Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5589/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Fərəcova Gülşən Sabit qızının sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli 224/04 saylı müqaviləyə əsasən "xxxx" MMC rasında bağlanmış müqavilənin ləğv edilməsi, ödənilmiş 3450 manatın və 54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı fərdi sahibkar kimi dövlət qeydiyyatından keçmiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu fəaliyyət çərçivəsində saatların satışını həyata keçirir. Mübahisənin predmeti olan münasibətlər də məhz iddiaçının sahibkarlıq fəaliyyətinin təşkili və inkişafı məqsədilə — yəni satışın artırılması və reklamın təmin edilməsi üçün internet saytının hazırlanması məqsədilə cavabdehlə bağlanmış müqavilədən irəli gəlmişdir. Eyni zamanda, cavabdeh tərəfin kommersiya hüquqi şəxsi olduğu və mübahisəli müqavilə münasibətlərində məhz sahibkarlıq fəaliyyəti subyekti kimi çıxış etdiyi məhkəmə tərəfindən müəyyən edilmişdir. Cavabdeh göstərilən xidmətləri peşəkar, sistemli və gəlir əldə etməyə yönəlmiş qaydada təqdim etmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətləri hər iki tərəfin bilavasitə sahibkarlıq fəaliyyəti çərçivəsində, qarşılıqlı kommersiya maraqları əsasında formalaşmışdır. Müqavilənin bağlanma məqsədi, tərəflərin hüquqi statusu və fəaliyyətinin mahiyyəti bu münasibətlərin mülki dövriyyənin kommersiya sahəsinə aid olduğunu açıq şəkildə təsdiq edir. Bu baxımdan, tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə bilavasitə bağlı olmaqla, qanunvericiliyin tələblərinə uyğun olaraq kommersiya mübahisəsi xarakteri daşıyır. Odur ki, hazırkı işə mahiyyəti üzrə baxılması kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edildiyindən, iş üzrə icraatın ümumi yurisdiksiya məhkəməsində aparılması hüquqi baxımdan yolverilməz hesab edilir. Məhkəmə bu nəticəyə gəlir ki, işin düzgün, obyektiv və qanuni həlli üçün onun kommersiya məhkəməsində baxılması zəruridir. Belə ki, Azərbaycan Respublikası MPM-in 24.2-cü maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-in 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Gülşən Fərəcova
Məhkəmə qərarları › İş №e-2(006)-5589/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5589/2025
24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver