Məhkəmə qərarları › İş №e-2(006)-559/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-559/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-559/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, **********7440 nömrəli alğı-satqı müqaviləsinin 2.3-cü bəndinə əsasən "xxxx" ASC ilə iddiaçının arasında bağlanmış 13 iyul 2022-ci il tarixli 031X/KB nömrəli kredit müqaviləsinə əsasən nağdsız şəkildə cavabdehin bank hesabına ƏDV ilə birgə ödənilmiş 57.200 (əlli yeddi min iki yüz) manat məbləğin 18 faiz ƏDV-sini təşkil edən 10.290 (on min iki yüz doxsan) manat məbləğin cavabdehin özünün ƏDV depozit hesabına ödənilərək iddiaçıya elektron qaimə verilməsi öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, **********7440 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən “Satıcı“ ("xxxx" ASC) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə yerləşən yaşayış kompleksində inşa olunan 35-ci bina, 3-cü mərtəbə, 22 nömrəli, 2 otaqlı mənzili tikib və “Alıcı”nın (yəni iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı” (yəni iddiaçı) bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 35-ci bina, 3-cü mərtəbə 22 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “Satıcı”ya ödənilməsini və həmçinin “Satıcı”nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil 71.614 (yetmiş bir min altı yüz on dörd) manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə dəyərinin ilkin ödənişi 20.13 faiz, yəni ƏDV daxil 14.414 (on dörd min dörd yüz on dörd) manat məbləğində vəsait təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı” (yəni iddiaçı) müqavilə dəyərinin qalan ƏDV daxil 57.200 (əlli yeddi min iki yüz) manat məbləğində hissəsi, ”Alıcı” ilə "xxxx" ASC arasında bağlanacaq kredit müqaviləsinə əsasən “Alıcı”ya veriləcək kreditin hesabına tam şəkildə ödənilməsi ilə həyata keçiriləcək. Müqavilənin şərtləri hər iki tərəfdən icra edilmiş, ilkin ödəniş iddiaçı tərəfindən ƏDV daxil 14.414 (on dörd min dörd yüz on dörd) manat məbləğində nağd şəkildə cavabdehə ödənilmiş, qalan 57.200 (əlli yeddi min iki yüz) manat məbləğ isə "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 13 iyul 2022-ci il tarixli 031X/KB nömrəli kredit müqaviləsinə əsasən nağdsız şəkildə cavabdehin bank hesabına ödənilmişdir. Lakin cavabdehin vergi qanunvericiliyinin tələbini pozması nəticəsində iddiaçı fiziki şəxs olaraq nağdsız əldə etdiyi yaşayış sahəsinə görə ödənilmiş ƏDV məbləğinin 30 faizi miqdarında məbləği hələ ki ala bilməmişdir. Belə ki, cavabdeh ona yaşayış sahəsini əldə etməsi üçün nağdsız şəkildə ödəyəcəyi 57.200 (əlli yeddi min iki yüz) manat ƏDV ilə birgə eyni hesaba ödətdirmiş və nəticədə iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na əsasən nağdsız ödədiyi məbləğin ƏDV-nin 30 faizi miqdarında məbləği ala bilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, 57.200 (əlli yeddi min iki yüz) manat məbləğin 18 faiz ƏDV-si 10.290 (on min iki yüz doxsan) manat təşkil edir ki, yuxarıda qeyd etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanına əsasən ona həmin 10.290 (on min iki yüz doxsan) manatın 30 faizi, yəni 3087 (üç min səksən yeddi) manat geri qaytarılmalı idi. Hazırki vəziyyətdə onun həmin 3087 (üç min səksən yeddi) manat məbləği geri almağı üçün cavabdeh öz bank hesabından 10.290 (on min iki yüz doxsan) manat məbləği özünün ƏDV depozit hesabına ödəməli və ona bu barədə elekton qaimə verməlidir. Bundan sonra iddiaçı 90 gündən gec olmayaraq müvafiq işləri görməklə həmin məbləği geri almalıdır. Bu barədə cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya göndərilmiş və məktubları xx.xx.2023-cü tarixdə çatdırılsa da bir nəticə verməmiş və sonda məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi əvəz edilmişdir. Sonradan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin şifahi vəsatətinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə vəsatət ünvanlanaraq, iddiaçıya dəymiş 57200 (əlli yeddi min iki yüz) manat məbləğin 18 faiz ƏDV-si 10290 (on min iki yüz doxsan) manatın 30 faizini təşkil edən 3087 (üç min səksən yeddi) manat zərərin və 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Satıcı "xxxx" ASC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, **********73440 saylı alğı-satqı müqaviləsindən müəyyən edilir ki, “Satıcı“ ("xxxx" ASC) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə yerləşən yaşayış kompleksində inşa olunan 35-ci bina, 3-cü mərtəbə, 22 nömrəli, 2 otaqlı mənzili tikib və “Alıcı”nın (yəni iddiaçının) mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən “Alıcı” bu müqaviləyə əsasən 1.1-ci bənddə göstərilən ünvanda 35-ci bina, 3-cü mərtəbə 22 nömrəli, 2 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri “Satıcı”ya ödənilməsini və həmçinin “Satıcı”nın yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişi etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil 71.614 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə dəyərinin ilkin ödənişi 20.13 faiz, yəni ƏDV daxil 14.414 manat məbləğində vəsait təşkil edir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən “Alıcı” (yəni iddiaçı) müqavilə dəyərinin qalan ƏDV daxil 57.200 manat məbləğində hissəsi, ”Alıcı” ilə "xxxx" ASC arasında bağlanacaq Kredit müqaviləsinə əsasən “Alıcı”ya veriləcək kreditin hesabına tam şəkildə ödənilməsi ilə həyata keçiriləcək. - "xxxx" ASC-nin 13 iyul 2022-ci tarixli Maliyyə Arayışından görünür ki, 35-ci bina, 3cü mərtəbə, ümumi sahəsi 58,7 kv.m., 2 otaqlı, 22 saylı mənzilin dəyəri 71.614 manatdır. İddiaçı tərəfindən məbləğin "xxxx" ASC-yə 14.414 manatı ödənilmişdir. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 031X/KB nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC ilə Borc verən ("xxxx" ASC) arasında bağlanmış Birgə fəaliyyət haqqında saziş çərçivəsində Borc verən bu müqaviləyə əsasən Borc alana 240 (iki yüz qırx) ay müddətinə (xx.xx.2042-ci il tarixədək) 57200 (əlli yeddi min iki yüz) manat məbləğində kreditdən istifadəyə görə illik 10% (on) faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kredit qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən müqavilənin 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən həmin kreditin təyinatı Saziş çərçivəsində Xırdalan şəhəri, H.Əliyev prospekti 30 ünvanında inşa olunan bina 35, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 58,7 kv.m. olan 2 otaqlı 22 nömrəli mənzilin alınmasıdır. - "xxxx" ASC-nin ƏXZ/2 seriyalı, 252899 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, 35-ci bina, 22 saylı mənzilin ilkin ödənişi 14.414 (on dörd min dörd yüz on dörd) manatdır. - xx.xx.2022-ci il tarixli təmir işlərinə dair protokoldan görünür ki, tərəflər mənzildə giriş qapısının quraşdırılması, pəncərələrin quraşdırılması, qaz, su və kanalizasiya dayaqlarının quraşdırılması, elektrik, televiziya və telefon xəttlərinin çəkilməsi, eyvanın, dəhlizin və mətbəxin mebelaltı döşəmə sahəsinə metlax vurulması, otaqların döşəməsinin vurulması, divarlara oboy vurulması, tavanın təmiri və rənglənməsi, daxili qapıların quraşdırılması, döşəməyə isti pol vurulması, sanitar qovşağın təmiri və avadanlıqların quraşdırılması olan təmir işlərinin görülməsi barədə razılığa gəlmişlər. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" MTK-ya ünvanlanmış 14 fevral 2023-cü il tarixli, **********498400 nömrəli məktubundan görünür ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Qaydanın 2.0.3-cü bəndinə əsasən satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. MTK müraciətinə əlavə olunmuş siyahıda göstərdiyi 2018-2019-cu illərdə təməli qoyulmuş binalar üzrə (Bakı şəhəri, Səbail rayonu, Fuad Əbdürəhmanov 5 ünvanında - bina 1 və bina 2, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 30 ünvanında 21,25, 26, 37, 38, 39, 40, 41, 42 saylı binalar, Sumqayıt şəhəri, Bulvar küçəsi ünvanında 1,5,6,7,8,9 saylı binalar, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarı 8,14,15, 34, 35, 36, 37, 38, 39, 40 saylı binalar, Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 42 ünvanında - bina 2, ünvan 5kı şəhəri, Yasamal rayonu, A M. Şərifzadə küçəsi 110 ünvanında bina 3, ünvan 7 binalar, ünvan 8 ünvanında - 5,6 saylı binalar, ünvan 9lı binalar, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5025-ci məhəllə ünvanında – 4,5 saylı binalar, ünvan 11inalar) həmin dövr qüvvədə olmuş Vergi Məcəlləsinin 218 1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmiş və tələb olunan müvafiq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etdikdən sonra hesablanmış vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Qeyd olunanlara əsasən, sadələşdirilmiş vergiyə cəlb edilmiş binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. - "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanlanmış məktundan görünür ki, "xxxx" ASC və İddiaçı arasında bağlanılmış olan **********73440 nömrəli 08 iyul 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti 30 ünvanında inşa olunan yaşayış evlərinin 35-ci bina, 3-cü mərtəbə, 22 nömrəli, 2 otaqlı, 58.7 kv.m. olan mənzilini (mənzilin ümumi dəyəri – 71614 manat, mənzilin ilkin ödənişi – 20.13 faiz) İddiaçı satmışdır. İddiaçı 13 iyul 2022-ci il tarixinə qalıq borcu 57200 manat və 240 ay təşkil edir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanlanmış 30 may 2024-cü il tarixli, **********413900 nömrəli məktubundan görünür ki, Qaydanın tələbinə əsasən alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal (https://new.etaxes.gov.az/eportal/az/login/) yaradılmasına və 21 noyabr 2022-ci il tarixdən istifadəyə verilməsinə baxmayaraq İddiaçı (FİN:xxxxxxx) müvafiq portal üzərindən tərtib edilmiş müraciəti müəyyən edilməmişdir. Eyni zamanda bildirilir ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə əsasən mənzil tikintisi ilə məşğul olan vergi ödəyiciləri xx.xx.2020-ci il tarixdən etibarən ƏDV qeydiyyatına alınmalıdır. Bu baxımdan təməli 2019cu ildə qoyulan binalar həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən sadələşdirilmiş vergi növünə cəlb edilmişdir. Həmçinin yuxarıda qeyd edilmiş Qaydanın 5.1.2-ci bəndinə əsasən vətəndaş alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədlərini təqdim etməlidir. Belə ki, vətəndaş İddiaçı (FİN:xxxxxxx) Qaydanın 5.3-cü bəndinə əsasən müvafiq portal üzərindən müraciət etmədiyi üçün 90 gün müddəti ötürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir; “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Fərmana əsasən:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin; 2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin; 2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin; 2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin; 2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi: 3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin; 3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”sının 2.0.3-cü bəndinə əsasən satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs olmalıdır. MTK 2018-2019-cu illərdə təməli qoyulmuş binalar üzrə həmin dövr qüvvədə olmuş Vergi Məcəlləsinin 218.1.3-cü maddəsinə əsasən bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********498400 saylı məktubundan da göründüyü kimi tələb olunan müvafiq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etdikdən sonra hesablanmış vergini bərabər hissələrlə 10 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödənilməsini təmin etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, sadələşdirilmiş vergiyə cəlb edilmiş binaların yaşayış və qeyri-yaşayış sahələri üzrə ödənilmiş məbləğlərdən əlavə dəyər vergisinin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Beləliklə də, iddiaçının qeyd etdikləri sözügedən Fərmanın təsiri altına düşmür. Məhkəmə bu qənaətə gələrkən həmçinin "xxxx" ASC ilə İddiaçı arasında **********73440 saylı alğı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmasını və Azərbaycan Respublikasının Prezidentinin imzaladığı və 2023-cü ilin fevral ayının 1-dən qüvvəyə mindiyi Qanunla «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanunununa əlavə edilmiş 3.4.14-cü maddəsinin tələbini də nəzərə almışdır. Qeyd edilən normaya görə isə daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər yalnız nağdsız qaydada şəyata keçirilir. Həmçinin məhkəmə cavabdeh tərəfin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.3-cü bəndinə əsasən müvafiq portal üzərindən müraciət etmədiyi üçün 90 gün müddəti ötürməsi ilə bağlı dəlili ilə razılaşır. İddiaçı cavabdehin iddiaya olan etirazının əsası kimi halları təkzib edən sübutları təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımındanbllbfxs öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və s.» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «vurulmuş zərərin ödənilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar