Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5658/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X18 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:
1. İddiaçı oğlu Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X14 Xidməti publik hüquqi şəxsin X12 Sistemlərinin İstismarı İdarəsinin iddiaçının işdən çıxarılmağına dair 22 sentyabr 2025-ci il tarixli 3-53-2-2-12/ 3-324/2025 saylı əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməklə əvvəlki sürücü vəzifəsinə bərpa edilməyinə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Biləsuvar rayonu Günəşli kəndində yaşayır. 1997-ci ildən Biləsuvar rayon Su idarəsində işləyir. 2024-cü ildə idarə yenidən təşkil olunmaqla üç idarə birləşdi hazırkı idarə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində X14 Xidməti publik hüquqi şəxsin X12 Sistemlərinin İstismarı İdarəsində sürücü işləmişdir. Hazırkı idarədə 12AA077 markalı avtomobili idarə etmişdir. Həmin avtomobillə idarədə müavin olan Elsevər Həsənovun xidmətində olmuşdur. 2025-ci ilin may ayının axırlarında idarə etdiyi 12AA077 markalı avtomaşının karobkası xarab oldu. Müavin E.Həsənov iddiaçıya bildirdi ki, tenderə vermişik. Təzə karobka gələnə kimi onu şəxsi Mersedesi ilə gəzdirməliydir. O da müavinini Mersedeslə gəzdirmişdir. Bir neçə gün sonra E.Həsənov iddiaçıya bildirdi ki, karobkası tökülmüş 12AA077 markalı avtomobilin dövlət nömrə nişanını çıxarıb onun idarə etdiyi Mersedes markalı avtomobilə bağlasın. Belə ki, yanacaqdoldurma məntəqəsində idarənin benzinin yalnız idarə nömrəsinə əsasən verirdilər. İddiaçı da rəhbərinin göstərişinə əməl etdi. Bir müddət sonra yəni 2025-ci ilin iyul ayının 24-25-də sosial şəbəkələrdə idarə maşının nömrəsinin şəxsi maşına bağlanmasına görə videogörüntülər yayıldı. X15 idarənin müdiri Ədaələt Babayevin yaxın qohumu olduğundan və bəzi idarə işçilərini Ədalət Bayev işdən çıxardığı üçün narazı qalan adamlar bu görüntüləri yaymışdılar. Bu hadisədən sonra Elsevər Həsənov iddiaçıdan da şübhələnməklə artıq onu Mersedesi ilə gəzdirməməsini bildirərək, gündə işinə gəlməsini bildirdi. İddiaçı hər gün işə gəlib gedir və tabeli imzalayırdı. Ona qaraj müdiri bildirirdi ki, hələ tender olmayıb və idarə etdiyi maşın təmirini gözləyir. 2025-ci ilin sentyabr 22-də işdə olarkən onu kadrlar şöbəsinə çağırdılar. Ona bildirdilər ki, guya o, 01 sentyabr 2025-ci il tarixdən 19 sentyabr 2025-ci il tarixə kimi işdə olmamışdır. O, izahat verərək göstərdi ki, necə işdə olmamışdır ki, hər gün işdə olmuş və tabeli imzalamışdır. Bunu nəqliyyat şöbə rəisi X10 bunu təsdiq edə bilər. Ona bildirdilər ki, nömrə məsələsini sosial şəbəkələrdə onun qohumu yayıb. O, etiraz edərək bildirdi ki, qohumundan ona nə, Axı o cəmi bu idarədən 400 manat əmək haqqı alıb ailəsini dolandırır. İdarə nömrəsini müavinin göstərişi ilə onun maşınına bağlamışdır. Bu cinayət olarsa, iddiaçının da məsuliyyəti olmalıdır. Məgər o bunu sosial şəbəkələrdə yayarmı??? Kimin kimlə davası varsa iddiaçıya nə aidiyyatı var. Lakin ona bildirdilər ki, idarənin rəisi Ə.Babayev ondan şübhələndiyi üçün onun işdən çıxarılmağını göstəriş verib. Beləliklə yalandan rəsmiləşdirdilər ki, guya o, 01 sentyabr 2025-ci il tarixdən 19 sentyabr 2025-ci il tarixə kimi işdə olmamışdır. Halbuki, o hər gün işdə olmuş və tabeli imzalamışdır, şöbə rəisi də bunu imzalamışdır. Məhkəmədə dindirilərsə o, bunu təsdiq edə bilər. Buna gərə iddiaçı Mediasiyaya müraciət edərək mediasiyadan keçdi. Cavabdeh təşkilat Mediasiyaya gəlmədi. Cavabdeh təşkilatın barəsində verdiyi 22 sentyabr 2025-ci il tarixli 3-53-2-2-12/3-324/2025 saylı əmri qanunsuz və əsassızdır. Cavabdeh təşkilat onun işdən çıxarmaya dair əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə istinad etməklə xitam vermişdir. İddiaçı əmrdən başa düşə bilmir ki, o, hansı gün işdə olmamışdır və hansı gün işdə olmamağına görə işdən azad olunmuşdur. Çünki o, bütün günlər işdə olmuş və işdə olmağı ilə əlaqədar tabelləri imzalamışdır. Əmrdə göstərilir ki, guya iddiaçı 01 sentyabr 2025-ci il tarixdən 19 sentyabr 2025-ci il tarixədək işdə olmamış, yəni 18 gün işdə olmamışdır. Halbuki, o işdə olmuşdur. Əgər olmamışdırsa, nəyə görə maraqlanmırdılar ki, o haradadır? Bəlkə o, ölüb? Qanun tələbinə görə həmkarlar təşkilatının protokolu deyil Qərarı əsasında o işdən azad oluna bilər. Əmrdə isə protokol göstərilmişdir. Göründüyü kimi, sifarişli əsasla işdən çıxarılarkən həmkarlardan qərar belə alınmayıb. həmkarlara verilən təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilməlidir. Həmkarlar iddiaçını çağırmadığından və onun iştirakı olmadan bu qanunsuz məsələni əgər araşdırmışdırsa belə bu müvafiq əsaslandırma sənədləri nə olan sənədlərdir belə iddiaçı bilmir. Qanundan görünür ki, əgər o həqiqətən də xx.xx.2025-dən xx.xx.2025-ci il tarixədək işdə olmamışdırsa, bu 18 günə görə təqdimat məntiqlə xx.xx.2025-ci il tarixdən sonra verilmişdir. 20 və 21 sentyabr 2025-ci il tarixlər şənbə və bazar günləri olmuşdur. Deməli, bu saxta təqdimat guya xx.xx.2025-ci il tarixdə həmkarlara verilib. İddiaçı isə xx.xx.2025-ci il tarixdə saat 9.30-da kadrlar şöbəsinə çağırılmışdır və həmin vaxt da bildiriblər ki, idarənin rəisi bildirir sən işdən çıxmalısan. Burada belə bir sual ortaya çıxır. İşəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatını nə vaxt vermiş, təqdimata müvafiq hansı əsaslandırma sənədləri əlavə etmiş, Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını nə vaxt qəbul etmiş və işəgötürənə təqdim etmişdir? Halbuki, qərar qəbul olunarkən bunun araşdırılması və iddiaçının iştirakı ilə bağlı hansısa vaxt lazımdır. Onun işdən çıxarılmağı ilə bağlı sənədləşdirmə işləri də saxta tərtib olunmuşdur. Ona həmkarlar təşkilatı tərəfindən heç bir məlumat verilməmiş, qərar qəbul olunmayıb, əgər qərar qəbul olunmuşdursa o iştirak edib fikrini belə bildirməliydi. Belə bir hal isə olmamışdır. Guya onun işdə olmamağı heç yerdə müzakirə olunmamışdır. Olunmuşdursa, sübut təqdim etsinlər. İddiaçının işdən çıxma barədə əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin "əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər" ilə bağlı məlumat göstərilməmişdir. Belə ki, həmin hissədə ƏM-nin 80.2-ci maddəsinə görə həmkarlar təşkilatının yazılı qərarı kimi nəzərdə tutulmuş rəsmi sənəd əmrə əlavə edilməmişdir. İddiaçı barəsində cavabdeh tərəfindən intizam tənbehlərindən heç biri tətbiq edilmədən, yalnız işdən çıxarılma tətbiq edilmişdir. Bu da bir daha ona sübutdur ki, cavabdeh təşklilat ona qarşı qərəzli olmuş və sadəcə rəhbərin göstərişi ilə onun işdən çıxarma sifarişi icra olunmuşdur.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh PHŞ-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinin rədd edilməsini xahiş etdi.
6. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
7. İddiaçı ilə X9 Sistemlərinin İstismarı İdarəsi arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı avtomobil sürücüsü vəzifəsinə müddətsiz işə qəbul edilmiş, işçinin iş saatlarının saat 09:00-dan başlanması və 18:00-da qurtarması, gündə 8 saat, həftədə isə 40 saatdan çox olmayaraq iş saatı müəyyən edilmişdir.
8. Biləsuvar SMİİ-nin baş mühəndisi, nəqliyyat şöbə rəisi, nəqliyyat şöbəsinin dispetçeri, nəqliyyat şöbəsinin mexaniki, mühərrikli nəqliyyat vasitələri üzrə mexanikinin imzaladığı xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, idarənin balansında olan Hyundai İX35 markalı 12AA077 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomaşın xx.xx.2025-ci il tarixdə saat 09:00-da əraziyə çıxmışdır. İş zamanı ərazidə surətlər qutusu sıradan çıxdığı üçün idarənin avtoparkına gətirilmişdir. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir.
9. Biləsuvar SMİİ-nin baş mühəndisi, nəqliyyat şöbə rəisi, nəqliyyat şöbəsinin dispetçeri, nəqliyyat şöbəsinin mexaniki, mühərrikli nəqliyyat vasitələri üzrə mexanikinin imzaladığı xx.xx.2025-ci il tarixli Qüsur aktından görünür ki, Hyundai İX35 markalı, 12AA077 dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı avtomaşına baxış keçirilmişdir. Baxış zamanı adları aşağıda qeyd edilən ehtiyat hissələrinin yararsız hala düşdüyü və yenisi ilə əvəz edilməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir.
10. Biləsuvar SMSİİ-nin Nəqliyyat şöbəsinin rəisi, Nəqliyyat şöbəsinin mexaniki və Dispetçer tərəfindən imzalanan xx.xx.2025-ci il tarixli akt ilə onlar təsdiq edirlər ki, idarənin balansında olan “Hyundai ix-35” markalı 12AA077 dövlət nömrə nişanlı avtomobilin surətlər qutusu sıradan çıxdığından Biləsuvar şəhərində yerləşən avtoservislərdən birində mütəxəssis tərəfindən baxış keçirilmişdir. Mütəxəssisin verdiyi rəyə əsasən surətlər qutusunda yağın olmaması və surətlər qutusunun yağının dəyişilməsi üçün tıxac boltunun yarım açıq vəziyyətdə olduğu müəyyən olunmuşdur. Belə ki, avtomobil sürücü İddiaçı tərəfindən rayon ərazisində idarə olunarkən surətlər qutusunda nasazlıq yaranmışdır. Sürücü tərəfindən maşının saz vəziyyətdə saxlanılmasına səhlənkar yanaşması bilərəkdən surətlər qutusunun tıxac boltunu yarım açıq vəziyyətdə saxlamasına, bununla da qutuda olan yağın tamamilə boşalmasına və sıradan çıxmasına şərait yaratmışdır. Bilərəkdən idarənin əmlakına 3500 manat civarında ziyan vurmuşdur.
11. Əlizadə Pərviz tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Biləsuvar SMSİİ-yə məxsus 12AA077 dövlət qeydiyyat nişanlı Hyundai İX35 markalı maşın xx.xx.2025-ci il tarixdə xidmət göstərdiyi avtoservisə gətirilərək surətlər qutusunun işləməməsi ilə bağlı müraciət edilmişdi. Maşına baxış keçirilərkən məlum olmuşdur ki, surətlər qutusunda yağ yoxdur və surətlər qutusu yağının dəyişilməsi üçün olan tıxac boltu yarımçıq vəziyyətdə olmuşdur. Bu da surətlər qutusunun sıradan çıxmasına səbəb olmuşdur.
12. İddiaçı izahatında qeyd etmişdir ki, “idarənin xidməti maşını 12AA077 dövlət nömrə nişanlı avtomobili idarə edirdim. Avtomobil yararsız hala düşdüyü üçün mən mənə verilən tapşırığa əsasən 12AA077 dövlət nömrə nişanı şəxsi maşına bağlayaraq bir neçə dəfə yanacaq doldurma məntəqəsində yanacaq götürmüşdüm. Sonuncu dəfə məni avtomaşınla birlikdə çəkmişdilər. Bu vidonun çəkilməsindən, paylaşılmasından mənim xəbərim yoxdur. Biləsuvar Rayon Polis İdarəsindən çağırılandan sonra Elsevər müəllim şəxsi avtomaşınına benzin vurulması anını bildim. Həmin vaxt öyrəndim ki, çəkiliş aparan şəxs Kazım İbişovdur. Sonradan həmin çəkilişi mənim mobil telefonuma atmışdılar. Mən baxdıqdan sonra onu gördüm həmin çəkilişi mən dərhal sildim. Mən həmin çəkilişi heç kimə göndərməmişəm və yaymamışam. İzahata başqa əlavəm yoxdur. Doğrudur, izahatıma təsdiq edərək şəxsiyyət vəsiqəmi əlavə edirəm”.
13. İddiaçı xx.xx.2025-ci il tarixli izahatında qeyd edilmişdir ki, mənə verilən şifahi suallara cavab olaraq bildirirəm ki, 2021-ci ildən hazırkı vaxta qədər təşkilatda sürücü vəzifəsində işləyirəm. Rəis müavini E.Həsənov xidməti Hyundai İX35 markalı 12AA077 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin surətlər qutusu nasaz olduğundan işləmir. Avtomobili idarə edərkən karopka vurdu və qoşqu vasitəsilə idarəyə gətirdik və müəllim özü də bilirdi ki, karopka qızdırır. Özü də minib sürmüşdü. Deyirdi düzəldərik, həmin avtomobilin sürücüsü kimi və surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilməmişəm. 1 sentyabr 2025-ci il tarixdən hazırkı vaxta qədər gündəlik işə gəlmişəm, davamiyyətə imza etmişəm və saat 11 də taksi ilə evə getmişəm günün ikinci yarısı işə gəlməmişəm. Əmək qanunlarının tələbləri baxımından mənim hərəkətlərim düzgün deyil. Lakin nəzərə almağınızı xahiş edirəm. İzahata başqa əlavəm yoxdur. İzahatı imzam ilə təsdiq edirəm.
14. Biləsuvar SMSİİ-nin ilk həmkarlar təşkilatının Elanından görünür ki, Biləsuvar SMİİ-nin sürücüsü İddiaçı və 13 №-li nasos stansiyasının maşinisti X4 ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi məsələsinin Həmkarlar Təşkilatında müzakirə edilməsi barədə Biləsuvar SMSİ-nin rəisi Ədalət Babayevin xx.xx.2025-ci il tarixli, 3-53-2-12/2-600/2025 nömrəli məktubun müzakirəsi xx.xx.2025-ci il tarixdə saat 10:00-a təyin edilmişdir.
15. Biləsuvar SMSİİ-nin X16 Komitəsinin xx.xx.2025-ci il tarixli 10 №-li protokolundan görünür ki, idarənin sürücüsü İddiaçı və qardaşı – 13 nömrəli nasos stansiyada maşinist işləyən X4 barəsində tərtib edilmiş akt, təqdimatlar və bütün sənədlərin nəzərə alınması, bu işçilərin əmək intizamını kobud şəkildə pozmasının qeyd edilməsi və onların xx.xx.2025-ci il tarixdən AR ƏM 70 maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına razılıq verilməsi qərara alınmışdır.
16. Cavabdeh PHŞ X9 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Cavabdehn X9 Sistemlərinin İstismarı İdarəsinin Nəqliyyat şöbəsində sürücü və fəhlə heyətində avtomobil sürücüsü-minik maşını sürücüsü İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr edilmişdir. Beləki, o, AR ƏM-nin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulduğu kimi xx.xx.2025-ci il tarixdən-xx.xx.2025-ci il tarixədək üzrlü səbəb olmadan bütün iş günləri ərzində işdə olmamış və ƏM-nin 72-ci maddəsinin “c” bəndində nəzərdə tutulduğu kimi İdarəyə 3500 manat maddi ziyan vurmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş və məzuniyyətə görə 21 təqvim günü pul əvəzinin ödənilməsi, İqtisadiyyat və uçot şöbəsi, Hüquq və insan resursları şöbəsi bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etmələri əmr edilmişdir.
17. Biləsuvar rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, 63C-25 saylı material üzrə cinayət işinin başlanması cinayət hadisəsi olmadığından rədd edilməsi qərara alınmışdır.
18. Biləsuvar 1 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/MT057-2025-00149 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı İMSdə iştirak etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı 50 manat İMS xərci və 10 manat rabitə xərcini ödəmişdir.
19. Mülki iş materiallarına fotoşəkillər, aktlar, Biləsuvar SMSİİ-nin əsasnaməsi və “İdarənin balansında olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması üçün komissiyanın yaradılması barədə”əmr də əlavə edilmişdir.
b) Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 3. hissə. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 11-ci maddə, “a”, “b”, “c”, “d” bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddə, 2-ci hissə, “b” bəndi. tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddə, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 2-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddə, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 72-ci maddə, “c” bəndi. Təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddə, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 80-ci maddə, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 84-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 84-cü maddə, 2-ci hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 186-cı maddə, 1-ci hissə. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddə, 2-ci hissə, “a,” “b” və “ç” bəndləri. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edə bilər. 186-cı maddə, 3-cü hissə. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 297-ci maddə. Fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1, 76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
23. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 100, 3-cü hissə. Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
c) Məhkəmə tərəfindən müəyyən edilən hallar və məhkəmənin mövqeyi:
24. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, İddiaçı Cavabdeh PHŞ-nin X9 Sistemlərinin İstismarı İdarəsinin Nəqliyyat şöbəsində Hyundai İX-35 markalı 12AA077 dövlət nömrə nişanlı avtomaşının sürücüsü (4-cü dərəcə) vəzifəsində işləmişdir. X9 Sistemlərinin İstismarı İdarəsi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Cavabdeh strukturuna daxil olan və hüquqi şəxs olmayan idarədir.
25. Əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli əmr ilə müəyyən edilir ki, İddiaçı əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas müəyyən edilmişdir. 1) xx.xx.2025-ci il tarixdən-xx.xx.2025-ci il tarixədək üzrlü səbəb olmadan bütün iş günləri ərzində işdə olmaması və 2) idarəyə 3500 manat məbləğində maddi ziyan vurması.
26. İddiaçı Əliyev X3 İX-35 markalı 12AA077 dövlət nömrə nişanlı avtomaşının sürücüsü vəzifəsində işləyən zaman həmin avtomaşının surətlər qutusu yarasız hala düşmüşdür. xx.xx.2025ci il tarixdə həmin hal aktlaşdırılmış və avtomobil idarənin avtoparkına aparılmışdır. xx.xx.2025-ci il tarixli Qüsur aktı və xx.xx.2025-ci il tarixli akt tərtib olunmuş, avtomobilin surətlər qutusunun yararsızlığı təsdiqlənmiş, surətlər qutusunun tıxac boltunu yarım açıq vəziyyətdə olması və yağın axması surətlər qutusunun yararsız hala düşməsinə səbəb olmuş, belə olan halda idarənin əmlakına 3500 manat civarında ziyan dəymişdir. Qeyd olunan məsələ ilə bağlı həmin avtomobilin sürücüsü - İddiaçı izahatında bildirmişdir ki, surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilməmişdir. Rəis müavini E.Həsənov isə bundan xəbərdar olmuş və “düzəldərik” demişdir. Daha sonra Hyundai İX-35 markalı 12AA077 dövlət nömrə nişanlı avtomobilin nömrəsi çıxarılaraq rəis müavini E.Həsənovun “Mercedes-Benz” markalı şəxsi avtomobilinə yerləşdirilmişdir. Məqsəd həmin nömrə nişanına məxsus avtomobilə benzin kartı ilə yanacaq vurmaq olmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən müəyyən edilir ki, sonuncu dəfə yanacaq vurulan zaman İddiaçı qardaşı X4 tərəfindən onun video görüntüsü çəkilmişdir. Ona (X2) qaynı (X8) video görüntüsünü çəkməsini istəmişdir. X8 izahatında X7 ilə aralarında ədavət və düşmənçilik münasibəti yarandığını bildirmişdir. Aparılmış araşdırma nəticəsində X1 və X6 avtomobilin videogörüntüsünün çəkilməsi və “Tiktok” sosial şəbəkəsində yayılması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması cinayətinin tərkib əlamətləri müəyyən edilməmişdir.
27. İddiaçı öz izahatında avtomobilin sürücüsü kimi surətlər qutusunun şupu olmadığından yağın azalmasını müşahidə edə bilmədiyini etiraf etmişdir. Belə olan halda avtomobilin texniki sazlığı üçün tədbir görməli olduğunu da qəbul etmiş, lakin öz öhdəliklərini lazımınca icra etməmişdir.
28. İş materiallarında olan aktlar ilə təsdiq edilmişdir ki, İddiaçı sentyabr ayının 1, 2, 3, 4, 5, 8, 9, 10, 11, 12, 15, 16, 17, 18, 19 tarixlərində işə gəlmiş tabelə qol çəkmiş, saat 10:00-12:00 radələrində iş yerini tərk etmiş, günün ikinci yarısında işdə olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixli izahatında 1 sentyabr 2025-ci il tarixdən hazırkı vaxta qədər gündəlik işə gəldiyini, davamiyyətə imza etdiyini və saat 11-də taksi ilə evə getdiyini günün ikinci yarısı işə gəlmədiyini, əmək qanunlarının tələbləri baxımından hərəkətlərinin düzgün olmadığını, lakin nəzərə alınmasını xahiş etmişdir (Məhkəmə iclasında izahatların onun tərəfindən, hədə-qorxu və s. olmadan yazıldığını bildirmişdir).
29. Məhkəmə qeyd edir ki, iddiaçı öz izahatında əmək qanunvericiliyinin tələblərini pozuduğunu etiraf etmişdir. Belə ki, iddiaçı saat 11 radələrində evə getməsini inkar etməmiş və bu hərəkətinin qanun pozuntusu olduğunu bilmişdir. Halbuki, məhkəmə iclasında bildirmişdir ki, E.Həsənov ona gəlməməsini demiş, buna baxmayaraq iddiaçı işə gəlib, tabel cədvəlinə imzasını çəkib, sonra taksi ilə evə getmişdir. İddiaçı öz mülahizələrini (ona işə gəlməməsi barədə tapşırıq verildiyini) sübut edəcək heç bir dəlili, yazılı göstəriş, şahid ifadəsi və s. məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı heç bir hədə-qorxu olmadan izahatı yazdığını qeyd etsə də, izahatında E.Həsənovun ona işə gəlməməsini tapşırması barədə heç bir qeyd etməmiş, əksinə özünün əmək qanunvericiliyinə zidd hərəkət etdiyini və nəzərə alınmasını xahiş etmişdir. Öz hərəkətlərinin əmək qanunvericiliyinə zidd olduğunu bildiyi halda, saat 11 radələrində iş yerini tərk etmişdir. İddiaçı sonradan (iddia ərizəsi verildikdən sonra) öz yazdığı izahatına zidd ifadələr verərək, ona “gəlməməsi” barədə şifahi tapşırıq verilməsini demişdir ki, məhkəmə həmin mülahizələri əsaslı hesab etmir.
30. İddiaçı ona Həmkarlar Təşkilatı tərəfindən məlumat verilmədiyini bildirsə də, iddia ərizəsində xx.xx.2025-ci il tarixdə saat 09:30-da çağırıldığını qeyd etmiş, həmçinin eyni gündə izahatı da alınmışdır. Bundan başqa, məhkəməyə Həmkarlar Təşkilatının xx.xx.2025-ci il tarixli elanı, həmin elanın müəssisənin əmrlər və elanlar lövhəsinə vurulması barədə fotoşəkil təqdim edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, işdən çıxarılma məsələsinə baxılması barədə iddiaçı xəbərdar edilmiş, onun izahatı tələb edilmiş, iddiaçı izahatını yazmış və təqsirini etiraf etmişdir. Həmkarlar Təşkilatının iclasında işçinin iştirakının təmin olunması isə imperativ tələb kimi əmək qanunvericiliyində təsbit edilməmişdir. İddiaçının “əmək müqaviləsinin ləğv edilməsi haqqında əmr”də Biləsuvar SMSİİ-nin X16 Komitəsinin xx.xx.2025-ci il tarixli 10 nömrəli protokoluna istinad edilməsi, lakin qərara istinad edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan əsas əmrin ləğvi üçün əsas deyil. Qeyd olunan protokol məhkəməyə təqdim edilmiş və protokolda iclasın nəticəsi, yəni iclasda alınan qərar qeyd edilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsi ləğv edilməzdən əvvəl həmkarlar ittifaqı orqanının razılığı alınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri əsassızdır.
31. Məhkəmə qeyd edir ki, iddiaçının tabeli imzalaması iş üzrə mübahisəsiz məsələdir. Cavabdeh tərəfindən həmin məsələyə etiraz bildirilməmişdir. Lakin iddiaçının iş yerini özbaşına tərk etməsi və bunu edərkən öz hərəkətlərinin pozuntu olmasını bilməsi işçinin iş vaxtı ərzində iş yerində olmadığı, əmək funksiyalarını yerinə yetirmədiyi, əmək müqaviləsinin və əmək qanunvericiliyinin tələblərini pozduğu qənaətinə gəlməyə əsas verir. Bundan başqa, əmək müqaviləsinin ləğv edilməsinə səbəb təkcə işçinin davamlı iş yerini özbaşına tərk etməsi deyil, həm də ona təhkim edilmiş avtomobilin yararsız hala düşməsi və müəssisəyə maddi ziyan dəyməsi olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sadəcə bir gün deyil, davamlı olaraq əmək intizamını pozmuş və əmək münasibətlərinin obyektiv olaraq həyata keçirilməsini mümkünsüz hala gətirmişdir. Faktiki olaraq əmək funksiyalarını icra etməmişdir. İddiaçının sürdüyü avtomobilin yararsız vəziyyətdə olması, iddiaçının iş yerini özbaşına tərk etməsi üçün əsas deyil. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin formal və əsassız mülahizələrə söykənməklə ləğv edilməsi yolverilməzdir və işəgötürənin hüquqlarının əsassız pozulmasına səbəb olmamalıdır.
32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə:
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh PHŞ-yə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova