəlif bəhanələr gətirərək öhdəliyin yerinə yetirilməsindən yayınmışdır. Mübahisəli mənzilin iddiaçıya verilməsi barədə Xətai Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qətnaməsinin olmasına baxmayaraq, 3 ilə yaxın davam edən məhkəmə çəkişmələrinin nəticəsi olaraq Bakı Apellyasiya Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(103)-636/2020 saylı qətnaməsi ilə Cavabdeh MTK ilə İddiaçı arasında Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli (ərazi PD-057 saylı) yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 190 m2 sahəsi olan, 4 otaqdan ibarət 50 saylı mənzilə dair bağlanmış 07 aprel 2014-cü il tarixli 22 saylı müqavilə əhəmiyyətsiz olduğuna görə bağlandığı gündən etibarsız sayılmışdır. Mülki qanunvericiyə əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Odur ki, cavabdeh tərəfindən iddiaçıya 26 fevral 2015-ci il tarixli, 60 nömrəli mədaxil qəbzi ilə ödənilmiş 323.000 (üç yüz iyirmi üç min) manat geri qaytarılmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya çatası pul vəsaitinin qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən illik 5 (beş) faiz ödənilməlidir. Cavabdeh MTK tərəfindən 323.000 manat əsas borc və 2014-cü ildən hazırki dövrə kimi keçən 7 il (323.000 manat x 5 % illik = 16.150 manat x 7 = 113.050 manat) hesablanmaqla, cəmi 113.050 manat faiz olmaqla, ümumilİkdə 436.050 manat alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Cavabdeh MTK-dan 323.000 manat əsas borc və 113.050 manat faiz, 30 manat məhkəmə rüsumu olmaqla, ümumilikdə 436.080 (dörd yüz otuz altı min səksən) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli, 2(011)-529/2018 saylı qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış sahəsinin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m olan 4 otaqlı 50 saylı mənzilin İddiaçı təhvil verilməsi Cavabdeh MTK-ya həvalə edilməsi, Cavabdeh MTK-nın İddiaçı qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 kv.m olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış 07.04.2014-cü il tarixli, 22 saylı müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli, 2(103)-636/2020 saylı qətnaməsinin surətindən görünür ki, ilk iddia üzrə Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-529/2018 saylı, 15 fevral 2018-ci il tarixli qətnaməsinin- Cavabdeh MTK-nın İddiaçı qarşı ərazi PD-057 saylı evin 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 m2 olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış 07.04.2014-cü il tarixli 22 saylı müqavilənin əhəmiyyətsiz olması səbəbindən bağlandığı gündən etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasının təmin edilmədiyi hissədə ləğv edilməsi, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh MTK ilə İddiaçı arasında ərazi PD-057 saylı evin 1- ci blokunun 12-ci mərtəbəsində yerləşən sahəsi 190 m2 olan 4 otaqlı 50 saylı mənzilə dair bağlanmış 07.04.2014-cü il tarixli 22 saylı müqavilənin əhəmiyyətsiz olduğuna görə bağlandığı gündən etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə kollegiyası aparılan araşdırmalara əsasən qarşılıqlı iddia üzrə mübahisələndirilən müqavilənin ilkin iddiaçı tərəfindən imzalanmaması, ilk iddiaçı ilə cavabdeh MTK arasında mübahisəli mənzilə dair hər hansı danışığın, müzakirənin, razılaşmanın olmaması, müqavilənin nümayəndə vasitəsilə bağlandığı irəli sürüldüyü halda, onda buna dair məlumatların göstərilməməsi, ümumiyyətlə həmin etibarnamənin MTK-ya təqdim edildiyinin təsdiqini tapmamasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında yalnız bir mənzillə bağlı müqavilə bağlanmışdır ki, həmin müqavilə də icra edilmiş, həmin mənzilə dair kart verilmiş, 50 saylı mənzilə dair iddiaçının istinad etdiyi müqavilənin isə mövcud olmayan müqavilə olduğu və digər tərəf üçün öhdəlik yaratmadığı qənaətinə gəlmək daha məntiqlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24.09.2020-ci il tarixli, 2(102)-3807/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.01.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, həmin binada yerləşən 55 saylı mənzilin dəyəri iddiaçı tərəfindən ödənilməklə mənzil ona təhvil verilmiş və o, həmin mənzilə dair fərdi istifadəçi adının və şifrənin olduğu plastik kartla təmin edilmişdir. Bununla da iddiaçının cavabdeh MTK-dan öhdəliyinin icrasını tələb etdiyi 07.04.2014-cü il tarixli 22 saylı müqaviləyə və 60 saylı “Mədaxil qəbzinə” əsasən artıq həmin binanın 55 saylı mənzili ilkin iddiaçıya təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli ərazi PD-057 saylı yaşayış binasının 1-ci blokunun 13- cü mərtəbəsində yerləşən, 4 otaqlı 50 saylı mənzil barədə tərəflər arasında hüquq münasibətlərinin yaranması və həmin mənzilin dəyərinin ilkin iddiaçı tərəfindən ödənilməsi qənaətinə gəlmək hazırkı işin faktiki halları və işdə mövcud olan sübutlar baxımından qeyri- mümkündür. Belə ki, əvvəla həqiqətən iddiaçı tərəfindən həmin binada yerləşən 55 saylı mənzildən başqa digər mənzil, yəni həmin binada yerləşən 50 saylı mənzil alınsa idi, tərəflər arasında eyni nömrə altında deyil, başqa nömrə ilə qeyd edilmiş müqavilə bağlanardı. Bu barədə qeyd olunmalıdır ki, iddiaçı 26.02.2015-ci il tarixli 60 saylı mədaxil qəbzinə istinadən mənzilin dəyərinin də ödənildiyini iddia etsə də, həmin qəbzə əsasən mübahisə mövzusu olmayan digər mənzilin- 55 saylı mənzilin dəyərinin ödənildiyi və mənzilin artıq ona təhvil verildiyi müəyyən edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, eyni qəbzə əsasən ilkin iddiaçı həmin binanın 55 saylı mənzilinin dəyərini ödəməsi və məhz həmin mənzilin ona təhvil verilməsi ilə bağlı işin faktiki halını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə kollegiyasının mövqeyinə görə sözügedən qəbzin digər nüsxəsinə istinadən başqa bir mənzilin dəyərinin də ödənilməsi qənaətinə gəlmək məntiqli deyildir. Bu baxımdan iddiaçının “müqavilələrin və ödəniş qəbzlərinin nömrələrinin eyni olmasına fikir verməməsi” ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir və bunu onunla əsaslandırır ki, 323000 manat pul verən bir şəxsin həm müqavilə, həm də ödəniş sənədində yol verilmiş yanlışlığı görməməsi və buna etiraz etməməsi inandırıcı deyildir. Həmçinin həmin sənədlər ötən müddət ərzində ilk iddiaçıda olmuşdur Beləliklə, işin materiallarından göründüyü kimi hazırki iş üzrə eyni tərəflər arasında eyni tələblər ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan pul tələbinin söykəndiyi əsasa, yəni münahisəli Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 50 saylı mənzillə bağlı məsələyə artıq hüquqi qiymət verilmişdir. Məhkəmə tələblərin oxşar olmasını, eyni məsələdən qaynaqlandığını, habelə onunla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında yalnız bir mənzillə bağlı müqavilə bağlanmışdır ki, həmin müqavilə də icra edilmiş, həmin mənzilə dair kart verilmişdir. Mübahisəli mənzilin dəyərinin ödənilməsi ilə bağlı hal məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin aktdan da görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, X.Rüstəmov küçəsində inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 190 kv.m sahəsi olan, 4 otaqdan ibarət 50 saylı mənzilə dair cavabdehə pul ödənilməsini təsdiq edə biləcək sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «pulun tutulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı «pulun tutulması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar