Məhkəmə qərarları › İş №e-2(006)-5420/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5420/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5420/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 fevral 2024-cü il tarixli, BY006392 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1299 manat olan “Fen Dyson HS05 long Nicel copper Singapore spec T4S-XC-TAA4930A markalı Fenin satılması, cavabdeh tərəfindən ilkin ödəniş olaraq 260 manatın ödənilməsi qalan 1039 manatın isə 1 saylı müqaviləyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 27 fevral 2024-cü il tarixli, BY006392 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcı Cavabdeh xx.xx.2024-cü il tarixdə 1 ədəd “Fen Dyson HS05 long Nicel copper Sigapore spec T4S-XC-TAA4930A ” markalı Feni təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, cəmi 890 manat məbləğində ödəniş etmiş, 27 fevral 2024-cü il tarixli, BY006392 nömrəli müqavilə üzrə 25 oktyabr 2024-cü il tarixinə 409 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Həmçinin İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 fevral 2024-cü il tarixli, BY006408 nömrəli nisyə satış müqaviləsi və ona əlavələrə əsasən, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh dəyəri 1999 manat olan “Tozsoran DYSON GEN5 DETECT ABSOLUTE SV23 Z5UUKSFA1021A” markalı məhsulun satılması, cavabdeh tərəfindən ilkin ödəniş olaraq 400 manatın ödənilməsi qalan 1599 manatın isə 1 saylı müqaviləyə uyğun olaraq 12 ay müddətinə hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Tərəflər arasında bağlanmış 29 fevral 2024-cü il tarixli, BY006408 nömrəli müqaviləyə 2 saylı əlavədən görünür ki, alıcıCavabdehxx.xx.2024-cü il tarixdə 1 ədəd “Tozsoran DYSON GEN5 DETECT ABSOLUTE SC23 Z5UUKSFA1021” markalı tozsoranı təhvil-təslim aktına imza etməklə qəbul etmişdir. Lakin cavabdeh müqavilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, 29 fevral 2024cü il tarixli, BY006408 nömrəli müqavilə üzrə cəmi 1090 manat məbləğində ödəniş etmiş, 25 oktyabr 2024-cü il tarixinə 909 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdehə qalıq borcların ödənilməsi, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq göndərilmiş, lakin cavabdeh yenə də öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək, borcunu ödəməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli nisyə satış müqavilələrinin 2.1.4-cü maddəsinə əsasən, “Alıcı” bu müqavilə üzrə ona verilmiş mal(lar)ın dəyərini vaxtında ödəmədikdə (lazımınca ödəmək öhdəliyiniən azı iki dəfə pozduqda), habelə bu müqavilə ilə müəyyən edilmiş hər hansı bir öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, “Satıcı” bu müqaviləyə xitam verilib-verilməməsindən asılı olmayaraq borcun vaxtından əvvəl qaytarılmasını “Alıcı”dan tələb edə bilər. Qeyd edilənlərə əsasən Cavabdeh 27 fevral 2024-cü il tarixli, BY006392 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 409 (dörd yüz doqquz) manat məbləğində, 29 fevral 2024-cü il tarixli, BY006408 nömrəli nisyə satış müqaviləsi üzrə ödənilməmiş 909 (doqquz yüz doqquz) manat məbləğində olmaqla, cəmi 1318 (min üç yüz on səkkiz) manat məbləğində borcun və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, lakin məhkəməyə heç bir etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdıraraq bu nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY006392 saylı nisyə satış müqaviləsinə əsasən satıcı qiyməti 1299 AZN olan 1 ədəd “Fen Dyson HS05 long Nicel copper Sigapore spec T4S- XC-TAA4930A ” markalı Feni alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya aylıq 90 manat, sonuncu ay isə 49 manat ödəməklə 12 ay müddətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, BY006392 nömrəli nisyə satış müqavilə üzrə 409 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Mülki işin materiallarında olan İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY006408 saylı nisyə satış müqaviləsinə əsasən satıcı qiyməti 1999 AZN olan “Tozsoran DYSON GEN5 DETECT ABSOLUTE SV23 Z5UUKSFA1021A” markalı məhsulu alıcıya verməyi, alıcı isə onu qəbul edib, avadanlığın qiymətini satıcıya aylıq 135 manat, sonuncu ay isə 114 manat ödəməklə 12 ay müddətinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan İddiaçı tərəfindən verilən xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixli, 006408 nömrəli nisyə satış müqavilə üzrə 909 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Mülki işin materiallarında olan İddiaçı tərəfindən cavabdehə ünvanlanan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh borcunun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Beləliklə də məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı (“satıcı”) ilə Cavabdeh (“alıcı”) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, BY006392 saylı nisyə satış müqaviləsinə əsasən satıcı tərəfindən cavabdehə 1 ədəd “Fen Dyson HS05 long Nicel copper Sigapore spec T4S-XC-TAA4930A ” markalı Fen verilmiş, həmçinin xx.xx.2024-cü il tarixli, BY006408 saylı nisyə satış müqaviləsinə əsasən isə “Tozsoran DYSON GEN5 DETECT ABSOLUTE SV23 Z5UUKSFA1021A” markalı məhsulu verilmiş, cavabdeh (alıcı) isə bunların qarşılığında ödəməli olduğu məbləğləri satıcıya ödəməmiş, gecikmələrə yol vermiş, nəticədə onun İddiaçınə xx.xx.2024-cü il tarixli, BY006392 saylı nisyə satış müqaviləsinə əsasən 409 manat, xx.xx.2024-cü il tarixli, BY006408 saylı nisyə satış müqaviləsinə əsasən isə 909 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, BY006392 saylı nisyə satış müqaviləsinə əsasən ödənilməmiş 409 manat, xx.xx.2024-cü il tarixli, BY006408 saylı nisyə satış müqaviləsinə əsasən isə ödənilməmiş 909 manat məbləğində borc pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 34 AZN (otuz dörd manat) məhkəmə xərci də cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, BY006392 saylı nisyə satış müqaviləsinə əsasən ödənilməmiş 409 AZN (dörd yüz doqquz manat), xx.xx.2024-cü il tarixli, BY006408 saylı nisyə satış müqaviləsinə əsasən isə ödənilməmiş 909 AZN (doqquz yüz doqquz manat), ümumilikdə 1318 AZN (min üç yüz on səkkiz manat) məbləğində borc və 34 AZN (otuz dörd manat) məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar