Məhkəmə qərarları › İş №e-2(006)-5657/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-5657/2025

24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5657/2025 24.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, Ərizəçi “doğum akt qeydinin müəyyən olunması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. Ərizəçi “doğum akt qeydinin müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır.

Əsaslandırıcı hissə:

3. Belə ki ərizəçi ərizənin təviri hissəsində özünün doğum haqqında şəhadətnaməsinin bərpa olunmasını, doğum haqqında şəhadətnamədə yoldaşının adının Hacı, soyadının Çəltikova yazılmasını, atasının Çəltikov Hacıməhəmməd, anasının isə X1 olmasını, atasının milliyyətinin azərbaycanlı, anasının milliyyətinin azərbaycanlı yazılmasını və xx.xx.1941-ci il tarixdə Ermənistan SSR-in Quqark rayonunda doğulması və doğulması ilə bağlı şəhadətnamənin bərpa edilərək, yeni doğum şəhadətnaməsi verilməsi barədə, “xahiş edirəm” hissəsində isə xx.xx.1910-cu ildə anadan olan qaynatası Çəltikov HacıMəhəmməd Nəsib oğlunun xx.xx.1945-ci il tarixdə Ermənistanda doğulması ilə bağlı doğum haqqında şəhadətnaməsinin bərpa edilərək yazılmaqla, doğum akt qeydinin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, tələb aydın olmayıb, ümumiyyətlə kimin doğum akt qeydinin hansı tarixlər qeyd olunmaqla bərpa olunmasının tələb olunduğunu müəyyən etmək mümkün deyildir.

4. Bundan əlavə, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi maraqlı şəxs qismində cəlb edilmiş Nəsimi rayon Qeydiyyat şöbəsinə doğum haqqında şəhadətnamənin alınması üçün müraciət edib imtina almasını bildirsə də, bununla bağlı təsdiqedici sənədi ərizəyə əlavə etməmişdir.

5. Həmçinin, məhkəmə iddia ərizəsinin formasına münasibət bildirərkən qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir və Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna əsasən, dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. Ərizədən görünür ki, ərizədə cümlələrin və sözlərin bir hissəsi latın qrafikalı Azərbaycan əlifbası ilə, bir hissəsi isə kiril əlifbası ilə yazılmış, bu da ərizənin oxunmasını xeyli çətinləşdirmişdir. Məhkəmə dövlət dilinin orfoqrafik normalarının bu dərəcədə təhrif edilməklə yazılmış ərizənin məhkəməyə təqdim edilməsini düzgün hesab etmir və bu halı da ərizənin forma tələbinin pozulması kimi qiymətləndirir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 149.2, 149.2.3, 149.2.5-ci maddə. İddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1, 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 307.2, 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarı: 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır.

8. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

Nəticə:

7. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 151-152, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Ərizəçi “doğum akt qeydinin müəyyən olunması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar